Əlyazmalar arasında
keçən bir igidin ömrü,
yaxud Paşa Kərimovun 60 yaşı
Ədəbiyyat
tariximizin müxtəlif dövrlərinin, xüsusilə də
Səfəvilərin hakimiyyəti mərhələsinin
(1501-1736) tədqiqinə dair sanballı elmi əsərləri,
monoqrafiyaları, söz sənətimizin naməlum səhifələrini
üzə çıxardığı məqalələri ilə
tanınan görkəmli ədəbiyyatşünas, mətnşünas,
əlyazmaçı alim Paşa Əlioğlunun - Paşa
Əli oğlu Kərimovun 60 yaşı tamam olur. Paşa
Əlioğlu poeziyamızda özünün təkraredilməz
dəst-xətti olan, böyük istedad sahibi, qüdrətli şairimiz, "Qaytar ana
borcunu", "Daş", "Şəhidliyin zirvəsi",
"Qayıt" kimi həmişəyaşar poeziya nümunələrinin
müəllifi Əli Kərimin oğludur. Onu əminliklə
deyə bilərəm ki, Paşa Əlioğlu həmişə
Əli Kərimin oğlu olmaq məsuliyyətini başa
düşmüş, bütün fəaliyyətində -
şairliyində də, tərcüməçiliyində də,
elmi tədqiqatlarında da atasına
layiq olmağa çalışmışdır. Bəlkə
də, elə bu məsuliyyət onu öz şeirlər
toplusunu kitab halında nəşr etdirməkdən çəkindirib.
Ötən əsrin 80-ci illərində dövri mətbuatda,
"Azərbaycan" və "Ulduz" jurnallarında,
"Ədəbiyyat və incəsənət" qəzetində
mütəmadi olaraq şeirləri ilə
çıxış edən, 1998-ci ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvü olan Paşa
Əlioğlu həm də dünya ədəbiyyatının
bir sıra dəyərli nümunələrini dilimizə
çevirərək Azərbaycan oxucusuna çatdırıb.
Onu da qeyd edək ki, Paşa müəllim Əli Kərimin
bütün əsas nəşrlərinin, həmçinin
ikicildliklərinin tərtibçisi kimi də ədəbiyyat
tarixçiliyimizdə öz rolunu oynamışdır. Belə
güman edirik ki, gənclik illərindən atasının ədəbi
irsinin nüsxələri üzərində ciddi
çalışmağa başlaması onu sonradan mətnşünaslıq
sahəsini seçməyə sövq edən səbəblərdən
olmuşdur.
Filologiya
elmləri doktoru Paşa Kərimov ədəbiyyatşünaslıq
sahəsində asan yol seçməyib, bəlkə də ən
çətin yolla gedib: tariximizin, elm, mədəniyyət, ədəbiyyat,
dil tariximizin ilkin qaynağı olan əlyazmaları araşdırmaq,
qısaca desək, bəzən sapa düzülmüş
mirvariyə bənzəyən, bəzən də pərakəndə
vərəqlərdə, cızma-qara şəklində olan
yazıları oxumaq, ərəb əlifbasının fərqli
xətlərinə bələd
olmaq, gözlərini müxtəlif katiblərin xəttinə
alışdırmaq, əski mətnləri təhlil etmək
və onların əhəmiyyətini anlatmaqdan ibarət ədəbiyyatşünaslıq
fəaliyyətinə başlayıb.
Azərbaycan
Dövlət Universitetinin
filologiya fakültəsini bitirdikdən sonra 1982-ci ildən
öz taleyini Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd
Füzuli adına Əlyazmalar İnsitutu ilə bağlayan
Paşa Kərimov öncə XX əsrə aid əlyazma mənbələri
ilə işləyərək təkmilləşib. Onun bu
istiqamətdə ilk işi Əlyazmalar İnstitutunun şəxsi
arxiv fondunda mühafizə olunan Cəfər Cabbarlının əlyazma
irsini araşdırmaq olub. Görkəmli dramaturqu istedadlı
bir ədəbiyyatşünas kimi də tanıtmaq istiqamətində
işlər görən Paşa Kərimov ədibin əlyazma
halında olan "Dramanın əsasları",
"İslamiyyətdən sonrakı fars ədəbiyyatı"
və s. məqalələrini müasir əlifbaya
çevirmiş, yaradıcılığının bizim
üçün yeni olan səhifələrini
açmış, bu istiqamətdə tədqiqat apararaq məqalələr
yazmışdır.
Onu da qeyd
edək ki, Məhəmməd Əmin Rəsulzadənin
"Çağdaş Azərbaycan ədəbiyyatı",
"Çağdaş Azərbaycan tarixi" kimi əsərlərini
Azərbaycanda ilk nəşrə hazırlayan da Paşa Kərimov
olub.
Alimin elmi
maraqlarının sərhədləri çox genişdir. Onun
müxtəlif elmi jurnal və məcmuələrdə nəşr
olunan 200-ə qədər elmi məqaləsi, 20-dən
artıq monoqrafiya və tərtib kitablarından, ölkədə
və xaricdə nüfuzlu elmi konfrans və simpoziumlarda etdiyi məruzələrin mətnindən də aydın olur
ki, Paşa Kərimovun elmi irsi konkret müəllif, konkret
dövrlə məhdudlaşmır. Lakin Paşa Kərimov
imzası ədəbiyyatşünaslıq tariximizdə daha
çox orta əsrlər anadilli poeziyamızın, XVII əsrə
təsadüf edən Səfəvilərin hakimiyyətinin ikinci
yüzilliyində Azərbaycanda mövcud olan ədəbi
prosesin ilkin mənbələr əsasında tədqiqatçısı
kimi tanınır. Bu sahədə araşdırma aparan alimlər
ilk öncə onun tədqiqatlarına müraciət edir,
"XVII əsr anadilli Azərbaycan lirikası" və
"XVII əsr anadilli Azərbaycan poeziyası" adlı
monoqrafiyalarına istinad edirlər. Az öyrənilmiş
istiqamətdə apardığı bu tədqiqat işləri
onun təkcə ölkəmizdə deyil, respublikamızın
hüdudlarından kənarda da ciddi alim kimi tanınmasına səbəb
olub. Çünki Paşa Kərimov hər hansı bir fərziyyəsində
belə mənbəyə əsaslanır, onun müddəa və
qənaətləri konkret əlyazma qaynaqlarından
götürülmüş faktlarla sübut edilir.
Müəllifin
yuxarıda adlarını çəkdiyim monoqrafiyaları ilə
tanış olanlar bilir ki, Paşa Kərimov XVII əsrdə
Azərbaycan Səfəvilər dövlətində ana dilində
yaranan və inkişaf edən Azərbaycan ədəbiyyatının
yayılma coğrafiyasını, bu dövrdə Azərbaycan
türkcəsinin Səfəvilər sarayında və yüksək
dairələrdə mövqeyini, bu ədəbiyyatın,
poeziyanın ən səciyyəvi xüsusiyyətlərini,
mövzu dairəsinin genişliyini, xüsusilə də bu
zaman kəsimində vətənpərvərlik, tarixi
mövzularda əsərlərin yazılmasını, həmin
ədəbi mərhələdə ənənə və
yenilikçiliyin münasibətini, şifahi xalq poeziyasına
olan meyli, XVII əsr Azərbaycan sənətkarlarının
irsində Nəvai və Füzuli yaradıcılığı
ilə əlaqəni, bu dövrdə Azərbaycan-özbək, Azərbaycan-Türkiyə ədəbi
təsirlərini, "hind üslubu"nda yazılan anadilli
şeir nümunələrini, dövrün poeziya nümunələrinin
janr və forma xüsusiyyətlərini, poetikasını, dil
və üslub çalarlarını və s. məsələləri
ilk dəfə vahid tədqiqat müstəvisində cəmləməyi
bacarmış və analitik təhlillər apararaq fundamental
elmi nəticələr əldə edə bilmişdir.
2006-cı
ildə işıq üzü görən "Əlican
Qövsi Təbrizi "Divan"ının tekstoloji tədqiqi"
adlı araşdırmasında Paşa müəllim XVII əsr
Azərbaycan poeziyasının bu müqtədir nümayəndəsinin
ana dilimizdə bağladığı divanının tekstoloji
tədqiqini aparmış, əsərlərinin dil-üslub
xüsusiyyətlərini təhlil etmiş, elmi-tənqidi mətninin
tərtib prinsipləri, bu işdə qarşıya
çıxan çətinliklər haqqında məlumat
vermiş, şairin Azərbaycan ədəbiyyatı tarixində
mövqeyini müəyyənləşdirmiş və
yaradıcılığının tədqiq tarixinə də
nəzər salmışdır. Qövsi
"Divan"ının əlyazma nüsxələri barədə
də geniş məlumat verən müəllif kitaba həmin
divanın Təbriz nüsxəsinin fotofaksimiləsini də əlavə
etmişdir.
Həmin
ildə Paşa Kərimov Qövsi Təbrizinin
"Divan"ının Bakı, Tiflis, London, İstanbul əlyazma
nüsxələri əsasında 800 səhifədən ibarət
elmi-tənqidi mətnini nəşr etdirib mütəxəssislərin
istifadəsinə təqdim etmişdir.
2012-ci ildə
Paşa Kərimovun "XVII əsr anadilli Azərbaycan
lirikası" adlı fundamental tədqiqatı monoqrafiya
şəklində çap olunmuşdur. Həmin kitabda bu ana qədər
Azərbaycan ədəbiyyatı tarixi üçün naməlum
qalan bir sıra şairlər haqqında ilk dəfə məlumat
verilmiş, bundan əlavə ədəbiyyat tarixlərində
yalnız adı məlum olan bir qisim şairin isə anadilli
yaradıcılıq nümunələri ilk dəfə
geniş tədqiqata cəlb olunmuşdur.
Eyni ildə
Paşa müəllimin "XVII əsr anadilli Azərbaycan
poeziyası (icmal və portret-oçerklər)" adlı
kitabı nəşr olunmuşdur. Kitabda Sadiq bəy
Əfşar Sadiqi, Mütəzaqulu xan Şamlu Zəfər, Vəhid
Qəzvini, Tərzi Əfşar, Vali, Məczub Təbrizi, Təsir
Təbrizi, Şükri kimi sənətkarların həyat və
yaradıcılığı geniş tədqiq olunmuşdur.
2013-cü
ildə Paşa Kərimovun "Sadiq bəy Sadiqinin
türkdilli yaradıcılığı" adlı
monoqrafiyası çapdan çıxdı. XVI-XVII əsrlər
görkəmli Azərbaycan şairi, ədəbiyyatşünası
və rəssam Sadıq bəy Əfşarın türkdilli
yaradıcılığı ilk dəfə olaraq məhz bu
kitabda tədqiq edilmişdir. Müəllif burada şair
haqqında, onun həyatı, insani keyfiyyətləri, sənətkarlıq
taleyi, ədəbiyyat tariximizdəki mövqeyi haqqında məlumat
vermiş və müxtəlif mənbələr əsasında
sənətkarın lirikasının əsas özəlliklərini
üzə çıxara bilmişdir.
Fikrimcə,
məhz bu əsərlərin çapından sonra XVII əsr
Azərbaycan ədəbiyyatı tarixinin yenidən, daha zəngin
faktlar əsasında yazılmasına ehtiyac olduğu daha
aydın hiss olundu.
Qeyd
etdiyimiz kimi, Paşa Kərimovun elmi tədqiqat işləri həmişə
ilkin mənbələrə əsaslanması ilə dəyərlidir.
Akademik Həmid Araslı, Məmməd Cəfər, professor
Cahangir Qəhrəmanov, Rüstəm Əliyev, Şamil Cəmşidov
kimi tanınmış şərqşünas, ədəbiyyatşünas,
mətnşünas alimlərlə çiyin-çiyinə
çalışaraq püxtələşən alim 1991-ci ildə
"Əlican Qövsi Təbrizinin "Divan"ının
tekstoloji tədqiqi və elmi-tənqidi mətni"
mövzusunda namizədlik, 2012-ci ildə isə "XVII əsr
anadilli Azərbaycan lirikası" mövzusunda doktorluq
dissertasiyası müdafiə etmişdir.
Onu da qeyd
etməliyəm ki, Paşa müəllim yalnız tədqiqatla
məşğul olub, ictimai həyatdan kənar qalmayıb. O,
taleyini sevərək bağladığı Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda elmi-təşkilati
işlərdə də fəal iştirak edib, indi də bu sahədə
ön sıralardadır. Belə ki, 1999-2003-cü illərdə
institutun elmi katibi işləmiş, 2003-2011-ci illərdə
elmi işlər üzrə direktor müavini vəzifəsində
çalışmış, 2011-ci ilin 1 noyabr tarixindən həmin
institutun direktoru vəzifəsini icra etmişdir. 2014-cü ildən
yenidən direktor müavini, 2015-ci ildən həm də
Multidissiplinar əlyazmalar və çap kitabları
şöbəsinin müdiridir.
O həm
institutda, həm də respublikada mətnşünaslıq, mənbəşünaslıq,
ədəbiyyatşünaslıq sahəsində daim məsləhətinə
ehtiyac duyulan dəyərli mütəxəssis kimi qəbul
olunur. Belə ki, Paşa Kərimov Azərbaycan Tərcümə
Mərkəzinin Elmi Şurasının, Nizami adına Milli
Ədəbiyyat Muzeyinin Elmi Şurasının, Respublika Elmi Tədqiqatları
Əlaqələndirmə Şurasının Filologiya Problemləri
Üzrə Elmi Şurasının, Milli Təhsil Muzeyi qiymətləndirmə
Şurasının üzvüdür. Onun redaksiya heyətinə
üzv olduğu məcmuələr arasında "Azərbaycan",
"Multikulturalizm", "Filologiya məsələləri",
"Əlyazmalar yanmır", Əlyazmalar İnstitutunun
"Elmi əsərlər"i jurnallarının
adını çəkmək olar.
Paşa Kərimov
gənc nəslin yetişməsində də öz zəhmətini
əsirgəmir. 2016-2017-ci tədris illindən Əlyazmalar
İnstitutunun magistrlərinə "Yazılı abidələrin
nəşri problemləri" mövzusunda mühazirələr
oxuyan alimin elmi rəhbərliyi altında doktorant və
dissertantlar ixtisaslamış mütəxəssis kimi
yetişir. O, məsləhət üçün müraciət
edənlərdən heç bir vaxt öz köməyini əsirgəmir.
Paşa
müəllimin səyi nəticəsində Əlyazmalar
İnstitutunun xəzinəsinə xarici ölkələrin
kitabxanalarından yüzlərlə əlyazmanın surəti
gətirilib, onun zəhməti nəticəsində XVI-XVII əsr
Azərbaycan şairlərindən Qövsi Təbrizi, Mürtəzaqulu
xan Şamlu, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Yusif
bəy Ustaclu, Məczub Təbrizi, Təsir Təbrizi və b.
müəlliflərin türkcə divanları oxucuya ilk dəfə
təqdim olunub.
Filologiya
elmlər doktoru Paşa Kərimovun elmi
yaradıcılığı yalnız Səfəvilər
dövrü ədəbiyyatının tədqiqi ilə məhdudlaşmır.
O, 1988-ci ildə XIX əsrdə yaşamış satirik
şair Mirzə İsmayıl Qasirin, 2018-ci ildə onun həməsri
Mirzə Baxış Nadimin şeirlər toplusunu nəşr
etdirmiş, 2014-cü ildə Nəcəfqulu bəy
Şeydanın "Gülşəni-maarif" təzkirəsini
geniş ön sözlə oxucuların ixtiyarına
vermişdir.
Onun bu
xidmətləri həm respublikada, həm də Şərq aləmində
yüksək qiymətləndirilib. Paşa Kərimov 2012-ci ildə
Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi
"Türk ədəbiyyatına xidmət baratı"
mükafatına layiq görülmüşdür. Azərbaycan
Respublikası Prezidenti Cənab İlham Əliyevin 3 noyabr
2015-ci il tarixli sərəncamı ilə Azərbaycan elminin
inkişafında xidmətlərinə görə "Tərəqqi"
medalı ilə təltif olunub. 2017-ci il mart ayının 1-də
baş tutmuş İqtisadi Əməkdaşlıq Təşkilatının
13-cü sammitində Paşa Kərimov bu təşkilatın
"Elm və texnologiya" nominasiyası üzrə
mükafatına layiq görülüb.
Filologiya
üzrə elmlər doktoru Paşa Kərimov 60 yaşında
da gənclik şövqü ilə yaşayıb-yaradır.
Biz onu daim iş başında, gözündə eynək, bir əlində
lupa, bir əlində qələm əlyazmalar üzərində
çalışan görməyə
alışmışıq. Hazırda alim Nəsimi ədəbi
məktəbinin davamçısı Süruri
"Divan"ının müqayisəli mətnini tərtib
edərək çapa hazırlamış, şairin
"Divan"ına daxil olan qəzəllərin şərhi
üzərində çalışmaqdadır.
Paşa Kərimovu
tez-tez televiziya ekranlarından ölkədə və xaricdə
kitabxana və muzeylərin saxlancından yeni aşkar edilən
Azərbaycan əlyazmalarını təqdim edərkən
görmək mümkündür. Paşa müəllim vətəndaş
mövqeyini daim sərgiləyərək əlyazma irsimizin
qorunması işinin vacib olduğunu təbliğ edir.
Onu 60
yaşı münasibəti ilə səmimi qəlbdən təbrik
edir, ona möhkəm can sağlığı, elmi və təşkilati
işlərində daha böyük uğur və nailiyyətlər
diləyirəm.
Teymur Kərimli
Ədəbiyyat qəzeti.- 2019.- 9
fevral.- S.22-23.