Dayandur Sevginin yubiley tədbirində

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda şair Dayandur Sevginin 60 illik yubileyi və "İkinci addım" kitabının imza günü keçirilib.

Mərasimdə AYB rəhbərliyi, tanınmış ziyalılar, yubilyarın qələm dostları, ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid Dayandur Sevginin yaradıcılığı haqqında məlumat verib, onun həm bir şair, həm də insan kimi ədəbi mühitdə sevildiyini vurğulayıb.

Çıxışlardan öncə şair özünün "Azərbaycan Bayrağı" şeirini oxuyub.

AYB-nin sədri, Xalq yazıçısı Anar Dayandur Sevgini yubiley yaşı və yeni kitabı münasibətilə təbrik edib. Tədbirdə olduqca çox sayda insanın iştirakına diqqət çəkən AYB sədri yubilyarın bu sevgini, bu hörməti özünün gözəl xasiyyəti, istedadı, xoş rəftarı ilə qazandığını deyib.

AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu da yubilyar haqqında düşüncələrini bölüşüb, ona 60 yaşı ilə bağlı xoş arzularını çatdırıb, hədiyyə təqdim edib.

AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca çıxışında D.Sevgini zəhmətkeş, hər zaman gənclik eşqilə yazıb-yaradan şair adlandırıb.

AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxışında bildirib ki, Dayandur Sevginin şeirlərinin hər biri ürək yanğısından, səmimi hisslərdən yoğrulub.

Yazıçı Səyyad Aran D.Sevgini çox uzun zamandan bəri tanıdığını deyib, onunla dostluğunun tarixindən söz açıb, poeziyasından nümunələr səsləndirib: "Dayandurun insanlığı, əxlaqı, tərbiyəsi çox yüksəkdir. Elə bir insan, elə bir dostdur ki, ona hər zaman güvənmək olar.

Onun bayaq dinlədiyimiz "Azərbaycan Bayrağı" şeiri, böyük məsuliyyətlə deyə bilərəm ki, ən yaxşı şeirlərdən biri kimi dərsliklərə salınmağa layiqdir. Dayandur nədən yazmağından asılı olmayaraq, səmimi yazır, ürəkdən yazır. Onun ictimai məzmunlu şeirləri özünəməxsusdur".

Tənqidçi Vaqif Yusifli yubilyarın poeziyası haqqında geniş şərh verib: "Onun istər sevgi şeirlərində, istərsə sosial məzmunlu şeirlərində yaralı bir şair qəlbinin duyğuları var. Dayandur Sevgin hər cür pafosdan uzaqdır. O, ancaq özünü yazır".

Daha sonra Ramiz Məmmədzadə, Əsəd Cahangir, Eldəniz Həsənov, Yusif Nəğməkar, Kəmaləddin Qədim, Hüseyn Sözlü, Azadə Taleh, Aygün Hüseyn, Fərqanə Mehdiyeva, Qəşəm Nəcəfzadə, Nəcibə İlkin, Oqtay Rza, Nəvai Mətin başqaları çıxış edərək yubilyarı səmimi qəlbdən təbrik edib, ona can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıblar.

Tədbir boyunca Əməkdar artist Ağalar Bayramov şairin şeirlərini söyləyib.

Sonda çıxış edən Dayandur Sevgin, başda AYB rəhbərliyi olmaqla, tədbirdə iştirak edənlərə, çıxışçılara təşəkkürünü bildirib, "İkinci addım" kitabını qonaqlar üçün imzalayıb.

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2019.- 9 fevral.- S.32.