Gələcək gəldi
esse
101 yaşlı atama ithaf edirəm
100 illik
ömrünün yetkinlik çağından əlləşib-vuruşduğu,
nə qədər çətinliklərə, ağrı-acılara dözərək
qovuşmaq istədiyi gələcəyə yetişmişdi. "Hər kəs yüz il yaşamasa, günah onun özündədir..."
deyə-deyə yüzü haqlamışdı. Daha irəlidə yüyürüb çatmağa,
uğrunda çarpışmağa gələcək yox idi.
Artıq yaddaş dəftəri də dolmuşdu, təzə
eşitdikləri yadında qalmırdı. Məktəbdə
şagirdin yazı dəftəri dolanda, yenisini
alırdılar. Yaddaş dəftəri isə
adama bir dəfə verilir, doldusa, təzələnmir.
Gözləri də pis görür, qulaqları
ağır eşidirdi. Oğul-uşağı, qohumları
handan-hana tanıyırdı.
Bu idimi həsrətlə arzuladığı,
ümidi ilə yaşadığı, dağlar-dərələr
aşıb, kəndlər-şəhərlər keçib
atılan badalaqlardan, alman faşistlərinin, erməni
faşistlərinin güllələrindən sovunub ardınca
qaçdığı, yüz yaşında yurdsuz
qaldığı gələcək?
Bundan o yana qaranlıq idi, heç nə görə
bilmirdi. Gözlüyünü
çıxarıb, kirpiklərini qapadıb, bəsirət
gözü ilə də irəliyə baxanda heç nə görmürdü.
Geriyə qanrılanda isə bir əsrlik
qapqaynar həyat canlanırdı gözü önündə.
...39-cu
ildə müəllimlik diplomunu aldı. Uzaq bir kənd məktəbində
ilk dərs günü... İkicə il
işləyə bildi. Dava başladı, onu da
apardılar. Cantaraq olduğu üçün çəkisi
bir put, hər gülləsi 250 qram olan
tankvuran silahı ona vermişdilər. Başqa əşyalarla
birlikdə kürəyində 30 kiloluq yüklə yüz
kilometrlərlə yolu ayaqla getmişdi. Qanlı
döyüşlər gedirdi. 24 yaşa keçmişdi,
mərminin bədəndən qopardığı başın
rus söyüşü söyə-söyə
dığırlandığını görəndə... Neçə-neçə
əsgər yoldaşının qanı çilənmişdi
üstünə... Sanki dünən olmuşdu hamısı...
Avtomatçı əsgər yoldaşı ilə
təzəcə boşalmış düşmən səngərinə
təpildikdə, alman əsgərinin hələ
soyumamış qanlı meyiti ilə
rastlaşmışdılar. O, tələsik səngərin
qənşərində tankvuran silahı üçün yer
seçib atəşə hazır vəziyyət
almışdı. Tapşırığı
beləydi. Düşmən tanklarla əks-hücuma
keçə bilərdi... Meyitin
çantasını, ciblərini axtaran əsgər
yoldaşı isə tapdığı qənimətləri -
çörəyi, konservləri, kolbasa və şəkəri
onunla bölüşmüşdü. Yeməkləri
əlüstü ac mədələrinə
ötürmüşdülər. Kim bilir, nə vaxt yemək
gətirəcəkdilər... O vaxtlar heç nədən
çimçəşmirdi, üşənmirdi. Qaynar cəbhəyə
düşəndə bu duyğuları qazdığı ilk səngərdən
çıxan torpaqla basdırmışdı... Əsgər
yoldaşı almanın kəmərindən dəri
qınlı bıçağı açanda demişdi: " İvan, onu mənə ver, qalan nə
varsa özünə götür". O davadan gətirdiyi tək
qənimət bıçaq olmuşdu... Ermənilərin
qəfil hücumu vaxtı orden və medalları
taxılmış pencəyini götürmüşdü,
bıçağı unutmuşdu. Dopdolu
ikiqatlı evi yağmalanmışdı, amma onu ən
çox yandıran bıçağı unutması idi.
Ev-eşiyi təzədən qurmaq olacaqdı.
Xatirələr dolu bıçaq isə birdəfəlik
əldən getmişdi.
Gözlərini
açmağa qorxurdu, sanki kirpiklərini qaldıran kimi
baxdığı bu film yarıda kəsiləcəkdi...
Kim deyirsə kinonu XIX yüzillikdə ixtira eləyiblər,
yanılır. Adəm oğulları yaranışdan
gördüklərini gözləri ilə çəkib
yaddaşlarına köçürürlər. Hər kəs
öz yaşam kinosunu çəkib saxlayır, istədiyi vaxt
ona baxa bilir. Ancaq bu filmi çəkən də, baş rolda çəkilən
də, baxan adam da tək özü olurdu. Ssenarini yazansa tale adı
verilmiş mücərrəd anlamdır, rejissor da tale
özüdür. Bu kinoların qüsuru odur ki, hər birinin tək bir
tamaşaçısı vardır: hər kəs yalnız
öz kinosuna baxa bilir...
Onun sevinc, kədər, həsrət, təəssüf və s. və s. dolu ağ-qara filmi yüz ilə yaxın dönəmi dolanırdı. Öz filmindən başqa, daha baxmağa bir şey yoxdu... İstədi-istəmədi, buna məhkum idi. Allah bilir, neçənci dəfəydi ömrü boyu çəkdiyi səssiz, ağ-qara filminə baxırdı.
...Gözləri önündə babası, atası, anası, əmi-dayıları, onların oğul-qızları canlandıqca kövrəlirdi. Babasına çox bağlanmışdı, 20-30-cu illərdə onu oxumağa həvəsləndirən babası olmuşdu.
"-
Baba, sən böyüksən, yoxsa Lenin?".
"- Vəzifədə o böyükdür, yaşda mənim
yanımda uşaqdır".
O
yaşlarında bilmirdi, atasını çox istəyirdi,
yoxsa babasını. Nəvə-nəticələrini çox
sevən Sətəralı yüzbaşı çox
müdrik, ədalətli, alicənab adam
idi. 5 para kəndin yüzbaşılığına seçkiylə gəlmişdi.
Yeni yüzbaşının seçkisi
zamanı əhalinin yarısı köhnənin
qalmasını, yarısı yeninin seçilməsini istəyir.
Camaatın arasına düşmənçiliyə
aparan ikitirəlik düşür. Seçkiyə
nəzarət edən pristav buna görə də
üçüncü namizəd istəyir. Əmiləri Sətəralının adını
verirlər. Hər namizədin yanında
ağzı ortadan deşiyi olan parça ilə
sarınmış mis qavlama qoyurlarmış. Tüstü çıxan hər evdən bir nəfər
səs verərmiş və onların hərəsinə bir
fındıq paylanarmış. Seçicilər
fındıqlarını istədiyi namizədin qavlamasına
salarmış və sonda hamının gözü
qabağında fındıqlar sananarmış,
fındığı çox çıxan qalib
sayılarmış. İki namizədin tərəfdarları
arasında pozuluşma düşdüyü üçün
çoxluq Sətəralıya səs verir, ikitirəliyin
düşmənçiliyə çevrilməsinin
qarşısı alınır.
Bütün bunlar o doğulandan çox öncələr
baş vermişdi. Sovet hökuməti gələnə qədər Sətəralı
kişi 40 ildən çox
yüzbaşılıq eləmişdi, ondan incik düşən
olmamışdı. Bolşeviklər onu tutsalar
da, heç bir şikayət olmadığına görə
6-7 aydan sonra buraxmışdılar.
Deyirdilər ki, 1918-ci ilin yazında ermənilərlə
davanın qızğın çağında kəndə
köməyə bir bölük türk əsgəri gəlibmiş. Onları
qarşılayan Sətəralı yüzbaşı evinə
aparır, erkəklər kəsdirir. Yeyib-içəndən
sonra dəstənin komutanı deyir:
"Yüzbaşı, daşnaklar geniş hücuma
hazırlaşırlar. Sizin könüllülər düşmənin
nizami orduda təlim görmüş əsgərlərinin
qarşısında dura bilməzlər. Dağlara
qalxıb bizim təcrübəli zabit və əsgərlərimizi
sizin mövqelərdə yerləşdirəcəyik.
Yüzbaşı, əmr belədir: əgər gavurlar o
dağdan bu üzə aşsalar, dəstənin komutanı ilə
bərabər sən də güllələnəcəksən.
Bu davada sən də məsul şəxssən.
Dağlara yemək-içməyin
çatdırılması, yerli döyüşçülərin
səfərbərliyi sənin öhdənə
düşür".
Sətəralı yüzbaşı elə oradaca birinci
öz oğlu Yusifi dağlara çıxan dəstəyə
qoşur. O
davada Yusif həlak olsa da, gavurlar Balyat dağlarını
aşa bilmədilər... 75 il sonra isə
ermənilər satqınların, bacarıqsızların sayəsində
arzularına çatdılar.
Bu yerdə sinəsindən bir inilti qopdu. Sanki səssiz kinoya səs
verdilər...
"Hardasınız, ay şuxyerişli, qartalbaxışlı, tarlalarını, bağlarını, sürülərini bolşeviklər alsa da, məğrurluğunu saxlamış müdrik babam... ermənilərlə davada şəhid olmuş əmim Yusifə, faşistlərlə davadan qayıtmamış qardaşım Kamilə, əmilərim Şəmillə Cəmilə hər səhər cəhrə əyirə-əyirə dediyi ağılarla ömrünü gödəltmiş anam! Hardasınız? Hardasınız, ay Nadir kirvə, İbi kirvə... Bıy, Ədil müəllim, sən burdasan? Niyə heç məni itirib-axtarmırsınız? Hamınız məni tək qoyub getdiniz. O dünyada bir-birinizi görə bilirsinizmi? Dədə-babalarımız kimi oruc tutmamışıq, namaz qılmamışıq. Zaman başqaydı. Buna orda necə baxırlar? Axı biz əməli -saleh olmuşuq, halal çörək qazanmışıq! Oruc müəllim, sənə zülm elədilər, çox tez getdin, qızın dözmədi, dalınca getdi, uşaqların gözüyaşlı qaldılar. Geci-tezi var, sənə qıymış düşməndən hayıf alınacaq.
- A kişi, bəsdir ölülərlə danışdın. Dur, axşam yeməyini ye! Hələ tezdir yatmaq. Yoxsa yenə gecə yarısı oyanıb ora-bura gəzişəcəksən, çay istəyəcəksən, bizi də yatmağa qoymayacaqsan.
74 ildir həyatın enişini-yoxuşunu birgə addımladığı qarısının qışqırtısı onu ayıltdı. Əslində, o yatmamışdı, heylulədəydi və qulağı ağır eşitdiyi üçün qarısı onu ucadan səsləyirdi.
- Aa...z, nə deyirsən? Bə kimlə danışım? Bəyəm danışmağa, dərdləşməyə bir kimsə qalıbmı? Hamısını dərd apardı, dözə bilmədilər - küsübmüş kimi üzünü divara çevirib deyindi. - Kim deyirsə onlar ölüblər, qələtini eləyir. Hamısı dipdiridir... Gəlirlər, söhbətləşirik, yoxsa bağrım çatlayar - çevrilib gözləri ilə otağı dolandı - Donuz uşağı, dağ çəkdilər bizə. Ev-eşiyimizdə qalsaydıq, belə əldən düşməzdik.
Qarısı bu dəfə astadan nəsə dedi, səsini eşitsə də anışdıra bilmədi. Yadına düşdü ki, çox ağır eşidir, pis görür. Bəs onda göz qapaqlarını yumub azacıq huşa gedəndə, necə olur ki, yaxınlarını və tay-tuşlarını eşidib görür, özü də səssiz-səmirsiz, gözlüksüz...
"Hamısı Tanrının sirridir, bəndələrinə çox şey öyrədib və öyrədəcək, öz hikmətindən başqa...", - deyə dodaqlarının altında pıçıldadı.
O, nə dindar, nə də ateist olmuşdu, duvalist idi, amma yaşlaşdıqca din özünə çəkirdi. Yüzillik ömrünün iki ilini Cümhuriyyət dönəmində, 71 ilini Sovetlərdə yaşamışdı, qocalıq və uzunömürlüyü müstəqillik dövrünə düşmüşdü... Bilmirdi, niyə axır vaxtlar hər şeyi keçmiş zamanda düşünür. Bəlkə, gələcək keçmişdə qalmışdı? Sovetlər zamanı dünənlə, bu günlə yox, gələcəklə yaşayardılar... O gələcək ki, artıq gəlmişdir və indi onu bu dünyaya bağlayan zövqlərdən qalan tək şey yemək idi, tək damaq dadı qabaqlardakı təkiydi. Qalan duyğuları - eşitməyi, görməyi, yaddaşı qabaqlardakı təki deyildi, heç müqayisə olunası deyildi. Əl-ayağı ağrımasa da, harasa getməyə həvəsi yox idi, elə evin içində gəzişib "idman" eləyirdi. Daha qəzetləri oxuya bilmirdi, xəbərləri ancaq televizora yüksək səs verməklə izləyirdi, qarısı yatmayanda... Allahın işinə bax, birindən aldığını, o birisində saxlamışdı. Qarısının yaddaşı, görüb-eşitməyi yerindəydi, zehni iti işləyirdi, onun da, özünün də dərmanlarının adlarını əzbər bilirdi, içliklərini özü oxuyurdu, həkimlərin tövsiyələrini yadda saxlayırdı. Di gəl ki, yeriyə bilmirdi: diz, damar, ayaq ağrıları yazığı üzürdü. Buna baxmayaraq, dualarında deyirdi:
"Allah, buna da şükür. Təki balalarım, nəvə-nəticələrim sağlam yaşasınlar. Onlara gələn dərd-bəla mənə gəlsin. Təki tezliklə yurd-yuvamıza qayıdaq, dədə-babalarımızın ayaqları altında torpağa tapşırılaq. Qəbiristanlığı dağıtsalar da, qəbirlərin ki, yerləri durur...".
O, tarix müəllimi olsa da, bədii ədəbiyyatla arası saz idi, cavanlıqdan oxumağı çox sevirdi. Xoşuna gələn deyimləri, hikmətli sözləri qalın bir dəftərə köçürürdü. Heç ağlına gəlməzdi ki, özü nəsə yazacaq... 80 yaşında yurd həsrəti, düşmənə nifrəti ona şeir yazdırmışdı...
Gözlərini açıb yanıqlı bir
ah çəkdi: "Ey dünya! Şirin olduğundan çox acısan, zalımsan..!
Verdiyini də alırsan...".
Neçə
illər öncə hardasa oxuduğu bir şeirdə deyilənlər
tez-tez yadına düşürdü:
"Biz
sabahın sahibi deyilik,
Amma dünən bizim mülkümüzdür.
Dünənimiz ötüb-keçmiş, əlçatmaz olmuşdur.
Bu günümüzsə nəqdi vardır".
Hər kəs bu gerçəkliyi anlayır, gec-tez qarşıda ölüm quyusunun onu gözlədiyini bilir, amma yenə gələcək eşqi ilə yaşayır. Deməli adam elə bir mexanizmdir və quran elə qurmuşdur ki, o, istədi-istəmədi olumdan ölümə qədər məsafəni keçib getməlidir, öz missiyasını yerinə yetirməlidir. Nədir o missiya? Yer üzündə hər bir canlının, ağacın, otun öz missiyası vardır və bunlar Adəm törəmələrinin qulluğundadır, onları yeyəcək-içəcəklə, təmiz hava ilə təmin eləyir. Adəm törəməsi mal-qaranı, toyuq-cücəni bəsləyir, südü, yumurtası, əti ilə qidalanır, ona fayda verməyəni ən azından dərk edir. Bəs Adəm törəmələri onu yaradıb bəsləmiş, Yer üzünün əşrəfi eləmiş Uca Yaradana nə verir? Uca Yaradanın yaradıb tərbiyələndirdiyi, daima gözü üstündə olduğu Adəm törəmələrindən bir gözləntisi, umacağı varmı? Ey Uca Tanrı, içi mən qarışıq sənin ədalətinə şəkk gətirən bəndələrini suçlama. Bu şəkki ürəklərə gətirən yaşamdakı kəskin əskikliklərdir... Adəm dönəmindən bizlərə verdiyin torpaqları, dədə-baba yurdlarımızı niyə İblis alıb öz nökərlərinə verəndə, bəndələrinin günahsız qanını tökəndə qarşısını almadın? Nə idi suçumuz? İblismi idarə edir yaşadığımız dünyanı? Bəlkə, belə işlərin bir qanunauyğunluğu var, biz bilmirik?
Ey sirli, bir üzü işıqlı və şirin, o biri üzü qaranlıq və acı dünya, heç kəs səndən baş açmadı... Nə Şərqdə, nə də Qərbdə. Nə Əflatun, Ərəstun, Nizami, nə də Volter, Hegel, Marks, Engels "mən, varam hər şey var, mən yoxam heç nə yoxdur", - deyən Kant... Xatırladı ki, Pedaqoji İnstitutda Kantı yaxşı öyrəndiyi üçün "əla" almışdı. Və yadına düşdü ki, o, hələ bu dünyada vardır. Gözlərini açıb pıçıldadı.
"Nə ölümdən qorxuram, nə də mollaların təsvir elədiyi o dünyadakı cənnət-cəhənnəmə inanıram. Ancaq tək sənə, bilmədiyim sirlərinə, hikmətinə inanıram, yaratdıqlarına inanıram, Böyük Yaradan!.. Bilmirəm, bizi bu dünyaya gətirib aparmaqda nədir məqsədin?".
Bir anlığa susdu, Hüseyn Cavidin "Şeyx Sənan"ında xoşladığı Kor Ərəbin mahnısını xatırladı. Birdən hönkür-hönkür ağlamaq istədi, həm gedənlər, həm də qalanlar üçün... Heç elə bil həmişə soyuqqanlılığını, ciddiliyini, müəllim və şagirdlər arasında nizam-intizamı saxlayan zəhmli adam deyildi. Onun iş günü səhər saat 8-dən axşam 10-a qədər idi.. 1-ci növbə, 2-ci növbə, axşam isə kəndli-gənclər məktəbi... Özünü yaxşı aparmayan müəllimlərə öz üsulu ilə "dərs" verirdi... Müəllimlər otağına çağırıb sözlə xətalarını başa salırdı, qanmazları isə sillə ilə qandırırdı. İpə-sapa yatmayan kənd uşaqlarınınsa qulağını çəkirdi, "özünü düzəltməsən, qulağını darta-darta eşşək qulağına döndərəcəyəm", - deyə qorxudurdu. İndi isə özü uşaqdan betər olmuşdu, şıltaqlıq eləyirdi, amma qulağını çəkən yox idi... Ürəyi sıxılanda, dərmanlardan bezəndə ona qulluq eləyən qızının, oğlunun, nəvəsinin sözünə baxmırdı, ağlı başına gələndə kirimişcə dururdu. Şıltaqlığın əsas səbəbi beynində fırlanan daha gələcəyin olmaması fikri idi. İndiyə qədər dilinin əzbəri olmuş "Hər kəs yüz il yaşamasa, günah onun özündədir" - beytini daha demirdi... Artıq yüzü keçmişdi, onu yaşadacaq bir həvəs, bir qayə yoxdu. Bu yaşda dostu, qohumu, tanışı qalmamışdı, hamısı bu dünyadan köçmüşdü. Dərdləşdiyi, onu başa düşən kəs tək qarısı idi. Uşaqların sayı çoxaldıqca müəllimlikdən ayırıb evdar, qadına çevirdiyi 90-ı adlamış qarısı...
- A kişi, gələcək qurtarıb eləmir, həmişə var. Böyük nəticələrimizin toylarını görmək, kötücələrimizi qucağımıza almaq, Qarabağda kəndimizə qayıtmaq gələcək deyilmi?
Qarısının bu sözləri onu ayıltdı. Sanki bu sözlər beyninin hansısa nöqtəsinə dəyib, digər nöqtələri də zəncirvarı bir hərəkətə gətirdi. Gələcək haqqında düşünməyə başladı. Yadına düşdü ki, gələcək sonsuzdur, heç vaxt bitmir. Tanrının bizlərə ayırdığı zaman çərçivəsində onu biz, Adəm törəmələri özümüz yaratmışıq, keçmişə, indiyə və gələcəyə bölmüşük, tarix yazmağa başlamışıq... Çaşqınlığı, gələcəyi bitmiş sayması komadan - heylulədən sonra baş vermişdi. Könlündəki yaranın göynərtisindən başqa, təninin heç bir parçası ağrımırdı. Yurd həsrəti, yağı düşməndən hələ alınmamış öc yanğısı, Vətən torpağını qanları ilə suvarmış qohumlarının, dünyadan vaxtsız köçmüş dostlarının xatirəsi bu yaranı qaysaqlanmağa qoymurdu. Ruhunu dinc qoymayıb sızladan bu duyğular onu heyluləyə - çox dərin yuxuya aparmışdı. Ayılıb özünə gələndən bir müddət sonra ona deyəcəkdilər ki, düz bir gün o dünya ilə bu dünya arasında qalıbmış... O dərin yuxudan yadında qalan ocaq başında ona əl eləyib, lakin yanına çağırmayan babası idi...
- Baba, çayını iç, soyuyur.
Nəticəsinin ona uzatdığı çayı asta-asta qurtumladı...
- Sənin
toyun nə vaxt olacaq?
- Mən
hələ oxuyuram, baba.
"Gələcəkdə
bunun da toyunu görsəydim, kötücəmi qucağıma
alsaydım...", - deyə
düşündü. Sanki itirdiyini tapdığı
üçün üz-gözünə xoş bir ifadə
yayıldı, pıçıltıyla səsləndi:
"Necə olub ki, bu sadə məntiqi unutmuşam? Necə olub ki, bu sadə gerçəklik ağlıma gəlməyib? Görünür, daha qocalmışam. Ömrüm boyu mən yol göstərmişəm, indi arvad mənə ağıl verib yol göstərir. Doğru sözə nə deyəsən. Əsas məsələ budur ki, yaşamağa, görməyə gələcək var!..
Fazil Güney
Ədəbiyyat qəzeti.- 2019.- 9 fevral.- S.24-25.