Əhməd Ağaoğlu
- Dünən, bu gün
və həmişə
"Mən kiməm"
adlı məqaləsində
Əhməd bəy Ağaoğlu daxili dünyası ilə zahiri dünyası arasında gedən savaşdan bəhs edir. Yazır ki, daxili dünyam məni mübarizəyə,
insanların yardımına,
xeyirxah məqsədlərə
dəvət etsə də, zahirim əmr edir ki,
dayan, bəşəriyyət
sənin xeyirxah istəklərinlə düzəlməyəcək.
Xeyirlə şərin, səmimiyyətlə
təkəbbürün davası
insan yarandığı
gündən var, həmişə də olacaq. Hər şey insanın
özünü necə
tərbiyə etməsindən
asılıdır. Öz tərbiyəsindən
əmin olan insanlar bu əminlikdə
səmimidirmi? Dahi Əhməd
bəy özünü
mühakimə edən
bu yazını ahıl yaşlarında yazıb. Özünü mühakimə etmək
böyük şəxsiyyətlərə
məxsus xüsusiyyətdir.
Məqalədəki əsas
suallardan biri budur: Həqiqətənmi
eqoizmlə altruizm arasında gedən savaşda qələbəni
bizim üstünlük
verdiyimiz tərəf qazanır? Həqiqətənmi bu iki xüsusiyyət arasında
seçim etmək bizim iradəmizdən aslıdır? Bu iki xüsusiyyət arasında seçim edərkən bizim həmin məqamdakı psixoloji vəziyyətimiz,
ruh halımız böyük əhəmiyyət
kəsb edir.
Əhməd bəy bu məqalədə
Montenin Sezar haqqındakı fikirlərindən
bəhs edir. "Sezarı qorxunc eqoizm, qarşısıalınmaz
şöhrətpərəstlik sevdası məhv etmədimi?" Dünya tarixində
elə rəhbərlər
olub ki, öz eqolarını doyurmaqçün yüz minlərlə insanı qurban vermək onlar üçün adət halını alıb. Zərrə qədər də
əzab çəkməyiblər.
Eqo bizi insanlıqdan çıxarır, başqalarının
əzabları bizi narahat etmir, başqalarını "başqa"
saymağa davam etdikcə eqo bizə qalib gəlir. Eqoist insan hansısa məqamlarda xeyirxahlıq edə bilər, ancaq bu xeyirxahlığın
ömrü az
olur, qısa zamandan sonra eqo yenidən insan duyğulara qalib gəlir. Eqoist insanın xeyirxahlığında
məqsəd özünü
göstərmək, diqqət
mərkəzində olmaq
istəyidir. Bəşər övladının ən böyük problemi tarixdə özünü
təsdiq etməkdir.
Hegel fəlsəfəsinin əsas qayələrindən
biri bu amilə
həsr edilib. Sənətin yaradılışındakı
səbəblərdən başlıcası
da eqodur. İnsan ölümü, ölümlü
dünyada yaşamağı
ilə barışa bilmir. Zənn edir ki, həyatda onu ölümsüzləşdirəcək nələrsə etməlidir.
Özünü ölümsüzləşdirmək
məqsədilə rəsmlər
çəkir, şeirlər
yazır, heykəllər
yaradır. Ancaq uzun
illər ərzində
ya çətin qəbul olunur, ya da ümumiyyətlə,
qəbul edilmir. Xüsusən də qapalı
cəmiyyətlərin sənətə
baxışında bir
istehza, nifrət duyulur. Cəmiyyət
qəbul etmədikcə,
nifrətini göstərdikcə,
lağ hədəfinə
çevirdikcə sənət
adamının "mən"
eqosu böyüyür.
Mövlanə deyirdi ki, sevgini uzaqlarda axtarmayın, eşqi tapmaq üçün uzaq məmləkətlərə
səyahət etməyin.
Çalışın ki, içinizdə
sevgiyə qarşı
yaranan əngəlləri
axtarasınız, tapasınız.
Eqoizm bizə içimizdəki neqativ amilləri, sevgimizə mane olan bəd amilləri məhv etməyə mane olur. Əksinə, eqoizm həmin
əngəlləri qidalandırır,
onlara güc verir.
Eqoizm hər növ şərin qaynağıdır. Eqoist düşüncəylə savaşa erkən yaşda başlamaq lazımdır. Əhməd bəy
yazır ki, uşaq yaşlarından etibarən övladlarınıza
mənfəət qarşılığında
hansısa işi görməyi, acgözlüyü
öyrətməyin. Övladlarınızı tərbiyə etməyə
gecikməyin. Övlad tərbiyəsi
haqqında Əhməd
bəyin dediyi fikirlər bu gün də aktuallığını qoruyub
saxlayır. "Uşaqdır, böyüyəndə
öyrənər" zehniyyəti
ilə uşaqları
bu gün də məhv edənlər var. Görəsən,
biz öz dahi şəxsiyyətlərimizi nə
zaman başa düşəcəyik? Tənqidi
realizm nümayəndələri
cəmiyyətdəki qüsurları
kəskin dillə tənqid etdikləri zamanda, Əhməd bəy Ağaoğlu buna alternativ olaraq "Sərbəst insanlar ölkəsində"
əsərini yazdı
və maarifçi realizmə üstünlük
verməyin əhəmiyyətini
izah etdi. Hansı daha faydalıdır?
Davamlı olaraq kəskin
şəkildə tənqid
etmək, ya ciddi uğurlu nümunələr təqdim
etmək? Təbii ki,
hər yazıçının,
hər müəllifin
öz üslubu, öz ideoloji xətti var. Seçdiyi janra görə bir müəllifi tənqid etmək olmaz. Əhməd bəyin xatirələrini,
həyatını oxuyarkən
insan sarsılır.
Bu qədər əzablı ömrün,
iztirablı həyatın
içində Əhməd
bəy yüksək intellekti və müxtəlif xarici dillərdə danışmaq
bacarığını, prosesləri
sağlam məntiqlə
qiymətləndirmə qabiliyyətini
necə öyrənmişdi?
Əhməd bəy Şuşadakı
rus-tatar məktəbində
oxuyarkən məktəbdəki
45 şagirddən sadəcə
5- i müsəlman idi. Ermənilər məktəbdə çoxluq təşkil edirdilər və müsəlman uşaqları
incidir, aşağılamağa
çalışırdılar. Yusif Vəzir Çəmənzəminlinin
xatirələrində də
bu məqama rast gəlmişdim. Təəssüf ki, o dövrlərdə xalqımızın
təhsilə marağı
az olub.
Əhməd bəy heç
şübhəsiz ki,
milli fikir tariximizin ən vacib, ən parlaq şəxsiyyətlərindən
biridir. O, yazılarında
dəfələrlə milli
şüura sahib olmağın
zəruriliyini vurğulamışdı.
Milli təfəkkür olmadan xalq vahid amal
uğrunda yaşaya, ümumi məqsəd naminə mübarizə apara bilməz. Bu gün gənclərin
böyük qismi Cümhuriyyət dövrünün
tarixini bilmir. Səbəblərdən biri budur ki, Sovet dönəmində
milli fikrin vacibliyindən danışan
adamları təhdid etdilər, çörəklə
imtahana çəkib onlardan satqın obraz yaratdılar. Nəticədə biz dəyərli ziyalılarımız haqqında
vacib bilgilər əldə edə bilmədik. Sovet dövründə nəyi dəyişmədilər
ki? Milli düşüncəmizi məhv etdilər, atalar sözlərimizi dəyişdirdilər, ziyalılarımızı
repressiya qurbanı etdilər. Bütün çətinliklərə baxmayaraq biz bir xalq olaraq ölkəmizin
varlığını qoruya
bildik.
Əhməd bəy "College de France"dakı
müəllimi, professor Renanın
"Şərqə getmə,
Şərq zalımdır,
səni udar, məhv edər" məsləhətinə əməl
etmədi. Ernest Renana cavab verdi
ki, mən öz vətənimə qayıdacam, burada öyrəndiklərimi orada
öz məmləkətimin
insanlarına öyrədəcəm.
Uğurlu karyeradan imtina edib cəhalət
içində boğulan
məmləkətə qayıdan,
zülmətləri aydınlığa
qovuşdurmaq istəyən
Əhməd bəy heç şübhəsiz
ki, ən yüksək hörmətə,
ən ali
sözlərə layiqdir.
Nə yaxşı ki, Əhməd bəy Ağaoğlu kimi ziyalımız var.
Nicat Həşimzadə
Ədəbiyyat qəzeti.- 2019.- 9 fevral.- S.25.