İrəli qayıdış və ya yolun davamı
Bir poetik silsilə haqqında ədəbi
düşüncələr
O
şeirləri oxudum, ruhumda poeziyanın quzey qarına təzə
iz salan addım səslərini eşitdim;
duyğularımı çəkib aparan o sirli-sehrli səslərin
aşkarlığına heyrətlənə-heyrətlənə
gedirdim; və gedib köhnə
poetik söz dünyasının təzə ahənglər,
yeni yozumlar məmləkətinin qonağı oldum...
Açığını
deyim ki, Xanım İsmayılqızının indiyə kimi
bircə şeirini də oxumamışdım və
"Ədəbiyyat qəzeti"ndəki poeziya səhifəsini
oxuyub, müəllifinin poetik sözüylə tanış
olmamağıma xeyli təəssüfləndim.
Ən
əvvəl bədəndə sıxılan, darıxan Allah əmanətinin
- ruhun üzünə açılan pəncərələrin,
taybatay qapıların təbəssümünü
gördüm. Poeziya tariximizdə
"Sındır qəfəsi tazə gülüstan tələb
eylə!", "Dünya duracaq yer deyil, ey can, səfər
eylə!" və ya "Bir mən vardır məndə məndən
içəri" çağırışları çox
olub. "Cırıldayan
döşəmə, sızıldayan pəncərə"
misrası ilə başlayan adsız şeirdə "adı
olmayan fəsil" "Yatan hissi oyadıb oyatmağa tələsir"; bədən evi tərk edilmir,
köhnə yurd yerində yeni işıqlar
sayrışır və oxucu qəfləti bir
şövqün, nagahan bir işığın zühuru, təcəllası
ilə ədəbiyyatın qələbəsinə şahid
olur:
Xoş
gəlibdi, Allahım, evimin yaraşığı,
Durum
pərdəni örtüm, görməsinlər
işığı...
Belə
bir inam var ki, Adəm iylənmiş palçıqdan biorobot
kimi yaradılıb və Allah nəfəsi olan ruh ona əmanət
verilib; bədən nəfsani,
şeytani bir şövqlə iylənmiş palçıq,
bataqlıq girdablarına, ruh tanrısal bir eşqlə Allah
ucalıqlarına çəkir insanı; poeziya
bütövlükdə sənət bədənlə ruhun
döyüş poliqonunda Allaha, ilahi harmoniyaya daha çox
yaxınlaşmaq, ruhun əzəliyyət və əbədiyyət
zirvəsinə ucalmaq cəhdidir; insan sənətin qüdrətiylə
xilas olmağa, əzəli və əbədi azadlığa
can atır.
Şair
"Nə isə tapacağam, yəqin ki..." ümidi ilə
ağaca, quşa, daşa, adama üz tutur,
insanlığın əzablı yollarında nigaran, narahat bir
ümidlə çıraq yandırır, mifik duyumlar, tragik təlqinlər
çöllərində nə isə axtarır, şeirin
sonunda sevdalı bir səmimiyyətə
sığınır:
O, adam da ola bilər...
Ruhunu göylərdən endirəcəyim,
Hisslərimi hisslərinə göndərəcəyim,
Gözlərində dincələcəyim,
Bir ömürlük
yuvam edə biləcəyim.
Nə isə tapacağam, yəqin ki...
O, Allahım da ola bilər...
Ola bilər Allahım da, O...
...Nə isə tapacağam, yəqin ki...
Yəqin
ki, tapacağam...
Nə isə...
Duyğuların reallıq yollarıyla gerçəküstü sürreallığın
qeyri-adi vəhdəti,
harmoniyası, analitik-psixoloji
dərinlik oxucunu çəkib aparır, poetik nəfəs genişliyi, ruhi təsvir, təqdim və təlqinlər axını heyrət doğurur. Şeir, sanki başladığı nöqtədə
bitir, dairə qapanır; şeirin qapalı orbitinə daxil olmaq da,
oradan çıxıb
"asudə nəfəs
almaq" da əzab verir və bu, az
qala təhtəlşüur
əzab bədənin
insanlıq çöküntülərini
tərpədir, oyadır,
ruhun gözlərini güldürür...
"Bir badə al əlinə, içinə
şərab da süz" - deyir, "Bir qələm al əlinə, içinə
nəfəs də süz" - pıçıldayır,
"Bir kəndir al əlinə, içinə
həyat da süz" tragik inadıyla dirənir poetik mən və göynəyə-göynəyə
bəyan edir: "Bilirəm bilirsən ki, sən yıxılan yerlərin// Tutanda olmayacaq".
Duyğu,
fəhm çöllərinin
uzaq ilğımlarında
İsus Xristosu Ponti Pilata satan
apostolun günah və peşmançılığını
da, Məhəmmədə
daş atanların şeytani qəhqəhələrini
də, ruhla bədənin tragik döyüş yollarında
bezən, yorulan insanın göynəmli əzablarını da, OL sözünün sahibi Allahın göz yaşlarını da (Vaqif Səmədoğlunun
bir misrası düşür yadıma: "Allah kömək
vaxtıdır" - S.E.) görmək olar. O saysız panoram ilğım-görüntülərdən
qalxan qəhər sönən söz ocağında körüklənə-körüklənə
öz poetik varlığını bəyan
edir; sanki şeir göz önündə çılpaq bir ehtirasla yaranır, qəfləti yaradılışa
şahid olursan... (Və mən
bu sözləri yaza-yaza o möcüzəli
poetik-intuitiv, sürreal,
təhtəlşüur yaşantıların
ruhi mənzərəsini,
struktural anatomiyasını
tam aça bilmək üçün vaxtın
qıtlığına da
təəssüf edirəm.
- S.E.)
Şeirin
sonunda monumental panoram mənzərə fraqmental
detallarla əsas poetik hədəflərə
yönəldilir, necə
deyərlər, şair
oxucuya əlini uzadır:
Lap çoxdan bilirsən ki,
baharların payızından
qışına
Çatanda olmayacaq.
Masanın dörddəbirində
- badə, içində
şərab,
Masanın üçdəbirində
- ağ vərəq, üstdə qələm,
Masanın ikidə birində
- külqabı, ağzında
siqaret,
Masanın birdə birində
- kəndirin saçaqlı
ucu,
Masanın tən ortasında
- şahə qalxan bir alovun kölgəsi.
...Vüsalın mənzərəsi...
...Kətanda olmayacaq...
Etiraf edim ki, bu
balaca şeirin böyüklüyünə uzun-uzadı
boylandım, baxdıqca
baxdım, gördükcə
görmədim və görmədikcə gördüm;
onu postmodernist mənzərə
kimi də, İ.P.Sartr, A.Kamyu baxış bucağından
ekzistensialist təlqinlər
axını kimi də təhlilə çəkmək olar; yaxud A.Bretanın "Sürrealizm inqilabı"
adlı məqalə-manifestindən
bu cümlələrin
işıqlı qaranlığında
psixo-analitik yollar yormaq da olar: "Sürrealizm
təbii psixi əlaqə vasitəsidir. Onun köməyi ilə
şifahi, yaxud yazılı, həmçinin
başqa yolla düşüncənin, şüurun
əsl hərəkətini
ifadə etmək olar. Bu, təfəkkürün buxovlarından azad olan fikrin diktəsidir".
Lakin bütün hallarda, mən biləni, analitik təfəkkür intuitiv-fəhmi təlqinlərlə
ayaqlaşa bilmir; "Masanın tən ortasında - şahə qalxan bir alovun kölgəsi"
və üç nöqtələrlə hasarlanmış
iki möhtəşəm
misranın (...Vüsalın
mənzərəsi...// ...Kətanda olmayacaq...) haqq qapısı öz sirrini vermir, nağıllarda deyildiyi kimi, qırxıncı qapı bağlı qalır; əslində, yazağzı
qara torpaqdan baş qaldıran, pardaqlanıb açan qızılgülün cənnətməkan
ətrini, cazibəli rayihəsini tam duyub dərk etmək mümkün olmadığı
kimi, zirvə şeirlərin son sahillərinə
gedib çatmaq da müşkül məsələdir; əsl
sənət təfəkkürün
yox, hisslərin, intuitiv yaşantıların,
dərketmənin yox, duyğuların, fəhmlərin
cəng meydanıdır...
Xanım İsmayılqızının haqqında
danışdığım "Bir badə al əlinə, içinə
şərab da süz" misrası ilə başlayan adsız şeiri poeziyamızın bütöv
mənzərəsində görünən,
səsi-sözü eşidilən,
böyük duyğulara
yol yoldaşlığı
edən və gedərgəlməz yollarında
tragik ovqata baş əyməyən, diz çökməyən,
bir sözlə, təslim olmayan, əksinə, qəmə qalib gələn sənət hadisəsidir.
Və düzü
budur ki, mən bu yazını
həmin şeirin xatirinə yazdım...
Bir məqamı
xüsusi vurğulamaq
istərdim. X.İsmayılqızının bir sıra şeirlərində klassik
poetik ovqatla çağdaş şeir
nəfəsinin vəhdəti,
qol-boyun qarışıb
qovuşması, yaradıcı
sintezi maraqlı sənət mənzərəsi
yaradır.
Onun hətta qəzəllərində
də ("Ədəbiyyat
qəzeti"ndəki silsiləsinə
daxil edilən iki qəzəli nəzərdə tuturam -
S.E.) novator bir axtarış, eksperimental ab-hava hökmfərmadır. Həmin qəzəllərdə, yaxud
"Yanında bir nəfəs yana" misrası ilə başlayan, gəraylı üstündə köklənən
şeirdə klassik poeziyanın min dəfələrlə
ayaqlanan köhnə yollarında təzə bir gedişə şahid olursan, yeni yanaşma tərzinin pıçıltılarını
eşidirsən, nimdaş
paltarda yeni estetik ovqatın, çağdaş dizaynın
nəfəsini duyursan:
Çətin deyil şehə
dönmək,
göylərdən yerə
enmək,
Sonra bir qəhərə minib,
gözə köçən
yaş olmaq.
Çətin deyil ayaq altdan
kölgəni yığışdırmaq,
Torpağın içində bitib,
torpaq üstə daş olmaq...
Çətin deyil səssizliyin
hər gün səsini almaq,
Səhəri açılmayanla hər
axşam sirdaş olmaq...
Çətin deyil həm yaşaya,
həm də ölə bilməmək,
Yolunu kəsən adama
ömürlük yoldaş
olmaq.
Yaxud:
Hər kəlməyə sahiblənib,
yiyəsinə çevrilməyi,
Susa-susa danışmağı
dilə öyrətdim,
öyrəndim.
Küləyin əlindən tutdum,
yağışın dilindən
tutdum,
Gecəmin belindən tutdum,
çölə öyrətdim,
öyrəndim.
Həyatımda qəmimi də,
ürəyimdə bəmimi
də,
Mizrabımla simimi də
zilə öyrətdim,
öyrəndim.
Adamlara yaşamağı belə
öyrətdim, öyrəndim,
Yenidən yada düşməyi
külə öyrətdim,
öyrəndim.
Qəzəlin köhnə qəliblərində
təzə poetik obrazlılıq, oxucunu düşündürən çağdaş
şeir mənzərəsi
göz qabağındadır.
Əruz qəliblərinə sığışdırılan sözlərdə daxili bir rahatlıq, asudəlik duyursan, bədii niyyətin addım-addım irəliləyən,
məqsədə-murada çatan
hərəkətliliyinə, poetik ruhun oyaqlığına,
diriliyinə sevinirsən. Bu məqamda
istedadlı şair, yazıçı, dramaturq,
publisist İlqar Fəhminin klassik poeziya janrlarına, xüsusilə, qəzələ
novator yanaşma tərzini, bu istiqamətdəki uğurlarını
qeyd etməyi, yada salmağı özümə borc bilirəm.
Xanım
İsmayılqızının "...Vüsalın mənzərəsi...
Kətanda olmayacaq..." şeir
silsiləsini birnəfəsə
oxudum, sonra bəzi şeirləri dönə-dönə oxudum
və poetik işığın bolluğuna,
sözün sevdalı
qövsi-qüzehinə, sirrinə-sehrinə
heyrətləndim. Nə özü, nə sənətilə tanış olmadığım,
hətta heç vaxt üz-üzə gəlib kəlmə kəsmədiyim istedadlı
bir şairin uğurları haqqında qısaca söz demək ədəbi ictimaiyyətin diqqətini
bu şeirlərə yönəltmək istədim. Sevindim ki, müasir
ədəbi prosesdə,
çağdaş ədəbiyyatımızda
tanıdığımız və tanımadığımız
istedadlar çoxdur, ilhamı haqdan gələn, söz eşqi alın yazısı, tale qisməti
olan sənətkarlarımız
hələ ki var. Şükürlər olsun.
Bəzən rast gəldiyimiz
ümidsizliyə, inamsızlığa,
sözün dalana dirənməsi, ədəbiyyat
epoxasının bitməsiylə,
İnternet erasının
sənəti sıxışdırmasıyla...
bağlı bəyanatlar,
təlaşlar yersizdir; insanı yüz ildir ki, postinsana hazırlayan postmodernizmin məğlubiyyəti göz
qabağındadır, özü,
öz dahiləri tərəfindən etiraf olunur; əsl ədəbiyyatın ruhun sahibinə qayıdışla
tanrısal ilkinlik vəhdətinə aparan əbədi axtarış
və tapıntı yolları davam edir.
Sadıq ELCANLI
Ədəbiyyat qəzeti.- 2019.-
9 fevral.- S. 26-27.