Yaxın planda ölüm...
"Allahım, Allahım
nə üçün
məni tərk etdin?"
İncil
Sübh vaxtı idi. Möhkəm qar yağmışdı.
Atam həmişəki
kimi sobanı yandırıb evləri isitdikdən sonra gecədən yağıb
səhərə qədər
üst-üstə təpələnən
qarı ucu torpağa toxunmaqdan itilənib parıldayan bel ilə kürüməkdəydi.
Ağappaq qarın sinəsinə
sancılıb onu didik-didik edən belin torpağa dirənən səsi yuxumun dərinliklərinə
qədər çatıb
əks-səda verirdi.
İnsan yaşantısının,
təbiətlə vəhdətinin
sübutu olan bu dığırtı yoxa çıxanda araya tanış
bir səs qoşuldu: “Ana indicə keçindi. Öldü!”
Həmin günü mən baxçaya getmədim. Təbiət hadisəsi olan ölüm insanlar üçün yas mərasiminə çevrilmişdi.
İri tiyanlarda halva qovrulur, şərbət qaynadılır,
kişilər astadan söhbətləşib siqaret
çəkir, qadınlar
isə ağı deyib ağlaşırdılar.
Onların ağıları kişilərin siqaretindən
qalxan tüstü burumlarına qoşulub səmaya yüksəlirdi.
O zamanlar atama ölüm xəbəri gətirən bibimin “öldü” sözünün
hansı məna daşıdığını anlamasam da, əcəlin
ortalığı qarışdıran,
insanlara göz yaşı bəxş edən gəlişinin nəsə yaxşı bir şey olmadığını
anlamışdım.
Hər bir şüurlu canlı yaranıb özünü
dərk etdiyi gündən sona qədər həyat və ölümlə bağlı suallar arasında vurnuxur, özünü qane edəcək cavab axtarır. Bu axtarış
onu qorxudur, həyəcanlandırır, hər
insan itkisində özünün də son
anının nə zamansa yetişəcəyini
xatırladır. Heç bir
cavab, əldə olunan dürlü-dürlü
məlumatlar, həyat
təcrübəsi, hətta
din belə adəm övladını ovundura bilmir, ona təsəlli
bəxş etmir.
Gənc rejissor Elməddin Süleymanovun 2016-cı ildə
Türkiyədə lentə
aldığı “Yaxın
planda ölüm” adlı sənədli filmi də ölüm
nədir sualı ətrafında gəzişmələrdən
ibarətdir. Bu gəzişmələr
həm də gənc, hələ otuz yaşa belə gedib çıxmayan, narahat, sərgərdan bir qəlbin kainatın sonsuzluğuna və bu sonsuzluqda insanın ölüm qarşısındakı çarəsizliyinin
ifadəsidir.
Film fransız rejissoru
Jan Ruşun “Bir yayın xronikası” və polyak kinosunun zirvəsi hesab olunan Kşiştov
Kyeslovskinin “Danışan
başlar” sənədli
filmlərinin görüntüləri
ilə başlayır. Və bu
başlanğıc da
səbəbsiz deyil.
Əslində “Yaxın
planda ölüm” filmi rejissorun təbirincə həmin sənədli filmlərin davamı, bir növ bu iki
böyük rejissorun filmlərinə, yaradıcılığına
göndərişdir. Jan Ruş cəmiyyətin hər təbəqəsindən
və yaş qrupundan olan insanlara “Xoşbəxtsinizmi?”
sualı ilə müraciət edir. Kyeslovski isə körpəlikdən
yüz yaşa qədər ömür yolunun xronikasını aparır. Danışdırdığı adamların “Kimsiniz?”,
“Kim olmaq istədiniz?”,
“Kim oldunuz?” suallarının
nəticəsini araşdırır.
Nəticə isə təəccüblü
olduğu qədər
də ecaskar olur. Dünyada yüz il
ömür sürən,
qulağının pərdəsi
yaşlılıqdan çat
verib yırtılan qarı deyir: “Yaşamaq istəyirəm.
Uzun illər boyu yaşamaq...”
Elməddin Süleymanov isə gəncliyinin gətirdiyi emossionallıq, etirazçılıq
hissinin aşıladığı
tempramentlə yaradılışın
son nəfəsinə səbəb
olan, hər şeyi torpağa, toza çevirən ölümə qarşı
çıxaraq birbaşa
ölüm nədir sualını əsas götürür. Onun həmsöhbətləri də cəmiyyətin fərqli təbəqələrindən
olan insanlardılar. Qəbirqazan, balıqçı, iflas etmiş milyonçu, heç bir dində pərvəriş tapmayan ateist, minarədən enən axund, intiharlara üzülən
müəllimə, xoşbəxt
uşaqlar və digərləri səmimiyyətlə
öz düşüncələrini
bölüşürlər.
Beş ilə yaxın qəbir qazmaqla məşğul olan qəbirqazan işini sevdiyini dilə gətirir. Bu sözləri
deyərkən kamera içərisi ağ
daşlarla hörülüb
üzəri suvanan boş qəbirə tuşlanır. Kamera müəllifin yerinə
sual verir. Bir qəbir qazmağın, işığı
qaranlıqla torpaqlayan
peşənin sevgi ilə hansı əlaqəsi ola
bilər?! Ancaq gor qazan sanki peşman olur və dərhal
fikirlərinin ifadəsində
düzəlişlər etməyə
başlayaraq gecələr
qorxulu yuxular gördüyünü, hər
yeni ölünü basdırarkən öz yaxınlarının, övladlarının
ölümünün də
nə zamansa baş verəcəyindən
qorxduğunu etiraf edir.
Arvadını və qızını
avtomobil qəzasında
itirəndən sonra altı il
həbs yatan, azadlığa qayıdanda
isə əyyaşa çevrilən adam kameraya baxaraq Ahmet Kayanın “Kendine iyi bak”
mahnısının sözlərini
oxuyur. Oxuya-oxuya illərdən bəri
ürəyində yığılıb
qalan dərdini tanımadığı, bilmədiyi
insanlara danışır,
küçədən keçənlərdən
siqaret istəyir.
Tez-tez “kaş onlar sağ qalardı, mən otuz ildə
azadlıqdan məhrum
olmağa razı idim” deyir.
Filmdəki qaranlıq küçələrdən
bir qadın da ötüb keçir. O, gözlərinin
altında özünə
yer etmiş kölgəlikdən boylanaraq
qaranlığa bürünən
səmaya baxır. Hərdən
siqaretindən bir qüllab alıb uzun illər əvvəl, gənc yaşında torpağa bağışladığı atasının ölümündən
sonra baş verən uyuşmadan, sonrakı ölümlərə
qarşı yaranan hissizliyindən danışır.
Filmin son məqamları
insan yaradılışının
ilkin illərinə uşaqlığa qayıdır. Ölümdən xəbərsiz məktəblilər
deyə-gülə itkinin
mahiyyətini izah etməyə çalışırlar.
Yaxın dostunu itirməklə ölümü
tanıyan məktəbli
oğlan ağlayan zaman bayaqdan gülən uşaqlar qəfildən ölüm
zamanı baş verənlərin gülməli
olmadığını, onun həm də böyük ağrı-acılara
səbəb olduğunu
dərk edirlər. İki dəqiqə əvvəl gülən qızlar nə zamansa öldü xəbəri verilən yaxınlarını
xatırlayaraq ağlamağa
başlayırlar. Kamera onların
ardınca qaçır,
uşaqların göz
yaşında islanan saçlarını, eynəklərini,
barmaqlarının rəngini
çəkir. Müəllif daxili instinklə sanki axtardığını
məhz bu günahsız varlıqların
timsalında, onların
gülüşmələrində, ağlaşmalarında tapmağa
çalışır. Heyhat! İtki, ölüm qorxusunun
həqiqətinə tab gətirməyən,
ağlayan da elə onlar olur.
Rejissorun ölüm üzərindən
dinə müraciəti
xristianlıqda istinad tapır. Bəlkə də İsanın
çarmıxa çəkiləndən
üç gün sonra dirilməsi onda insanlığın da nə zamansa
ölməz olacağına
inam yaradır. Burada həm də Elməddinin İsa Məsih sevgisi, rus ədəbiyyatı və dünya kinosu ilə iç-içə olma faktı da qaçılmazdır.
Və bu fakt Məsih
sevgisini daha da dərinləşdirərək
kameraya ötürür.
İsanın, Müqəddəs Məryəmin iri kadrda görünən heykəllərinin fonunda kilsədə yanan şamların boynundan süzülən ilıq damlalara hekayəçinin
səsi də qoşulur. Müəllif yalnız bircə
dəfə filmin bu məqamında titrlərdəki hərflərin
altından sürüşüb
çıxaraq səsə
çevrilir.
Rejissorun məhz sənədli filmə doğru istiqamətlənməsi onun
istədiklərini hələ
ki bədiiliklə ifadə bilməyəcəyinə
narahat bir işarədir.
Filmdə bir neçə yerdə din aparıcı qüvvə kimi diqqət mərkəzində
olsa da müəllif
insanın dindən mənən canlı diri qala bilmək,
boşluğa yuvarlanmamaq
üçün yararlandığını
anlayır. Bəlkə də bu səbəbdəndir ki, rejissor İsa Məsihlə bağlı
kadrları filmin sonuna saxlamır. Sonluq şirniyyat mağazasındakı
şirniyyatlara şüşə
arxasından baxan körpənin çevrilib
kameraya doğru gəlməsi və ona əlini toxundurması ilə başa çatır.
Qırx doqquz dəqiqə əlli səkkiz saniyəlik film və onu idarə edən beyinin düşüncələri yenidən
əvvələ, insanın
körpəliyinə, ilk addımlarına
qayıdaraq sıfırlanır. Suallar yenə
də açıq və cavabsız qalır.
Rejissor kamerasını
yığışdırır, işıqları söndürür,
bir siqaretlik fasilə verib yenidən yoluna davam edir. Bəlkə hardasa,
nə zamansa gözlüyündən baxdığı
kameradan axtardığı
həqiqəti yaxalayacağı
ümidi ilə başqa bir filmin çəkilişlərinə
hazırlaşmaq üçün
“Yaxın planda ölüm”dən uzaqlaşır.
Fevral
2019
Samirə ƏŞRƏF
Ədəbiyyat qəzeti.- 2019.- 9 fevral.-
S.29.