Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə Kurt Vonnequtun
"5 saylı sallaqxana və ya uşaqların səlib
yürüşü" romanı əsasında çəkilmiş
eyniadlı filmi təqdim edirik.
Romanın
süjeti: Əsərin baş qəhrəmanı Billi Piliqrim
İkinci Dünya müharibəsinin
işitrakçısı olub. Yöndəmsiz, cəsarətsiz
adam olan Billini Avropada hərbi xidmət
zamanı almanlar əsir götürürlər. Və digər əsir yoldaşları ilə birlikdə
onu Drezdendə 5 saylı sallaqxanada işlədirlər.
O, əsir yoldaşları ilə birlikdə Drezdenin
bombalanmasının (Amerika və Böyük Britaniya hərbi
hava qüvvələri 1945-ci ilin fevralında Drezdeni
bombalayır. Nəticədə şəhərin infrasturkturu
sıradan çıxır, xeyli yaşayış yeri məhv
olur, 25 mindən çox adam ölür)
şahidi olur.
Müttəfiqlərin izahına görə, Drezden vacib
transport mərkəzi, alman nasistlərinin iri rayonlardan biri
olduğuna görə bombalanıb.
Müharibədə gördükləri və Drezdenin
bombardmana məruz qalması, onsuz da Billinin uşaqlıqdan o qədər
də sabit olmayan psixikasına ağır təsir göstərir.
Billi müharibə bitəndən sonra Amerikaya
qayıdır və Optometriya (gözü müayinə edən,
kontakt linzaları və eynəklərlə görmənin
qüsurlarını korrektə edən sahə) İnstitutunda
təhsilinə davam edir. Burada o, institut sahibinin qızı ilə
nişanlanır və ölçülü-biçili həyata
başlayır.
Bir ara Billi əsəblərinin pozulmasından əziyyət
çəkir, müalicə almaq üçün hospitalda
yatır.
1968-ci ilin əvvəllərində Billi ilə
yanaşı bir qrup optometris Optometrislərin Beynəlxalq
Konfransında iştirak etmək üçün Monreala
uçurlar. Təyyarə qəzaya uğrayır, hamı
ölür, təkcə Billi sağ qalır. O, hospitalda
yatanda arvadı karbon qazından zəhərlənərək
ölür.
Təyyarə qəzasından sonra Billi evinə
qayıdır və bir müddət sakit həyat tərzi
keçirir. Bir dəfə Nyu-Yorka gedərək burada radio
verilişində çıxış edir və iddia edir ki,
1967-ci ildə onu Tralfamador planetindən gələn uçan
boşqab oğurlayıb. Yadplanetlilər
onu Hollivudun film ulduzu Montana Uayldheklə cütləşdiriblər.
Planetin sakinləri Billiyə, əslində,
zamanın hərəkətdə olmadığını, təsadüfi
nələrinsə baş vermədiyini və nələrin
olacağının artıq əvvəlcədən onlara bəlli
olduğunu deyirlər. Bu planetdə qəbul
olunmuş elmi baxışa görə dünyanı olduğu
kimi qəbul etmək lazımdır. Onlar
dünyanın necə qurulması haqda suallarla özlərini
yormurlar. Billinin "niyə" sualına yadplanetlilər
belə cavab verir: "Hazırkı anın strukturu belədir".
Onlar bütün kainatın sirrini bildiklərini
və onun nə vaxt məhv olacağını iddia edirlər.
Billi tez-tez zaman səyahətinə çıxır və
"zamandan qopmaların" əksəriyyətində o,
müharibə illərinə düşür. O, gah evindəki isti
yatağından hərbi əsirlərin barakına, gah
1944-cü il Almaniyasından 1967-cı il
Amerikasına, gah travmatik uşaqlığına
qayıdır, yerlə Tralfamador planeti arasında var-gəl
edir. Və Billi öz doğumunu və
ölümünü gördüyünə əmindir.
Roman onunla bitir ki, müəllif Avropada İkinci Dünya
müharibəsinin bitdiyini yazır. Billi hamıyla birlikdə
kölgəli bir küçəyə çıxır.
Bir quş Billidən soruşur:
"Cik-cirik?"
...Roman
haqda saytlarda, qəzetlərdə geniş
yazıldığı üçün, bəzi detallar istisna
olmaqla onun üzərində ətraflı dayanmaq istəmirəm.
"5 saylı sallaqxana və ya uşaqların səlib
yürüşü" avtobioqrafik xarakter daşıyır. Vonnequt Perl Harbor (1941-ci ildə
Yaponiyanın Perl Harbor limanına hücumu Amerikanın
İkinci Dünya müharibəsinə qatılmasına bəhanə
verdi) limanının bombalanmasından sonra
Amerika hərbi qüvvələrinin sırasına daxil olur. 1944-cü ildə almanlara əsir düşən
Vonnequt burda digər əsirlərlə yanaşı zavodda
işləyir. Drezdenin bombalanmasını
yaşaması onun həyatının ən acı təcrübəsi
olur.
Vonnequt 1945-ci ildə Qırmızı Ordu tərəfindən
azad olunur.
"5 saylı sallaqxana və ya uşaqların səlib
yürüşü" sözsüz ki, antimilitarist əsərdir. Romanda
müharibə mövzusuna - onun ağır təcrübəsini
yaşayan əsgərin psixi sarsıntısı, qeyri-sabit
şüuru müstəvisində yanaşılır,
satiranın, reallığın, tarixi hadisələrin
fantastika janrının sintezi ilə baxış edilir. Billinin zamandan qopmaları mətndə xaos yaratsa da,
xronoloji ardıcıllıq pozulsa da hər epizodun səbəb-nəticə
əlaqələri mövcuddur. Bu mənada
roman özünün daxili nizamına, fikir düzümünə
malikdir. Qəhrəmanın
travmalarından dolayı əhvalatın nizamının
pozulması - əsərin pinti, qeyri-ardıcıl
kompozisiyasına verilən bəraətdir.
"5 saylı sallaqaxana və ya uşaqların səlib
yürüşü"nün nəşri Vyetnam müharibəsi
zamanına təsadüf edir. Belə bir zamanda
antimilitarist əhval-ruhiyyəli kitabın çapından
çox keçməmiş, roman "zərərli
kitablar" siyahısına düşür. Və bütün məktəb kitabxanalarından
yığışdırılır.
...Əsəri 1972-ci ildə amerikalı rejissor Corc Roy
Hill lentə alır. Rejissor demək olar ki, romanı dəqiq
ekranlaşdırıb və üstəlik, film Kann kimi
nüfuzlu kinofestivalda jürinin mükafatına layiq
görülüb.
Hətta
yazıçı 1985-ci ildə verdiyi müsahibəsində əsərin
ekran versiyasını bəyəndiyini deyir:
"Mən Corc Roy Hillə romanımı nöqsansız,
mükəmməl ekranlaşdırdığı
üçün minnətdaram. Hər dəfə
bu filmi izləyəndə ağız suyumu axıdıram və
gülürəm. Çünki film - bu
romanı yazanda yaşadığım hisslərlə qeyri-adi
dərəcədə həmahəngdir.
Filmə
verilən mükafat və Vonnequtun nəticə ilə
bağlı fikirləri öz yerində... Lakin
"5 saylı sallaqxana" filmi mənim fikrimcə,
romanın fonunda sönük alınıb. Çünki film hər bir ədəbi, incəsənət
əsərinin özündə daşımalı olduğu
vacib bir keyfiyyətdən - emosional duyğudan məhrumdur.
Daha doğrusu, ayrı-ayrı kadrlar (epizodlar yox!), uğurlu
aktyor seçimi və yaxşı aktyor oyunu istisna olmaqla,
ümumilikdə, rejissorun təhkiyəsində - müxtəlif
hisslər kaleydoskopunu - kədəri, ağrını,
faniliyi, çıxılmazlığı, boşluğu
ehtiva edən əsərin ötürdüyü emosiyalar az qala sıfra bərabərdir.
Müəllif
filmdə yalnız yumor qatını, tragik-dramatik
situasiyaların içindən spontan əmələ gələn
absurd komizmi uğurla işləyə bilir: ərinin qəzaya
uğradığını eşidən arvadın həyəcandan
bütün yol qaydalarını pozması, özünün də
qəza törətməsi və həlakı, əsgər
yoldaşına bir almanın evindən şkafı oğurlamaqda
kömək edən Billini dar ayaqda qoyub qaçmaları,
çəlimsiz vücudunun şkafın altında əzilməsi
səhnələri və s.
Mümkün olduqca romanın formasına, strukturuna sadiq
qalmağa çalışan rejissor-montaj oyunlarına aludə
olur. Qəhrəmanın
şüurundakı zaman sıçrayışlarının
təsvirdə həllini vermək üçün o, dinamik
şəkildə gah assosiativ (burda kadr və epizodlardan elə
istifadə olunur ki, o, seyrçidə müəyyən
müqayisə, assosiasiya, kadrlar arasında bağlantı
yaratsın və hadisəyə, yaxud personajın xarakterinə
yeni anlam versin), gah paralel montajdan (müxtəlif zaman və məkanda
və ya eyni vaxtda baş verən iki və ya daha çox hadisənin
növbəli göstərilməsi) istifadə edir. Amma kəskin montaj keçidləri hadisələrin
fasiləliyini kəsərək ziddiyyətləri gücləndirmək,
xaotik ovqat yaratmaq əvəzinə, nəqlə sxematik forma
verir, əhvalatın emosional tonallığını
qırır. Montaj kinoda təbii ki,
yalnız texniki hadisə deyil. O, daha çox
yaradıcı faktordur. Xronologiyası
pozulmuş, qeyri-xətti nəql olunan əhvalatda montaj
bütünlüyü filmin uğurunu təmin edən əsas
amillərdən biridir.
Filmdə
assosiativ montaj bağı son dərəcə hərfi qurulur,
misalçün, xəstəxanada şok terapiyası alan Billinin beynində qatar fitinə bənzər
səs-küy yaranır və bu səs onu müharibə illərinə
qaytararaq qatardakı xatirələrini xatırlamasına səbəb
olur. İki fərqli zaman epizodu arasındakı
bağ, sadə şəkildə "kəs,
yapışdır" metoduna əsaslanır. Yəni bağ hansısa yaradıcı fəndlə
həyata keçirilmir. Yaxud əsirlikdə duş alan Billinin, uşaq vaxtı hovuza
atılmasını xatırlaması epizodu da eyni qəbildə
işlənir.
Paralel montaj haqda da eyni şeyi demək olar. Müxtəlif
zaman və məkanda baş verən hadisələrin dinamik
növbələnməsi mexaniki həyata keçirilir,
epizodlara emosiya, fərqli anlam, dramatizm qatmır.
Dünya
kinosunda fleşbek metodundan yararlanan, xronologiyanı pozmaqla
işlənən uğurlu ekran əsərləri var: Stenli
Kubrikin "Qətl"i, Sidni Lumetin "Şeytanın
oyunları", Pedro Almodovarın əksər filmləri, Vudi
Allenin "Jasmin"i, Kventin Tarantinonun "Kriminal qiraəti"
və s.
Bədii mətn söz sənətidir, ona görə
burada istifadə olunan üslubun, formanın təsvirdə
realizəsi uğursuz alınır.
Dediyim
kimi, filmdə ayrı-ayrı maraqlı kadrlar var: Drezdenin
bombalanmasından sonra uşaq meyitlərinin təpə kimi
qalaqlanması və yandırılması, müharibədən
əziyyət çəkən insanların portret janrında
görüntülənməsi.
Filmdə ən uğurlu olan şey kastinqdir. Billi rolunun
ifaçısı Maykl Saks ürkək, cəsarətsizliyi
ilə obrazını dəqiq anladır. Ümumiyyətlə,
hər bir aktyor faktura və ifa tərzi ilə
oynadıqları obraza oturuşa bilir.
Müharibədə travma almış hərbçinin
travmalarının dinc dövrdəki həyatlarına təsiri
Martin Skorsezenin "Taksi sürücüsü", Klod
Şabrolun "Qəssab" filmlərində yer alıb.
Müharibəyə satirik yanaşma isə dünya
kinosunda yeni deyil. Belə bir yanaşmanı ifadə edən
ən parlaq filmlərdən biri amerikalı rejissor Robert
Oltmenin 1970-ci ildə çəkdiyi "Hərbi səhra
hospitalı" antimüharibə filmidir.
Corc Roy Hillin daha çox məşhur ekran əsəri
isə Hollivud kino tarixinə ən çox gəlir gətirən
vestern kimi daxil olan "Butç Kessidi və Sandens Kid"
lentidir. Real hadisələrə əsaslanan film iki cinayətkardan
bəhs edir.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2019.- 16 fevral.- S.29.