Savaş qadını
Xalidə Ədib Adıvar
Bu gün
"Big data" alqoritmlərinin təzyiqi altında
yaşamaq aramsız olaraq beynimizi yükləyir, informasiyalar
axını ətrafımızda fasiləsiz olaraq
hörümçək toru toxuyur. Təfəkkürümüzdə
tıxac əmələ gəlir və bu çoxluğun hərəkətsizliyi
içərisində ən optimal variant nəfəs dərib
keçmişə, dünənə nəzər salmaqdır.
Əlbəttə, keçmişə baxmaq heç də gələcəyimizdən
nagüman olmaq anlamında başa düşülməməlidir.
Gələcək zamanın konturlarını cızmaq
üçün keçmiş bizdən ötrü əyani
dərs vəsaiti kimi son dərəcə faydalıdır.
Keçmişdə bilirsiniz nə boyda zəngin xəzinələr
var?! Yüzlərlə, minlərlə gərəksiz
informasiyaları yaddaşımızdan silib bəşəriyyətin
yaddaşında qalmış fenomenal hadisələri, unikal
insanları dönə-dönə xatırlamalı və
keçmişin təcrübəsindən bəhrələnməliyik.
Keçmiş bünövrədir və biz o təməlin
üzərində bərqərar olmuşuq.
Türkün
qürur mənbəyi olan tarixinin ən şanlı səhifələrindən
biri də Qurtuluş savaşıdır. Bu, həmin
savaşdır ki, Atatürk o savaşdan qalib
çıxdı və modern Türkiyənin təməlini
qoydu. O ağır dönəmdə, Türkiyənin
ölüm-qalım məsələsi həll olunanda
Atatürklə çiyin-çiyinə dayanan az sayda
böyük türk qadınları da oldu. Onlardan birinci elə
Mustafa Kamalın zövcəsi Lətifə xanım idi.
Atatürk İzmirə gələndə öz evini onun
ixtiyarına vermişdi və həmin ev Atatürkün qərargahına
çevrilmişdi. Türk
araşdırmaçı yazarı İpək
Çalışar "Lətifə xanım" adlı
bioqrafik kitabında həmin dönəmi bütün
ayrıntıları ilə qələmə alıb. Bu
yaxınlarda həmin kitabı çox böyük həyəcan
hissiylə oxudum. Bu kitab təkcə Atatürkün
silahdaşı və ömür-gün yoldaşı
olmuş Avropa təhsilli cəngavər qadının
savaş, zəfər və ağrılarla dolu həyat hekayəti
deyil, həm də Atatürkün şəxsiyyət və
lider olaraq daxili yaşantılarını, tərəddüdlərini,
dayanıqsız sevgisini və ölçüyəgəlməz
hünərini özündə əks etdirən son dərəcə
zəngin bir bioqrafiyadır. İstəsəniz, bu kitabı
roman kimi də oxuya bilərsiniz.
Amma bu
yazını yazmaqda məqsədim tamam başqadır.
Müstəqilliyimizin hələ fidan çağlarında əlimə
bir kitab keçdi. Xalidə Ədib Adıvarın "Atəşdən
köynək" romanı bizim dildə yenicə çap
olunmuşdu. Yaşımın romantika ilə
aşıb-daşan çağıydı, o zamanlar türk ədəbiyyatına
sonsuz marağım vardı. Tofiq Fikrətin, Məhmət
Akifin, Nihal Atsızın şeirləri dilimizin əzbəri
idi. O şeirlər bizim istiqlal eşqimizi durmadan körükləyirdi.
"Atəşdən köynək" İzmirin yunanlar tərəfindən
işğalı və şəhəri işğaldan azad etmək
üçün mücadilə verən qəhrəman
türk əsgərlərinin həyatından bəhs edirdi.
Qurtuluş savaşını biz o kitabdan öyrəndik. O
zaman hələ əsərin müəllifinin kimliyi haqqında
heç bir bilgim yox idi. Sonrakı dövrdə türk ədəbiyyatı,
tənzimat dövrü ədəbiyyatıyla dərindən
maraqlandıqda Xalidə Ədib Adıvarın təkcə
Qurtuluş savaşını qələmə almış bir
romançı deyil, həm də bu savaşın bilavasitə
iştirakçısı olduğunu öyrəndim.
Xalidə
Ədib savaş qadını idi. Onun dünyaya gəldiyi
dönəm (1884-cü il) Türkiyənin ən mürəkkəb
dövrü idi. O, Osmanlı çocuğu olsa da
dövrün ehkamlarına heç zaman boyun əymədi.
Anasını erkən yaşda itirən Xalidə
uşaqlığından bəri döyüşkən
xarakterə malik olub. Üsküdar Amerikan Qızlar Kollecini
bitirdikdən sonra "Halide
Salih" imzasıyla "Tan" qəzetinə ictimai-siyasi
yazılar yazmağa başladı. Bu yazılarına görə
ölümlə təhdid olundu, amma yazmağa davam etdi. Balkan
savaşı illərində xəstəxanalarda
çalışdı, eyni zamanda gələcəkdə
yazacağı romanlar üçün material topladı,
müşahidələr apardı. Yeri gəlmişkən
xatırladaq ki, Xalidə Ədib Amerikan Kollecini bitirən ilk
türk qızıydı.
O,
"Tan" qəzetinə yazdığı yazılarda
qadınların basqıdan azad olması və kişilərlə bərabər
hüquqlara sahib olması mövzusunu xüsusilə
qabardırdı. Bu yazılardan dolayı Xalidənin həyatı
təhlükə altında idi. Onu təhdid edirdilər,
"yazıları dayandırın, əks halda sizi
ölüm gözləyir!" - deyə xəbərdarlıq
məktubları alırdı. Bu səbəbdən Xalidə
Ədib İngiltərədən aldığı dəvət
haqda düşünür və bu dəvəti qəbul edib
Londona gedir. Londonun intellektual dairələrində ünlü
şəxsiyyətlərlə, o cümlədən də
Bertran Rassellə görüşür. İngilis parlamentini
ziyarət edir, orda bir sıra görüşlər
keçirir. Bir müddət sonra Xalidə Ədib yenidən vətəninə
dönür. Yarımçıq qalmış mübarizəsini
davam etdirmək üçün.
Nazim Hikmətin
yaxın dostu olmuş türk rəssamı və yazarı
Abidin Dinonun "Kültür, Sənət və Politika üzərinə
yazılar" kitabından bir məqamı xatırladım.
A.Dino Türkiyənin 30-cu illərdəki inkişaf dönəmilə
bağlı belə yazır: "Dünən yalınayaq dəvələrin
süründüyü ana vətən yollarında bu gün
çevik pabuçlu lokomotivlər at qoşdururlar".
Bu
inkişafı Türkiyəyə Qurtuluş
savaşının qəhrəmanları
qazandırmışdı. Xalidə Ədib əzmli,
döyüşkən, ölümün gözünə dik
baxan qadınlardan idi. Atatürk ona onbaşı təyin
etmişdi və o, at belində işğalçılara
qarşı savaşın ön cərgələrində
dolaşırdı. Gənclik illərində çəkilmiş
fotolarında Xalidə Ədib çox vaxt at belində,
çiynində tüfəng kurtizan qadınlar kimi
görünür. Amma o, təkcə cəngavər qadın
idimi? Xalidə Ədib, eyni zamanda qadın hüquqları
uğrunda mübarizə aparır, qadınların
seçib-seçilmək hüququnu əldə etməsinə
çalışırdı. Bu yöndə Atatürklə dəfələrlə
fikir toqquşmaları, siyasi fikir ayrılıqları
olmuşdu. Bu, Cümhuriyyətin elanından sonrakı
dövrdə baş vermişdi. Həmin dövrdə Xalidə
Ədib əsasən bədii yaradıcılıqla məşğul
olmağa başladı və şahidi olduğu Qurtuluş
savaşını romanlarında əks etdirdi ("Atəşdən
köynək", "Vurun, fahişəni"). Atatürklə
aralarındakı soyuqluq səbəbindən həyat
yoldaşı ilə birlikdə ölkəsini tərk edən
Xalidə Ədib on beş il qürbət həyatı
yaşadı. İngiltərəni, Hindistanı, Fransanı,
Amerikanı gəzib-dolaşdı. Getdiyi ölkələrin
universitetlərində türk ədəbiyyatı tarixindən
mühazirələr oxudu. Eyni zamanda bədii yaradıcılıqla
məşğul oldu. Yaşamı boyunca iyirmidən çox
roman yazdı. Xatirələrindən ibarət "Bənövşə
salxımlı ev" kitabını çap etdirdi. Təkcə
bu sonuncu əsəri haqqında ayrıca danışmağa dəyər.
Üslub
baxımından Xalidə Ədib mənim yazıçım
kateqoriyasına daxil deyil. Amma xarakteri və mübarizliyi onu hər
zaman mənim üçün maraqlı edib. Xalidə Ədib
yazıçılıqdan daha artıq məndən
ötrü Cümhuriyyət qurucuları sırasında
dayanan qəhrəman qadındır. Janna Dark kimi! İstiqlal
savaşçısı, qadın hüquqları uğrunda
mübarizə aparan yazıçıdır o. Savaş qələbəylə
sonuclandı, amma Xalidə Ədib ömrünün sonunacan
yazıçı kimi bu şərəfli tarixi romanlarında
bədiiləşdirdi. Məhz buna görə onun adı hər
bir türk insanı üçün əzizdir, əziz
olmalıdır. Ədəbiyyat dünyasının gəlmiş-keçmiş
qadın yazıçıları içərisində onun
adının həmişə xatırlanması həm də
böyük mübarizəsilə bağlıdır. Xalidə
Ədib haqda düşünəndə Misirin feminist
yazıçısı Nəval əl Səədavini
xatırlayıram. O da öz ölkəsində qadın
hüquqları uğrunda ən fəal mübarizlərdəndir.
"Sıfır nöqtəsində qadın"
romanı hüquqsuz
qadınların acı taleyindən bəhs edir. Bu roman
haqqında bir dəfə yazı da yazmışam. Eyni zamanda
feminizmin yaradıcılarından olan Simona de Bovuarı
xatırlayıram. Amma Xalidə Ədib haqqında feminist
qadın ifadəsini işlətmək olmaz. S.Bovuar Fransa
qadınlarının azadlıq hərəkatına dəstək
olmuşdusa, Xalidə Ədib millətinin İstiqlaliyyət
qazanması üçün savaşlara
atılmışdı. Xalidə Ədibin missiyası daha
böyük və qapsamlı idi.
Xalidə
Ədibin nəsr yazmağa başladığı illərdə
(XX əsrin əvvəlləri) türk nəsrində Rəcaizadə
Mahmud Əkrəm, Hüseyn Rəhmi Gürpinar, Sami Paşazadə
Səzai, Əhməd Midhət əfəndi kimi realist
yazıçılar vardı. Tənzimat dövrü
yazarlarının yaradıcılığında əsasən
maarifçilik, mütərəqqi meyillər
qırmızı xətt kimi keçir. Realizm metodunun əsasları
üzərində inkişaf edən türk nəsri zülmə,
ədalətsizliyə, despotik qayda-qanunlara, cəhalətə
qarşı bir cəbhə açmışdı və
yuxarıda adlarını çəkdiyim
yazıçıların əsərlərinin əsas
mövzusu bunlar idi. Xalidə Ədib də bu ənənələr
üzərində yetişmişdi və onun ilk
romanlarının başlıca ideyası Türkiyənin
öz milli varlığını qorumaq şərtilə
Avropalaşması, Şərq-Qərb dilemması
qarşısında seçəcəyi yolla bağlı idi.
Mühafizəkarlıqla yeniliyin toqquşması insanların
gündəlik yaşamında, sevgi münasibətlərində
də özünü qabarıq göstərir.
Həyatının
1909-1912-ci illərini Xalidə Ədib "Bənövşə
salxımlı ev" əsərində belə anladır:
"Salih Zəki bəylə 9 illik evlilik həyatımız
sona çatdı. ...Xəstəliyim uzandıqca
uzanırdı. Vəziyyətim kifayət qədər ciddi
idi, amma sağalmağım üçün o qədər
mübarizə apardım ki, nəhayət, üç ay sonra
yataqdan qalxdım. Uşaqlarımla birlikdə
yaşamağım üçün normal bir evim
olmalıydı. Bu sətirləri yazarkən o günlərdə
məqalələrini və hekayələrini
yatağının içində yazan qadın mənə
tamamilə yad bir adam kimi görünür".
Həyatının belə çətin, ağır dönəmləri də olub. Xalidə Ədib həmin əsərində türkçülük məfkurəsinin yaradıcıları Ziya Göyalp və Yusif Akçura ilə mütəmadi görüşlərindən yazır. Bu, Balkan savaşının yenicə başlandığı illər idi. Bu fikir dühaları ilə mütəmadi ünsiyyət onun dünyagörüşünə ciddi təsir göstərir və sonda onu Qurtuluş savaşına gətirib çıxarır. Xalidə Ədib Balkan savaşının acı nəticələri haqda geniş yazır: "Bu savaş qədər biabırçı şəkildə idarə olunanı tarixdə görünməyib. Makedoniya mühacirləri panika içində İstanbula sığındılar, məscidlərə doluşdular. Eyni zamanda ordu da daxil olmaqla dəhşətli taun epidemiyası yayılmağa başladı. O qış İstanbuldakı səfalət təsəvvüredilməz dərəcədə qorxunc idi".
Xalidə Ədibin zəngin, mübarizələrlə
dolu həyatını bir yazıya
sığışdırmaq mümkünsüzdür. Mən,
əslində, onun bir mümkünsüz eşqin hekayəti
kimi qələmə aldığı "Qəlb
ağrısı" romanı haqqında yazmaq istəyirdim.
(Yeri gəlmişkən, bu romanı oxuyanlar əsərdə
xeyli avtobioqrafik məqamları görəcəklər). Amma
yazının məcrası onun burulğanlı həyatının
döngələrinə yönəldi. Yuxarıda qeyd
etmişdim ki, Xalidə Ədib mənim sevimli
yazıçılarım bölgüsündə deyil. Məsələn,
türk nəsrinin Əhməd Həmdi Tanpınar, Oğuz
Atay, Yusuf Atılgan, Orxan Pamuk xətti mənə daha
doğmadır. Bununla belə, Xalidə Ədibi mənə
sevdirən xüsusiyyətlər onun
yazıçılığının fövqündədir.
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2019.- 16
fevral.- S.30