Fazil Salayevin gözləri

 

Yeri görünənlər

 

Fazil Salayevin dərinliklərində kədər qarışıq bir uşaq heyrətinin donub qaldığı iri gözləri vardı bu gözlərin iri planda çəkilmiş fotoşəklini görən hər kəs fikirləşərdi ki, onlar dünyanın dərdini içində gəzdirən, dünyanın min bir sirrinin incəliklərinə varan, dünyanın  faniliyi ilə barışa bilməyən bir adama məxsusdur. Amma Fazil Salayev gülüş ustası idi, gözlərinin içinə yığılmış dünya ilə içində gəzdiyi dünyanın məntiqsizliyi arasındakı təzadları, paradoksları oynaya-oynaya kinomuza yeni insan obrazı, bu insanın tragikomik aqibətinin fəlsəfəsini gətirən fitri istedad sahibi idi. O, kədərin astar üzünü, kədərin boyuna bərabər gülüşü oynayırdı, kədərdən bezib  kədərin acığına güldürürdü.

Komik jestlər, gülüş doğuran tryuklar Fazilin sənətinin üst qatında idi. Bu  komik hoqqaların arxasındakı insan ömrünün dramatizmini görməmək mümkün deyildi.

Fazil Salayev gülüşlə kədəri bir-birinə hörüb, calaq edib Azərbaycan aktyorluq sənətində yeni  hadisə yaradan nadir aktyor idi. Azərbaycan tamaşaçısını məhz o inandıra bilmişdi ki, gülüşlə kədər arasındakı sarhəd  şərti bir şeydir, əslində, bu iki keyfiyyət bir-birilə iç-içədir, gülüş kədərin zirvəsidir, gülüş kədərin qurtardığı, kədər isə gülüşün səssiz hıçqırıqlara döndüyü andır. Fazil məhz o anın paradokslarını öz sənətinin mayasına qatmışdı - kədərlə sevinci ömrün əzəli ( əbədi) özülü kimi hörgüləyirdi. Onun qəhrəmanları haradasa Molla Nəsrəddini xatırladırdı. Bir az da Çaplinin balaca səfilinə bənzəyirdi bu obrazlar. Onlar həm maymaq idilər, aciz idilər, fağır, mağmın idilər, həm dünyanın ən sadəlövh ittihamçıları.

Cəmi 47 il ömür sürən  Fazilin aktyorluq istedadı heç şübhəsiz ki, vergi idi bu istedad ötən əsrin 60-70-ci llərində gülüş sənətinin missiyasını "qurşaqdan aşağı güldürməkdə" (İlqar Fəhmi) görən bəzi "korifeylərə" əməlli-başlı başağrısına çevrilmişdi. Onu yaxından tanıyan müasirlərindən biri xatırlayır ki, yaradıcılığının ən parlaq, coşqun vaxtlarında Fazili televiziya tamaşalarına, çəkiliş meydanlarına aparan yollar onun şöhrətinin kölgəsində qalmaq təhlükəsindən qorxanların daim nəzarəti altındaymış. Yeri gələndə bu yollarda dəf olunmasına bir insan ömrünün bəs etməyəcəyi süni maneələr yaradılır, tələlər qurulurdu. Fazilin az çəkilməsinin, teleekranlarda nadir hallarda görünməsinin  əsas səbəbi, yəqin ki, bu idi. Belə şəraitdə özünü təsdiq etmək, sənətdə təzə söz demək çox vaxt müşkülə çevrilir. Amma Fazil onun nəinki bir, hətta hər iki ayağından tutub dartanların acığına bunu edə bildi, amma  mübarizliyi, prinsipiallığı hesabına yox - bu keyfiyyətlər ona yad idi - təkrarsız istedadı sayəsində.

Fazilin öz üslubu, oyun fəlsəfəsi vardı. Onun ifa tərzinin mayasında "sərt həqiqət - absurd aqibət" prinsipinə əsaslanan oyun texnikası dayanırdı. Bu vəhdətdə sərt həqiqət - kədər, nisgil, absurd aqibət isə - fars, lətifə estetikasina söykənirdi. Fazil zahirən bu iki əks keyfiyyəti bir-birinə hörgüləyib tragikomizm effekti yaratmağı Azərbaycanın gülüş ustaları içərisində ən yaxşı bacaranlardan biri, bəlkə , birincisi oldu. Onun tapdığı komik maska həyatın sərt həqiqətlərinə yenilmək zoru ilə barışmaq istəməyən, lakin buna məcbur olan bir az mağmın, aciz, bir az da sadəlövh, səmimi insanların ümumiləşdirilmiş obrazı idi.

"Molla Cəbi"  televiziya tamaşasında Əliağa Ağayev - Fazil Salayev dueti bu baxımdan mükəmməl bir yaradıcılıq uğurudur. Mollanın uydurmalarına uşaq kimi inanan, ölümə göndərildiyinin fərqinə varmayan pəltək Əlicanın saz çalmağı yamsılaya-yamsılaya oxuduğu "şikayətnamə", əslində, onun öz ölümünə səsləndirdiyi rekviyem təsiri bağışlayırdı. Amma bu rekviyemin partiturası təkcə kədərli notlardan ibarət deyildi. Əlican öz hoqqaları ilə tamaşaçını güldürə-güldürə həm öz taleyinə, aldanışlarına acımağa dəvət edirdi, bu insanın haradasa absurd təsiri bağışlayan faciəsini yaradırdı.

Lentlərin yaddaşında Fazilin "eşq dəlisi" Əlicandan savayı, 5-6 ekran qəhrəmanı qalıb - "Alma almaya bənzər"dəki Mehdi müəllim, "Rəqiblər"dəki Pivəsatan bir neçə "Mozalan" qəhrəmanı. "Mozalan"dakı uğursuz adamlar Əliağa Ağayevlə məşhur duetdəki Əlican qütbünün müxtəlif təzahürləridir. Otuz ilə yaxın şəhərdə yaşamasına baxmayaraq, bir dəfə olsun metroya buraxılmayan içki düşkünü öz dərdini elə tərzdə izhar edirdi ki, adam gülə-gülə, həm kədərləndiyinin fərqinə varmırdı. Bu biçarə metroda vaqonların hərəkətini öz gözləri ilə görmək arzusunu səfil bir həyatın, bəlkə , ən əlçatmaz istəyi kimi qəribə bir xiffətlə, həsrətlə xatırlayırdı onun bu həsrətinin, xiffətinin təbiiliyi qarşısında bilmirdin neyləsən - güləsən, yoxsa acıyasan.

Gün ərzində bir neçə toya getmək zorunda qalıb sonuncu məclisdən şalvarsız çıxan, həyətdəki səs-küydən səhərə qədər yata bilməyib axırda havalanan biçarələr eləcə. onlar gəlib axırda Əlicanda bütövləşirlər. Əlican yalnız fərdi keyfiyyətlərin təzahürü, illüstrativ obraz deyil. O, aqibətdir, düşüncənin, əxlaqın faciəvi yekunudur. Fazilin sənət yolundakı təkamülün bu əks gedişində - məkan zaman ölçüləri baxımından xələflərdən sələfə qayıdışında da, çox güman ki, isə bir məna vardı.

Fazilin ekranda yaratdığı obrazlar sırasında biri ayrıca seçilir - "Şərikli çörək" filmində uzun "dimdikli" kepka qoymuş qırçını deyirəm. Bu obraz onun sənətində ən ciddi mərhələ, yaradıcılığında ən sanballı söz idi. Fazil sənətdə ilk ( son) dəfə məhz bu rolda öz içindəki gülüşə yox, kədərə qısıldı, özü özünə ağladı.

Daxili təlatümlərin, ruhi yaşantıların mükəmməl ekran ifadəsini daha titullu cazibədar aktyorların adına yazan sənətşünaslar, o qırçının gözlərini xatırlayırsınızmı? Xatırlayırsınızsa, bəs insafınız hardadır? Axı ekran sənətimizdə sükutla danışmağın, dinmədən göstərməyin, bəlkə , ən uğurlu ən təkrarsız ifadəsidir o gözlərin dedikləri.

Fazilin çəkildiyi bir kinonovella var - "Rəqiblər". O, heç bir filmdə (hətta sonralar baş rola çəkildiyi "Alma almaya bənzər" filmində )  bu filmdəki kimi bütöv görünmür. Yəqin, ona görə ki, novellanın süjeti, mövzusu ilə Fazilin taleyi arasında  incə bir bağlılıq vardı. Müştərilər uğrunda iki pivəsatan rəqib arasında gedən  mübarizənin məntiqi sonluğu məhz onun nümayiş etdirdiyi məharət hesabına iki köşk arasında girinc qalan, hətta səmimi görünmək istədikləri məqamlarda belə, öz ehtiyacları qarşısında məğlub olub riyakar bir oyunun ikiüzlü iştirakçısına çevrilən, boçka pivəsi olanda butulka, butulka pivəsi içəndə isə boçka pivəsini pisləyən müştərilərin gülməli həm acınacaqlı aqibəti kimi mənalanır. Rəqiblər isə ingilis bayrağı kimi o tərəfə-bu tərəfə əsən müştərilərdən qətiyyətli çıxırlar, hər şeydən bezib öz aralarında sövdələşirlər. Amma o sövdələşmə anında Fazilin gözləri qarşıdakı təzə bir  oyun xofundan soraq verir elə buna görə rəqiblərin  bir-birinə səmimi etirafları filmdə insanın qələbəsi kimi yox, məğlubiyyəti təsiri bağışlayır. Səmimi olmağın çətinliyi çox güman ki, elə bu məğlubiyyətdədir.

Kinonovellada hadisələr yayın cırhacırı ilə erkən payız arasında baş verir. Filmə lirik bir peyzajla nöqtə qoyulur: Xəzərdən əsən soyuq külək saralmış  yarpaqları Bakının küçələrində fır-fır fırladır adama elə gəlir ki, o yarpaqlar ümidlərmizə tökülür.

Bu mənzərəni xatırlayıram, Fazilin qəmli baxışları gəlib durur gözlərimin qabağında.

 

Əlisəfdər HÜSEYNOV

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 fevral.- S.31.