Yenə sözə tapınmaq...

 

Fərqanə Mehdiyevanın 55 yaşına

 

Həyat hərəkətdir. Hərəkət, özü irəliyə doğru. Əgər hərəkət etməsən, böyük bir marafonu xatırladan günlərimizdə arxadan gələnlər gəlib keçəcək səni. Hətta yıxılmaq, ayaq altda qalmaq təhlükəsi var.

Hərəkətin qrammatikadakı adı feldir. Felin , bilənlər bilir, təsriflənməyi, yəni formadan-formaya düşməyi var. Amma elə fellər var ki, yenə bilənlər bilir, təsriflənməyən formalara aiddir: məsdər, feli sifət feli bağlama.

Bu yazım məsdərdə yazıldı. Niyə? Qoy bu da oxucunun missiyası olsun, düşünsün, tapsın...

Mənsə keçirəm birbaşa mətləbə, məsdərlə ifadə olunmuş mətləblərə, daha doğrusu.

...Qarlı qış günündə dünyaya gəlmək. Qışın sazağını isti ana nəfəsilə birgə duymaq. Tale yollarında qarşısına çıxacaq nəfəs donduran şaxtalardan xəbərsiz böyümək. Minlərlə, milyonlarla körpədən biri kimi böyümək. Məsumca gülümsəmək. Torpaq yollarda yüyürmək. Yerə tökülənləri yığmaq, eşidib bildiklərini qulaqlarında sırğa eləmək. Söz eşitmək, söz oxumaq, nəhayət, söz yazmaq... Sözlərdən evcik qururmuş kimi şeir qurmaq. Qurduqlarına baxmaq, qürurlanmaq. Sözü haqqında söz eşitmək. Tövsiyə, məsləhət almaq. Şeiri canlı kimi, həm doğma birisi kimi tanımaq. Şeirin ahından qorxmaq. Şeirin qulluğunda durub "misra göyərtmək". Şeirin əlindən tutub hara getdiyinin fərqinə belə, varmadan getmək. Gözü dünəndə, könlü sabahlarda yol getmək. Ən adi, sıradan biri olanlardan şeir, söz ummaq. Hər yerdə - açan çiçəkdə, doğan günəşdə, qaranlıq gecələrdə ulayan küləkdə şeir görmək.

Şeir adına, söz adına hörmətdən, sevgidən çəkinib çox işıq vəd edən yollara ayaq basmamaq.

Ana olmaq. Layla deyib, bayatı çağırmaq. Həyətdə top-top oynayan qızına həyatı bir bənd şeirlə "öyrətmək". "Quşlar qonan budağa qonanda" ona şeir hədiyyə etmək. "Layladan, bayatıdan cehiz toplamaq". "Vağzalı" havasına kövrəlib, misralarla ovunmaq.

Ata... ana itirmək. Sonra onları hər yerdə axtarıb, yenə şeirdə tapmaq.

Kənd həyətindəki köhnə təndirlə, qəbiristanlıqdakı daşyonanla dərdləşmək.

...Darıxmaq. Darıxmaq. Darıxmaq.

Ruhdan düşmək. Ölümü belə soraqlamaq.

Səbəbi yenə şeirdə axtarmaq. Təskinliyi yenə şeirdə tapmaq...

Gedənləri ağırlamaq, gələnləri uğurlamaq...

Nəvələri şeir kimi sevmək, şeir kimi ad vermək.

Bulud təki dolub-boşalmaq. Uşaq təki küsüb-barışmaq.

Yenə darıxmaq. Yenə darıxmaq.

Yenə şeirə, yenə sözə tapınmaq...

 

Hicran Hüseynova

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 fevral.- S.28.