Ötəri misralar
(Xokkular)
Ağ qağayılar
Ağ məktublardı
Uçur dənizin üstündə.
Axır
ki, gəldin
Salam ölüm,
Salam...
Səndən sonra yaşamaq
Həsrətini çəkmək üçündür,
Əbədi həsrətini.
Həyatına qəsd etdin,
Dərdi
mənə
Dost etdin... Leyla.
Yelləncəkdə xəzəl
İndi
Payız
yellənir...
Ayaqlarım
Qanad açıb
Sizə tərəf gəlmək üçün.
Barmaqların piano dilləridir,
Çalır ayrılıq havasın.
Mən
Dünyadan xəbərsiz,
Dünya
məndən...
Gənc şair Mövluda
Şairlərin bəzilərini
Ölüm gəzir,
Bəziləri ölümü.
Biz ölmürük
Yenidən doğuluruq -
Yenidən...
Leylaya
Birlikdə yaşadıq -
Dərdi-qəmi qoşa böldük...
Qoşa ölə bilmədik.
Sazın
simləri -
Oxuyan şəlalədir
Aşığın sinəsində.
Kaş göz yaşlarım
Cücərdə bilsə
Əbədi həsrətini...
Şəklimiz qoşa,
Ömrümüz ayrı, -
Şəkil olaydım kas...
Səni
axtardılar hər yerdə,
Bilmədilər
Ürəyimdə olduğunu...
Gecə
və gündüz,
Günəş və yağış
Sevgi və nifrət...
Mən kimə lazımam,
Nəyə lazımam sənsiz
-
Ölümdən başqa?..
Yoxsan ki
Bu qədər varsan arzularım...
Tütəkmi sevgisinə ağlayır
Ya tütəkçalan?
Ağla,
Şəhid Anası!
-
Bəlkə, göz yaşların
Bir oğul bitirdi...
Bir vaxt görüşümə gələrdin.
İndi
yuxularıma gələn
Leyla ...
Ay işığı...
Ot basmış cığır -
Sevgi xatirələri...
Xatirələrimi ananın yanında
Dəfn
et, oğlum...
Bəlkə, göz yaşlarım
cücərtdi...
Qoşa
duracaq baş daşlarımız, -
Ölmüş günlərimiz kimi...
Halalım olsun göz yaşlarım
Və
Həsrətinə dözümüm.
Ölənlə ölmək olmur,
deyirlər
Bəs necə öldüm
Səninlə...
İnsan
əbədi olsaydı
Sevgi olmazdı.
Haqq - haqdır
Bir üzü -
Nahaqdı...
Sənin
eynəyinlə baxıram
dünyaya -
Hər şeyi görürəm,
hər şeyi -
Səndən başqa.
- Mənsiz necə yaşayırsan?
- Yaşamıram...
Mən səninlə
ölmüşəm.
Saatın
səsi
Çatır dörd nala
Bizi ölümə
aparır.
Məndən vəfalıdı
Eşqim
dünyada -
Öləndə səninlə qoşa öləcək.
Yağır qar yağışı
-
Sinəmdə
Söz çiçəkləyir...
Dünya
qadına bənzər
-
Gözəl
Və vəfasız.
Əllərin o qədər zərifdir
ki -
Ürək üzmək olar
bu əllərlə,
Çiçək yox -
Məktub
içində
Solmuş
bənövşə...
Unudulmuş sevgi...
Sən
-
Mənim yanımda.
Mən - səndən
uzaqlarda.
Uzaqlar çox yaxın,
Yaxınlar çox usaq -
Sevgi kimi...
Bülbül qəfəsdə bildi
Azadlığın
Qiymətini.
Bir işıq gəlir uzaqdan
Lap uzaqdan -
Ümid.
Uşaq
evi -
Ögey
ana,
Ögey ata.
Gəlib
keçəcəyəm küçənizdən
Məni
tanısa da,
Tanımasa da.
Qadın
-
Övlad
bitirən,
Torpaq - vətəndir.
Şuşadan qayıdanda
Gördüm sinəmdə
Döyünmür ürək...
Necəsən -
Bizi öldürə-öldürə
Yaşadan sevgi...
Xəzan
yarpaqlarını
Oxuyur külək -
Sənə yazılmış məktublartək.
Vətənim!
Səni
ürəyimdə apardığımdan
Mən görə
bilmədim sərhədlərini.
Dünyaya sığmadı deyə
-
Qəfəsə saldılar
Ürəyi.
Elə bil kimisə gözləyirəm həmişə
Bu sənsənmi,
Ölüm...
Küləyə verdim
Köhnə paltarlarımı,
Ömrüm ötən illəritək.
Bir sənsən,
Bir mən...
Bir ayrılıq,
bir ölüm.
Qar - dağlara yağır
Mən
Üşüyürəm sənsiz.
Anadan, atadan, qohum-qardaşdan
Mənə vəfalı -
Başdaşım.
Gözlər -
Göz yaşı axıtmaq üçünmüş
Demə.
Məni
dəfn edəndə
Ağa bükməyin, -
Ağ gün görməmişəm bu
dünyada.
Məmməd Namaz
Ədəbiyyat qəzeti.- 2019.-
16 fevral.- S.28.