Bu həyat "tay-taya" üstəymiş sən demə...

 

Uşaqlar, cavanlar (lap ixtiyarlar da) taylarını tapanda dostluqlar sədaqət, dəyanət hərarəti yaratmaq üçün çaxmaqlanır, qovlanırmış...

Ömür-gün sevdasına çıxanların ulduzları ulduzlarıyla barışanda məhəbbətləri bir ömürlük alovlanırmış.

Məsləklər özləri mənəvi taylar kimidi.

Öz peşəsinə tuş gələ bilənlər əqidələri uğrunda bütövlənir, büləvlənirlər...

...Kəndimizdə (indiki erməni tapdağındakı Əskipara) ləzgi Məhəmməd adlı dəmirçi vardı. Hər dəfə Körüyünü basmamış sinəsindən eyni kəlmələr havalanırdı. Allahın, Məhəmmədin köməyilə köməyə gəlmək istəyirəm. Uşaq olsam da onun dəmirçi kürəsindən kəndə evlərinin zirzələrinin, maşalarının, qıfıl açarlarının doğulduğunu başa düşürdüm. Sözlərinin mənasını yeniyetmə çağlarımın birində anladım (ilk məhəbbətin bənövşəvarı bəndinə düşüb, ilk şeirimi yazmağa hazırlaşanda).

Sonradan dərk etdim ki, içinə düşdüyümüz Yer kürəsinin özü canına daraşmış insanlar üçün bir növ dəmirçi kürəsiymiş. Fəsillərinin istisi-soyuğu ilə onları bərkidir, çətinlikləri ilə döyəcləyə-döyəcləyə dostluğa, sevgiyə, məsləklərə layiq insanlar yaratmaq istəyirmiş.

Günlərin bir günü (sinəmin dəmirçi kürəsinə döndüyü zaman) ömrümü söz cilalamağa, kəlmə döyəcləməyə həsr edəcəyimi anladım. Şeir-sənət məhəbbətinin qanıma işlədiyini başa düşdüm.

Bundan geriyə yol olmadığınısa ustad şair (zamanın bir ömürlük sazını sözünü əlindən aldığı) Borsunlu Məzahir Daşqının bircə misrası bunu dərk etməyimə bəs elədi: "Məhəbbət qandasa, silmək çətindi".

O zamandan bugünkü ömrümə kimi sinəmi körüyə çevirmişəm. Şeirlər, hekayələr, romanlar bişirib-düşürmüşəm. Dəmirçi kürəsində döyə-döyə, bəyənilə-bəyənilə, döyülə-döyülə.

Bir zamanlar (ilk "Payız" şeirim çap olunan zaman) universitet müəllimlərimdən biri mənə uca bir zirvəni göstərib demişdi, şeirin sənətin şöhrət tərəfi tez, zəhmət tərəfi gec görünür. Zəhmət tərəfinin yolu-izi olmayan zirvələrə qalxmağın olduğunu anlamışdım.

Səksən yaşımı haqladığımı anlayıram. Amma zirvə yolçuluğumun hansı mənzilində olduğunu yox. (Yazarlara həmin yeri əsərləri zamanın sınağından çıxandan sonra göstərir. Buna Sarı Vaqif daralır, saralır). Rəfiq Zəkanın bir dəfə Zaqatalada qonaq evindəki bir zarafatını yadıma salıram. Bizə məclis açmış Qurban kişiyə "təşəkkürünü" belə bildirmişdi.

- Deyirsən yetmiş yaşım var. Bir köpəkoğlu sənə həmin yaşı verməz. Çox verər-çox verərlər altmış doqquz.

Bundan xəbərdar dostlarımın biri mənə həmin şəkildə təskinlik verdi.

- Cavan oğlana oxşayırsan. Sənə çox verərlər-çox verərlər yetmiş səkkiz.

 

Vaqif Nəsib

 

 

Ömrə bayatı üstə

 

Biçilmiş otlaqlara

Soyqun,  tay, taya,

Tay, taya...

Seçilmiş dosluqlara

Uyğun tay-taya,

tay-taya...

ölçülmüş məsləklərə

ürək hey maya, hey maya...

 

Ömrüm, günüm

biçildi ,

dostum, günüm

seçildi ,

Az gedib

Üz gedib

dərə, təpə düz gedib

Axır ki, səksən yaşıma

Çatdım taytaya, taytaya.

 

Cəlaləddin Rumi Mövlanəyə

 

İnsanlığa güzar yeri torpağı,

azar yeri,

bezar yeri torpağı

Yaranışa məzar yeri torpağı, -

Hardan düşdük

dünya kəndə bilinməz,

(cırlaşmada nəslimiz,

Gorlaşmada əslimiz).

 

Fırlanırıq bir sıxılmış yumruda

gah cücəyik

gah da onda yumurta,

Özümüztək sirlərini yumur da

Varı, yoxu düşüb bəndə, bilinməz.

("aldıqca nəfəsimiz,

aldıqca nəfəsimiz").

 

Gözlərimiz

babaların gözüdür,

sözlərimiz

ataların sözüdür,

Onun özü

astarı, ya üzüdür,

Sənmi məndə,

mənmi səndə bilinməz.

("qaldıqca qəfəsimiz,

qaldıqca qəfəsimiz").

 

Əskiparaya

 

deyim, kirvəyə, - dönüb,

Vəhşilik zirvəyə dönüb,

Qara çərçivəyə dönüb

Kösövlənmiş talvarları.

(evlər qara ağı-ağı).

 

Məbədi keşişlik olub,

Varı, yoxu dişlik olub,

Bulaq üstü şişlik olub

Qoyun, quzu, mal varları.

(Həndəvəri yağı-yağı).

 

Kərəm yanıb Əsli qalıb,

Əskiparam yaşlı qalıb,

Kəndirlərdən asılı qalıb

Uşaqların şalvarları.

(böyüsünlər dağlı-dağlı

Heyf alsınlar haqlı-haqlı).

 

Oğluma oğullara

 

Ömürlərə qarşı ömür eyləmə,

Ana arzusunu kömür eyləmə.

Günahkar balatək basma körüyü,

Yandırma,

Yanarsan bir ömür boyu.

 

Şəvə tellərinə ələmə qarı,

Dərdinlə, sərinlə eləmə qarı.

Sırsıra olmasın bir cüt hörüyü,

Dondurma,

Donarsan bir ömür boyu.

 

Ana ürəyini oxuyanların

Durar arxasında hürr, ulu dağlar.

Ana ürəyinə toxunanların

Üstündə həmişə bir bulud ağlar.

 

***

 

Böyük şair, yüksək musiqi təhsilli

Vaqif Səmədoğlu kefinin

dördnala çapdığı zamanlarda

köhlən kimi kişnəyə bilirdi.

 

Yerin Borçalı üzündə,

Onun al-yaşıl düzündə

Bir at ömrünü yəhərtək atmışdı,

Əcəl köhlənə yetişib

Atdan salmışdı.

 

Səmədoğlu da

Sevincini nal kimi töküb

Torpaqda kök atıb qalmışdı.

Ata ehtiramla baş əyə bilmirdi

Heç yerinə kişnəyə bilmirdi

Ona görə həmin an

Borçalı atlarının

Kişnərtisi kökdən düşüb laxlamışdı.

Bakıya qədər mısmırıq sallayıb

Borçalıdakı ata

Yas saxlamışdı...

***

 

Həm bəhrəmiz,

həm dəhrəmiz,

həm kirkirə,

həm cəhrəmiz,

həm nəhrimiz,

həm nəhrəmiz

dəli zaman.

 

Həm bitirən,

həm bitirən,

həm gətirən,

həm ötürən,

həm yetirən,

həm itirən

aman, aman.

 

Həm gəmirdi,

həm sümürdü,

həm xəmirdi,

həm dəmirdi,

həm ömürdü,

həm kömürdü

yaman-yaman.

 

Dan yerimiz,

can yerimiz.

 

Döyüşəndə

Qan yerimiz

Dəyirmi

Xırman yerimiz

Bizlər həşəm,

Saman, saman.

 

***

 

Görəsən dururmu

Əskipara məzarlığının

simsar ağacları?

Qızıl gülləyə gəlmiş

Üç eloğluya doğmalaşan

Cır nar ağacları

Mahmudu, Adıgözəli Hasanı

Quş dili,

Bulaq şırıltısı

Yarpaq pıçıltısıyla

Tovladılar.

Meşənin üç qaçağını

Cəbhəyə səfərbər adıyla

"ovladılar",

Bayıl türməsində qızıl gülləyə gətirdilər,

Məzar yerlərini

İlim-ilim itirdilər.

yaxşı Əskipara məzarlığında

Boy göstərdi üç nar ağacı.

Üç şenlik oğlunun

Simsar ağacı.

Bir dəfndə mərəkəyə dedi

Mehdi oğlu Hasan, - bu dərdin

yaşıdı.

Elə bilinən

Bu üç nar ağacı Mahmudun

Adıgözəlin, Hasanın

başdaşıdı,

başım haqqı,

üç batmış başın haqqı.

 

***

 

Nəcəf dayı

Çöl işindən gələndən sonra,

Oxqayıyla dincələndən sonra

Götürüb yerdə qalan gücünü,

Bir bülövünü ülgücünü

Köşkünə yetişərdi.

Sağğallılar salam verərdi

Sağyola,

O da əleykiylə bala-bala

Haləhval tutardı ülgüc çala-çala

Biz uşaqlar da

Növbəyə düzərdik yaşımızı,

Nəcəf dayı üç yumurtaya

Qırxardı "yumurta" başımızı.

Haqqımızdan

Ya üç cücə çıxardı

Həyət-bacasında

Ya qayğanaq

Biş-düş olardı.

Sonralar hər o zamana

Boylananda

Nəcəf dayı yadigarı

Kəkillərimizlə

(kəkilli şəkillərimizlə)

Görüş olardı...

 

Vaqif Nəsib Sarıhüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 fevral.- S.26.