Gülməli ölüm

 

hekayə

 

Deyirlər, can şirin olur. Tamaşa nənəm ölənə yaxın bərkdən  gülmüşdü. Nə canının şirinliyini, nə də ölümün vahiməsini hiss edən olmamışdı. Bu qəribə ölüm hamını mat qoymuşdu. Otaqda təzəcə açmış gül də iki gün sonra qurumuşdu. Nənəm elə gülmüşdü ki, atam yerində donub qalmışdı. Heç nə başa düşməyən atamın gözləri bərəlib hədəqəsindan çıxmışdı. Bu səhnə məni çox sonralar bərk qorxutmuşdu. Amma bunu heç kimə deməmişdim. Bibim Humay da ona qoşulub o ki var gülmüşdü. Əlini əlinə vurub, qəhqəhə içində öldü nənəm. Mən onda yeddinci sinifdə oxuyurdum.  Arvadlar danışırdı ki, nənəmin içinə cin giribmiş. Üç gün cini içindən çıxarda bilməmişdilər. Tanınmış cindər Kamal kişi də bu işin öhdəsindən gələ bilməmişdi. Sonradan kimsə nənəmə bunu deyəndə arvadı gic gülmək tutmuşdu. Elə gülə-gülə də keçindi yazıq nənəm.

Nənəm ixtisasca mamaça idi, çox doğuşlarda həyata yeni gələn körpələrin sağlam şəkildə doğulmasında birbaşa iştirak etmişdi. Hərdən işi tərs gedən vaxtları da olurdu, daha doğrusu, uşaq tərs gəlirdi, hər dəfə də nənəm bu tərsliyə qalib gəlməyi bacarırdı. Hamı onu "xilaskar" bilirdi. Ona görə də hörməti, sevgisi hamı tərəfindən hiss olunurdu. Nənəm öləndə yetmiş üç yaşı var idi. Heç nədən şikayəti yox idi. Bircə ayaqları sözünə baxmırdı. Ayaqları axır vaxtlar şişib kötüyə dönmüşdü. Damarları  ağac kökləri kimi qabarmışdı. Dişləri tökülsə də, mən onun  protezini heç vaxt görməmişdim. Bircə öləndə hardasa gözümə sataşmışdı, o da dəqiq yadımda deyildi. Hə, onu deyirdim axı, nənəmin guya içinə cin giribmiş. Özü də erkək cinlərdən. Babam İkinci Dünya müharibəsində öləndən bəri dul qalan nənəm müqəddəs hesab olunurdu. Heç vaxt adına pis söz gəlməmişdi. Əksinə, hamı onun haqqında ancaq xoş sözlər söyləyirdi. Özü də savadlı qadın idi. Ədəbiyyatı çox sevirdi. Mənim də nə vaxtsa yazıçı, ya da şair olmağımı istəyirdi. Bunu mənə deməsə də, xəlvəti atama bu arzusundan bəhs etmişdi. Atam da etiraz etməmişdi. Amma bilirdim ki, atam mənim vəzifəli bir adam olmağımı istəyirdi. Bu istək ona dayısından keçmişdi. Atamın dayısı uzun müddət katib işləmişdi. Həmişə səliqəli geyimdə görünürdü.

Nənəm dünya ədəbiyyatından xeyli sayda müəllifləri mütaliə etmişdi. Qalın kitabları iki günə əridib qurtarırdı. Bir dəfə qeyd dəftərində (gündəlik yazmağı xoşlayırdı) bu sözlər yazılmışdı:

"İnsanın cismi vardır, bu cisim, eyni zamanda onun üçün həm ağır bir yük, həm də vəsvəsədir. O, bu cismi sürüyür və ona tabe olur.

Müqəddəs olmaq - müstəsna bir şeydir: ədalətli olmaq isə qaydadır. Yolunuzdan çıxın, yıxılın, günah iş görün, ancaq ədalətli olun.

Cahillərə bacardığınızı öyrədin, onlara pulsuz təhsil verməməkdə cəmiyyətin özü müqəssirdir. Cəmiyyət yaydığı cəhalət üçün məsuldur. Qaranlıq içində olan qəlbə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır.

Sizdən sığınacaq istəyən adamın adını soruşmayın. Məhz öz adını gizlədən adamın sığınacağa xüsusi ehtiyacı vardır.

Onlar ördək ayaqlarının yumşaq palçıq üzərində buraxdığı ulduza bənzər izləri, göyün dibsiz dərinliklərində ulduzlar topası hesab edirlər".

V.Hüqo "Səfillər" romanı

Boz dəftərçənin axırıncı səhifələrində isə səliqəsiz, amma oxuna bilən qeydləri diqqətimi daha çox çəkmişdi. Bu, nənəmin il ərzində oxuduğu kitabların adları, müəlliflərin siyahısı idi. Tanış olmayan, qəribə adları hardan tapmışdı nənəm. Axı bu adları necə başa düşəsən, hələ qaldı əsərləri...

"Anna Karenina" (Lev Tolstoy), "Madam Bovari" (Qüstav Flober), "Hərb və Sülh" (Lev Tolstoy), "Heklberri Finnin macəraları" (Mark Tven), "Hekayələr" (Anton Çexov), "Midllmarç" (Corc Eliot), "Mobi Dik" (German Melvill), "Böyük ümidlər" (Çarlz Dikkens), "Cinayət və cəza" (Fyodor Dostoyevski), "Emma" (Ceyn Ostin).

Belə qeydlər çox idi. Onda mənə heç nə aydın deyildi. Yazılanları heç cür başa düşə bilmirdim. Niyə bunları yazırdı axı nənəm?

Hərdən mənə elə gəlirdi ki, nənəm mamaça yox, ədəbiyyatşünas, tənqidçi olmalı idi. Çünki hiss edirdim ki, ədəbiyyat nənəmin danışığına, həyat tərzinə, bütün varlığına hopmuşdu. Su kimi onun varlığına hopan ədəbiyyat onu hər an, hər dəqiqə izləyirdi. Bu izlənmə nənəmi xeyli məmnun edirdi. Mənə də bir ləqəb fikirləşmişdi. Çox nadir hallarda istifadə edirdi bu ləqəbi: "Tom". Əvvəllər elə bilirdim adımın qısa forması olaraq bunu belə deyirdi. Tacəddin uzun ad idi, Tom daha qısa və şirin səslənirdi. Bu mənim lap ürəyimcə idi. Amma tay-tuşlarımdan çəkinirdim, nədənsə, bir az da utanırdım, ona görə də bu ləqəbin rəsmiləşdirilməsinin əleyhinə idim. Ancaq ikimizin arasında yaşanmağını istəyirdim bu ləqəb əhvalatının. Mən də nənəmə gizlində bir ad fikirləşmişdim. Nənəmin  yanağında  qara bir xalı var idi. Bu xal onu daha da gözəlləşdirir, ona ilahi ecazkarlıq verirdi. "Xallı" ləqəbini nənəmə deməyə ürək eləməsəm də, özlüyümdə onu belə çağırırdım.

Nənəm babamdan heç vaxt danışmazdı. Nə də biz soruşmazdıq. Eləcə onu bilirdim ki, babam Berlinin lap yaxınlığında, şəhərə iki kilometr qalmış həlak olmuşdu. Qəbri də orda olmalı idi. Nənəmin qardaşı bunu təsdiqləmişdi. Berlinə müharibədən sonra getmişdi, babamın adı yazılan kütləvi məzarlığı da orda tapmışdı. Nənəm qara kağızı saxlamışdı. Qara kağız deyəndə, kağız elə kağız kimi idi, sadəcə olaraq, ölüm haqqında olduğu üçün qara kağız deyirdilər. Mən də əvvəllər kağızın rəngini qara bilirdim. Çox sonralar bunu başa düşmüşdüm...

Kənddə tək-tük adam həkimə gedərdi, ancaq doğuş zamanı həkimə, daha doğrusu, nənəmə müraciət olunurdu. Qalan işlərdə xalq təbabəti camaatın köməyinə çatardı. Ən çox da "Qotur" Mahmudun  dərmanları məşhur idi. Yadımdadı, bir dəfə nənəm onunla bərk savaşmışdı. Buna görə də kişinin şəkəri qalxmışdı nə idi, özünə həkim lazım oldu. Bir həftə yataqdan qalxa bilmədi. İnsafən, kişi fağır kişi idi, nənəmin isə hərdən tərs damarı  tuturdu. Üzündə elə bir ifadə yaranırdı ki, elə bil adamı bu dəqiqə parçalayacaq.

Nənəm mənim qayğıma çox qalırdı. Məni hamıdan qorumağa çalışırdı. Hətta anamdan da çox maraqlanırdı mənimlə. Nadincliyimi, şuluqluğumu həmişə bağışlayırdı. Heç yadımdan çıxmaz, bir dəfə qonşumuz Bəhram dayının ot tayasına od vurmuşdum. Hadisə yerinə bütün kənd yığılmışdı. Qorxumdan qaçıb toyuq hinində gizlənmişdim. Yerimi bircə nənəm bilirdi. Sağ olsun, axıra kimi məni müdafiə etdi. "Yaxşı ki, uşaq özü yanmayıb, otdu da yanıb yanıb, dünya dağılmayıb ki?!" təsirli və inandırıcı baxışlarla Bəhram dayını razı sala bilmişdi. Onda başa düşmüşdüm ki, nənəm məni çox istəyir, həm də məni bir az ərköyün böyüdür. Bu mənim xoşuma gəlsə də, atam bu işdən heç razı deyildi. Bunu onun əsəbi görkəmi və narahat baxışlarında görmək olurdu. Anam isə gözləmə mövqeyində idi. Bəlkə də, nənəmdən çəkinirdi deyə, heç nə deyə bilmirdi.

Yayda çaya çimməyə getmişdik. Uşaqlar şit zarafatları ilə məni lap təngə gətirmişdi. "Tamaşa nənə Tamaşa, gedir yenə doğuşa". Bu sözlər xalq məsəli kimi dildən-dilə dolaşır, məni də o ki var qıcıqlandırırdı. Hərçənd buna öyrəşmişdim.  Sinif yoldaşım Hikməti buna görə bir dəfə bərk döysəm də, sonra peşman olmuşdum. Yazıq uşaq üç gün dərsə gələ bilmədi. Gözü qara bulud kimi dolmuşdu. Valideynləri qoşun kimi üstümüzə gəlsə də, sülh əldə olunmuşdu. Yenə də nənəmin sayəsində...

Başıma qəribə maraqlı hadisələr gəlirdi. Bütün bu hadisələrin içində nənəmin mütləq adı və rolu var idi. Ya finalda, ya da lap başlanğıcda. Nənəm mənim qəhrəmanım idi. Arxamda böyük dayaq hiss edirdim. Bunu ona bildirməsəm də, hərəkətlərimdən bunu dərhal hiss etmək olurdu.

Nənəmin ölümü məni üzsə də, onun yoxluğunu qəbul etmirdim. İnanırdım ki, o, hələ də yaşayır, ələlxüsus məni görür. Ona görə də heç qəbiristanlığa da getməmişdim, uzun müddət onunla xəyalən söhbət etməyə davam edirdim. Ta ki, orta məktəbi qurtarana qədər. Politexnik İnstitutuna qəbul olanda birdən başa düşdüm ki, nənəm yaşamır. Çoxdan ölüb. Mən bununla çətin də olsa barışmalı oldum. Bakıya gələndə onu tamamilə yaddan çıxardım. Dərslər, tələbəlik həyatı məni xeyli dəyişdirmişdi. Günlərin bir günü yataqxanada bir əhvalat eşitdim ki, guya rayonların birində hamilə qadının  içinə cin girib, deyirmiş ki, "mən mamaça Tamaşayam, səni doğuzduracam".  Yazıq gəlin də gün geçdikcə əriyib çöpə dönürmüş. Bu əhvalat məni tok kimi vurdu. Uzun zaman yuxularımı qatıb sayıqlayırdım. Gündüzlər havalı gəzirdim.

Tətildə kəndə gedəsi oldum. İçimdən bir səs məni nənəmin vacib ziyarətinə doğru apardı. Həyəcan içində qəbiristanlığa tərəf yollandım. Çatanda gördüm ki, bir sarı quş qonub düz nənəmin başdaşına, cəh-cəh vurur. Məni görüb uçub getdi. Nənəmin məzarında iri çatlar var idi. Elə bil məzarın qırağına top mərmisi düşmüşdü. Bu mənzərə məni daha da üzdü. Düşündüm ki, yazıq nənəmin  nigarançılıqdan goru çatlayıb. Axı onun içinə cin girdiyinə görə öldüyünü düşünürdülər. Demək olar ki, hamı buna adları kimi əmin idi. Mən buna inanmırdım, bir də nənəmin özü.  O da gülməkdən ölmüşdü. Sözün əsl mənasında gülməkdən. Qayğılı baxışlarından təsirlənib, özümdən asılı olmadan dedim: "Nənə, sənin üçün nə edə bilərəm?". Qəfil hardansa bir səs qulağıma fısıldadı: "Bir şam yandır...". Nə qədər ətrafa boylansam da, heç nə görmədim. Evə tələsirdim. Bir şam tapıb mütləq onu yandırmalı idim. Qəbiristanlığa qayıdanda şər qarışırdı. Şamı yandırıb nəlbəkiyə qoydum. Sonra bayaq gördüyüm çatların yoxa çıxdığını, uzaqdan xoşbəxt bir quşun nəğməsini eşitdim. Başa düşdüm ki, bu, nənəmin "təşəkkürü"dü. O, quşun içinə girib oxumağa başlamışdı. Həm də başa düşdüm ki, çoxdan idi nənəmi ziyarət edən olmamışdı. Atamın başı əkinə qarışmışdı, qohum-əqrəbanın da qayğılardan başı açılmırdı. Təbii, bu ona əsas vermirdi ki, nənəmi heç olmasa ildə bir dəfə ziyarət etməyəsən... Ona görə də o məndən şam yandırmağımı istəmişdi. Belə bir deyim də var: "Goruma çıraq tutmaq"… Yəni ki, nənəmin istəyi bir xatırlanma, yada salınma olub. Məndən   başqa bunu duyan olmamışdı.

Axşam  divanda uzanıb  bir hekayə oxuyurdum. Hekayədə belə bir parça var idi: "O, tənha qaldığı üçün hər gün ölümə doğru getdiyini anlayırdı. Bir gün hamıdan uzaqda öləcəyi, unudulacağı və bir daha var olmayacağı dəhşətli idi...".

Bu sözlər içimdə ilan kimi qıvrılıb məni sancdı. Nənəmi gözümün qabağına gətirdim. Özümə söz verdim ki, həmişə onu ziyarət edib məzarında şam yandıracam...

 

Tural Cəfərli

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 fevral.- S.27.