Azərbaycan

 

Torpağın od, suyun atəş,

Başın üstdə parlaq günəş.

Arpaçayı, Samur, Viləş

Axan nurdu, bərəkətdi

- Azərbaycan.

Çiçəklənən məmləkətdi

- Azərbaycan!

 

Bağça-bağın gül-çiçəkli,

İgidlərin nər biləkli,

Gözəllərin saf diləkli,

Dili şəkər, sözü qənddi

- Azərbaycan.

Çiçəklənən məmləkətdi

- Azərbaycan!

 

O tay Zəncan, bu tay Şirvan,

Araz üstə Nəqşicahan,

Bu müqəddəs ulu məkan,

Min bir gözəl şəhər, kənddi

- Azərbaycan.

Çiçəklənən məmləkətdi

- Azərbaycan!

 

Şahdağ üzü Savalana,

Könlüm istər havalana,

Qəbrim üstə od qalana,

Yaddan çıxmaz, böyük dərddi,

- Azərbaycan.

Çiçəklənən məmləkətdi

- Azərbaycan.

 

Borçalı, Göyçə, Dərbənddi,

Vurğun könlüm sizə bənddi,

Dərdin dərdimi dərbətdi,

Gözümüzdə yaş göyərtdi

- Azərbaycan.

Çiçəklənən məmləkətdi

- Azərbaycan.

 

Əsir düşüb Araz, Zəngi,

Çalınmır heç dəli "Cəngi".

Qafqazın yatmış pələngi

Qalxsın qəflət yuxusundan,

- Azərbaycan.

Çiçəklənən məmləkətdi

- Azərbaycan!

 

Çıx yollara, dünyanı gəz,

Bu diyara yoxdur əvəz.

Gəmiqaya, Qoşqar, Kəpəz

Bir-birindən məğrur, sərtdi,

- Azərbaycan.

Çiçəklənən məmləkətdi

- Azərbaycan!

 

Mübarəkdir bu növrağın

Şölə saçır şam çırağın,

Dalğalansın qoy bayrağın,

Bizə şöhrət, şərafətdir,

- Azərbaycan.

Çiçəklənən məmləkətdi

- Azərbaycan!

 

Dağlar məni

yaman çəkir özünə

 

Bəzənib yal-yamac, göy biçənəklər,

Yolçuya yol vermir güllər, çiçəklər,

Açıb yaxasını güllü köynəklər,

Bahar gəlib dərəsinə, düzünə,

Dağlar məni yaman çəkir özünə.

 

Qar altından çıxır cacıq qırmızı,

Dərdə dərman baldırğanı, yarpızı.

Tər çiçəkdən dəstə bağla, el qızı,

Fərəh versin camalına, hüsnünə,

Dağlar məni yaman çəkir özünə.

 

Başım üstə buludların kölgəsi,

Qayalıqda kəkliklərin gur səsi,

Çəmənlərin al-qırmızı laləsi,

Salıb məni atəşinə, közünə,

Dağlar məni yaman çəkir özünə.

 

Nəğməlidir sularının axarı,

Tamaşadır "Gen dərə"nin baxarı.

Hər qalxanda Nazağadan yuxarı,

Şar boyda görünür dünya gözümə,

Dağlar məni yaman çəkir özünə.

 

Bu dağların Tivisi var, Bisti var,

Nəsirvazı, Ələhisi, Xursu var,

Ana yurdum, Nürgüt adlı ulus var,

Gəlməsinlər bədnəzərin gözünə,

Dağlar məni yaman çəkir özünə.

 

Söykənibdir təpə dağa, dağ dağa,

Gəmiqaya, Xəzər yurdu, Nazağa.

Yayda salar səni şaxta, sazağa,

Çıxanda seyrinə qabarır sinə,

Dağlar məni yaman çəkir özünə.

 

Elin şad günündə, toyda, düyündə,

Barlı-bəhərli bir payız günündə,

Arzuların ən şirini dilində,

Emil yenə şəkər qatıb sözünə,

Dağlar məni yaman çəkir özünə.

 

Olmuşam dağların əsir-yesiri,

Ölüsü-dirisi, yetim-yesiri,

Dağlar balasıyam, haqqın şairi,

Salıb tilsiminə, salıb sehrinə,

Dağlar məni yaman çəkir özünə.

 

Ağlama, gözünün qarası gedər

 

Bilirəm sevirsən, eşqin dənizdi,

Çırpınan ürəyin pakdı, təmizdi.

Quruca səsin mənə əzizdi,

Gözünün yaşını tökmə bu qədər,

Ağlama, gözünün qarası gedər.

 

Ərköyün könlünə dəyiblər, nədir?

Pərişan görkəmin məni göynədir,

O qara gözlərin yenə çeşmədir,

Qoyma ürəyimə sarılsın kədər,

Ağlama, gözünün qarası gedər.

 

Ağaclar silkinib, yarpağın töküb,

Zaman dizimizi qatlayıb, büküb.

Nur səpən üzünə qəm-kədər çöküb,

Tıxanıb boğaza, boğsa da qəhər,

Ağlama, gözünün qarası gedər.

 

Göylər yenə boşalacaq, dolacaq,

Açan çiçək saralacaq, solacaq.

Sevgimizdən xoş xatirə qalacaq,

Bəsdir, ürəyimi sıxdığın yetər,

Ağlama, gözünün qarası gedər.

 

Fazil Nəsirbəyli

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 fevral.- S.9.