Məni sevməyənə
sevgimi verdim,
İsti ürəyimi
ev kimi verdim....
Türkiyə dəftərindən
Ankarada sonbahar
Ankarada sonbahar
İlk bahardan əlvan -
Nur saçır
hər yan.
Çiçəklər ölmək istəmir,
Yarpaqlar tökülmək.
Bu şəhərə
dövrəsindəki ormanların,
uzaqdakı qarlı
dağların
nəfəsi gəlir.
Adama
yaşamaq həvəsi
gəlir.
Şükürlər olsun Tanrıya -
Göy üzü günəşsiz
deyil,
ürəklər atəşsiz
deyil.
Günəş ana qucağı
-
üşüyənləri alır
ağuşuna.
Torpaq acdır
sonbaharın
yağmuruna, yağışına.
Əskişəhər yolunda
simit satan qarının
gözündə gülür
günəş,
babasının belində
bardaş quran çocuğun
üzündə gülür
günəş.
Anladım ki, bu zaman
sonbahar son deyilmiş.
...Ankarada sonbahar
İlk bahardan gözəlmiş.
Ağaclar altun kimi,
Yamaclar altun kimi
Közərdikcə közərmiş...
Noyabr
2018
Üzüntü
Xəstəxana önündə
var-gəl edir adamlar.
Kimisinin
ürəyi
həyəcan dolu.
Kimisi də məyusdur -
Eşitdiyi xəbərdən
yanına düşüb
qolu.
Birisi də baxıram
gəzişir veyil-veyil.
Köhnə-köşkül libasda
olsa da
dilənçi deyil -
əl açmır kiməsə,
əlləri cibindədir.
Amma bu kişi
elə bil
quyunun dibindədir.
Birgünlükdən oxunur
gözündə dərd
yazısı,
üzündə qəm dastanı,
sanki demək istəyir
məni yaxından tanı...
...Bir siqaret istəyir,
yüz dəfə
"sağ ol" deyir.
Soruşuram xəstənmi var?
Açır dərdini birdən-birə
yurd dışından
gələn müsafirə:
arvadım xərçəngdir,
beş-altı günlük
ömrü qalıb
dedi həkim,
ağırdır yüküm...
Ağlayıb çocuqlarını
görmək istəyir
qadın.
Onları
köydən gətirmək
üçün
əlli lirə bulamadım.
İndi
telefonumu satmaq istəyirəm
əlli lirəyə -
özümü çatdırım
köyə...
...Bu zaman zəng gəlir ona.
Kövrələ-kövrələ danışır:
- Hə, qızım, gözləyin,
gələcəyəm,
sizi ananıza yetirəcəyəm...
Amma daha mənimlə
danışa bilməyəcəksiniz,
çünki bir azdan
telefonumu satacağam...
...Əlli lirə uzadıram ona,
satma telefonunu - deyirəm
Zatən
mən də deyiləm
zənginlərdən birisi,
Allaha əmanət olsun
gerisi...
Ankara, Qazi xəstəxanası
noyabr 2018
Qocanın qərarı
Qızılay qələbəliyində
Şüşəbənd bir restoran.
Hamı
yeyib-içir,
Siqaret tüstüsündə
burulur
zaman.
Tində
xırdavat satan
bir qoca da onlara
baxaraq gülümsəyir
Mənə tutur üzünü,
Eşitdirir sözünü:
- İndi dövran başqadır,
bu yeməklər öldürəcək,
deyir bizi.
Sonra da qərar verir:
- Yediklərimiz yeyir bizi...
Ankara, noyabr 2018
Darıxdım
Darıxdım, yaman darıxdım
Yamaqlı küçəmizdə
Ucalan göydələnlər üçün,
Gedib-gələnlər üçün.
Darıxdım,
yaman darıxdım
bağ evimizin
suvanmamış hasarı
üçün,
Qaraşəhərin
yaşıl bazarı
üçün,
ata-anamın
Masazırdakı qoşa məzarı
üçün...
Darıxdım,
yaman darıxdım
nəvələrimin dilində
bitən
baba sözündən
ötrü.
Fidanın, Aytacın,
Toğrulun, Nihadın
özündən ötrü.
Darıxdım,
yaman darıxdım
doğmalarımla
paylaşdığım anlar üçün,
darıxdım
məndən ötrü
darıxanlar üçün.
Ankara, dekabr 2018
Bitirdim
Nə var ki, səhrada
gül bitirməyə,
Mən daşın
üstündə daş
da bitirdim.
Gözlərdən gizlətdim dolan
gözümü,
Solğun yanağımda yaş da bitirdim.
Məni
sevməyənə sevgimi
verdim,
İsti
ürəyimi ev kimi verdim.
Üşüyən dostuma kürkümü verdim,
Yazın həvəsiylə qış
da bitirdim.
Bilmirəm mən nədən
batdım günaha,
Gecələr qovrulub çıxdım sabaha.
Ayımdan, ilimdən nə
qaldı daha,
Ömrümü mən bərkdə, boşda bitirdim.
Ankara, dekabr 2018
Ay zalım fələk
Yaşamaq istədim, a zalım
fələk,
Sorğusuz sitəmlər çəkdirdin
mənə.
Yaşamaq istədim, bir az yaşamaq,
Diriykən qəbrimi tikdirdin mənə.
Söndürdün odumu, ocaqlarımı,
Soldurdun yamyaşıl bucaqlarımı.
Qurudub qaynayan bulaqlarımı
Səhrada ağaclar əkdirdin mənə.
Kimlər
yandırası, kimlər
yanası,
Belə
yaşamağın nədir
mənası?..
Üzüldü ömrümün əlvan
hanası,
Onu ilmə-ilmə
sökdürdün mənə.
Çətinə tuş gəldim
asan yerinə,
Adili qoymadın
insan yerinə.
Gurşad
əvəzinə, leysan
yerinə
Gözümün yaşını tökdürdün
mənə.
2018
İstiqlal fədaisi
M.Ə.Rəsulzadənin qəbri önündə
düşündüklərim
Əsri
məzarlığında
Uyuyursan illərdir.
Sənə həyan bayrağın,
Bir də təzə güllərdir.
Tale tapşırdı səni
O zaman bu torpağa.
Düşdün bizdən uzağa,
Düşdün gözdən uzağa.
Bilmirəm tutuşdumu
Qəlbindəki o niyyət,
Bilmirəm bəs etdimi
İnsanlara hürriyyət.
Bilmirəm bilirsənmi
Azərbaycan azaddır.
Mən bütün varlığımla
Duyuram ruhun şaddır.
Sən istiqlal dahisi,
Sən millət
fədaisi.
Enməyən bayrağınla
Qayıtdı Cümhuriyyət.
Tarix təkrarlanırmış,
Qismət
var imiş əlbət...
...Yurddaş qanı töküldü
Azadlıq yollarında.
Ərənlər can verdilər
Vətənin qollarında.
Qan ilə suvarıldı
Azadlığın ağacı.
Yoxmuş
başqa əlacı...
Qurduğun Cümhuriyyət
Bir də qurulmaq üçün
Biz təzədən qurulduq.
Düşmən nişan alanda
Qarabağdan vurulduq.
Zəngəzurdan silindi
Xalqımın ləpirləri.
İtirib-batırdılar
Min illik qəbirləri.
Fəlakətlər yaşadıq,
Biz bu yoldan dönmədik.
Yüksələn bayrağınla
Biz yüksəldik, enmədik!
Ankara, Əsri məzarlığı
28 may 2018
Sən
Qarşıma çıxmısan bir
xəyal kimi
Çölümdə, düzümdə, dağ-daşımda
sən.
Qocalıb gəlmişəm indi
qapına,
Məni tanımazsan bu yaşımda sən.
Sinəmə sağalmaz yara vurmusan,
Yoxuşlu yollarda məni yormusan.
Məhəbbət ünvanlı yuva
qurmusan
Ruhumda, canımda,
yaddaşımda sən.
Sənə qovuşmağa yoxdur
əlacım,
Ömür xərcləməkdə boldur xəracım...
Adiləm
ağarıb o qara saçım -
Dumanlı sevdasan ağ başımda sən.
2018
Adil Cəmil
Ədəbiyyat qəzeti.- 2019.-
16 fevral.- S.12.