Missiya

 

Asif RÜSTƏMLİ - 65

 

Asif  Rüstəmlinin mənbələrə əsaslanaraq, arxivdə, əlyazmaların tozunu udaraq hasilə gətirdiyi əsərlər əsl alim örnəyinin nümunəsidir. Onun tədqiqatçı üslubunda milli-ədəbi fakt bədii-estetik arxetipdən kənar dərk olunmur. Əksinə, zaman, ədəbi mühit sənətkarlıq məsələlərinin bir-birinə çulğaşmış şəkildə təcəssümü ona hadisənin, faktın etnik-tarixi tipini - genotipini müəyyənləşdirməyə imkan yaradır. Belə olduğu üçündür ki, istər  Bayraməli Abbaszadə, Mirzə Bala Məmmədzadə irsinin XX əsrin əvvəllərinin bir çox ədəbi proseslərinin öyrənilməsində, istərsə çağdaş dövrümüzdə Mir Cəlal yaradıcılığının araşdırılması yönündə axtarışlarında, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun tarixi inkişaf mərhələlərinin tədqiqində onun nəzəri marağının hədəfində milli ədəbi fikrin immanent inkişaf qanunauyğunluğunu görmək çətin olmur.

Bütün bunlarla bərabər, Asif Rüstəmli imzasını səciyyələndirən əsas amil Cəfər Cabbarlı irsinə verdiyi dəyər sanbal, onun layiqli, yorulmaz araşdırıcısı kimi tanınmasıdır. Ümumiyyətlə, XX əsrin əvvəllərində yaşayan sənətkarların bir qisminin dövrün fəci durumuna - ömür nakamlığına, tale qırıqlığına, sərt ideoloji həmlələrə qurban getmələrinə baxmayaraq, məhz araşdırmaçılar baxımından bəxtləri gətirib. Onlara oğul qədər mənəvi varislik edən tədqiqatçılar qazanıblar. Məsələn, bu gün Cəlil Məmmədquluzadə deyəndə hamıdan əvvəl İsa Həbibbəylini, Əhməd Ağaoğlu dedikdə Vilayət Quliyevi, Əli bəy Hüseynzadə deyəndə Azər Turanı, o cümlədən Cəfər Cabbarlı deyəndə Asif Rüstəmlini düşünürük. Proses yalnız onlar haqqında kitab hazırlamaq, üstünə adın yazılması ilə bitmir ki... Mənəvi varislik haqqına tapınaraq görülən işlərin yükü ağırdır - sənətkarın irsini zamanın xərabələri altından çıxarıb onun çağdaş dəyərlər müstəvisində gərəkliyini göstərmək, bütün aspektləri, yeni elmi meyilləri ilə dərkinə nail olub ədəbi-estetik zaman dövriyyəsinin sonrakı axarına qata bilmək, yeni mərhələ üçün nəzəri perspektiv açıb filoloji istiqamət baxışı dəyişməyə nail olmaq... Bu baxımdan, Asif Rüstəmlinin alim olaraq missiyası ləyaqətli şəkildə həm bitib, həm yola davam etməkdədir.

Yaş artıq 65-dir! Bu yaşın zirvəsindən gələcəyə qürurla salam verməyə dəyər!

 

Elnarə AKİMOVA

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 fevral.- S.25.