İsmayılın
nömrə dəftəri
Bakı mənim gördüyüm
üçüncü şəhər olub. İlk dəfə
Gəncədə olmuşam, sonra isə Tiflisə getmişəm.
Ona görə Gəncəyə
uşaqlığımın, Tiflisə yeniyetməliyimin,
Bakıya isə gəncliyimin şəhəri deyə bilərəm.
Adətən, Gəncəyə getmək
üçün kəndimizdən səkkiz kilometr aralıda
olan Qovlar stansiyasına gələr, Qazax-Gəncə elektrik
qatarına minərdik. Orta məktəb illərimizin yay tətillərində
tay-tuşlarımızla kənddən
apardığımız mer-meyvəni, kartof-soğanı
satıb özümüzə məktəb paltarı
alardıq. Bir vaxtlar dəbdə olan
balağı enli şalvarları bizə Gəncə dərziləri
tikərdi.
İlk dəfə Qovlara gələndə adı dillər
əzbəri olan Dəli
Xanımı da orda görmüşdüm. Valideynlər uşaqlarını
məzəmmət eləyəndə: "Dəli Xanım
kimi nə ağzına gələni danışırsan?"
- deyərdilər.
Dəli Xanım nazik bədənli, ucaboylu, həm də
yaraşıqlı bir qadın idi. Mən onu görəndə
təxminən 30-35 yaşlarında olardı. Televizorda gördüyü hansısa məşhur
qadına imitasiya eləyərək həmişə
dodağına qanqırmızı pomada çəkərdi.
Bərk söyüşcül idi. Adətən, erkək söyüşləri söyərdi.
Kişilər məzə üçün Dəli
Xanıma pul verib bir-birini söydürərdi. Xanım pulu alıb sifariş olunan istənilən
kişinin üstünə gedib onu söyərdi.
Söyüşsüz, ədəbli sovet dövründə
qadının bir kişini söyüşlərə qərq
etməsi məzəli şok yaradırdı. Heç kim də Dəli Xanımın bu hərəkətindən
inciməzdi. Onu yalnız qanmaz vağzal
uşaqları incidərdi. Balaca uşaqlar
Dəli Xanıma daş atar, uzaqdan onun tərəfə
tüpürərdilər. O da tənbəllik eləmədən
uşaqların arxasınca söyə-söyə ora-bura
qaçardı. Dəli Xanımın
söyüş söyməyi, bir növ, pis öyrədilmiş
balaca uşağın mənasını bilmədiyi
söyüş sözlərini dilinə gətirməsinə
bənzəyirdi.
İllər keçdi, mən əsgərliyə getdim. İkiillik əsgərlikdən
sonra Dəli Xanımı Qovlarda bir neçə dəfə
gördüm. Xeyli qocalmışdı, əvvəlki
şuxluğu da itmişdi. Elə bil,
yaşlandıqca bir balaca müdrikləşərək dəli
olduğunu dərk eləmişdi. Düz qamətinin bir
balaca əyildiyi də hiss olunurdu. Sonralar, nədənsə, Dəli
Xanım gözə dəymədi...
Dəli Xanımdan sonra Qovlarda İsmayıl adlı
gursaçlı, ortaboylu cavan bir oğlan peyda oldu. İsmayılın
obrazı belə idi: ayağında köhnə
ayaqqabıların dabanını kəsib düzəltdiyi
çəkələk, əlində qalın dəftər,
bir də qələm! Gəlib keçən
maşınların arxasınca qaçar, nömrələrini
əlindəki dəftərə yazardı. Bir maşının nömrəsini yazıb bitirməmiş
başqa bir maşın gəlib keçəndə
İsmayıl lap təntiyər, əlindəkini tez yazar,
uzaqlaşanın arxasınca qaçardı. Belə məqamlarda vəziyyəti daha da dinamikləşdirmək
üçün "İsmayıl, qoyma, biri də belə
getdi!" - deyib,
onu ələ salan qanmaz, mərhəmətsiz adamlar da
tapılardı. Hərdən düz yolun
ortasında dayanar, dörd tərəfdən gələn
maşınların arxasına boylanıb məsuliyyətli
görkəm alaraq əlindəki dəftəri yazar, gülməli
mənzərə yaradardı. Tay-tuşları
onu fitə basıb gülərdilər. Tanıyanlar
deyirdi ki, İsmayılın evdə bir qalaq içi nömrələrlə
yazılmış dəftəri var. Dəftərlərini
itirməmək üçün ən mötəbər
bildiyi yerə, yatdığı döşəyin altına
döşəyir.
Bir dəfə dostlarla Qovlarda çayxanaların birində
oturub söhbətləşirdik. Birdən kimsə
"İsmayıl, qoyma getdi!", - deyə əlini stansiyadan
keçən yük qatarının səsi gələn tərəfə
uzatdı. İsmayıl çəkələyini
sürüyə-sürüyə durduğu yerdən dəmiryoluna
tərəf qaçdı. Ürəyimdə kişini
qınadım ki, ay zalım, bu yazıq, onsuz da özünə
cəza verir, qatarı nə
üçün yadına salırsan? Bu fikirlərlə
durub gənclik marağımla İsmayılın arxasınca
qaçdım ki, görüm vaqonların nömrəsini necə
yazacaq. Gördüm, yük qatarı şaqqaşaraq keçdikcə İsmayıl
tələsə-tələsə başını
qaldırıb vaqonların nömrəsinə baxır və
başını endirib dəftərinə yazır. Onsuz da sürətlə ötüb-keçən
vaqonların nömrəsini dəqiqliklə yazıb
çatdırmaq mümkün deyildi. Bilirdim
ki, İsmayıl öz dəftərinə mümkün qədər
görə bildiyi rəqəmləri alayarımçıq da
olsa vicdanla köçürdür.
Geri
qayıdanda qonşu stolda oturan kişi İsmayıla
marağımı hiss eləyib mənə dedi: Oğul, bilirsənmi,
o bədbəxt maşın nömrələrini niyə
yazır? Dedim, yox, əmi, bilmirəm.
Sən demə, İsmayılın dəftərlərə
nömrə yazmağının səbəbi varmış. Ancaq mən elə
bilmişdim bu dəlinin ağlı, sadəcə,
maşın nömrələrinə həvəs göstərən
uşağın ağlı səviyyəsində qalıb və
sonra inkişaf eləməyib.
Kişi
dedi, oğul, mən İsmayılı
uşaqlığından tanıyıram, onlar bizim
yaxınlığımızda yaşayırlar. İsmayıl bir vaxtlar çox ağıllı, mərifətli
oğlan idi. O, bir neçə il bundan əvvəl Qazax-Bakı şosesinin kənarındakı
əkin sahələrinin yanında qoyun otarırmış. Həmin tərəflərdə yolu keçən məktəblilərdən
birini, 2-ci sinifdə oxuyan qonşusunun qızını
maşın vurur və dayanmadan sürətlə
qaçıb gedir. Uzaqdan
qaça-qaça hadisə yerinə gələn
İsmayıl görür ki, maşının sürətlə
vurub yerə sərdiyi uşağın başı zərblə
asfalta dəyib və beyni yola dağılıb. İsmayıl uşağın cəsədini
qucağına alıb qaça-qaça onların evlərinə
gətirir. Ağlaşma, vay-şivən
qopur. Hamı İsmayılın üstünə
düşür ki, bəs niyə maşının nömrəsini
yazıb götürmədin! Beynində
uğultular qopan İsmayıl onu didişdirən
qadınlara-kişilərə heç nə deyə bilmir.
Görənlər söyləyir ki,
İsmayıl qurumuş ağac kimi, uzun müddət həyətin
ortasında durduğu yerdən tərpənə bilmirmiş.
Sən demə, o, uşağın meyiti qucağında
qaça-qaça gələrkən, elə yolda
havalanıbmış...
Dəli aşiq
Adətən, uzaq şəhərlərdən kəndimizə
qayıdanda Qovlar stansiyasında düşür, sonra bir
maşına oturub ata yurduna gedirəm. Bizim kəndə getmək
üçün üzü dağ kəndlərinə aparan
asfalt yolla bir xeyli getdikdən sonra sola burulmalısan...
Doxsanıncı illərin əvvəlləri olardı,
Rusiyadan vətənə qayıtmışdım. Kəndə getmək
üçün Qovlarda taksi bələdləmək istəyirdim
ki, çoxdan üzünü görmədiyim, uşaqlıq
dostlarımdan olan Elşad qəfildən ağ
"Jiquli"sini yanıma sürüb maşından
düşdü. Görüşüb
qucaqlaşdıq. Bazardan
yüngülvarı alış-veriş elədikdən sonra
maşına oturub üzü kəndə yola
düşdük. Qonşu İbrahimhacılı kəndinin
ortalarında Elşad maşını yavaşıdaraq yolun kənarı
ilə üzüyuxarı gedən, üz-gözünü
saqqal basmış bir gənc oğlana: "Ayə, gəl
otur maşına, hara istəyirsən aparım!" - dedi.
Ancaq piyada yol gedən o adam heç biz tərəfə
belə, baxmadı, başını aşağı salıb
kirimişcə yoluna davam elədi. Mən Elşaddan:
"Kimdi, Elşad, bu? Bizim kənddəndi?"
- soruşdum. Elşad: "Dayan, bunun əhvalatını
sonra danışacam", - deyib maşını piyadanın
yanı ilə yavaş-yavaş sürərək onu dilə
tutmağa başladı: "Qaqam, gəl otur maşına,
vicdan haqqı, hara desən, ora aparacam. Bizdən
qorxub eləmə, arxada otur təkcə, aparıb
düşürək səni. Hava isinir,
yolun da uzaqdı, bilirəm. Gəl otur,
narahat olma".
Maşını cavan oğlanın yerişinə
uyğunlaşdırıb yanı sıra yavaş-yavaş
sürsə də, o, nə bizim tərəfə baxır, nə
də Elşada cavab verirdi.
Əvvəlcə adi yol söhbəti kimi
baxdığım bu olay marağımı çəkdiyindən
dönüb həmin oğlanın saqqallı üzünə
diqqətlə baxdım. Hardasa iyirmi, iyirmi iki yaşlarında olan
həmin cavan oğlanın sifətində dərin sakitlik və
məsum küskünlük vardı.
Bir xeyli
beləcə getdikdən sonra Elşad başını
bulayaraq: "Yaxşı, qaqam, özün bil, mən sənə
yaxşılıq eləmək istədim!", - deyib sürəti
artırdı.
Bu olaya
marağımı duyan dostum kəndimiz tərəfə
burulanda dedi, gedək, səni evinizə düşürüm,
ananla görüş, axşamüstü arxanca gələcəm,
Bəhrəmtəpəyə qalxıb yüz-yüz
vurarıq, bu oğlanın əhvalatını da orda
danışaram...
***
Axşamüstü bir neçə dostla sərin
çinarın altında oturmuşduq. Çoxdandı bir-birimizi
görmədiyimizə görə söhbəti hərə
bir yana dartırdı. Axırda səbrim
tükəndi, dedim, Elşad, o cavanın əhvalatı nədi,
bir danışsana! Elşad: "Qardaş, bəlkə
heç lazım deyil, danışsam, qanın qaralacaq" -
söylədi. Dedim, heç nə olmaz, qanımız qaralanda
nə olasıdı ki?!
***
Deməli, Qovlar qəsəbəsinə yaxın,
Dönük Qırıqlı kəndindən olan Vahid yeniyetməlik
çağında özündən bir sinif
aşağıda oxuyan Çiçək adlı qıza
vurulur. Onlar bir-birini dəli kimi sevir, daima məktublaşırlar.
Orta məktəbi bitirdikdən sonra oğlan əsgərliyə
gedir. Qızın valideynləri xəbər
tutmasın deyə, Vahid ona yazdığı məktublarını
Çiçəyin yaxın rəfiqəsinin ünvanına
göndərir. Sevgi dolu əsgər məktubları alan Çiçək cavabında onu ölənə
qədər sevəcəyini, səbirsizliklə əsgərin
yolunu gözlədiyini yazır.
Əsgərliyinin
son aylarında qızdan seyrək məktub alan
Vahid narahat olmağa başlayır. Çiçək
vəziyyətin heç də yaxşı
olmadığını, valideynlərinin onu imkanlı bir
qohumun oğluna vermək istədiklərini Vahidə yazır.
Beləcə, sonuncu aylar da dolanıb keçərək iki il tamam olur.
Vahid hərbi xidmətini başa vurub kəndə
qayıdır.
Nə qədər vurnuxsa da, ciddi nəzarət
altında saxlanılan Çiçəklə
görüşə bilmir. Kasıb ailədən
olması sevən oğlanın yolunu hər tərəfdən
kəsir. Qız tərəfin adamları
ona təhdid dolu ismarışlar göndərir, qızı
uzaq dağ kəndində yaşayan varlı qohumlarının
oğluna adaxladıqlarını söyləyirlər.
Atasının, qardaşlarının və
adaxlısının ciddi nəzarəti altına
alınmış Çiçək evdə
günü-gündən solsa da, onun könül istəyinə
məhəl qoyan olmur. Sevdiyi qızın üzünü
görüb söhbət eləyə bilməyən Vahid
getdikcə aqressivləşir, dost-tanış məclisində
bu sevgidən söz düşərkən ona mane olan
adamları öldürməklə hədələyir,
qızı şəxsən görüb fikrini öyrənməyincə
toyun qarşısını istənilən yolla
alacağını söyləyir.
Çiçəyin valideynləri isə Vahidin qohumlarına
onu sakitləşdirməyi tövsiyə edir, həm də
problemdən canlarını qurtarmaq üçün
qızı tezcə ərə vermək qərarına gəlirlər.
Getdikcə əsəbləri tarıma çəkilən
Vahidi atası və dayısı heç cür sakitləşdirə
bilmir, onu sevgisindən döndərməyə gücləri
çatmır.
Beləcə, bir neçə gərgin ay ötdükdən
sonra toy günü gəlib çatır. Dəliqanlının
əlindən bir xəta çıxmasın deyə,
qızın toyu günü, atası və dayısı birləşərək
onu tutub kəndirlə qapıdakı tut ağacına
bağlayırlar. Sevdiyi qızın toy gecəsi
qolubağlı bağırıb dartınan, səsi çox
çıxmasın deyə, ağzı dəsmalla
bağlanan, hərdən də atası tərəfindən
kötəklənən Vahid səhərə yaxın
huşunu itirir. Sabah ağacdan açarkən
baxırlar ki, onun dünən alışıb yanan alovlu
gözləri çuxura düşüb, sifəti meyit rəngini
alıb. Dəliqanlının emosiyasız,
süst halını görən qohum-əqrəba anlayır
ki, gecə boyu çəkdiyi ruhi işgəncəyə
dözə bilməyən oğlan havalanıb.
Beləcə, sevgi qurbanına çevrilən Vahid bir
neçə ay adamları tanıya bilmir, baş verənlərdən
xəbərsiz olduğunu büruzə verir. Tədricən
özünə gəldikdən sonra sevdiyi qızı
soruşur. Həddən artıq sakit və
anlaqsız hala düşmüş oğlunu anası başa
salır ki, Çiçək uzaq dağ kəndinə ərə
gedib.
Bu xəbəri
yadında saxlayan Vahid sabah tezdən,
hardasa, iyirmi kilometr aralıda yerləşən həmin
dağ kəndinə ayaq döyür. Kənddə
soraqlaşaraq Çiçəkgilin evini tapır. Darvazanı döyüb həyətə girir. Vahidin artıq sakitləşdiyini, havalı
olduğunu çoxdan eşidən Çiçək və həyat
yoldaşı onu güclə tanıyırlar. Sevgi qurbanı evə daxil olmaqdan imtina edir. Bu
işdə özünü suçlu sayan Çiçəyin
həyat yoldaşı onun xətrinə dəyməyi
ağlına belə gətirmir. Həyətdəki
iri daşın üstündə oturan Vahid göz
yaşlarını saxlaya bilməyən Çiçəkdən
su istəyir. Çiçək
qaça-qaça gedib ona su və yemək gətirir. Vahid suyu içib bir müddət həyətdə
oturduqdan sonra heç nə demədən, kirimişcə
çıxıb öz evlərinə qayıdır.
Həmin gündən sonra bütün insanlıqdan
küsən, heç kimlə danışmayan Vahid hər
gün piyada Çiçəyi görməyə gedər,
onun verdiyi yeməyi yeyər və geri evlərinə
qayıdarmış. Bu uzun yolu piyada gedib geri qayıdan Vahidin
saqqalı uzanır, ayaqqabıları deşilir, paltarı
sökülür. Lakin insanlardan üz
döndərən bu dəli aşiq Çiçəkdən
başqa heç kimlə kəlmə kəsmir.
Üzünü qırxmaq, paltarını tikmək,
maşına mindirmək, yemək vermək istəyənlərdən
qaçır...
***
Bu əhvalatdan illər keçmişdi. Mən
Rusiyanın Xabarovsk şəhərində idim. Bir gün dostum Elşad da həmin şəhərə
gəlib çıxdı. Məclis
söhbətlərinin birində qəfil Vahid yadıma
düşdü. Soruşdum ki, o dəli
aşiqin axırı necə oldu? "Necə
olacaq?" - Elşad dilləndi. "Son
vaxtlar saç-saqqalı tamam ağarmışdı, beli əyilib
qoca kişiyə dönmüşdü. Keçən il qış yaman sərt oldu, elə yollarda da
öldü Vahid. Dəlikdaşın aşağısında,
qar altından çıxan cırıq
ayaqqabılarının ucunu görüblər, donmuş
meyitini götürüb aparıblar...".
Murad Köhnəqala
Ədəbiyyat qəzeti.- 2019.- 16 fevral.- S.22.