"Ədəbiyyat qəzeti"nin
müzakirə saatı
Cənubi Azərbaycan ədəbiyyatı:
tarixdən bu günə
Müzakirədə iştirak edirlər:
Xalq şairi Sabir Rüstəmxanlı, filologiya elmləri
doktoru, prof. Vüqar Əhməd, filologiya elmləri doktoru
Esmira Fuad Şükürova, filologiya üzrə fəlsəfə
doktoru Pərvanə Məmmədli, AYB Cənub ədəbiyyatı
şöbəsinin rəhbəri Sayman Aruz, "Ədəbiyyat
qəzeti"nin baş redaktoru Azər Turan və filologiya elmləri
doktoru Elnarə Akimova (moderator).
Əvvəli ötən
sayımızda
Elnarə
Akimova: - İranda müxtəlif
vaxtlarda fərqli inqilab dalğaları olub. Zaman-zaman
olan bu inqilablar xalqın özünüdərkində,
özünüifadəsində hansı rol oynayıb? Bunlar nəyə gətirib çıxarıb?
Pərvanə
Məmmədli: - Bəlkə də, Cənubi Azərbaycan
yeganə ölkədir ki, oradakı ədəbi hərəkatlar,
mədəni inkişaflar inqilabla bağlı olmuşdur. Əsrin əvvəllərindəki Məşrutə
inqilabı, Xiyabani hərəkatı, Pişəvəri hərəkatı
və sonuncu, 1978-79-cu ildəki İslam inqilabı. Mən ona İslam inqilabı demirəm, xalq
inqilabı idi, sonradan yönünü İslam inqilabına dəyişdi.
Vüqar
Əhməd: - Yox tarixi faktdır. Onu dəyişmək
olmaz ki. İslam inqilabı idi.
Pərvanə
Məmmədli: - Elmi ədəbiyyatda hər ikisi - həm
1978-79-cu illər İran inqilabı, həm də İran
İslam inqilabı kimi gedir, adı. Məşrutə
inqilabından üzü bəri gələk. Bayaq bir söhbət getdi dil ilə bağlı, ilk əsərlər
haqqında. Şəhriyarın əsəri
böyük rezonans doğurdu, Türkiyədə Məhəmməd
Əmin Rəsulzadə bunu ədəbi abidə kimi dəyərləndirmişdi.
XX əsrin əvvəlində Əsəd Nizam
adlı bir xalq, el şairi Şəhriyarın sonralar
yazdığı bir üslubda şeir yazmışdı.
Vüqar
Əhməd: - Orada xalq şairi statusunu bircə Şəhriyar
alıb.
Pərvanə
Məmmədli: - Xeyr, rəsmi olaraq xalq şairi olmasa da, xalq
içindən çıxan biri idi. Xalq
içində o qədər şeirlər yazırdılar ki.
Məşrutə inqilabı da özüylə
ədəbi hərəkat doğurdu. O dövrdə
satirik şeirlər yarandı. Ona qədər
yox idi, şeirlər daha çox klassik üslubda və
mövzuda yazılırdı. Onlar
artıq Sabirin təsirilə yazırdı. Kimlər var
idi - Əfşarəddin Gilani-Qəzvini, M.Ə.Möcüz,
Sərraf və b. Sonra Xiyabani hərəkatı ərəfəsində,
bura - Azərbaycana gələ bilməsələr də,
Türkiyə ilə əlaqələr var idi və təhsil
üçün oraya üz tuturdular.
Beləliklə də, ilk dəfə olaraq Azərbaycan
şeirləri meydana gəldi. Sonra Həbib Sahirin də
qeyd etdiyi kimi, yeni şeirin əsasını qoyanlardan biri
Tağı Rüfət oldu. Bu dövr şairləri
arasında fars dili ilə ortaya qoyulan
"yeni şeir" anlayışına Azərbaycan şairlərinin
əhəmiyyətli qatqısı olmuşdur. Fars
şeirində köhnə qəlibləri qıran və bu
sahədə yeni bir cığır açan şairlərin
başında Mirzə Tağı Rüfət, Cəfər
Xamneyi və Şəms xanım Kəsmai gəlir.
Pişəvəri hərəkatı zamanında da tam azərbaycanca
yaza bilirdilər, kitablar buraxırdılar. Yəni mən
ardıcıllığı qorumaq üçün bunları
qeyd etməyi özümə borc bilirəm. Keçək suala. İnqilab
dövründən sonra, sanki nisbi azadlıq gəldi. Yüzlərlə qəzet nəşr olundu, bir ildə
200-ə yaxın kitab çıxdı. Cənubi Azərbaycanda
"Sandıq ədəbiyyatı" deyilən bir ifadə
var. 50-60 il ərzində yazılıb
saxlanan əsərlər çap olundu. Bu
özü böyük göstərici idi. Ondan sonra Şəhriyarın təsirilə azərbaycanca
yazılmağa başlandı. Sonra Səhəndin,
Sahirin şeirləri yarandı. Sonra yeni nəsil
yetişdi. İnqilabın ilk illərində on il İran-İraq müharibəsi getdi. Ədəbyyat nisbətən kölgədə
qaldı. Amma Hatəminin hakimiyyətə
gəlişi ilə dəyişiklik oldu. Dünyada
hər zaman gənclər hərəkatların və ədəbiyyatın
önündə gediblər.
Hatəmi
demokratik fikirli adam idi. 1997-2001-ci
ildə Hatəminin prezidentliyə seçilməsi demokratik
ab-hava, ümumən canlanma yaratdı. Azərbaycan
türkcəsində nəşrlərin artmasına zəmin
oldu.
Ondan sonra məktublar yazıldı. 100-dən
artıq tanınmış ziyalının prezidentə
imzaladığı məktub-müraciətlər cavabsız
qalsa da, ictimaiyyətdə geniş əks-səda doğurdu.
Babəkin
doğum gününün hər il Babək
(Bəzz) qalasında qeyd olunması xalq
yığıncağına, yürüşünə, nəhayət,
qurultayına çevrildi.
Azər
Turan: - İstərdim, bu söhbətin axarı daha çox ədəbi
müstəvidə davam etsin. Sizə elə gəlmirmi
ki, bu gün Cənubi Azərbaycanda modern poeziyanın gəlişməsi
daha vüsətlə baş verir. Təəssüf
ki, bu barədə heç danışmırıq. Şəhriyar, Səhənd,
Sahir, Səməd Behrəngi məlum. Amma Bərahani,
Əhməd Şamlu, Füruğ Fərruxzad bizim ədəbiyyatşünaslığın
tədqiqat sferasına daxil olmur. Biz şəxsən
"Ədəbiyyat qəzeti" olaraq buna çox cəhd
edirik. Məsiağa Məhəmmədidən
başqa mən bu mövzularda yazan alimlərə demək olar
ki, təsadüf etməmişəm. Cənubi
Azərbaycanda modernizm dalğası çox
güclüdür. Hətta mən deyərdim,
bizdəkindən güclüdür.
Pərvanə
Məmmədli: - 2000-ci ildən üzü bəri yenə də
modern ədəbiyyat yarandı onun kökündə nə
dayanırdı: təbii ki, dirəniş.
Vüqar
Əhməd: - Pərvanə xanım, modern ədəbiyyat
2000-ci ildən əvvəl yaranıb axı.
Pərvanə
Məmmədli: - Əslinə qalsa, T.Rüfət, C.Xamneyi,
Ş.Kəsmayi, Ə.Lahuti və S.Səlmasi kimi
inqilabçı və yenilikçi şairlərin
yaradıcılığının ardınca bəzi Avropa
müəlliflərinin şeirlərinin fars və Azərbaycan
türkcəsinə tərcümə edilməsi, bəzi fərqli
forma və məzmuna malik əsərlərin yaranması yeni
şeirin hələ 20-ci illərdən yaranmasına ilk
cığırları açmışdı.
İnqilabdan sonra adda-budda yeni şeirlər
yaranırdı. Sonra Qarabağ müharibəsi zamanı
istiqlal, mübarizə ruhlu əsərlər
yazılırdı, burda yeni bir şey yox idi.
Bundan sonra meydana yeni fikirli gənc nəsil gəldi. Ədəbi
meydana çıxan bu gənc şair və
yazıçılar özlərindən öncəki nəsillərdən
fərqli oldu. Bir qismi milli ruh, milli kimliyə
söykənən, o biri qismi isə Qərb təmayüllü,
avanqard şeir yazmağa meyilləndilər. Mövzu bolluğu, fikir sərbəstliyi, üslub
çeşidliliyi ilk sırada nəzəri cəlb edir.
Meydanlarda yaranan döyüş ruhlu poeziya daha çox
şüar, xitab xarakteri daşıyırdı. Milli
oyanış ədəbiyyatı şeiri vətənə,
xalqa siyasətə qulluq etməyə yönəltmişdi.
Klassik poeziya yeni şeirlə əvəz
olunmuş, fərqli ideyalar axarı gətirmiş, ədəbiyyatda
yeni istiqamət yaratmışdı.
90-cı illərdə ədəbiyyata gələn
avanqard nəsil sənət prinsiplərini şüar, tələb,
bəyanatlarla irəli sürən daşlaşmış
mövqeləri birdəfəlik, kökündən
qoparmağa çalışırdı. Bu dövr
şairləri şeirdə düşüncə dəyişiklikləri
yaratmaqla əsərlərində insan, cəmiyyət və
onun problemlərindən bəhs etməklə ədəbi
mühitdə digərlərinə örnək oldular. Bir çox şairlər şeirin formasında dəyişikliklər
etməyə, ideya və məzmunu yeni formada ifadə etməyə
çalışdılar.
Ümumiyyətlə, fikrimcə, ədəbiyyat nə qədər
inqilabi olsa da, lirizm olmalıdı. 2000-ci ilə qədər
əsl ədəbiyyat yaranmamışdı. 2000-ci ildən sonra problemlərini kənara qoyub,
şəxsi duyğularından uzaq yeni ədəbiyyat
yarandı. İranda onlarla yeni ədəbi
cərəyanlar, nəzəriyyələr mövcuddur. Müasir şair və tənqidçilərdən
olan Rza Bərahani Nima Yuşic və Əhməd Şamlunun
şeir və nəzəriyyələrini sintez edərək
"Dil" adlı bir cərəyan, eləcə də yeni
bir nəzəriyyə irəli sürüb.
Esmira
Fuad: - Güneydə modern şeirin hansı səviyyədə
olduğu ilə maraqlandınız. Əruzda
yazılan şeirlərdə, o cümlədən qəzəldə
yeniləşmə, ictimai motivlərə üstünlük
qazandırmaq missiyasını öz çiyinlərinə ilk
olaraq ustad Şəhriyar götürdü və öhdəsindən
böyük uğurla gəldi. Bu uğuru "Behcətabad
xatirəsi", "Türkün dili", "Dərya elədim",
"Naz eyləmisən", "Getmə, Tərsa
balası", "Qaranlıq gecələr",
"İnsü cin" və s. kimi qəzəlləri ilə
təsdiqləmiş oldu. Ümumiyyətlə, təkcə
Şəhriyarın əsərlərində deyil,
bütünlükdə türk şeirində çeşidli
mövzuların yer aldığını, klişe və
standartlardan uzaq şeir olduğunu bilən çağdaş
dövrün Güney şairləri "insan" yaradacaq,
ruhunu təlatümə gətirəcək şeirlər
yazmaq üçün həyatın dibinə enir, məişətin
alt qatını, insanın gündəlik həyatda
yaşadıqlarını, getdikcə gəlişib inkişaf
edən elmin, texnikanın yeniliklərini, hətta mətbəxdə
baş verənləri belə, ütüsüz-boyasız,
tamamilə yeni bir formada modern şeirə gətirirlər... Məhz
bu baxımdan, Nadir Əzhərinin Efe Muradla söyləşi//müsahibəsində
vurğuladığı kimi, dr.Hüseyn Süleymanoğlu
"Bilimsəl şeiri"ni, Ziba Kərbasi "Nəfəs
şeiri"ni, Nadir Əzhəri "Donuq şeir
planı"nı, son zamanlar isə Ərəstu Mücərrəd
keçmiş zəngin və möhtəşəm ədəbiyyat
axınının davamı saydığı və
"Nano//Nanu" adlandırdığı şeirini yazaraq
Güneydə dinamik inkişaf edən yeni şeir alanında
özəl bir tərz yaratdılar... Bu tərzlərin
dayanıqlı və yayğın olması sual
altındadır hələ ki... Ancaq bu
danılmaz faktdır ki, hazırda Güney Azərbaycanın gənc
şairləri "Avanqard şeir"ə daha çox maraq
göstərirlər. Həmin maraq bu
gün Güney Azərbaycanda müqavimət-dirəniş ədəbiyyatının
dinamik inkişafını təmin edir. Düşünürəm
ki, Azərbaycan türklərinin dil və kültürlərinə
qarşı hücumlar davam etdikcə, Güney Azərbaycanda
müqavimət ədəbiyyatı da inkişaf edəcək,
getdikcə daha kəskin xarakter alacaqdır. Doğrudur, İranda Azərbaycan müqavimət
şeiri hələ də bütünlüklə
ayrılıq, həsrət, motivlərindən
ayrılmayıb. Çünki hazırda dünyanın
bir sıra ölkələrində mühacir həyatı
yaşayan bəzi şairlərin doğma yurddan uzaqda vətən
həsrəti ilə qələmə aldıqları şeirləri
də, heç şübhəsiz, bu kateqoriyaya daxildir və
Hadi Qaraçay, Əlirza Miyanalı, Əziz Səlami, Ramin
Cabbarlı, Türkan Urmulu, Nuşin Musəvi,
dr.H.Süleymanoğlu, Şərifə Cəfəri və
başqalarının həsrət şeirləri Vətəndən
ayrılığın cövründən, qürbət
acısından yaranmış ən bitkin poeziya nümunələridir...
Sayman
Aruz: - Siz uzun bir tarixi dövrü xarakterizə elədiz. Mənə elə gəlir ki, biz ona görə burda
deyilik. Ötəri baxmaq lazım idi.
Biz problemlərdən danışmalıyıq,
daha çox nə etməli olduğumuzdan bəhs etməliyik.
Pərvanə
Məmmədli: - Məncə, ədəbiyyatdan
danışırıqsa, ədəbi hərəkatlardan, cərəyanlardan
da danışmalıyıq.
Sabir
Rüstəmxanlı: - Şəhriyarın bir poeması
Güney ədəbiyytına nə dərəcədə təsir
göstəribsə, biz o qədər də Cavad Heyətə
və "Varlıq"a borcluyuq. Onun
üstündən keçmək olmaz. Müstəqilliyin
təməl daşı "Varlıq" və bizdəki bəzi
ədəbi dərnəklər oldu. Mən
onun redaksiya heyətində idim. "Varlıq"la Cavad
Heyət böyük bir iş gördü. Ədəbi
dilin normalarını formalaşdırdı. Güney Azərbaycanda əlifbanı, yazı
qaydalarını normallaşdırdı. Onu
unutmaq olmaz. Çox gözəl
mövzudu. Mən hesab edirəm ki, bu
gün Güneylə siyasi birliyimiz olmasa da, ədəbi
birliyimiz, mədəni birliyimiz olmalı və
qorumalıyıq. Almanların vaxtilə
bir pyesi var idi. Tamaşasını göstərirdilər.
Tamaşa boyu səhnə iki hissəyə
bölünür. Danışırlar, ailə
məsələri həll olunur. Tamaşa
boyu asfalt deşənlər gah o tərəfə gedir, gah bu tərəfə
və sonda, tamaşa bitəndə görünür ki,
aradakı o divar artıq yoxdu. Ədəbiyyatın
işi aradakı bu pərdəni deşməkdir. Biz, əslində, milli düşüncəmizi
Güney ədəbiyyatına, Makulunun romanlarına,
Xoşginabinin əsərlərinə, Söhrab Tahirin
poeziyasına, Xəlil Rza irsinə borcluyuq. Bir sözlə, nə qədər ki, varıq,
Güney məsələsi hər zaman gündəmdə
qalmalıdır. Müqavimət olsa da,
Güneydə Azərbaycan dilində kitab, dərgi həmişə
çıxıb və çıxacaq. Sayman
bəy xeyli kitab çıxarıb. Mən
orada kitab dükanı açmışdım. Xamneyi ilə 3 dəfə görüşmüşəm.
Dedi, ağa mən türkəm, istəsəz türkcə
danışaq, dedim ki, sizə bağlıdı. Heydərbabadan 2-3 bənd oxudu. Dedi bu mənim
ustadım olub, şeiri ondan öyrənmişəm. Nəzərə alsaq ki, orda məktəb yoxdu, amma
onların ana dili sevgisinin qarşısını almaq
mümkün deyil. Bizim burdakı bir
çox problemin həlli ora bağlıdır. Ora rahatlananda, biz də geniş nəfəs
alacağıq.
Esmira
Fuad: - "Şahnamə"dən danışıldı
bayaq. Demək "Şahnamə"də bəhs olunan Azərbaycan
əfsanəsini, həm Rüstəm Zalın, həm də gənc
Söhrabın türkəsilli, ata və oğul olması,
qoca Rüstəmin hiylə işlədərək doğma
oğlunu öldürməsi, bəzən şəxsi istək
və arzuların hər şeydən, qürurdan, ləyaqətdən,
milli mənafedən öndə gəlməsi məsələsini,
Güney Azərbaycanın yaxın və uzaq
keçmişini, tarixini Rza Bərahani "Yurdumun sirləri"
əsərində ən təsirli şəkildə, ali dərəcədə
lirik təhkiyə ilə işıqlandırıb. Yazarın
şeir və romanlarında
Türklük//türkçülük məsələsi
çox qabarıqdır. Mən bu məsələ ilə
bağlı gənc şair və tədqiqatçı
Elşən Böyükvəndin Rza Bərahaninin
"Ayaz", yaxud "Mahmudun Ayazlı günləri və ya
"Ayazın cəhənnəmli günləri" kimi təqdim
olunan romanı haqqında "Fransa ədəbiyyatının
qadın Ceyms Coysu" adı ilə dünyada tanınan Helena
Siksosun fikirlərinə söykənərək etdiyi
açıqlamanı xatırlatmaq istəyirəm: "Rza Bərahaninin
"Ayazın cəhənnəmli günləri"
romanını oxuduqdan sonra o, öz düşüncəsini
bu cümlələrlə ifadə etməyə
çalışmışdır: "Oxumaq həyatında
yeni bir əsəri bulmaq çox çətin və nadir bir
hadisədir, bir sevgili ölünün qəbirdən baş
qaldırıb dirilməsi kimi bir şeydir. O gün insan ədəbiyyatın
həqiqi gücünə inanır. Məncə, hər 10, ya
da 5 ildə belə bir hadisəyə tanıq ola
bilərik. Mənim üçün qiyamət
günü idi. "Ayazın cəhənnəmli
günləri" romanını oxuduğum zaman elə bir
günü yaşadım. Cəhənnəmin
özünü təcrübə etdim. Əsl
cəhənnəm idi. Belə əsərləri
oxumaq mənim üçün dözülməzdir.
Yazarın iç dünyasından qaynayıb axan əsəri
oxumaq məni işgəncə edir. Bax, Rza Bərahaninin
bu əsəri mənə cəhənnəmin nə
olduğunu yaşatdı. Rzanın cəhənnəmi
gözəl və baxımlı bir saraydır, İran,
türk və Batı arxivləri ilə doludur. Ensiklopedik bilgilər və xatirələr
yığınıdır, başlanğıcı moderndir.
Cəhənnəm deməli idim, gözəl cəhənnəmlər,
ona görə ki, Rza dünyasının hər tərəfindən
cəhənnəm alovlanır. Dustaqların
şeirini yazır və ailədə baş verən cinayətləri.
Rza çox böyük şair və xəyalsevər
bir müəllim olmaqla bərabər, ədəbiyyat
insanıdır. O, dünya söz sənəti
sehrbazları və yeni azadlıq yaradıcıları cərgəsinə
daxildir...". Və Elşənin də
vurğuladığı ən önəmli məqama sizlər
də şahid olun: "Fransanın böyük femenisti və
yazıçısı olan Helene Sixous Rza Bərahaninin əsərlərindəki
Türklük içəriyini sezirsə, nədən bizim bir
sıra yazarlarımız bunu sezə bilmir və yaxud sezmək
istəmirlər?
Sayman
Aruz: - "Şahnamə" türk əfsanəsi əsasında
yazılmışdı.
Azər
Turan: - "Şahnamə" ilə yaşıd olan
"Divani lüğət-it-türk"ümüz var.
"Şahnamə"nin
yamanladığı Əfrasiyabın - Alp Ər Tonqanın
haqqında bizim ədəbiyyatımız hələ də
ortaya heç bir bədii mətn qoymayıb.
Elnarə
Akimova: - Sabir müəllim ədəbiyyatın sərhədsizliyi
məsələsinə toxundu. Bu gün bizim aramızdakı
bu missiyanı Söhrab Tahirdən sonra kim
yerinə yetirir?
Sayman
Aruz: - Sabir Rüstəmxanlının çox dəstəyi
oldu ki, biz bu işi yarada bildik. Əgər cavan
nəsilləri deyirsizsə, burada bu işi biz yerinə
yetiririk. Yazıçılar
İttifaqında Cənub ədəbiyyatı deyilən
xüsusi komissiya var. Biz orada işləyirik. Quzeydə yaşayan şair və yazarların son illərdə
57 kitabını çıxarmışıq.
Elnarə
Akimova: - Kimlərin kitablarıdır bunlar?
Sayman
Aruz: - Çox kitablar var: Anar müəllimin 7 kitabını,
Fikrət Qocanın, Elçinin, Kamal Abdullanın, Afaq Məsudun...
Eləcə də bir sıra gənc şairlərin
kitablarını o əlifbaya uyğunlaşdırıb
çap etmişik. Sabir müəllimin
kitablarını icazə vermirlər.
Vüqar
Əhməd: - Sayman bəy, yaxşı faydalı işdir. Lakin növbəti illərdə
Yazıçılar Birliyinin məsul şəxslərini yox,
digər şairlərimizi də çap edərsiz.
Sayman
Aruz: - Xeyr, heç də elə deyil. Yusif Səmədoğlunun
"Qətl günü", Sevinc Pərvanənin, digər gənc
yazarların kitablarını nəşr etmişik. Bizdə şeir antologiyası, Cənubi Azərbaycan
qəzəl antologiyası çap olundu. Ümumən,
57 kitab Cənubda, 25-26 kitab da bu tayda nəşr etmişik.
Azər
Turan: - Bəxtiyar Vahabzadə şübhəsiz ki,
"Gülüstan" yazarı olaraq Təbrizdə də,
Bakıda da Azərbaycan ədəbiyyatının əfsanəsiydi.
Tutaq ki, bu gün təbrizlilər bilirmi ki,
onların Bakıda ortaq ayrılığımızın
ağrısı ilə yaşayan Sabir Rüstəmxanlı
kimi böyük şairləri var və bu şair bizim
olduğu qədər də onların şairidir?
Esmira
Fuad: - Sabir Rüstəmxanlı meydan hərəkatında,
milli mübarizə tariximizin 1980-1990-cı illər mərhələsində
aktiv iştirakına görə daha çox tanınır.
Elnarə
Akimova: - Bayaq Sayman bəy təkliflər məsələsinə
toxundu, nə edə biləcəyimizlə bağlı məsələlərə
toxunmaq istədi. Buyurun!
Sayman
Aruz: - Bu qədər kitablar nəşr edirik, amma maddi dəstək
yoxdur.
Vüqar
Əhməd: - Sayman bəy, bəyəm bizə maliyyə dəstəyi
var? Biz də öz hesabımıza
kitablarımızı çıxarırıq, onların əsərlərinin
kitablarını tanıdırıq, çap edirik.
Sayman
Aruz: - Hazırda öz şəxsi kitablarımı çap
etdirməyə imkan tapa bilmirəm. Əgər öz şəxsi
yaradıcılığımla məşğul olsam, ictimai fəaliyyətlə
məşğul ola bilməyəcəm. Demək, bizə böyük bir qurum lazımdı
ki, sistemli şəkildə fəaliyyət göstərsin.
Jurnal lazımdı, onun maliyyələşdirilməsi
lazımdı. Bunların hamısı
Yazıçılar Birliyinin daxilində mümkündür.
Yəni Yazıçılar Birliyi daxili
imkanları ilə bizə bu şəraiti yarada bilər.
Məndən qabaq Balaş müəllim məşğul
idi. Mən onunla tanış olanda 89
yaşı var idi. Yaxud Söhrab Tahir. Yaşlı
nəsil idilər, onları əvəz edə biləcək
kadr yox idi. Bu gün isə var. Bu həqiqətdir
ki, Cənubi Azərbaycan bizim əsas gücümüzdür.
Yıxılsaq da ordan yıxılacağıq,
böyüsək də ordan böyüyəcəyik. Bu gün Sabir müəllim də təsdiqləyər
ki, Cənubi Azərbaycan gənclərinə ədəbi, mədəni
baxımdan yiyə durmasaq, ədəbiyyatımıza sahib
çıxmasaq başqaları onu öz məqsədləri
üçün istifadə edəcək. Bacarır,
hər şeyi var, hər vasitədən istifadə edəcək
ki, onları bizdən uzaqlaşdırsın. Hazırda hər kəs bizə tərəf
meyillidir. Hamısı Azərbaycana
baxır, izləyir, biz onları narahat qoymayaq, dəyərləndirək,
mən təklif etdim ki, heç olmasa ildə bir cənublu
yazara təqaüd verək.
Elnarə
Akimova: - Yaxşı təklifdir.
Esmira
Fuad: - Amma müəyyən səbəblər üzündən
heç bizim institutlara, akademiyaya gəlib doktoranturaya qəbul
olan da yoxdur. Əslində, Güneydən elmi
kadrların hazırlanması məsələsi gündəmdə
olmalıdır. Çünki onlar ərəb və fars dillərini yaxşı bildiklərindən,
qədim əlyazmaları oxuyub sanballı araşdırmalar
apara bilərlər...
Sayman
Aruz: - Cənublu gənclərə siyasi nəzərdən
baxmaq yanlışdır, biz onlara ədəbi-mədəni
birlik nöqteyi-nəzərindən baxmalıyıq. Bu gün bunların bərpasına ehtiyac var.
Elnarə
Akimova: - Əslində, xalqın yaxınlaşması
üçün də bir vasitə olar.
Sayman
Aruz: - Mən özüm üçün demirəm, məndən
sonrakı nəsil üçün deyirəm,
çalışıram. Heç olmasa bizdən
sonrakı nəsillər daha yaxın, daha iç-içə
olsun.
Sabir
Rüstəmxanlı: - Sən gözəl bir mövzuya
toxundun. Mən bir müddət Bakı-Təbriz
jurnalı buraxdım.
Pərvanə
Məmmədli: - Çox da yeri görünür.
Vüqar
Əhməd: - Sabir bəy mənim çox
yazılarımı verib orda.
Sabir
Rüstəmxanlı: - Amma baxdım ki, kifayət qədər
rezonans doğurmadı. 10 min tiraj nəzərdə
tutmuşdum. 500 buraxdıq, gördüm
alınmır. İnsanlarda çox
ölüvay ruh yaranıb. Mən onu yenidən
bərpa etmək haqqında düşünürəm. Amma Yazıçılar Birliyində Güney Azərbaycanla
bağlı katibliyin yaranmasını mütləq hesab edirəm.
Çünki ədəbi təsir var. Ya
akademiyaya bağlı, ya ondan kənarda Güney Azərbaycanla
bağlı institut-tədqiqat mərkəzi yaranmalıdı.
Əslində, akademiya daxilində
ayrı-ayrı institutların tərkibində müxtəlif
şöbələr şəklində var. Tarix, Ədəbiyyat
və bir neçə digər institutda var. Hamısı bir
yerə yığılmalıdır. Mətbuat
orqanı olmalıdır. Bu, İranla
münasibətlərə təsir etmir. İranın
burada 30 mədəniyyət mərkəzi var. Biri də bununla
bağlı olsun da, Güney Azərbaycanı İnstitutu
yaradaq ki, elmi tədqiqatlarla məşğul osun. Təəssüf ki Güney Azərbaycanın əhalisinin
böyük bir hissəsi dünyanın müxtəlif ölkələrində
yaşayır. Diaspor işini inkişaf
etdirməliyik ki, xaricdə onlarla əlaqələrimizi
yaxınlaşdıraq. Bu məsələyə
diqqət yetirmək olar. Bu yaxında
Türkiyədə Avropada fəaliyyət göstərən
türk partiyalarının siyasi yığıncağı
oldu. Mən orda iştirak etdim. Ankarada İran platformu, Güney Azərbaycanlıları
platformu yaranıb. O cümlədən Cavad Heyətin
oğulluğu Məmməd Rza Heyəti ilə tanış
oldum. Yeni nəsil siyasətçilər,
cavanların fəaliyyəti çox xoşuma gəlir. Onlarla tanışlıqdan məmnun oldum, standart
düşüncədən kənar olmaları. Və s.
Elnarə
Akimova: - İndi istərdim ki, Cənub ədəbiyyatının
müasir vəziyyətindən danışaq. Modernləşmə
dalğası, dünyadakı ədəbi proseslərin onlara
təsiri nə vaxtdan başlayıb və hansı şəkildə
gedib?
Sabir
Rüstəmxanlı: - Bu dəqiqə dünyanın kino sənətində
İran kinosu xüsusi yer tutur. Kim o sahə ilə
məşğuldursa, çox hörmət edirəm və
alqışlayıram.
Sayman
Aruz: - 2006-cı il may hadisələrindən
sonra orada xalq hərəkatı başladı. Onu
yaradan "Həmşəhri" qəzetində türklərə
qarşı mübarizə, tarakan və ya üs deyilən
karikatura ortaya çıxdı. Ondan sonra,
bu xalq hərəkatından sonra milyonlarla insan küçələrə
axın elədi. Türk dilində
yazmağa meyil elədi. Eyni zamanda fars
dilində yazanlar Azərbaycan dilində yazmağa
başladılar. Bu gün həmin şeirlər
artıq yeni şeiri təşkil edir. Hazırda
Təbriz cəmiyyətinin 95 faizi türkcə
danışır və yazır.
Elnarə
Akimova: - Son olaraq, Cənub ədəbiyyatının öyrənilməsinin
hansı səviyyədə olması məsələsinə
də toxunaq.
Esmira
Fuad: - Mirzə İbrahimovun rəhbərliyi ilə
yaradılan Cənub ədəbiyyatı şöbəsi ədibin
o vaxtkı komandasının və şöbəyə
sonradan gəlmiş əməkdaşların səyləri ilə
bugünkü səviyyəyə çatdırılıb. Bugünkü duruma baxdıqda deməzdim ki, Cənub
ədəbiyyatının öyrənilmə səviyyəsi
aşağıdır. Amma görülən
işlər kifayət deyil. Əlbəttə,
35-40 milyonluq xalqın ədəbiyyatını 10-15 nəfərlik
işçisi olan şöbənin mükəmməl şəkildə
öyrənməsi mümkün deyil. Cavanlar
bu işlə daha sistemli məşğul olmalı, ədəbiyyatımızın
sərhədləri aşaraq dünyaya
çatdırılmasına xidmət göstərməlidirlər.
Bunun üçün xüsusi mərkəzin olması daha
yaxşı olardı...
Vüqar
Əhməd: - Belə bir fikir irəli sürdük ki, vaxti ilə
Mirzə İbrahimovun rəhbərliyi ilə çap olunan 4
cildlik antologiyanı genişləndirib 7 cildlik edək. Demək olar ki, işin əsas hissəsi
görülüb. Şöbə əməkdaşlarının
köməkliyi ilə bu cildlər artıq hazırdı.
Sözlərimi Abdulla Şaiqin misraları ilə bitirmək
istərdim:
Həpimiz
bir yuva pərvərdəsiyik
Həpimiz bir günəşin zərrəsiyik.
Pərvanə
Məmmədli: - Çox gözəl təkliflər, fikirlər
deyildi. Amma bizim öhdəmizə düşən
işlərdən danışmaq istəyirəm. Mən Akademiyanın illik yekun müşavirəsində
Cənub ədəbiyyatını təqdim etməyə məsulam.
Lakin kitab problemimiz var, istərdim ki, müəlliflər
öz kitablarından bizə göndərsinlər, biz də
onları təqdim edə bilək. İkincisi,
üzüm tənqidçilərə, ədəbiyyatçılaradır.
Hələ də Güney ədəbiyyatı
ilə aramızda müəyyən maneələr, baryerlər
var. Əlifba, dil, ləhcə və s. kimi. Bizdən başqa o taydan xəbəri olan yoxdur.
Mən mətbuatda çıxış edirəm,
tanıtma, təbliğ aparıram. İstərdim
ki, bizim kitabları, antologiyanı oxusunlar, o ədəbiyyatdan
da xəbərdar olsunlar. Bu haqda fikirlər
bildirilsin.
Sayman
Aruz: - Cənub məsələsi mənim üçün
milli bir məsələdir, vətənpərvərlik var
kökündə. Bu işə maddi qazanc kimi
baxmıram. Dərin qatında dövlətçilik
məsələsi var, Azərbaycan dövlətçiliyinin
maraqları var. Buna ciddi yanaşmaq lazımdır. Sistemli şəkildə fəaliyyət göstərməliyik.
Burada yığışmağımız da bu
məsələyə ciddi maraq, qayğının
olmasını sübut edir. Ona görə
də birləşək, tələb və təkliflərimizi
bildirək. Biz ziyalılar bu işdə
mübariz olmalıyıq.
Esmira
Fuad: - Bu günədək Güney ədəbiyyatı ilə
bağlı üç monoqrafiyam: "Muhammed Hüseyin
Şehriyar. Edebi çevresi, yaşamı, eserleri" -
Türkiyə türkcəsində İstanbulda, "XX əsr
Güney Azərbaycan epik şeiri", "Güney Azərbaycanda
çağdaş ədəbi proses", üç
antologiyam: "Sözdən asılan arzular - XX əsrdə
Güney Azərbaycan poemalarından ibarət Antologiya (848 səh.)",
"Urmu türkün ilk beşiyi, sevgi ocağı - Urmu
şeir antologiyası (376 səh.)",
"Günümüzün Güney Ədəbiyyatı
Antologiyası (1032 səh.)" çap olunub. Hadi
Qaraçayın, Ərgin Əvşarın, Rəsul Qədirinin,
Saleh Səccadinin əsərlərini çapa
hazırlayıb ön söz yazaraq nəşr etdirmişəm.
A.Danişvər, R.Bərəhani, İ.Ülkər,
M.Haray, H.Cəfəri və digər yazarların əsərlərini,
ömür vəfa eləsə, ayrıca kitab kimi çapa təqdim
etməyi planlamışam. Artıq
düşünürəm ki, saytların, virtual
kitabxanaların yaradılmasının vaxtı gəlib
çatmışdır. Odur ki,
"Günümüzün Güney Azərbaycan Ədəbiyyatı"
saytını yaratmaq fikrini irəli sürmüş, layihəsini
işləyib təqdim etmişəm... Həmçinin
Güneydən gəlmiş tələbələrdən elmi
kadrlar hazırlanması məsələsini də diqqətdə
saxlamalıyıq.
Sayman
Aruz: - "Güneyin səsi", "Güney news" kimi
saytlar açdıq, lakin maddi dəstək
olmadığından bağlandı.
Azər
Turan: - Əslində, saytların olması virtual şəkildə
də olsa ədəbiyyatların yaxınlaşmasına vəsilədir.
Hər halda, bu söhbətimizi ədəbiyyatqazeti.
az saytı vasitəsilə Cənubdakı
soydaşlarımız da oxuyacaq...
Elnarə
Akimova: - Cənub ədəbiyyatı bitmək bilməyən,
dərininə vardıqca şaxələnən mövzudur. Güman edirəm bu gün mövzunu bəzi aspektləri
ilə gündəmə gətirə bildik. Hər birinizə təşəkkür edir,
uğurlar diləyirik.
Ədəbiyyat qəzeti.- 2019.- 16
fevral.- S.16-18.