Möhtəşəm ahəng
II məqalə
Türkiyə Cümhuriyyəti Ərdahan
Universiteti, Türk dili və ədəbiyyatı
fakültəsi, Çağdaş
türk dilləri və ədəbiyyatları
kafedrasının doktorantı
Aynur Beşkonak Kamal Abdulla yaradıcılığını
tədqiq edir. Onun "Möhtəşəm ahəng"
yazısını təqdim
edirik.
İnsan
başda insan olaraq bütün canlılara ev
sahibliyi edən təbiətin bir parçasıdır. Təbiətdə mövcudluğunu tapan insan ekosistemin bir hissəsi, təbii təkamülün
davamıdır. İnsan təbiətlə
müntəzəm şəkildə
qarşılıqlı təsirdədir,
onunla cismən və ruhən bütövlük təşkil
edir. Həm mənəvi rahatlıq,
həm də cismani sağlamlıq baxımından insan məhz təbiətdə
xoşbəxt olur.
İnsan
üçün hüzur,
səadət təbiətdədir,
hansı ki, özü də onun ayrılmaz bir parçasıdır.
Təbiətin bir hissəsi
olan insan ətraf mühitdən asılıdır. İnsan fizioloji
xüsusiyyətləri ilə
yanaşı, mənəvi
ehtiyacları üçün
də təbiətin çəkdiyi sərhədlərdən
kənara çıxmağı
bacaran zəkaya malikdir. İnsan bəşər tarixinin
ilk dövrlərində təbiətin
qoyduğu sərhədlərdən
kənara ayaq basmadan həyatını davam etdirsə də, zaman keçdikcə zəkası
ilə qismən təbiətə hökm etməyi bacarmışdır.
Ətraf
mühitlə daim qarşılıqlı əlaqədə
olan insan övladı ətraf mühitə uyğunlaşmaqla
yanaşı, onu öz ehtiyaclarına uyğun dəyişdirmişdir.
Bəşəriyyətə xidmət edən
bu dəyişiklik insan zəkasının nəticəsi olsa da, kainatda elə
bir tarazlıq və ahəng mövcuddur ki, onun insan ağlı
və məntiqi ilə qavranılması mümkünsüzdür.
Möhtəşəm tarazlıq və ahəngin mövcud olduğu kainatda qüsursuz bir sənət, təbiətin
ahəngi və simmetriyası vardır. İstər canlı
və cansız maddələrdən təşəkkül
tapan varlıq, başqa sözlə, təbiət olsun, istərsə də kosmosdakı hər şeyi ehtiva edən kainat, hər ikisində ayrı-ayrılıqda və
bir-biri arasında nizamlı və bütöv bir harmoniya mövcuddur. Günəşin hər gün Şərqdən doğub Qərbdə batması, gecə ilə gündüzün bir-birini izləməsi, dünyanın öz oxu ətrafında fırlanması, mövsümlərin
müəyyən qayda
ilə dəyişməsi,
yağışın və
qarın əmələ
gəlməsi, insan bədənindəki orqanların
bir-birilə harmonik şəkildə işləməsi,
kəpənəyin qanadlarındakı
eyni rəngdə naxışların simmetrik
olması, dəvənin
qızmar səhra şəraitinə uyğun
yaradılması kainatda
mövcud nizamı göstərən hadisələrə
nümunədir. Yer üzündə,
göy üzündə
və hər ikisi arasındakı harmonik fəaliyyət özbaşına, öz-özünə
mümkün deyildir.
Bütün bu harmoniya fövqəlqüdrət sahibi
Allahın qüsursuz yaratmasının əksidir.
Fəaliyyəti və harmoniyası
ilə insanı heyrətə gətirən
bu sistem Yaradanın əsəri kimi izah oluna
bilər.
Möhtəşəm ahəng anlayışı
ümumbəşəri harmoniyanın
bir təzahürü
şəklində Kamal
Abdullanın həyata
baxışının məhsulu
kimi "Unutmağa kimsə yox" romanında canlı cizgiləri ilə əksini tapır. Kamal Abdulla bu
məfhuma romanın əsas personajı F.Q. vasitəsilə aydınlıq
gətirir. İnsan və
kainat arasında əlaqə haqda daima baş yoran F.Q. əksər insanlardan fərqli olaraq, təbiətin mahiyyətini başa düşür, ona bir məna verir
və təbiətdəki
qeyri-adi ahəngin fərqinə varmağı
bacarır. İnstitutda keçirilən
iclasda Çiçəkli
Yazını oxumaq üçün kəndə
kimin göndərilməsi
müzakirə edilərkən
F.Q. də çıxış
edir və onun çıxışının
mahiyyətini məhz möhtəşəm ahəng
təşkil edir.
O, iddia edir ki, açar sözü ancaq yazının tapıldığı
mağaranı, mağaranın
yerləşdiyi dağı
və dağın ətəyindəki kəndi
bir bütöv kimi araşdıraraq tapmaq mümkündür. Onun fikrincə, bunların hamısı ümumbəşəri
möhtəşəm ahəngin
içindədir və
yazı ilə bunların əlaqələrini
araşdırmaq lazımdır.
F.Q.-yə görə,
"Çiçəkli yazı
bu ahəngin bir həlqəsi idi" (UKY: 255). F.Q.-nin möhtəşəm ahəng mövzusundakı
fikirləri Patriarxa da inandırıcı gəlir. O da açar sözün möhtəşəm ahəngdə
axtarışını məntiqli
hesab edir.
F.Q. möhtəşəm ahəng adlı bir bütövün, sistemin var olduğuna
inanır. Bu inamda,
bəlkə də, sehrli auraya bürünən
dağın, mağaranın,
kəndin təsiri də vardır. F.Q.-yə görə,
möhtəşəm ahəng
kainatın uzaq ulduzlarından üzü ləkəli Aya, Qarağaca, vızıltıyla
uçan arıya qədər hər şeyi ehtiva edir. F.Q. insanları bu ahəngdən kənarda görür:
"Niyə, niyə adamdan kənarda nə varsa hər
şey bu boyda ahəngin içində var ola bilir?
Bəs
biz, biz nə üçün
bu ahəngdən kənardayıq, niyə, görəsən, ona qovuşa bilmirik!"
(UKY: 42) O, hər zaman
özünü bu Möhtəşəm Ahəngin
içində hiss etməyə
çalışsa da,
buna yalnız bir dəfə, Çiçəkli Yazının
tapıldığı mağarada
müvəffəq olur.
"F.Q. həyatında ilk dəfə idi ki, girdiyi bu
qaranlıq mağarada
özünü möhtəşəm
ahəngin bir həlqəsi kimi hiss etdi. Ondan sonra ancaq boşluq vardı. Bu boşluğu doldurmaq,
bu zalım yazını hökmən
çözmək lazımdır.
Açar söz! İndi ən vacib olan budur"
(UKY: 179).
F.Q. Bəhram əmi
ilə eyni qəribə yuxunu gördükdən sonra ona elə gəlir
ki, dünyanın o günədək var olan nizamında nələrsə pozuldu. O, bu nizamsızlıqda möhtəşəm
ahəngi günahlandırır;
"möhtəşəm ahəng bəs hara baxır, belə bir tənasübsüzlüyə
necə yol verir, nəhayət, necə dözür! Bu da ahəng!"
(UKY: 408) F.Q. kəndə gələndən bəri
buradakı yağışların,
sanki aşağıdan
yuxarı doğru yağdığını hiss etsə
də, buna bir məna verə
bilmir. Bəhram əminin ölümündən
sonra yağış yuxarıdan aşağıya
doğru yağmağa
başlayır. F.Q. bunu
möhtəşəm ahəngin
"mərifəti" hesab
edir: "möhtəşəm ahəng,
nəhayət ki, hər şeyi yerli-yerində düzmüşdü.
Yağış bu gecə yuxarıdan aşağı yağırdı"
(UKY: 483). F.Q. ətrafında
cərəyan edən
ahəng və ahəngsizliyə, nizam və nizamsızlığa
görə möhtəşəm
ahəngin məsuliyyət
daşıdığını düşünür. Vəng
kəndindən qayıtdıqdan
sonra da F.Q.-nin fikri-zikri
orada olanlarda qalır. Bu ziddiyyətli düşüncələr onun
fikirlərini alt-üst
edərək fərqli
nəticələrə aparıb
çıxarır:
Su, yazı, dağ,
mağara, ağac, köpək və qadın. Onların hamısı bir-birinin
yanında, bir-birinin içində, bir-birinin cəmi kimi hərdən mənə möhtəşəm ahəngi
xatırladır, hərdən
də yox. Möhtəşəm ahəng!.. Onu axtarmaq əbəs
imiş. Özünü
sənin yuxuna, xəyalına sala bilər - bu qədər! Öz varlığını, bütün
hər şeyin cəmi olduğunu iddia edə bilər - amma! Her şey necə
də sadədən sadə imiş. O qədər sadə ki, gözə də görünmür. Gözə görünməyənsə,
deməli, yoxdur! Mənsə ona inanmışdım.
İndi artıq mən dəqiq bilirəm: Möhtəşəm
ahəng məni aldadıb (UKY: 514).
Bir vaxtlar varlığına inandığı
möhtəşəm ahəng
F.Q.-ni aldatmışdı. O, sonda möhtəşəm ahəngi
axtarmağın mənasız
olduğunu, möhtəşəm
ahəngin yalnız insanın yuxusuna, xəyalına girdiyi, həqiqətdə isə
olmadığı nəticəsinə
gəlir. Əsərin sonunda F.Q.-nin
gündəliyindən aydın
olur ki, hər şeyi əhatə edən, hər şeyin kompleksi kimi görülən və
F.Q.-nin kəşfi sayılan möhtəşəm
ahəng F.Q.-nin xəyalları imiş.
Aynur Beşkonak
Ədəbiyyat qəzeti.- 2019.-
16 fevral.- S.19.