"Əbdürrəhim bəyin cənnət
səyahəti.Tiflis"
Hər kəsin həyatında
təkrarlanan hadisə olur. "Tale"
elə budur.
Marina Svetayeva
İstənilən
bioqrafiyanın yaradılması (yazılması) sakral
aktdır - bioqraf "qurbangah" qurur, müvafiq materialı
seçib bir obrazın ətrafında yığır...
Əbdürrəhim
bəy Haqverdiyevin bioqrafiyasının öyrənilməsi
istiqamətlərindən biri də ilkin şəxsi mətnlərdə
- xatirələrdə, məktublarda, əsərlərin və
s. gerçəkləşən (avto) bioqrafik təxəyyülün
formaları modulları, registrləridir.
(Avto) bioqrafik təxəyyül yaşantıların və
şəxsi təcrübə formasının bərpa
olunmuş tekstual ifadəsidir.
Əbdürrəhim bəy Haqverdiyevin bioqrafik təxəyyülündə
məkan mifologiyası cəhənnəm-cənnət semiotik
bölgüsünə uyğun gəlir. Əbdürrəhim bəyin
bədii mətnlərində Şuşa, Gəncə,
Şamaxı, Bakı
"Maralların" yaşadığı yer kimi
qeyd olunur. Dəccəlabad, Veylabad müsəlman
məkanının simvolik ümumiləşdirilmiş
adıdır. Onun coğrafi təxəyyülündə
müsəlman şəhərləri cəhənnəmi,
Tiflis isə cənnəti təmsil edir.
Tiflisi hər bir xatırlama. Tiflislə hər xəyali
görüş Əbdürrəhim bəyə ekzistensial məkan
təcrübəsi qazandırır. Xüsusən
Əziz Şərifə yazdığı məktublarda Tiflis
gerçək və xəyali bir məkan kimi dəfələrlə
canlanır. Bu xəyali-simvolik məkan
Şuşanın, Bakının obrazını onun təhtəlşüurundan
ya tamam sıxışdırır, ya da müvəqqəti
unutdurur... Bəlkə də, təsadüfi deyil ki,
"Ağa Məhəmməd şah Qacar" pyesində
qaniçən şahın Şuşaya (Qalaya) divan
tutmasından çox, sanki Tiflisin yağmalanması,
yandırılması onu ağrıdır:
"Bəh,
bəh, bəh!.. Nə gözəl
çıraqbandır! Yan, ey Gürcüstanın
gözünün nuru, şairlər təbinin mayəsi
gözəl Tiflis! Yanginən, ta hurilərin
gül çöhrəsinə bənzər şölən
asimana bülənd olsun. Yanginən ta afitabi-aləmfruz və
cahangərd dastanın dünyanın hər qitəsinə
yetirsin! Yanginən, ta ğuludlar səyyahları humaylar
tamaşaya gəlsinlər! Sən də tamaşa et, ey uzaqdan almaz tək parıldayan Qaf
dağı! Bu yanan sənin ürəyindir! Tamaşa elə,
ey qoca Şeyx Sənan! Gələcək zamanlarda ziyarətinə
gələnlərəTiflis macərasını nağıl et! Qoy cəmi dünyada, yerlərdə,
göylərdə zərbidəsti-Ağa Məhəmməd
şah Qacar dillərdə söylənsin".
Əbdürrəhim bəy Tiflisi o qədər sevirdi ki,
bu şəhər şüuraltı obrazların etibarlı mənbəyinə,
onun qayıtmaq istədiyi qutsal məkana çevrilmişdi. O bu şəhərin "qəstinlərini",
aktyorlarını, cavanlarını, qadınlarını
çox sevir. 7 may 1927-ci ildə Əziz Şərifə
yazır: "Hər növ olsa, məktubunu artıq maraqla
oxuyub ayağa çıxınca özümü Tiflisdə
hiss elədim, bu da mənə bir ruhani ləzzət verdi. Mənim günlərimin
gözəlləri, cavanlığım Tiflisdə
keçdiyindən, o şəhərə mənim xüsusi məhəbbətim
var". Personajlarının dili ilə bu
sevgini açıq etiraf edir. "Keçmiş günlər"
hekayəsində Süleyman bəy Qurbanbəyovun nostalji
duyğularını bu baxımdan anlamaq olar: "Axı,
gözəl Tiflis! Hanı səndə çəkdiyim keflər,
gördüyüm günlər, ağrılarını
aldığım nazənin sənəmlər! Sən
ölsən, Qasım yüzbaşı, bu zalım oğlunun
şəhərini könlüm belə istəyir ki, dildə
mümkün deyil. Budur, neçə ildir ha
çalışıram ki, heç olmasa gedim gendə də
olsa, o kef çəkdiyim mehmanxanalara tamaşa eləyim...".
Yaddaşındakı yerlərə "toxunmaq
üçün, yenidən xatırlamaq üçün imkan
düşdükcə bu şəhərə gəlmək istəyir. Bu şəhərlə
bağlı nə varsa, ona doğmadır. 1916-cı ildə Şuşada Realnı məktəbi
bitirib. Ağdamdan Tiflisə ilk gəlişi
yadındadır. İki il yarım
(1916-1919) Tiflisdə, Tiflis yaxınlığında Şulaver
qəsəbəsində yaşayıb. 1918-ci
ilin sentyabrında Gürcüstan parlamentinə nümayəndə
seçilib. Peterburqdan "Molla Nəsrəddin"
redaksiyasına getməsini də yaxşı xatırlayır.
Tiflis dram yaradıcılığının təməli
də bu şəhərdə qoyulub. "Tərcümeyi-halı"nda
özü də qeyd edir: "Mükəmməl dram teatrı
nə olduğunu mən Tiflisdə anladım. Tiflisdə
təhsil edərkən "Nahaq qan" sərlövhəli
bir faciəni ruscadan tərcümə etdim". Tiflis Azərbaycan
Teatrının, Türk Dram Cəmiyyətinin işlərində
fəal iştirak edib. Bir çox səhnə əsərləri
bu şəhərdə tamaşaya qoyulub.
Ədəbi yaradıcılığının 40 illiyi
də bu şəhərdə keçirilib. Həmin
möhtəşəm yubiley təntənəsini heç vaxt
unutmadı. "Tiflis cavanlarının, əhalisinin,
aktyorlarının, təşkilatının, sənin və
Rzaqulunun qulluq eləməkdən təngə gəldiyiniz
qiyamətədək mənim xəyalımdan getməz"
(28 aprel 1932-ci il). Onda Tiflis təntənəsi
Bakının xətrinə dəymişdi, yəni Azərbaycan
yazıçısının yubileyi niyə yad ölkədə
keçirilib... "Söz yox ki, Tiflis təntənəsi"
Azərbaycanda mümkün deyil və o təntənəni mən
görməyəcəyəm".
Onu Tiflisə çəkən mistik qüvvə sevimli
ustadının - Mirzə Fətəlinin müqəddəs
ruhu idi.
1927-ci il dekabr - 1928-ci ilin yanvar-fevral
aylarında bütün fikri-zikri Mirzə Fətəlinin
yubileyidir. Mütəfəkkirin nəvəsi Fətəlini
"yola gətirmək üçün" Tiflisdəki
yaxın dostlarına (əsasən Əziz Şərifə,
Rzaqulu Nəcəfova) məktublar göndərir, onları
israrla bu gərəkli işə sövq edir. 15 dekabr
1928-ci il tarixli məktubunda Əziz Şərifə
yazır: "Ancaq səndən xahişim budur: Rzaqulu ilə
bahəm Fətəlini görüb ondan xahiş edəsiniz
ki, babasının mükəmməl tərcümeyi-halı
yazılmaq üçün o arxivi bir həftənin müddətində
mütaliə üçün mənə versin. Əgər razı olsa, mən yanvar tətilində
bir həftəliyə, ya on günlüyə Tiflisə gəlib,
sənin və Rzaqulunun köməyi ilə mühüm səriştələrdən
surət alaram. Mirzə Fətəlinin mükəmməl
tərcümeyi-halı, dost-aşna ilə əlaqəsi,
irsal-mərsulatının cəm olub ortalığa
çıxması nəinki yubiley komisyonuna, bəlkə tamam
insaniyyətə və tarixə lazımdır...".
Yubileylə bağlı bəzi məsələlərin
həlli gecikdirildiyindən Əbdurrəhim bəyin deyilən
vaxtda Tiflisə gəlişi də təxirə
salınırdı. "Belə görünür, mənim
Tiflisə ezam olmağım qaldı ay batandan sonraya..." - məktublarının
birində narazılığını, gileyini gizlətmir.
Düzdür,
1927-ci ilin avqustunda Tiflisdə olmuşdu, amma yanvar ayında da
yenidən buraya gəlməyi planlaşdırır:
"Çox istərdim yanvar ayında bir həftəliyə
Tiflisə gəlim. Rzaquluya dedim, mənə bir komandirovka
düzəltsin, deyir, mümkündür. Allaha
pənah" (9.XII.27).
Nəhayət, 1929-cu ilin mayında Ə.Haqverdiyevin sədrliyilə
M.F.Axundzadənin yubileyi ilə bağlı Azərbaycan
yazıçılarının böyük bir heyəti Tiflisə
gəlir.
Gürcülər Azərbaycandan gəlmiş
qonaqların şərəfinə ziyafət verir. Əbdürrəhim
bəyin "bu cür təntənəli məclislərdən
xoşu gəlirdi" (K.Məmmədov. "Ə.Haqverdiyev").
Tədbirlərdən başı açılan kimi
tanış küçələri, Şeytanbazarı gəzib-dolaşırdı.
Mirzə Fətəlinin Qoçur yaylağındakı evinə
də qalxır...
1930-cu ilin fevralında Şura
yazıçılarının plenumunda iştirak etmək
üçün Tiflisə gəlməli olur.
1931-ci ilin qışı Əbdürrəhim bəyə
düşmür - Tiflisdə, qar-buz bağlamış
küçədə sürüşüb yıxılır
və bərk zədələnir. Beş gün Tiflisdə,
on gün də Bakıda xəstəxanada yatmalı olur.
Vəziyyəti azca yaxşılaşan kimi yenə
Tiflisə qayıtmağı düşünür. 8
yanvar 1931-ci il tarixli məktubunda bu istəyini
gizlətmir: "İndi daha kişi kimi işə gedirəm.
Ancaq küçələrdə nəmişlik
görəndə ayaqlarım titrəyir - ilan vuran ala
çatıdan qorxar. Fevralın 23-də
sübhə saat 7-də Tiflisə təşrif gətirəcəyəm.
Ümidvaram ki, o vaxt nə qar olacaq, nə də mən
yıxılacağam...".
Ömrünün axır vaxtlarında Tiflisə gəlmək
arzusu daha da güclənir. 1932-ci ilin yanvarında Əziz Şərifə
yazır: "Əziz qardaşım! Kağızını
neçə vaxtdır almışam. İndiyədək
cavab yazmadığıma iki səbəb var. Birisi, Tiflisə
gəlmək imkanı. Dekabrın iyirmisindən
sonra Tiflisdə Dram cəmiyyətlərinin iclası olmalı
idi. Xəyal etdim ki, görüşərik, müfəssəl
söhbət edərik. Lakin Tiflis səfəri
gecikdi. Qaldı yanvarın axırına, ya fevralın əvvəllərinə...
...Bəlkə
Yevgeniya Osipovna da mənimlə gəldi...".
Zatən evdə də bir ölüm havası
dolaşır.
Baldızı ağır yataq xəstəsi idi.
"Darülfünunda" (universitetdə) onu müəllimlik
çox yorur, "vaxt və təbiət öz işlərini
görür". "Köhnə qvardiya"nın
sıraları azalmaqdadır - dostu Mirzə Cəlilin
ölümü ona bərk təsir etmişdi.
28 aprel
1932-ci il tarixli məktubunda Əziz Şərifə
bildirir ki, təqaüd üçün Dadaş Bünyadzadəyə
də müraciət edib. "Yaxşı təqaüd
təyininə söz verir. Həqiqət,
yaxşı təmin olsa, oktyabrın birindən istefa verib
istirahətə çəkiləcəm. Daha kifayətdir...". Ən böyük istəyi Tiflisə
köçməkdi: "Bu təqaüd məsələsi
baş tutsa, Tiflisə köçüb orada yaşamağa
niyyətim var. Yəqin, orada bir müxtəsər, yüngül iş
də özüm üçün taparam".
Təəssüf ki, Əbdürrəhim bəy vəd
edilən "yaxşı təqaüdü" ala bilmir. Həmin məktubdan təxminən
il yarım sonra - 1933-cü ilin dekabrın
11-də Bakıda böyük yazıçının ürəyi
dayanır. Tiflisə köçmək arzusu da gözündə
qalır...
Rüstəm Kamal
Ədəbiyyat qəzeti.- 2019.- 16 fevral.- S.23.