Seyid Hüseyn yadigarı

- Qumral Sadıqzadə

 

Qumral Sadıqzadənin 90 illiyinə

 

Qumral Sadıqzadə - Yazıçı. Bu adı Qumral xanım çox gec qazandı. Ancaq qazandı. 1929-cu ildə anadan olub. Altmış yaşından sonra 90-cı ildə birdən-birə tarixi publisist əsərini - "Son mənzili dəniz oldu", "Mənim nakam qardaşım" üçcildlik trilogiyasını, povest və çoxsaylı hekayələrini ortaya qoydu və bu əsərləri ilə oxucuların sevimli yazıçısına çevrildi.

Mən Qumral xanımı həyatda görməmişəm, ancaq "Son mənzili dəniz oldu" ikicildliyinin əlyazmasının ilk oxucularından biri olmuşam. Yadımdadır, 1980-ci ilin axırlarında əsərin nəşriyyatda çapı üçün rəyə tənqidçi-professor Akif Hüseynliyə vermişdilər. İlk dəfəydi belə bir müəllifin adı ilə rastlaşırdıq. Əsəri heyranlıqla oxuduq. Akif Hüseynli romana gözəl bir rəy yazdı. Əsər tez bir zamanda çap olundu. Bu əsərlə Qumral xanım özünü ahıl yaşında istedadlı bir yazıçı kimi təsdiqlədi. Çox keçmədi "Son mənzili dəniz oldu" əsərinin davamı kimi "Mənim nakam qardaşım" romanını yazdı. Qumral xanım həmin əsərin nəşrindən sonra bir nüsxəsini Akif müəllimə göndərdi. Müəllif kitabın titul səhifəsində yazmışdı. "Hörmətli Akif müəllim! Səksəninci ilin axırında, birinci kitabımın əlyazmasına müsbət rəy verməklə siz məni bir yazıçı kimi qəbul etmiş, bununla məni hədsiz dərəcədə sevindirdiniz və yenə də yazmağa həvəsləndirdiniz. Xahiş edirəm mümkünsə, bu kitabı da oxuyub telefonla rəyinizi bildirəsiniz. Sizə uğurlar arzulayıram. Q.Sadıqzadə. 4 aprel 2005-ci il". Qumral xanım kitabda ev telefonunun nömrəsini də yazmışdı. Mən kitabı oxuyub Qumral xanıma zəng etdim və onu təbrik etdim. Ancaq çox istəyirdim, onun özünü görüm. Bir neçə dəfə hazırlaşdım ki, evinə gedim, alınmadı. Görünür, qismət deyilmiş və bir dəfə eşitdim ki, dünyasını dəyişib. Çox mütəəssir oldum. Müəllif bədii memuar kimi yazdığı bu romanında iki görkəmli şəxsin - valideynlərinin - yazıçı-publisist Seyid Hüseynlə istiqlal şairəsi Ümmügülsümün keçdiyi ömür yolunu, faciəli həyatını qələmə almışdır. Bu əsər keçən əsrin əvvəllərində baş verən ictimai-siyasi hadisələri, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və süqutu, erməni-müsəlman davası, 37-ci ilin repressiyasında haqsız yerə həbs olunan, güllələnən, sürgün olunan insanların taleyini göstərmək baxımından çox qiymətlidir. Əsərdə biz əsas obrazlarla - Seyid Hüseynlə, onun həyat yoldaşı Ümmügülsümlə tanış oluruq. Həmin Ümmügülsüm ki, kiçik yaşlarından gözəl lirik şeirlərilə, qəzəllərilə, hekayələrilə tez-tez mətbuatda çıxış edərdi, həmin Ümmügülsüm ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra cəsarətlə, qorxmadan bu şeiri yazmışdı.

 

Sən bayrağım! O yüksək şanlarınla enərkən,

Mavi göyə bir duman gəldiyini sezdim mən

Qoynundakı nurlu ay-yıldızın sönərkən,

Üzərimə doğacaq günəşlərdən bezdim mən.

 

Yazıq, səni bayrağım, endirdilər, eyləmi?

Səni yıxıb devirən o zəhərli ruzigar,

O haqq yeyən haqsızlar, vəhşilər, tanrısızlar,

Yanar ocağımı da söndürdülər, eyləmi?

 

Qumral Sadıqzadə ta uşaqlıqdan ailələrinin keçmişi ilə maraqlanar, yaxın qohumlarının söhbətlərinə maraqla qulaq asardı. Özü bu haqda kitabının ön sözündə yazmışdı. "Mən nağıllarla o qədər də maraqlanmazdım. Bibimin və nənəm Xırdaxanımın ötən gün olmuş hadisələr barədə söhbətlərini dinləməyi xoşlardım. On-on iki yaşım olanda artıq Seyid Sadıq nəslinin (müəllifin babası) bütün nümayəndələri haqqında məlumatım vardı. Kimlərlə nə dərəcədə qohumluq əlaqəmiz olduğundan, qohumlar arasında baş verən bir sıra hadisələrdən xəbərdardım". Beləliklə, müəllif uşaqkən qohumlarının söhbətlərini yaddaşına həkk edərək kitabının birinci hissəsində atasının nəslinin tarixindən başlayaraq 1920-ci ilədək - Azərbaycanda Sovet hakimiyyəti qurulanadək olan dövrünü yazmağa başlayır. Burda müəllif ata nəslinin keçmişini verməklə yanaşı, həm də XX əsrin əvvəllərində baş verən hadisələrdən, o dövrdə yazıb yaradan yazıçı və ziyalıların fəaliyyətindən, məskunlaşdıqları İçərişəhərin təsvirindən, insanların yaşayış tərzindən, adət-ənənələrdən, məişətindən də söz açır. Romanın ikinci hissəsində isə S.Hüseynin inqilabdan sonrakı ictimai-siyasi fəaliyyəti ön plana çəkilir.

Müəllif ikihissəli "Son mənzilim dəniz oldu" romanından sonra həmin əsərin davamı kimi "Mənim nakam qardaşım" əsərini yazdı. Bu kitabı müəllif qardaşına həsr etmişdir. Əsərdə böyük istedad sahibi, zəhmətkeş, mübariz, bir neçə dil bilən, kövrək şeirlər yazan, ana-ata həsrətiylə qovrulan, başına gələn ədalətsizliklər nəticəsində ağır xəstəliyə tutulan Seyid Hüseynin ortancıl oğlu Cığatayın həyatından və vaxtsız ölümündən bəhs edilir. Akademik Nizami Cəfərov "Mənim nakam qardaşım" romanına yazdığı məqaləsində  deyir: "Əsərdən hiss olunur ki, müəllif əsas diqqəti vaxtsız vəfat etmiş qardaşına yönəltmək istəmişdir. Qeyri-adi xarakterə, fitri istedada malik olan bu azyaşlı gənc həqiqətən diqqətəlayiqdir. O, hələ beşinci, altıncı siniflərdə oxuduğu zamandan məktəbdə keçdiyi rus və alman dillərindən başqa, fransız və latın dilini sərbəst surətdə özü öyrənir, fizika, riyaziyyat, astronomiya, fəlsəfə, ədəbiyyatla maraqlanır, şeir, hekayələr yazır, rus dilindən tərcümələr edirmiş". Cığatayda olan bu fitri istedad valideynlərindən keçmişdir desək, yanılmarıq. Çünki Seyid Hüseyn də, Ümmügülsüm də böyük istedada malik idilər. Kiçik yaşlarından qəzəllər yazan Ümmügülsüm qələmini nəsrdə də sınayardı. Yazdığı kövrək, romantik şeir və hekayələrini "Açıq söz", "Qurtuluş", "İqbal", "Azərbaycan", "Məktəb" jurnal və qəzetlərində çap etdirərdi.

Qadın yazıçılarımızın yaradıcılığı haqda yazarkən "Azərbaycanın ilk qadın yazıçısı kim olub?" sualı məni həmişə düşündürürdü. Arxivdə işlərkən keçən əsrin əvvəllərində mətbuatda bir neçə maarifpərvər, ziyalı qadınlarımızın adına rast gəldim - Şəfiqə Əfəndiyeva, Asya Nərimanova, Səkinə Axundzadə və Ümmügülsüm Rəsulzadə. Şəfiqə Əfəndiyeva ilə Asya Nərimanova publisist məqalələri, Səkinə Axundzadənin isə nəzmlə yazdığı bir dram əsəri rastıma çıxdı. Belə çıxır ki, Azərbaycanda ilk qadın yazıçısı elə Ümmügülsüm Sadıqzadə olub. 1915-ci ildə "Qurtuluş" jurnalında "Solğun çiçək" hekayəsi ilə nasir qadın adını qazanan lirik şeirlər, qəzəllər müəllifi istiqlal şairəsi Ümmügülsüm. Həm də bu hekayə "Qurtuluş" jurnalında təşkil olunan müsabiqədə birinci yerlərdən birini tutub və müəllif M.Ə.Sabirin "Hophopnamə" kitabı ilə mükafatlandırılıb. Ölməz dramaturq C.Cabbarlı ilə birgə.

Seyid Hüseynlə Ümmügülsümün tanışlığına səbəb də elə bu hekayə olub. Ümmügülsümün şeirlərini, hekayələrini, mətbu səhifələrində izləyən böyük ədibimiz Seyid Hüseyn bu şairə qızla maraqlanır və dostu Hüseyn Cavid vasitəsilə əvvəlcə ailəsi, sonra isə özü ilə tanış olur. Məlum olur ki, bu şairə qız Məmməd Əmin Rəsulzadənin əmisi qızı, həm də baldızıdır. Ədəbi mühit hər iki gəncin tale yolunu birləşdirir. S.Hüseynin ailəsi Ümmügülsüm üçün elçiliyə gedirlər. Ümmügülsümün elçiliyində ölməz sənətkarımız H.Cavid də iştirak edir. Nişanlanırlar. Ancaq onların bir-birlərinə qovuşmağı uzun çəkir. 1918-ci ildə erməni daşnaklarıyla bolşeviklərin Azərbaycanda törətdikləri vəhşiliklərə və Bakı qırğınına görə Seyid Hüseynlə Ümmügülsüm bir-birindən müvəqqəti ayrılırlar. S.Hüseynin ailəsi İrana, Ümmügülsümgilsə Novxanı kəndinə sığınırlar. Türk qoşunlarının Bakıya gəlişindən sonra bu qanlı soyqırım yatızdırılır. Nəhayət ki, bir-birlərini sevən iki gənc, S.Hüseynlə Ümmügülsüm evlənirlər. Onların bir müddət həyatları (S.Hüseyn 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutundan sonra iki dəfə həbs olunub buraxılsa da) sakit və asudəliklə keçir. Övladları dünyaya gəlir. S.Hüseyn tənqidçiliklə, maarifçiliklə məşğul olur, bədii nəsr əsərləri yazır. Ailə qayğısı başını qatsa da, Ümmügülsüm də fürsət tapdıqca şeirlər yazır.

Müəllif "Son mənzili dəniz oldu" romanında həmin o qanlı-qadalı illəri, həbs olunan, sürgün edilən, güllələnən müsavatçıları, onların tərəfdarlarının talelərini göstərməklə bərabər, valideynlərinin də o vaxtlar yeni quruluşa nifrətlərini  əks etdirmişdi. Vətənini, millətini sevən və ürəyi həmişə vətən üçün döyünən narahatlıq içərisində çırpınan Ümmügülsümün yazdığı şeirlərindən də bunu görmək olar.

 

Ey buzlu şimaldan qopan ruzigar

Toxunma qəlbimə, atəşi parlar.

 

Sakin, gəlmə, səni nəfəsim boğar,

Dəf ol, vətənimdə görməm səni!

 

Müəllif valideynlərinin həyatından yazarkən dəqiq faktlara istinad edir. Kitabın ikinci hissəsini qələmə alarkən Seyid Hüseynlə Ümmügülsümün son on yeddi ilini  yaddaşlarda yaşanan, xatirələrdə qalan, yaşlıların, vaxtilə onların ailələrini yaxından tanıyanların söhbətləri, eləcə də rəsmi sənədlər, faktlar müəllifin köməyinə çatır. Əsər İçərişəhərdə ortabab bir ailədə yaşayan Seyid Hüseynin ailəsindəki faciə ilə başlayır. Balaca Hüseynin atası Mirkazım dənizkənarı küçədə gəzərkən hürküb vəhşicəsinə qaçan konka atlarını saxlamaq istəyəndə onların ayaqları altına yıxılıb əzilir. Mirkazımı evə gətirirlər. Çox əzildiyi üçün iki saatdan sonra dünyasını dəyişir. Bu əsəri oxuyarkən oğul itkisinin ağrısını çəkən xeyirxah, nəcib Allah adamı baba Seyid Sadıqın, nənə Mehinbanunun atasız qalan nəvələrinə olan məhəbbəti, qayğısı bizi riqqətə gətirir.  Sonra əsərdə biz Rübabə, Səyyarə, Məxvirət, Nisə, Səriyyə kimi qayğıkeş, nəcib, hər cür əzaba dözən obrazlarla, eyni zamanda Seyid Hüseynin qardaşı, dövrünün ən tanınmış şəxsiyyəti, Dövlət teatrının aktyoru, meyxana ustası Mirpaşanın həyat və fəaliyyəti ilə də tanış oluruq. Təəssüf ki, Mirpaşa erməni qəsdinin qurbanına çevrilir.

Otuz yeddinci ilin faciəsi yaxınlaşır. Tutatut başlanır. Seyid Hüseynin dostları Hüseyn Cavid, Müşfiq həbs edilib. Növbə onundur. Bir gün xalq düşməni kimi onu da həbs edirlər. Çox keçmir ki, Ümmügülsüm də Bayıl türməsinə salınır və bir neçə aydan sonra Qazaxıstanın Mordva vilayətinə sürgün edilir.

Mən "Qürbətə aparan qatar" povestinin qəhrəmanı, 37-ci ilin repressiyasında həbs olunan Əfruz Əlibəyli ilə görüşəndə o mənə Bayıl türməsində Əhməd Cavadın həyat yoldaşı Şükriyyə və Ümmügülsümlə bir kamerada havasız, çirkli, darısqal, dözülməz şəraitdə qaldığından danışmışdı. Mən həmin sənədli povestimdə bu üsyankar şairə Ümmügülsümdən də yazmışdım. Ancaq onun sonrakı taleyindən xəbərsiz idim. Əfruz xanımdan bu haqda soruşanda o, sürgündən qayıtdıqdan sonra Qazaxda yaşadığı üçün bu talesiz şairə barədə heç nə deyə bilmədi. Həm də qadınları Qazaxıstana sürgün edərkən Ümmügülsümü onlardan ayırıb Mordva, Əfruz və Şükriyyəni isə birlikdə Axmolinsk vilayətində düşürmüşdülər.

Yeddi illik sürgün həyatı, vətən, övlad həsrəti, ağır iş rejimi bu şairə qadının omrünü yarıda qoyur. Ümmügülsüm vətənə qayıtsa da, doğmalarına qovuşsa da Bakıda öz doğma evində yaşamağa icazə verilmir və o, Şamaxıda məskunlaşır. Cəmi dördcə ay ömür sürür. Qızı Qumralın gözü qarşısında dünyasını dəyişir. Qəlbi vətən üçün döyünən, bala həsrətilə yaşayan, ər yolu gözləyən Azərbaycanın bu istedadlı şairəsini - Ümmügülsüm Sadıqzadəni qonşular Şamaxı qəbiristanlığında dəfn edirlər. Onun ölümü müharibənin ağır illərinə düşdüyü üçün qəbrini neçə illər keçsə də tapmaq olmurdu. Ancaq gec də olsa tapıldı. Bu haqda Qumral xanım yazır: "Ümmügülsümün faciəli ölümündən əlli yeddi il sonra əziz anamızın üstünü quru ot basmış, ətrafındakı daşları torpağa çökmüş məzarını, nəhayət, ziyarət etdik. Biz sevinirdik, çox gec də olsa Ümmügülsümün son mənzilini tapmaq bizim üçün böyük xoşbəxtlikdir. Atamız Seyid Hüseynin son mənzili əbədi olaraq Xəzərin  dərinliklərində itib-batmışdı. Bu gün heç olmasa anamızın məzarının tapılması bizim üçün təsəllidir".

Mən üçcildlik memuar əsərdə iki böyük sənətkarın - tənqidçi, publisist, nasir Seyid Hüseynlə dövrünün istedadlı şairəsi Ümmügülsümün ədəbi mühitdəki rolunu, faciəli həyat hekayəsini izlədim. Onların dörd övladı - tanınmış rəssam Oqtay Sadıqzadənin, Əməkdar incəsənət xadimi Toğrul Sadıqzadənin, hərtərəfli biliyə malik, iyirmi dörd yaşında vaxtsız dünyasını dəyişən Cığatay Sadıqzadənin və bu romanın müəllifi, istedadlı yazıçı Qumral Sadıqzadənin, valideynlərinin həbsindən sonra onlara analıq edən Səyyarənin səmimi, nəcib keyfiyyətlərinin, haqsızlıqlara, saxtakarlığa, riyakarlığa qarşı dözümlüklərinin, insanlara olan məhəbbətlərinin şahidi oldum.

Qumral Sadıqzadə çox dəyərli, sənədli romanından sonra bir-birinin ardınca oxunaqlı, maraqlı hekayələr də yazmışdı. Bu hekayələrin hər biri təhkiyə üsulu, yazılış tərzi, səmimiliyilə diqqəti cəlb edir. Müəllifin atası Seyid Hüseyn yaradıcılığa publisist məqalələri ilə başlasa da, sonra bir-birinin ardınca "Gələcək həyat yollarında", "Mehriban", "İki həyat arasında", "Kor kişinin arvadı" və s. əsərlərini yazaraq sovet quruluşunun doğurduğu dəyişikliklərdən bəhs edirsə, övladı Qumral Sadıqzadə həmin quruluşun məhvi zamanı keçid dövründə baş verən hadisələri qələmə almışdır. Böyük ədibimiz M.İbrahimov müsahibələrinin birində Seyid Hüseynin əsərlərindən danışarkən fəxrlə demişdi ki, biz hamımız S.Hüseynin yaradıcılığını izləyərdik. Həsrətlə həftənin sonunu gözləyərdik ki, onun yeni hekayəsini oxuyaq.

Qumral xanımın da hekayələri oxunaqlıdır və o, müasir zamanın ictimai problemlərini, çağdaş cəmiyyətimizdə baş verən hadisələri təsvir edir. Hekayələrdə yaratdığı obrazların hər biri həyatda gördüyümüz, tanış olduğumuz, halına acıdığımız və yaxud əməllərilə fəxr etdiyimiz insanlardır. Tədqiqatçı alim Könül Nehmətova ata və övladın hekayələrində müxtəlif sosial-psixoloji aspektlərdən paralellər apararaq "Analar tək qalmasın" əsərinə yazdığı ön sözdə deyir: "Seyid Hüseynin əsərlərində yeni quruluşun doğurduğu dəyişiklik qarşısında çaşqınlıq, tərəddüd qabarıq şəkildə özünü göstərirsə, Qumral Sadıqzadənin ədəbi-bədii düşüncəsi sovet buxovlarından qurtulmuş, təfəkkürümüzün mental təbəddülatına hazırıymış kimi görünməkdədir". Müəllifin  hekayələrindəki personajların hər biri xarakter etibarilə müxtəlifdir. Bütün günü heç nəyin üstündə evdə arvadına, oğluna irad tuta-tuta deyinən Nüsrət (Deyingən) axır ki, Naziləni xəstəliyə salır və arvadı ərinin haqsız iradlarına dözməyib ondan ayrılmaq qərarına gəlir. Yaxud "Gəlinbacı paltar yuyur" hekayəsində Bilqeyis xala paltar yumağa hazırlaşırsa, onda qonşular nə krana yaxınlaşa bilər, nə də gəlinbacıya bir söz demək olardı. Həyətin sakinlərindən biri - Mədinə Bilqeyis xalanı təzə gələn qonşuya belə təqdim edir: "Özün görəcəksən. Əvvəlcə iki gün sərasər maşının taq-taqından baş-qulağımız gedir. Əvvəlcə altı dəfə yuyur, sonra bakda qaynadır, qaynadandan sonra da iki dəfə yuyur, sonra da ki, başlayır suya çəkib pak eləməyə. Bax, onda bütün həyət qalır susuz. Əşşi, bunu danışmaqla başa gəlməz".

Qumral Sadıqzadənin bədii yaradıcılığında diqqəti  çəkən məqamlardan biri elə tipik obraz yaratmaqdı. Onun hekayələrini oxuyarkən ölməz sənətkar Ə.Haqverdiyevin hekayələri yada düşür. Müəllifin "Uzunçu", "Simicliyin dərəcəsi", "Səməd müəllim necədir?" hekayələrindəki qəhrəmanlar bir-birlərindən fərqli tipik obrazlardır. Müəllif "Uzunçu" hekayəsində Eyvazın insanlarla söhbətini təsvir edərkən onun nə qədər boşboğaz olduğunu göstərmək istəmişdir. Eyvaz arvadına bir kəlmə sözü çatdırmaq üçün bütün gün ərzində kimi görüb, yolda kimə rast gəlib, qonşusu onu necə salamlayıb - hamısını bircə-bircə danışıb qulaq asanı təngə gətirir. "Simicliyin dərəcəsi"ndə isə arvadı ilə yola çıxan Əjdər müəllimin simicliyini göstərmişdir. Yolda adi bir suya da pul vermək istəməyən Əjdər müəllim həm özü, həm də arvadı susuzluqdan əziyyət çəksələr də onun iradlarına əhəmiyyət vermir, özünü qənaətcil kimi göstərərək simicliyinə haqq qazandırır.

Q.Sadıqzadənin hekayələri düşündürücüdir, mənalıdır. Yazıçı hekayələrində gündəlik həyatımıza, həlli vacib məsələlərə toxunur. Onun povestlərində ("Analar tək qalmasın", "Təranə") də biz çətinliklərdən qorxmayan, zəhmətkeş, təmiz, safqəlbli insanlarla yanaşı, xudbin, aravuran, ətrafdakılarına pislik etməkdən həzz alanlarla rastlaşırıq. Müəllif özü müdaxilə etmədən bu obrazların hər birini saf-çürük etməyi oxucunun ixtiyarına buraxır.

Müəllifin rus ədəbiyyatından etdiyi tərcümələri də çox uğurlu alınıb. A.P.Çexovdan tərcümə etdiyi "Diplomat", "Bahalı it", "Çaxnaşma", "Qadın xoşbəxtliyi" hekayələrini "Analar tək qalmasın" kitabına daxil edib.

Qumral Sadıqzadə bədii əsərləri, tərcümələriylə yanaşı, eyni zamanda elmi-publisist məqalələri ilə də yaddaşımızda qaldı. Müəllifin "Anamın nadir əlyazmaları", "Şairə Ümmügülsümün qəbri tapıldı", "Seyid Hüseyn", "İçərişəhər ağrısı", "Yaman günün ömrü az olar" məqalələri öz aktuallığı ilə diqqəti çəkir.

 

Mənzər Niyarlı

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 fevral.- S.14-15.