Çinar ömrü
Mən Cəbrayıl rayonunda doğulmuşam. İndi erməni işğalında qalan Cəbrayılın uca Ziyarət dağından başlanğıc götürüb, şəhərin lap mərkəzində üzə çıxan bir kəhriz vardı. Suyu dumduru göz yaşı kimi içəndə insana həyat üçün nə varsa verirdi, adına Çinar kəhrizi deyirdilər. Çünki düz kəhrizin üstündə yaşı səkkiz yüz ili haqlamış bir qocaman çinar vardı. Qollu-budaqlı, ətrafı açıq olsaydı, kölgəsində min adam dincələrdi. Mən düşünürdüm ki, bu çinarı sellər-sular külək və çovğunlar sındırıb yıxa bilməz. Çünki uşaqlıq, gənclik illərimin ən vüqarlı dayağıydı əyilməz, bu Xan çinar. Bu təsəvvürü məndə böyük xalq şairi Rəsul Rzanın "Çinar" şeiri oyatmışdı. Rəsul Rzanın "Çinar" şeirini oxuyandan sonra mənə elə gəlirdi ki, Cəbrayılın Xan çinarına tay yoxdu, o, Koroğludu, Babəkdi... hayqırar, bağırar səsindən, nərəsindən düşmənlər külli-küf olar. Məni bu fikrə kökləyən böyük şairin əyilməzlik rəmzi olan çinara məhəbbətlə yazdığı sətirlər idi.
Xan çinarım əyməz məğrur başını.
Kimsə bilməz Xan çinarın yaşını.
Gecə qara, durdum, düşündüm bir az,
Dedim nədən ulu çinar yıxılmaz?
Birdən
çinar dilə gəldi, dedi: bax!
Bu torpaqda dərindən kök salaraq,
Hər tərəfə uzatmışam
qolumu,
Övladlarım bürüyür sağ-solumu.
Belə
məğrur dayanmağa
haqlıyam,
Mən kökümlə
bu torpağa bağlıyam.
Mənim
uşaqlıq, gənclik
düşüncələrimdən 25-30 il keçib.
Zaman fikirləri dara çəkib, düşüncələrimiz
gözlərimizdən yaş
kimi axıb, kökü ilə torpağa bağlı olan qollu, qanadlı
Xan çinarı düşmən mərmisi
parçalayıb, qanına
qəltan edib. Altındakı çağlayıb axan kəhrizin sularına neçə çinar qamətli, çinar qüdrətli şəhidin qanı qarışıb. Bu gün canlara dirilik gətirən çinar kəhrizinin suyu qan rəngində
axır. Böyük şair
Rəsul Rzanın
"Çinar" şeiri
isə öz hökmündə, öz qüdrətindədir. Parçalanan
Çinar, kökündən
pöhrə verib yenə göylərə baş çəkəcək.
Fariz Çobanoğlu
Ədəbiyyat qəzeti.- 2019.-
16 fevral.- S.13.