Turan şairi...
Türk dünyasının böyük
şairi Yavuz Bülənd Bakilərlə
mənim tanışlığım
1982-ci ilin iyul ayında Üzeyir Hacıbəylinin ev-muzeyində
olmuşdur. Mən o zaman dahi bəstəkarımızın ev-muzeyində
çalışırdım. İsti yay günü idi. Otaqda tək oturub
kitab oxuyurdum. Birdən qapı açıldı
(o vaxtlar muzeyin qapıları bağlı
saxlanılmırdı) və
iki nəfər otağa daxil oldu. Qonaqları muzeylə tanış etmək üçün qalxıb çubuğu götürdüm və qarşılarına keçərək
"xoş gəlmisiniz " - dedim. Məni çubuqla görən qonaq gülümsəyərək
zarafatla "bizi döyməkmi istəyirsiniz?"
- dedi. Çox şirin Türkiyə
türkcəsində danışan
müsafirin qardaş,
həmişə həsrətində
olduğumuz Türkiyədən
gəldiyini anladım.
- Yox, yox, əstəğfürullah,
nə danışırsınız,
sizi dahi sənətkarımızın ev-muzeyi
ilə tanış
etmək istəyirəm
" - deyə cavab verdim.
Qonaqlardan
ikincisi, cavan oğlan bu ucaboy,
görkəmli, nurlu insanı təqdim etdi: - Yavuz Bülənd Bakilər
Türkiyənin tanınmış
şairi, Türkiyə
Cümhuriyyəti Mədəniyyət
nazirinin müşaviridir.
Xarici ölkələrlə Dostluq
və Mədəni Əlaqə Cəmiyyətinin
dəvəti ilə Bakıda qonaqdır.
Mən isə Cəmiyyətin əməkdaşı Elçin
Şıxlıyam.
Məmnun olduğumu bildirərək,
ekskursiyaya başladım. Böyük Turan
şairi Yavuz Bülənd Bakilərlə
tanışlığımız beləcə yarandı.
Mən böyük həvəslə
muzeylə, Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılığı ilə
bağlı qonaqlara məlumat verdim. Hörmətli müsafir isə
məni çox diqqətlə dinləyir,
bloknotunda qeydlər aparırdı. Sonuncu
otağın divarındakı
Ağdam şəhərində
Üzeyir bəy Hacıbəyli parkını
və oradakı bəstəkarın abidəsinin
şəklini onlara göstərəndə Yavuz
bəy "mən də Ağdamdanam" - dedi. Mənim çaşqınlığımı
görən müsafir
ulu babalarının
XIX əsrin əvvəllərində
Qarabağdan Türkiyəyə
köçdüklərini söylədi. Elə o andan
da Yavuz bəy mənim üçün doğma adama çevrildi. Sonra qohumluq əlaqələrimizin
də olduğunu öyrəndik.
Artıq otuz üç ildir ki, bu
nəcib, xeyirxah, millətini, vətənini
canından çox sevən, hər zaman türklüyü ilə qürur duyan insanla, onun ailəsi ilə mehriban münasibətlərimiz davam
edir. Mütəmadi görüşlərimiz olur, Yavuz bəy
və qardaşı Naci bəyin sayəsində İstanbulu,
Boğaziçini, Böyük
Adanı qarış-qarış
gəzmişik, görməli
yerlərinə, muzeylərinə
valeh olmuşuq. Yadımdadır, 1994-cü ildə
Yavuz Bülənd Bakilərin dəvəti ilə anamla bərabər İstanbulda
olarkən məni İstanbul Texniki Universitetinin nəzdində
olan Türk Musiqisi Konservatoriyasına konfransa dəvət etmişdilər. Orada iki saata yaxın Türk dünyasının dahi bəstəkarı Üzeyir
bəy Hacıbəylinin
həyat və yaradıcılığı haqqında
məruzə ilə çıxış etdim.
Professor və tələbə heyəti
tərəfindən çox
böyük ehtiramla qarşılandım. Naci Bakilər
də orada iştirak edirdi. Konfransdan sonra mənim çıxışımı
təşkil edən konservatoriyanın professoru
Süleyman Şənel
bizə qonaqlıq verdi. Maraqlı görüşdən
sonra Naci bəy mənimlə qürur duyduğunu, çıxışımı çox bəyəndiyini söylədi. Yəni onlarla
hər görüşümüz
tarixə dönür,
yaddaşımıza həkk
olunur, məqalələrə
çevrilir. Böyük
şairimiz, rəhmətlik
Şahmar Əkbərzadənin
baş redaktoru olduğu "Mədəniyyət"
qəzetində mənim
1996-cı ildə Yavuz
Bülənd Bakilər haqqında "Azərbaycan
ürəyimdə bir
şahdamardır" adlı
məqaləm dərc
olunmuşdu. Həmin məqalə Selçuk
Karakılıçın hazırladığı
və 2006-cı ildə
İstanbulda nəşr
etdirdiyi Yavuz Bülent Bakilere Armağan" kitabına daxil edilmişdir.
Yavuz Bülənd
Bakilər həqiqətən
sevilən insan, ulu Turanın tanınmış simalarındandır. Onun adı
həm Türkiyədə,
həm Azərbaycanda,
həm də bütün türk aləmində çox məşhurdur.
Yavuz Bülənd
Bakilər dedikdə tanınmış şair,
yazar, publisist, jurnalist, tədqiqatçı
alim, mədəniyyət
xadimi və sözün həqiqi mənasında böyük
insan göz önündə canlanır. Onun şəxsiyyəti
və sənətkarlığı
bir-birini tamamlayır.
Vətəninə, xalqına,
dilinə, dininə, mədəniyyətinə, tarixinə,
keçmişinə, gələcəyinə bağlı
böyük bir şəxsiyyət göz
önünə gəlir.
Görkəmli sənətkar olan
Y.B.Bakilər insani keyfiyyətləri, həssaslığı,
duyğusallığı, kübarlığı
ilə də onu tanıyanların qəlbində özünə
abidə ucaltmışdır.
Onun insanlığı,
sənətkarlığı da şəxsiyyəti ilə həmahəngdir.
Bu yaxınlarda bizim tanınmış xanımlarımızdan
biri, vaxtilə Lider TV-də böyük şair haqqında maraqlı veriliş hazırlayan Zöhrə Əliyeva mənə dedi ki, Yavuz Bülənd Bakilərin şeirlər kitabını
məndən kimsə
oxumağa götürüb
geri qaytarmayıb. Əgər mümkünsə, Yavuz bəy mənə kitabından yenə də hədiyyə etsin. Onun bütün yaradıcılığı,
xüsusilə, "Şaşırdım
kaldım işde"
şeiri mənim çox xoşuma gəlir. Mən də bunu Yavuz bəyə çatdırdım. Sağ
olsun, Zöhrə xanıma avtoqrafla özünün "Harman" şeirlər kitabını
göndərdi. Yəni Yavuz
Bülənd Bakilər
bu qəlbin sahibidir. Çox sadə, təvazökar,
nəcib bir insandır.
Türkçülük aşiqi olan
Yavuz bəyin həyat və yaradıcılığına nəzər
salanda söhbətlərini
dinləyəndə onun
nə qədər kökünə, əslinə,
nəslinə,
türklüyünə bağlılığının şahidi oluruq. Yavuz Bülənd
Bakilərin babaları
Qarabağdan Türkiyəyə
köçmüşlər. Sivasın Gürün qəsəbəsində Çarçıbaşı
məhəlləsində vəfat
edən və orada bir təpə
üstündə dəfn
edilən atasının
babası 110 il
yaşamış, "Hacı
Mahmud əl Qarabaği"
imzasını daşımışdır.
İndi o, ulu babasının tutduğu şəcərəyə görə
Yavuz bəy on bir ulu babasının adlarını bilir. Ellərində olan qeydlərə
görə ilk ulu babası Hacı Əli Murad və onun oğlu
Hacı Əli Fərəhşad Qarabağda
dünyaya gəlmiş,
yaşamış və
orada da vəfat etmişlər.
İmperialist çar ordusu
Azərbaycanı işğal
edəndən sonra onların ailəsi Osmanlı dövlətinə
sığınmaq məcburiyyətində
qalmışlar. Yavuz
bəyin Qarabağdan Türkiyəyə gedən
ulu babasının adı Məhəmməd Sabirdir. O, yaxınlarıyla
birlikdə Maraş şəhərinə yerləşmişdir.
Məhəmməd Sabir şair
imiş. Hacı Əli
Fərəhşadın oğlu
olan Məhəmməd
Sabir Maraş şəhərində yaşamış
və orada da dünyasını dəyişmişdir. Məhəmməd
Sabirin vəfatından
sonra övladları yenidən Azərbaycana geri dönmək istəsələr də, dövrün
Osmanlı idarəsi onları buraxmamışdır.
O zaman ailənin bir qismi Ağrıya,
bir qismi Karsa, bir qismi
də Sivas şəhərlərində
yerləşmişdilər. İndi onların qohumlarının
bir hissəsi Ankarada, bir hissəsi
İzmirdə, bir hissəsi də İstanbulda yaşayır.
Yavuz bəyin atası Cezmi Bakilər Türkiyənin müxtəlif
şəhərlərində nüfus müdiri vəzifələrində çalışmışdır.
Ədəbiyyatla, tarixlə
çox maraqlanmışdır.
Anası
Hayriyə Bakilərin
isə təhsili olmamış, lakin gözəl səsi və nitq qabiliyyəti
varmış. Xalq yaradıcılığını,
nağılları, bayatıları,
xalq mahnılarını
gözəl söyləyirmiş.
Yavuz bəy anasının nağılları, bayatıları,
laylaları ilə böyümüşdür. Hayriyə xanım 1978-ci ildə, Cezmi bəy isə 1980-ci ildə vəfat etmiş, Sivas torpaqlarında uyumaqdadırlar.
Nəslinin layiqli davamçısı,
sənətkarlığı ilə qürur duyduğumuz, ulu Türk dünyasının
böyük şairi Yavuz Bülənd Bakilər 23 aprel
1936-cı ildə Türkiyənin
Sivas şəhərində dünyaya gəlmişdir. İlk və
orta təhsilini atası Cezmi Bakilərin işi ilə əlaqədar olaraq Sivas, Gaziantep və Malatyada almışdır.
Səadət Qarabağlı
Ədəbiyyat qəzeti.- 2019.- 16 fevral.- S.13.