Kamran Nəzirli “Sağ olun
ki, yoldan başladınız...”
- İllər öncəsinə gedib
Kamran Nəzirliyə gələn yoldan bəhs edək...
- Yol... nə
gözəl! Sağ olun ki, yoldan başladınız. Nə qədər
insan varsa, o qədər də yol var: qısa, uzun, əyri,
düz, nə bilim, hamar, kələ-kötür, təzə,
köhnə... bitmir... uçur, dağılır, tikilir,
qurulur, sel-su aparır, yenə görürsən ki, yenisi
yaranır. Təxminən insan da belədi. Mənim də
öz yolum var, hələ ki gedirəm. Bu yol Şimali Azərbaycanın
gözəl Astarasından başladı. Uşaq
bağçası. Yuri Qaqarin, daha sonra Komarovun
ölümünə ağlamağım. Rusdilli orta məktəbə
getməyim. Rusca adımı soruşanda cavab verə bilmədiyimə
görə rus qadın direktorunun məni məktəbə
götürməməsi. Atamın nağılları. Xəzərin
qumsal sahillərində saatlarla uzanıb sinif
yoldaşlarımla "VEF" radioqəbuledicisindən
İran musiqilərinə qulaq asmağımız - Ququş, Səttar,
Humeyra... O taydakı bacı-qardaşlarımın
yoxluğu-varlığı, məişəti, incəsənəti
ilə maraqlanmağım. Anamın kitabları. Xalamın
kitabxanası. Musiqi məktəbinə könülsüz getməyim.
İlk fotoaparatım. İlk pianom. İlk konsertimdə
Motsartın Polonezini çalmağım. İlk şeirimin
rayon qəzetində dərci. Zemfira Musabəyovanın kimya dərsində
"1" almağım, sonra da elə həmin müəllimimin
təkidiylə Bakıya, respublika Kimya Olimpiadasına getməyim
və 1-ci yeri tutub qalib kimi qayıtmağım. Zona üzrə
respublika futbol yarışlarında oynamağım.
"Qızıl sünbül" kubokunun final oyununda Kazbek
Tuayevin 7 nömrəli formasında qol vurmağımın
sevinci. Ali məktəb həyatı. Anamın qəfil
ölümü. Tələbə ikən müəllim
işləməyim. Radionun "Gənclik" redaksiyası isə
əməkdaşlığım, "Neft
Daşları"ndan reportajlarım. Elmi-ədəbi fəaliyyətim.
Hekayə və tərcümələrimin qəzetlərdə
çap olunması. Müəllimlərimin sevgisi və
qayğısı. İlk sevgi. İlk kitab. Tbilisidə əsgərlik
həyatı. "Krasnaya Zvezda"da ştatdankənar
müxbirlik. Ailəm. Jurnalistlik fəaliyyətim. Məmurluq.
Tərcüməçilik. Yazıçılıq. Bədii
əsərlərimin, xəbər, oçerk və məqalələrimin
Ümumittifaq mətbuatında dərci. Qonorarlarımın
sevinci. Qarabağ bölgəsinə ezamiyyətlər, erməni
separatçılarının gizli fəaliyyətindən
reportajlar... mitinqlər dalğasına çırpılan
qaynar gəncliyim və ... sovet hökumətinin sonu. Müstəqilliyimizin
ilk illəri, Pakistanda qızmar günəş altında boru
prokatı zavodunun qaynaqçı məftilləri arasında
keçən darıxdırıcı tərcüməçilik
fəaliyyətim... problemlər, qayğılar, burulğanlar,
mürəkkəb və qeyri-müəyyən yollar,
mübarizə, məğlubiyyət, itki, qazanc, məhrumiyyət,
səbirli və səbirsiz gözləntilər, emosiya və
sağlam düşüncə, kitablar, tərcümələr,
simanı, şəxsiyyətini, ailəni və nüfuzunu
qorumaq üçün çarpışmalar, üstəlik,
yaradıcılıq və xidməti ezamiyyətlər,
ölkələr, şəhərlər, insanlar... son on ilin
dinc və sabit həyatı, nəhayət, Kamran Nəzirli...
Bax, qısaca, belə bir yol gəldim... ayaq üstəyəm.
- Belarusda, o cümlədən bir
çox ölkədə Azərbaycanı, ədəbiyyatımızı
təmsil və təşviq etmisiniz. Tərcüməçi
olmanız mətnlərinizi dünyaya çıxarmağa
şərait yaradır... Sizcə, dünyaya çıxmaq
üçün dil bilmək yetərlidirmi? Yaxud da bir mətni
tərcümə etmək üçün dil yetərlidirmi?
- Əlbəttə,
dil bilmək yaxşıdır və vacibdir. Allahıma və
müəllimlərimə minnətdaram ki, məndə dilləri
öyrənmək həvəsi oyadıblar. Ondan qalan şeylər
insanın özündən asılıdır. Təkcə
dil bilmək yetərli deyil, o cümlədən yaxşı tərcüməçi
olmaq üçün də yetərli deyil. Tərcüməçi
üçün (xüsusilə bədii mətnlərin tərcüməsində!)
çox keyfiyyətlər tələb olunur. Yaxşı tərcüməçi
yetişdirmək üçün bəzən 40-50 il də
azdır, o gərək daim öyrənsin. Şair və ya
yazıçı üçün yaş az fərq edir, amma
peşəkar tərcüməçi illər, on illər
boyu yetişir. Təbii ki, dünyaya çıxmaq
üçün təkcə tərcüməçilik yetərli
deyil. Öncə, bədii mətn qoymalısan ortaya, təsadüflər,
zərurətlər, başqa imkanlar da rol oynayır. Misal
üçün, elə Belarus dediniz, ordan başlayım: mən
Belarus ədəbi mühiti ilə, yaxud orda fəaliyyətdə
olan müasir yazıçılarla təsadüfən internet
vasitəsilə tanış olmuşdum. Bir dəfə
ordakı Ədəbiyyat Portalına iki hekayə göndərdim,
ikisini də çap elədilər, hətta Belarus dilinə də
tərcümə edib "Ədəbiyyat və incəsənət"
qəzetində verdilər. Bundan sonra mənimlə əlaqələr
canlandı, bir neçə dəfə Minsk şəhərinə
dəvət aldım. Yazıçı və şairlərlə
tanışlıq, dostluq əlaqələri yarandı, əməkdaşlıq
etməyə başladıq. Yəni demək istəyirəm
ki, hər hansı bir ölkənin yaradıcı adamları
ilə tanış olmaq, onlarla əlaqələr qurmaq, əməkdaşlıq
etmək asan deyil, həm də asandır. Səni və
yaradıcılığını tanıyandan sonra hansısa
əməkdaşlığa qol qoyurlar. Elə mən
özüm də beləyəm. Bəzən görürsən
ki, təsadüfən internetdə tanış olduğun bir
yazıçı ilə münasibətlər alınır,
bəzən də alınmır. O ki qaldı ədəbiyyatımızı
və mədəniyyətimizi təşviq etməyə - buna
dil bilmək vacib deyil, onu hər zaman etməlisən;
özünü aparmaq mədəniyyətinlə, yaxud maraq və
dünyagörüşün, baxışların, söhbətə
və müzakirəyə qoşulmaq məharətin, bilik dairən,
həm də ictimai əlaqələrini idarə etmək
qabiliyyətin ola gərək (auditoriya nəyi və necə
istəyir, nə eşitmək istəyir, yaxud müsahibini nələr
maraqlandırır və s...). Bütün bunlar təkcə
yazıçıdan, yaxud tərcüməçidən yox,
ümumiyyətlə, insandan həm də təcrübə tələb
edir, gərək bir qədər də sağlam
düşüncən, bəxtin ola, nə istədiyini də
aydın dərk edəsən. Deyirlər, bir dəfə Bəxt
İlahəsinin yanına iki cavan gəlir: birinci bildirir ki,
ağıllı və müdrik adamlar arasında şöhrət
qazanmaq istəyirəm. İkinci isə deyir ki, mən də
nadan və axmaqlar arasında şöhrət
üçün gəlmişəm. Bəxt İlahəsi hər
ikisinə müsbət cavab verir, deyir gedin, ikiniz də arzunuza
çatdınız. Saray əyanları təəccüb
edirlər. Bəxt İlahəsi isə deyir ki, əslində,
xahişə gələnlərin ən ağıllısı
ikinci cavan idi. Çünki müdriklər və aqillər
azdır, nadan və axmaqların sayı isə çox.
Sonuncuları kim öz tərəfinə çəkə bilsə,
deməli ağıllı odur, nə istədiyini bilir,
onları idarə edə biləcək. Birinci cavan isə
arzusuna çata bilməyəcək, qəlbini
qırmadım, sonda özü başa düşəcək...
Bu məsəli ona görə çəkirəm ki, əlahəzrət
Bəxt bəzən ağılsıza da, ağıllıya
da eyni imkanları yaradır, o imkanlardan düzgün və
dürüst istifadə edənlər müəyyən
uğur qazana bilərlər...
- Ölkəmizdəki kitab tərcümələrini
necə dəyərləndirirsiniz? Sizcə, tərcüməyə
sənət gözü ilə baxırlar?
-
Əslində, tərcüməyə də sənət kimi
baxmaq lazımdır. Çox əzablı və dəyəri
az verilən, yaxud stimulu olmayan bir sənətdir. Çox pis tərcümə
kitabları da var, adam heç əlinə götürüb
oxumaq istəmir. Görünür, belə kitabların meydana
gəlməsi kommersiya maraqları daşıyır. Digər
ölkələrə nisbətən bizdə bu sahədə
hələ çox iş görülməlidir.
- Viktor Hinkis üçün tərcümə
peşə deyil, ilhamdı, Simon Markiş üçünsə
yaradıcılığa gedən yoldu. Bəs sizin
üçün tərcümə zamanı ilhama ehtiyac
varmı?
- Mən
nə Hinkisin, nə də Markişin tərcümələrini
oxumamışam, amma məlumatım var, bilirəm ki, onlar da
bu işlə məşğul olublar. Səhv etmirəmsə,
"Uliss"i Hinkisdən əvvəl Kaşkin tərcümə
edib. Rus bədii tərcümə məktəbi Kaşkinlə
başlayır. Bunu tələbə vaxtımdan bilirəm.
İvan Aleksandroviç postsovet məkanında bir çox məşhur
yazıçını tanıdıb, o cümlədən
Qolsuorsi, Coys, Steynbek, Heminquey və b. Bir də Qalperina
vardı, Elenora Yakovlevna, ona həm də Nora Qal deyirdilər.
Filoloq-alim idi, Ayzek Əzimovu ilk dəfə o, tərcümə
etmişdi. Bu gözəl qadın tərcüməçidən
sonra Kalaşnikova gəldi, "Əlvida, silah"ın tərcüməçisi
(Bernard Şounu, Drayzeri, Fitceraldı, Apdaykı və b. tərcümə
edib). Həm Qalperinaya, həm də yuxarıda qeyd elədiyim
daha iki tanınmış tərcüməçiyə
görə, tərcüməçi hərtərəfli
hazırlıqlı adam olmalıdır, burada ilham yox,
başlıcası istedad və bilik tələb olunur. Tərcüməçinin
səhvi minaaxtaranın səhvi deyil (minaaxtaranın səhvi
bir və ya bir neçə adam öldürə bilər!),
amma tərcüməçinin səhvi mədəniyyətə
və dilə elə bir zərbə vura bilər ki, milyonlarla
insan "ölə" bilər... Bir sözlə, tərcümə
çətin yaradıcılıq sahəsidir.
- Sizcə, tərcümə edilə
bilməyən bir əsər, bənzər üslubu tapıla
bilməyən bir mətn varmı?
- Ola
bilsin var. Mən öz "mətbəximə" yaxın
olan əsərləri və müəllifləri oxuyuram.
- Siz azad tərcümənin tərəfdarısınız.
Azad tərcümə ilə sətri tərcüməni bir
araya gətirmək mümkündürmü?
- Tərcümənin
növləri və formaları çoxdur. Azad tərcümədə
çox vaxt orijinalın formasından asılı olmayaraq mətnin
ümumi məzmunu çatdırılır, lakin bu o demək
deyil ki, sən yuxarıda qeyd etdiyim meyarlara əməl etməyəsən.
Tədqiqatçıların bir qismi bu tip tərcüməyə
subyektiv tərcümə deyir, bir qismi isə tamam başqa
mövqedən yanaşırlar. İkincilər burda da
orijinalın üslub və dil çalarlarının
qorunmasını vacib hesab edirlər. Sətri, ya da sözbəsöz
tərcümədə isə adətən orijinalın dil
quruluşu saxlanılır, semantik strukturu ikinci dildə eynilə
verilir. Misal üçün, "İncil"in tərcüməsində
bu elementlərə riayət edilib. Hərfi tərcümə
də var; burda orijinal mətnin formal və semantik komponentlərinin
saxlanmasına çalışırlar və s... Mən
"azad tərcümə" anlayışına bir qədər
də aydınlıq gətirmək istəyirəm: əvvəla,
azad tərcümə bizim düşündüyümüz
kimi yüz faiz "azad" deyil. Tərcümənin
imkanları yalançı imkanlardır, bir mətnin, yaxud
şeirin bir neçə variantda tərcüməsi ola bilər.
Burada çox meyarlar var ki, mütləq gözlənilməlidir:
ruh, məna, üslub, ideya və s. Misal çəkmək istəyirəm:
ingilis dilində East or West Home Is Best atalar sözü var, onun
sətri tərcüməsi təxminən belə səslənir:
"Şərq, yaxud Qərb, ev daha yaxşıdır".
Azad tərcüməsi isə belə verilə bilər:
"Gəzməyə qərib ölkə, ölməyə Vətən
yaxşı". Hansı daha yaxşıdır? Yaxud: As poor
as Job ifadəsi var, sətri tərcüməsi belə səslənir:
"Cob kimi kasıb" (hətta bəziləri dərin mənasını
dərk etmədən "Job" sözünü
"iş" kimi başa düşür. Əslində,
burda Müqəddəs Kitabdan (İovun Kitabı)
götürülmüş İovdan söhbət gedir,
kasıb İovdan... Azad tərcümə belə ola bilər:
bir həsirdi, bir Məmmədnəsir... Və yaxud: claw me and
I"ll claw thee (əl əli yuyar, əl də üzü),
can the leopard change his sports? (qozbeli qəbir düzəldər),
after dinner mustard (toydan sonra nağara)… və sair və
ilaxır. İdiomları, ekzotik söz, ifadə və söz
birləşmələrini götürək. Tutaq ki, ingilis
dilindəki mətndə belə bir ifadə var - it is raining
cats and dogs. Əgər sətri tərcümə etsək,
çox gülünc alınar: pişiklər və itlər
yağır(?), əslində isə leysan tökülür deməkdir.
Ümumiyyətlə, adətən, Müqəddəs
Kitabları sətri, ya da sözbəsöz tərcümə
edirlər. İndi baxın görün, bunları necə
araya gətirmək olar? Buna görə də mən "azad
tərcümə" deyəndə belə məqamları nəzərdə
tuturam.
- Çağdaş
dövrümüzdəki tərcüməçi sovet dönəmindəki
tərcüməçidən nə ilə fərqlənir?
- Tərcüməçi
(əgər tərcüməçidirsə!) bütün
dövrlərin adamıdır, o, yalnız inkişaf etməklə,
biliyini, dünyagörüşünü, dil vərdişlərini
və s. artırmaqla fərqlənə bilər.
- Tərcümələrinizi necə
seçirsiniz, yoxsa onlar sizi tapır?
- Əsasən
özüm seçirəm, bəzən isə əksinə
olur. Müəllifi və əsəri seçmək də bir
işdir, gərək biləsən ki, əsər Azərbaycan
oxucusuna və mədəniyyətinə nə verə bilər...
Müəllifin ədəbi və siyasi
dünyagörüşü də önəmlidir.
- Tərcümə etdiyiniz əsərlər
əsasən ciddi və kult əsərlərdi. Heç olubmu
kommersiyaya hesablanmış kitabların tərcüməsi təklifi
gəlib, siz onu rədd etmisiniz, yoxsa...
- Tərcümə
etdiyim müəlliflər arasında çox
tanınmışlar (Cek London, Oskar Vayld, Con Qolsuorsi, Herman
Melvil, Somerset Moyem, Marqaret Mitçel, Teodor Drayzer, Ernest
Heminqvey, Qabriel Markes, Folkner, Anton Çexov, Harold Pinter və
b.) və az tanınmışlar da var. Bəli, nəinki
kommersiya təklifləri, hətta adi məişət, kənd
təsərrüfatı, siyasi-iqtisadi mövzuda mətnlər,
müxtəlif dərsliklər, hesabatlar da olub... tərcümə
etmişəm, lakin bir qismindən imtina etdiklərim də
olub.
- Özünüzü daha çox
yazıçı kimi, yoxsa tərcüməçi kimi hiss
edirsiniz?
- Mənim
bir çox sahələrdə (o cümlədən sizin qeyd
etdiyiniz sahələrdə!) özümü rahat hiss edən
vaxtımdır.
Söhbətləşdi: Dəniz
PƏNAHOVA
Ədəbiyyat qəzeti.- 2019.- 16
fevral.- S.8.