Sənətdə əsas şərt təbiiliyi
qoruyub saxlamaqdır...
"Dördüncü divar"
layihəsinin qonağı aktrisa, əməkdar artist Dilarə
Əliyevadır
- Dilarə xanım, 1994-cü ildə
İncəsənət Universitetinin aktyorluq fakültəsindən
məzun olmusunuz. On ilə yaxın isə İrəvan Dövlət
Teatrında peşəkar aktrisa kimi fəaliyyət göstərmisiniz.
Amma tamaşaçı sizi ilk olaraq aparıcı kimi
tanıyıb qəbul etdi. Bu, televiziyanın, efirin teatrı
üstələməsi faktı olmasın?
- Elə
siz deyən kimi də oldu.
Əslində, günü bu gün də məndən
soruşsanız ki, qeyd etdiyiniz sahələrdən
hansını daha çox tərcih edirsiniz, sevirsiniz, mən
teatrın adını çəkəcəm. Çünki
teatr mənim üçün tamamilə fərqli bir yerdir. Və
mən teatrı həddindən artıq çox sevirəm.
Sözünüzün qüvvəti onu da deyim ki, aktrisa kimi mən
teatrda edə biləcəklərimin heç birini edə bilməmişəm.
Bunun üçün münbit şərait yaranmalı, normal
atmosfer olmalıdır ki, teatrla yaşamaq mümkün olsun.
Ümumiyyətlə, yaradıcılıq taleyim elə gətirdi
ki, televiziya məni nəinki teatrdan, bir çox sahələrdən
uzaqlaşdırdı. Televiziyada hazırlanan həftəlik
verilişlər, onlara sərf olunan enerji insanın xeyli
istedadını və gücünü çəkib
aparır. Bütün bu gedənlərin yeri sonradan loru dillə
desək dolmalıdır ki, insanı ilk gündən kəşf
edib sevən tamaşaçı təəssüf hissi
yaşamasın. Bunun üçün də insan hər saniyə
öz üzərində işləməyi bacarmalıdır.
Artıq on səkkiz ildir ki, televiziyada veriliş aparıram.
Günü bu günə qədər hələ bir dəfə
də verilişlərimə hazırlıqsız
çıxdığımı xatırlamıram. Yəni bu,
mümkün deyil.
- Bu hal peşəkarlıqdır,
ya sənətə sevgi? Bəlkə, aktrisalıq sevginizi bu
istiqamətə həsr edirsiniz?
-
Çox incə məqama toxundunuz. İstər peşəkarlıq
məsuliyyəti, istər sənətə sevgi və digər
məsələlər vəhdət halında olmasa, uğur
qazanmaq mümkün deyil. Mən hansı işi öhdəmə
götürmüşəmsə, ona məsuliyyətsiz,
qeyri-peşəkar münasibətlə yanaşa bilmərəm.
Həm daxili məsuliyyət hissi, həm də sənətimə
sonsuz sevgim məni diqqətli olmağa vadar edir.
İnsanların mənə olan inamını həmişə
doğrultmaq istəmişəm. "O vaxtı, vaxt
vardı" kimi sözlərdən zəhləm gedir. Sənətin
o vaxtı yox, indisi olmalıdır. Nə zaman ki, kənara
çəkilmək, gedib yenidən mənəvi güc
yığıb qayıtmaq lazımdır, o vaxt
yaradıcılıq həyatıma fasilə verirəm.
Ümumiyyətlə, yaradıcı insanların
dönüşünü yenidən möhtəşəm edə
bilmək üçün bu kimi fasilələrə
ehtiyacı olur. Bu baxımdan gördüyüm bütün
işlərin içərisində teatra olan sevgim var. Və
zaman-zaman kaş ki, gördüyüm işlərdən teatra
da pay verə bilsəydim və yaxud da teatrdan nələrsə
ala bilsəydim deyə düşünürəm.
- Hal-hazırda yayımlanan "Baldız"
serialının son bölümlərində bir səhnə
vardı, sizin yaratdığınız obrazın
üzüyü itir və o, dəhşətli dərəcədə
hayqıraraq ağlayır. Həmin iki, üç dəqiqədə
sizin ifanız, Medeyanı, Fedranı və digər faciəvi
obrazları xatırladır və faciə rollarının
ifaçıları olan həmkarlarınızdan heç də
geri olmadığınızı göstərir. Heç faciəvi
rol ifa etməyi düşünmüsünüz?
- Mən
hərdən düşünürəm ki, yumor hissi olan
komediya aktrisaları faciəvi rolları daha yaxşı ifa edə
bilərlər. Çünki mənə görə ən
çətin və ciddi janr komediyadır. Qədərində,
tamaşaçını yormadan, özündən
uzaqlaşdırmadan güldürməyi də hər adam
bacarmır. Adi bir lətifəni yüz adam danışar
heç kim gülməz, amma bir adam danışsa, milyonlar
gülə bilər. Əlbəttə ki, faciəvi rol ifa etmək
arzusu ürəyimdən keçib. Ancaq sonralar tədricən
bu hissimi, istəyimi içimdə öldürmüşəm.
Çünki bu komediya filmlərində elə oyunlar
çıxardıq ki, çətin ki, bir də mənə
faciəvi rol həvalə etsinlər (gülür).
- Bildiyimə görə,
rollarınıza qarşı çox həssassınız və
onları xeyli müddət yaşaya bilirsiniz. Ümumiyyətlə,
bir ampluadan digərinə keçmək çətinlik
yaratmır?
-
Çətin olur. Amma aktyorluğun peşəkarlığı
da ondan ibarətdir ki, o, nə edəcəyini, nə deyəcəyini
və qarşı tərəfdən nə eşidəcəyini
elə peşəkar səviyyədə etməlidir ki, sanki
onun etdikləri indicə baş verir və həyatın
özü qədər inandırıcı olur. Bu baxımdan
təbiiliyi qoruyub saxlamaq mütləqdir. Təbii ki,
yaxşı aktyor həyəcanlanmağın, ağlayıb
isterikaya düşməyin texnikasını bilir. Amma
bütün bunları bildiyi halda heç olmasa məşqlərdə
bircə dəfə o səhnə yaşantılarını
içəri ötürüb yaşamaq lazımdır. Sonra
isə aktyor həmin yaşantını yadda saxlayıb
imitasiya etməli, texnikaya çevirməlidir. Misal
üçün, "Üç bacı" serialında ifa
etdiyim istedadsız psevdo aktrisa rolunu ifa edirdim. Belə aktrisa
rolunu ifa etmək üçün də kifayət qədər
istedadlı olmaq lazımdır. Həmin aktrisa özü
özünə gül alıb gətirir, özünü
çox yüksək yerlərdə görür və.s.
İnanın ki, o rolu ifa etmək çox çətindir.
- Yeri gəlmişkən, ətrafımızda
elə aktrisalarımız, müğənnilərimiz də
xeyli çoxdur...
-
Samirə xanım, inanın ki, mənim bu günə qədər
ifa etdiyim bütün rolların prototipləri olub. Mən
prototipsiz xarakter oynamıram. Nişan qoyduğum insanı dəri
altına qədər hiss etməsəm, tanımasam ifa edə
bilmərəm.
- Deyəsən, yaxın adamlar da
olur...
-
Yaxın olmayanlar da olur. Özüm də
yaxınlaşıram (gülür). Bəzən
baxıram ki, aktrisalar bir-birlərindən imitasiya edirlər.
Amma mahiyyətinə varmırlar. Mən isə prototipin mahiyyətinə varıram.
Belə olanda obrazın içərisinə
girib üzmək olur. Artıq sən bilirsən
ki, bu xasiyyətin sahibi hansı reaksiyalara, emosiyalara malikdir.
Bir də ki, aktyorluq sahəsini seçən
insan kifayət qədər savadlı, elmin bütün sahələrindən
xəbərdar olmalı, ən əsası isə
psixologiyanı yaxşı bilməlidir ki, obrazlarını
tapıb, tanıyıb müşahidə edə bilsin, öyrənsin.
Bir müddət əvvəl Yudji O Nilin "Qarağaclar
altında məhəbbət" əsərini səhnələşdirməyi,
ordakı qadın xarakteri ifa etməyi çox istəyirdim. Ordakı obraz
sevgilisi ilə qaçmaq üçün yenicə dünyaya
gətirdiyi oğlunu, sevgilisi isə atasını öldürməlidir.
Qadın gecəylə öz oğlunu
öldürür, sevgilisi bunu biləndə qadının əməlindən
dəhşətə gəlir, halbuki, bu qətli o özü
ona məsləhət görmüşdü. İndi fikir verin ki, bir aktrisa həmin obrazın
düşdüyü vəziyyəti yaşamaqdan ötrü
hansı psixoloji qatlara enməlidir. Bir
qadın bir kişini nə qədər sevməlidir ki, öz
övladının ölümünə fərman verərək,
əlləri ilə balasını beşikdəcə
boğub öldürsün. Bu qadının xarakterini
açmaq üçün, sonra bu rolu səhnədə
doğru-dürüst ifa etmək üçün və
öz obrazına bəraət qazandırmaq üçün
görün haralara baş vurmaq lazım gəlir...
Əlbəttə, üzdən görünən dəhşətlidir. Bu
qadını asmaq, güllələmək lazımdır.
Yəni ən rahat seçim budur. Amma aktyor işinin çətinliyini, məsuliyyətini
dərk etməlidir. Buna görə də rol üzərində
iş mənim üçün çox əhəmiyyətli
prosesdir. Tamaşada iştirak etmək, təzimə
çıxmaq mənim üçün o qədər gəldiyim
yol qədər maraqlı deyil.
- Fikir verirsinizsə, kişilərdən
fərqli olaraq
qadın obrazlar bu cür situasiyalarda daha cəsarətli,
daha emosional, həmçinin də qətlə gedəcək
qədər amansız olurlar. Bəs, sizcə, bayaq dediyiniz
kimi, xarakterin dərinliklərinə endikcə qatilə haqq
qazandırmaq olur?
- Cəmiyyət
olaraq bütün hallarda kiminsə ölümünə bais
olmağa haqq qazandırmaq olmaz. Nə qədər
də anlayışlı olsaq, sevgi faktorunu əsas götürsək
də ortada bir qətl varsa güzəşt
mümkünsüzdür. Səbəb nəticəni
dəyişmir. Amma hər kəsin
özünə görə, özünün
yaşadığı bir həqiqəti var. Biz o insana
çox məsləhət verə bilərik. İnsana kənardan məsləhət
vermək qədər asan iş yoxdur. Lakin,
axı biz o insanın yaşadıqlarını heç
yaşamamışıq. Zərərli vərdişləri
olan insanları o yoldan çəkindirməkdən
ötrü nələr edirik. Məgər həmin adam özü bilmir ki, tutduğu yol onun həyatı
üçün təhlükədir, onu ölümə hər
gün bir az da yaxınlaşdırır? Əlbəttə
ki, bilir. Sadəcə olaraq, o, onu həmin
yola aparıb çıxaran səbəblərin əlindən
qaçıb həmin vərdişlərə
sığınır. İnsanın
psixoloqu onun içinin səsi olmalıdır. Bu səsi eşitmək isə insan üçün
asan başa gəlmir. Bu baxımdan içinin səsindən
məhrum olandan sonra qətl törədən istənilən insan,
hətta ən
yaxın, ən doğma adam olsa belə, onun törətdiyi
cinayətin heç bir şəkildə bəraəti yoxdur. Sadəcə olaraq, aktyor insanlıq halını elə
yaşamalı, elə çatdırmalıdır ki,
obrazına qazandırdığı bəraət
tamaşaçının müəyyən mənada
yumşalmasına, hisslərinin hərəkətə gəlməsinə
rəvac yaratsın. Bunun üçün
isə aktyor böyük olmalıdır.
- Dilarə xanım, sənət
adamları sizin haqqınızda təxminən bu fikri bildirirlər:
"istedadlı insandır, amma bu qədər
şoulaşmayaydı". Bu təəssüf
qarışıq fikirlə razısınız?
- Bu fikirləri
mənim özümə də deyiblər. Ancaq
başqa halda seçimimiz yoxdur. Vaxtilə
mən özüm də kommersiya filmlərinə çəkiləndən
sonra aktrisalıq potensialımı boş yerə xərclədiyimi
düşünüb təəssüflənirdim. Ancaq aradan keçən uzun illərdən sonra
artıq başqa cür düşünürəm. Bu qədər
zaman ərzində incəsənətimizdə, kinomuzda,
teatrımızda hansı böyük işlər baş verdi ki, mən şouda yox, həmin sənət
ortamının, yaradıcı prosesin içərisində
ola bilməməkdən təəssüf hissi duydum. Yəni hansı prosesdən kənarda və geridə
qaldım. Təsəvvür edin ki, Dilarə
Əliyevanın həyatında hazırladığı
verilişlər, çəkildiyi kommersiya filmləri yoxdur və
Dilarə də istedadlı qızdır. Nə
dəyişəcəkdi? Dilarə
Əliyeva evdə oturub özünü hansı günə
saxlamalıydı? Digər tərəfdən,
məgər şouda olan insan istedadsız olur? Mən etməyim,
o biri etməsin, bəs kim etsin? Əgər mən bunu bacarıramsa, çoxluğun
içərisindən fərqlənirəmsə, ortaya bir
şeylər çıxırsa və bütün bunlar
üçün böyük tamaşaçı ordusu
yaranırsa, bunun nəyi pisdir. Yaxşı, onu da mən
və ya digər bacarıqlı aktyorumuz etməsin, kim etsin? Onu da
istedadsızların ixtiyarına buraxaq? Ümumiyyətlə,
istər şouda, istərsə də şoudan kənarda
istedadsız insan olmamalıdır. Mənim
yaratdığım şou söz oyununun şousu, xalqın
baxdığı, sevdiyi lahiyələrdir. Xalqın sözü, sarkazmı, zarafatları mənim
vasitəmlə elə xalqın özünə
çatdırılır. İnanın ki,
efirdəki pıçapıçlar, qeybət
janrındakı zarafatyana sözlər mənim
üçün çox əhəmiyyətsizdir. Bunlar mənə sadəcə olaraq, söhbəti
qurmaq, şounu yaratmaq üçün vasitə rolunu
oynayırlar. İndi bir çox sənət
adamları serialların çoxluğundan da narazılıq
edirlər. Amma bunlar hamısı gələcəyə
dair inkişaf baxımından çox lazımlıdır.
- Və bir çox teatr aktyorları
kamera qarşısında xeyli zəhmət çəkir,
teatr pafosundan xilas ola bilmir...
- Əlbəttə, bu kimi hallar da olur. Serial aktyorun
kamera ilə məşqi deməkdir. Siz
fikir versəniz görərsiniz ki, serialın birinci
bölümü ilə qırxıncı bölümü
arasında aktyorların ifasında nə qədər fərqlər
var. Digər tərəfdən, serialın uğuru təkcə
aktyordan asılı deyil axı. Burda
ssenarinin, rejissorun, tərəf-müqabilinin, montajın da əhəmiyyəti
çox vacibdir. Ancaq gündəlik
seriallarda bütün heyətin, xüsusilə də aktyorun həddindən
artıq yüklənməsi də danılmaz faktdır.
Gündəlik serialların bir çoxu dram
janrındadır. Hər gün kimsə
ölür, itkin düşür, dəli olur. Bütün bunları ifa etmək üçün
aktyor hisslərini təkrar, təkrar işə salır.
Bu isə onun beyni, ürəyi üçün
çox böyük yükdür. Məhz
bu məqamda teatr aktyorun köməyinə çatmalı, onu
tamaşaçı ilə canlı ünsiyyətə
çatdırmalıdır. Aktyor teatrda
işləməli, orda yığdığı yükü gətirib
kameranın qarşısında tökməlidir.
- Bir tərəfdən də siz həmin
verilişlər vasitəsilə də özünüzü
müəyyən mənada qorudunuz. Gəlin etiraf edək ki,
Tünzalə Əliyeva, Xuraman Əlizadə kimi çox
istedadlı aktrisalarımız bu gün teatrda yox,
xınayaxdı məclislərindədilər...
- Mən
sizə bir söz deyim. Filmlərdən,
verilişlərdən aldığım qonorar mənə
kifayət qədər bəs edir. Teatrlar bir aktrisa kimi məni
maaş baxımından özünə
heç vaxt cəlb etməyib. Kaş, elə
bir əsər olaydı ki, mən televiziyada elədiyimin
yarı faizini də gedib teatr səhnəsində edəydim.
Misal üçün, "Generalın son əmri"
tamaşasına Ramiz Həsənoğlu məni dəvət
etdi. Mən də o biri işlərimi
görməklə yanaşı, həm də gedib həmin
tamaşada mənə həvalə olunan rolumun üzərində
işlədim. Dörd aya yaxın biz hər
gün məşqdə olurduq. Nə
zamansa mənə uyğun xarakter olsa, yenə də gedib
iştirak edə bilərəm.
- Ramiz Həsənoğlunun
ekranlaşdırdığı "Cavid ömrü"
filmində Cavidin həyat yoldaşı Mişkinaz
xanımı canlandırmısınız. Filmdəki faciəvi məqamları yaşayaraq,
ağrı ilə ifa etməyiniz hiss olunur. Bu yaşantıda
Mişkinaz xanımın taleyi daha çox rol oynadı, ya
öz həyat təcrübəniz?
-
Mişkinaz obrazı mənə tapşırılanda bu rolun
öhdəsindən gələrək ifa etməyi çox
arzulayırdım. Və nə qədər ki, mən
bu dünyada varam, Anara, Ramiz Həsənoğluna olan təşəkkür
borcum heç zaman bitməyəcək. Çünki
onlar mənə inandılar. Mən bu obraz
üzərində işləyərkən mənim arxamda
çal-çağır verilişinin böyük
tamaşaçı ordusu vardı. Onlar məni
elə tanıyır, qəbul edib sevirdilər. Çal-çağırdan uzaqlaşıb tamam
başqa bir dünyaya getmək, bu qədər məsuliyyətli
bir işin altına girib Cavid kimi şəxsiyyətin həyat
yoldaşını canlandırmaq üçün təpədən-dırnağa
qədər özümü o işə həsr etdim. Cavid haqqında
kitabları, Mişkinaz xanımın yazdığı xatirələrin
hamısını oxudum. İnanırsınız ki,
aylarla dəhşətli, faciəli taleyi olan bir qadının həyatını yaşadım. Gecələr gözümə yuxu getmirdi. Başımı balışa qoyub saatlarla
ağlayırdım. Əslində, aktrisa
üçün bu, normal hal deyil, belə olmamalıdır.
Aktyor rolunu ifa etməli, gülsə də,
ağlasa da sonda üzünü silib getməlidir. Amma hisslərim məni oralara aparırdı.
Filmin çəkilişlərindən on iki ilə
yaxın vaxt keçib, amma o film məndə necə
sarsıntı yaradıbsa, bu günə qədər də
Cavidlə bağlı tədbirlərdə mənə söz
veriləndə gözlərim dolur, qəhərlənirəm. Yəni mən
həmin obrazı həqiqətən də çox pis
yaşadım. Ərtoğrulun erkən
ölümü, dəfn zamanı çoxlarının qorxub
tabuta yaxınlaşmaması, həmin məqamlarda Mişkinaz
xanımın düşdüyü vəziyyət doğrudan
da məni dərindən təsirləndirmişdi. Filmdə mənim oğlumu da qardaşım
canlandırmışdı.
- Bir verilişdə
qardaşınız Vüsal Murtuzəliyev sizin
haqqınızda xoş sözlər söyləyir, sizsə
kövrələrək onu özünüzün ikinci
övladı hesab etdiyinizi vurğulayırsınız. Sizi
kövrəldən, özünüzü ona bacı kimi yox,
ana kimi hiss etdirən səbəblər nədir?
- Biz ailədə
dörd uşağıq. Sonbeşiyimiz isə
Vüsaldı. Vüsal məndən on
yaş balacadır. Mənim on altı
yaşım olanda atam rəhmətə getdi. Vüsal onda çox balaca idi. Və
atamın itkisindən sonra bizim ailədə hamı ona
qarşı həssas olmağa, atasız
böyüdüyü üçün onu qorumağa
çalışdı.
Biz ailədə hamımız bir-birimizə qarşı
möhkəm ailə hissləri ilə bağlıyıq, diqqətliyik. Amma Vüsala
qarşı hamımızda qəribə bir həssaslıq, kədər
var (kövrəlir).
Əslində, biz hamımız, elə Vüsal
özü də deyib-gülən zarafatcıl insanlarıq. Sadəcə,
həmin verilişdə Vüsal mənə təşəkkür
etdi. O zaman mən kövrəldim. Çünki
mən istəmirəm o, mənə təşəkkür
etsin. Onsuz da Vüsal bunları bilir, təşəkkür
etməsi lazım deyil. Həm də mən
atamın ona edə bilmədiklərini etməyə
çalışmışam.
Onun canının sağlam olması, ailəsində
hər şeyin yolunda olması mənim ən böyük təşəkkürümdür. O, bəlkə də
atalı-analı böyüsəydi, mən bu qədər həssas
davranmazdım. Vüsalın hansısa çətin
anı olanda dərhal atamın rəhmətə getdiyi ərəfə
gözümün önünə gəlir. O, heç nə
başa düşmürdü və biz onun başını
qatmağa çalışırdıq (kövrəlir).
- Yaradıcı ailəyə gəlin
gəlmisiniz. Sizi ən çox qayınananız aktrisadan xəbər
alırlar, onu isə sizdən. Amma ailənizdə həm də
əməkdar artist, aktyor Vidadi Əliyev də var. Aktyor kimi
Vidadi müəllimlə səhnə tandeminiz olub?
- Teatrda
bir neçə dəfə olub. Ötən
mövsüm "Baldız" serialının bir
seriyasında da bir dəfə iştirak edib. Amma xüsusi olaraq olmayıb. Vidadi
müəllim çox yaxşı dramatik aktyordu. Müsahibələrinin birində ona sual vermişdilər
ki, Dilarə necə gəlindi? O isə cavab vermişdi
ki, gəlin nədir, Dilarə mənim qızımdı. Bunu
da qeyd edim ki, gəlin düşdüyüm ev
mənim üçün əsl aktyorluq məktəbi olub. Qayınanamdan bir cür, qayınatamdan başqa
cür öyrənmişəm. Elə
Elçinin özü (Elçin Əlibəyli - S.Ə.)
çox savadlı, intellektual insandır. O, Moskvadan
kitablar sifariş edirdi, onları oxumağımı
tapşırırdı. Sonra həmin kitablar ətrafında
müzakirələr aparırdıq. Yəni
mənim aktrisa kimi yetişməyimdə o evin rolu çox
böyük olub.
- Dostoyevski, Markes, Pamuk sizin sevdiyiniz
yazıçılardır. Maraqlıdır,
onlar sizə nələr öyrətdi?
-
Bilirsiniz, o cür müəlliflərin əsərlərini
oxuduqca insan mənəvi cəhətdən dolu olur. Bu cür müəlliflər insan düşüncəsinə
təsir edir. Onların əsərlərini
oxuduqdan sonra ətrafda baş verənləri hamı kimi
müzakirə etmək olmur. Daha dərinə
nüfuz edərək, tamamilə başqa fərqli yerlərə
gedib çıxırsan. Mütaliə
insanın yaşam tərzini, baxış bucağını
tamamilə dəyişmək gücündədir. Heç bir kitab oxumayan, mütaliəsi olmayan
insanların söz ehtiyatı zəif olur. Bu zəiflik fikrə, düşüncəyə də
təsir edir. İnsanlar var ki, öz fikri
olsa da onu sözə çevirib çatdıra bilmirlər.
Oxuduğum, sevdiyim bütün
yazıçılar mənə çox mürəkkəb
fikirlərin sadə dillə izah olunmasını öyrədiblər.
Yəni mürəkkəb cümlə qurub
danışmaq hələ dərin düşüncəyə
dəlalət etmir. Mən oxuduğum
kitablardan həm də Azərbaycan dilinin incəliklərini
çox yaxşı mənimsəyə bilmişəm.
Aktyorluq sənəti həm də tərtəmiz
riyaziyyatdır. Aktyor hesablamanı o qədər dəqiq
aparmalıdır ki, axırda aldığı cavab
düzgün olsun.
Söhbətləşdi: Samirə
ƏŞRƏF
Ədəbiyyat qəzeti.- 2019.- 16
fevral.- S.6-7.