Cahana sığmayan şairin qərib məzarı

 

Suriyada olduğumuzun səkkizinci günü Hələbə gəldik. Hələb Şamdan sonra Suriyanın ən böyük şəhəridir. Burada bir sıra sənaye müəssisəsi, elm ocağı, qədim abidələr, muzey var. Məni hər şeydən artıq maraqlandıran Suriya səfərimin ehtimal və nigaranlıq dolu bir məqsədi - Nəsimi idi. Görəsən, ondan bir nam-nişan qalıbmı? Hələ Bakıda ikən hörmətli alim - Araslı müəllim "Nəsiminin qəbri Hələbdə olmalıdır. Siz, yəqin, onu görəcəksiniz" demişdi. Lakin uzun illərin əlaqəsizliyi bu məlumatın nə qədər səhih olduğunu bir nigaranlığa bağlamışdı. Nəsiminin faciəli ölümündən keçən beş yüz ildən artıq zaman onun həyatına, başına gələnləri, öldürüldüyü, dəfn edildiyi yeri, sanki qalın bir dumana bürümüşdü. Yüksək rütbəli ruhanilərin fitvası ilə bir kafir, bir asi, bir din düşməni kimi dabanından diri-diri soyulmuş şairin qəbri yüz illərin uzaqlığından bu günə qalarmı? Hansı cəsarətlə, kim onu dəfn edib zamanın unutqanlıq güvəsindən qoruyub saxlaya bilərdi?

Bir zaman Şam, bu gün Dəməşq adlanan şəhərdə, müqəddəs Şamda (Bosra) ölkəni gəzdiyimiz bir çox şəhərdə də bu nigaran fikirlər məni rahat qoymurdu. Dəməşq və başqa şəhərlərdə görüşdüyümüş suriyalı - yeni tanışlarımız, dostlarımız da şair Nəsimi haqqında təsəllili bir şey deyə bilmirdilər.

Bəziləri bu adı eşitməmişdi. Bəziləri eşitmiş, lakin onun dəhşətli bir əfsanəyə bənzəyən ölümündən başqa bir şey bilmirdi. Səfərimizin kosmik sürəti və bir paradoks kimi vaxtımızın mühüm hissəsini udan gözləmələr, güman gələn elmi müəssisələrə, kitabxanalara baş vurmağa, ayrı-ayrı mötəbər elm adamları ilə görüşməyə imkan vermirdi. Bu qədər desəm kifayətdir ki, 14 gündə Suriyanı eninə-uzununa gəzdim, hətta bir günümüzü əlavə Livan-Beyrut proqramına sərf etdik. Elə gün oldu ki, səhər saat 6-da qalxıb 8-də yola düşdük, axşam saat 7-8-də o günkü səfərimizin son mənzilinə çatdıq.

Belə səfərlərdən birində 700 kilometr yol getdik. Aydındır ki, mümkün qədər çox görmək, çox görüşmək istəyi ilə təmkinli, əsaslı axtarış biri-birinə uyar şeylər deyil. Lakin bütün bunlara baxmayaraq, görünür, bəxt bizdən üz döndərməmişdi. Nəhayət, Hələbə gəldik.

Kərəm Əslisini, Qərib Sənəmini axtara-axtara gəlib Hələbə çıxdılar. Nəsimi hansı sevdanın qaçılmaz çəkiminə yön tutub, qədim Şirvan torpağından ayrıldı, ruzigar çalxamına düşmüş yarpaq kimi uzaq Suriya ellərinə getdi? Hələbin qaynar havasında "iki cahan sığan" qəlbini haqq-həqiqət susuzluğundan qurtarmaq istədi? Diri-diri soyulan bədəninin yana-yana göynəyən yarasından bir damla qan sıçrayıb zahidin riyakarlığını ifşa etdi. "Miskin aşiqdə" dözümün sonsuz olduğunu göstərdi. Bu cahana sığmayan şeyx, filosof, mübariz insan, qorxusuz haqq-ədalət mücahidi İmadəddin, Şirvan balası, azəri oğlu beş əsrdən artıqdır ki, yarıqaranlıq sərdabəsinə sığınıb əbədi uyuyur.

Yağmurlu bir noyabr günü onun yaralarının sızıltılı göynəyi yenidən oyandı, gözlərimizdə yaşa, sinəmizdə həyəcanlı göyüntüyə, dilimizdə həzin bir nəğməyə döndü. Xəyalımızda uzaq günlərin unudulmaz mənzərəsini yaratdı.

...Neçə gün idi ki, biz, Azərbaycan mədəniyyət xadimlərinin nümayəndə heyəti Suriyada ərəb dostlarımızın qonağı idik. Qədim Şam şəhərinin müasirləşmiş mənzərəsi, görüşlər, qarşılıqlı salam və sorğu-suallar, sovet səfarəti, müxtəlif nazirlik və elm-mədəniyyət ocaqları ilə tanışlıq. Ölkənin uzaqlarına - neft, pambıq rayonlarına, qədim mədəniyyət mərəkəzi Bosraya, müasir sənaye mərkəzlərinə - Qamışlı, Palmira, Lataka, Tabka, Xomsa səfər maraqlı olduğu qədər, hadisə və qeydə dəyər faktlarla zəngin idi. Lakin mən ölkəni görmək, gərgin tarixi bir dövr yaşayan, yüksəliş yolunda hərəkət edən dost Suriya xalqının ayrı-ayrı nümayəndələri ilə görüşməklə nə qədər şad, məmnun, maraqlı idimsə, Fərat çayı üzərində tikilən su bəndi və elektrik stansiyasındakı sovet mütəxəssisləri sırasında çalışan qızımı bir an əvvəl görməyə can atırdımsa da hər şeydən artıq məni rahatsız edən, fikrimi, xəyalımı bir an dinc qoymayan Nəsimi idi. Ondan bir nişan qalmışdımı? Qəbri hardadır? Əsərlərindən, bəlkə də, əlyazmalarından tapmaq mümkün oldu.

Hələb qubernatoru (mühafizi) Əbdülqəni Əssədavi ortaboylu, qarabuğdayı bir kişidir. Onun zil qara bığları var. Başının tükləri də qapqaradır. O, mühəndisdir, Fəratproyektdə - Tabkada olduğumuz gün bizə dedilər ki, Hələb qubernatoru Əbdülqəni eyni zamanda müvəqqəti olaraq, Fərat bəndi tikintisinin baş mühəndisliyi vəzifəsini də aparır.

Qubernatorun idarəsi Hələbdə adi bir evdədir. Binanın otaqlarından biri onun kabinetidir. Bəzək-düzək yoxdur. Döşəmə bütün Suriya şəhər evlərində olduğu kimi, kvadrat daşla döşənmişdir.

Qubernator bizi qarşıladı, yer göstərdi, oturduq. O da oturdu. İlk tanışlıqdan sonra sual-cavab başladı. Sualların əksəriyyəti bu əyalətin iqtisadiyyatına aid idi. Nəhayət, qubernatora müraciətlə dedim:

- Hörmətinizə görə sağ olun! İcazə versəniz sizdən bir xahiş edim.

- Buyursunlar!

- XIV əsrin ikinci yarısında, bu Hələb şəhərində bizim həmyerlimiz bir şair yaşayıb. Onun anadan olmasının 600 illiyi Sovetlər İttifaqında geniş bayram ediləcəkdir. Bu bayram YUNESKO xətti ilə bütün dünyada da tənrtənə ilə keçirilməli bir bayramdır. Əgər hörmətli qubernator İmadəddin Nəsimi adlı bir azəri şairi haqqında, onun qəbri, nəsli, əsərləri haqqında bir məlumat almaqda bizə mümkün olan köməyi göstərərsə, ona çox minnətdar olarıq.

Qubernator bir anlıq fikrə getdi, sonra köməkçilərindən birini çağırdı, ona nə isə dedi.

Söhbət başqa sahələrə keçdi. Qubernator Sovetlər İttifaqı, xüsusilə Azərbaycandakı quruculuq, mədəniyyət işləri ilə maraqlanırdı. 15-20 dəqiqə sonra xəbər gətirdilər ki, Nəsiminin qəbri Hələbdədir. İstəsəniz onu indicə ziyarət edə bilərsiniz. Göründüyü kimi, bu xəbərdən Hələb qubernatoru özü də çox məmnun idi.

Bizim isə uçmağa qanadımız yox idi. Öz aramızda məsləhətləşib bu qərara gəldik ki, Nəsiminin qəbrini səhəri günü layiq olduğu kimi ziyarət edək: güllə-çiçəklə. Beş yüz ildən artıq sürən bir həsrət yolunda bir gün nədir ki!..

Noyabrın 29-da suriyalı mədəniyyət xadimləri, Sovet İttifaqının Hələbdəki konsulu, bizim bütün nümayəndə heyəti Nəsiminin qəbrini ziyarətə getdik.

Hələbin hərbi qalası səkkiz əsrdən artıqdır ki, şəhərin ortasında 200 metrəyə qədər hündür bir təpənin üstündə mürgüləyir, illəri, əsrləri köçəri quşlar kimi bir-birinin ardınca yola salır.

Bu qalanın dörd həndəvəri dərin, enli xəndəkdir. Qala düşmənlər tərəfindən mühasirə olunanda, bu xəndək su ilə doldurulur, qala qapıları bağlanırmış. İndi də qala qapısından keçib yuxarı - köhnə şəhərin xərabəliyinə qalxanda yolun hər bir neçə addımında tin-tin burulduğu, hələblilərin müdafiəyə yaxşı hazırlaşdıqlarını  göstərir. İç qapıya gedən yol elə düzəldilmişdir ki, bura uzun dirəklər gətirib dəmir qapını helləməklə (taranla) sındırmaq, deşmək, qoparmaq mümkün deyil.

Qalanın sol tərəfindən bir yol keçir. Bu yol haçalanıb iki küçəyə ayrılır. Sol tərəfə ayrılan küçə, sanki bir-birinə geydirilmiş müxtəlif boylu, müxtəlif biçimli evlərin arası ilə əyri-dolay zolaqla şəhərin içinə uzanır. Bu qol - küçənin başlanğıcında, sağ əldə, ilk bina Nəsiminin məqbərəsidir. Bu küçə Nəsimi küçəsi adlanır.

Əvvəlcə kiçik bir həyətə girirsən. Həyətdə beş-on qəbirli bir ailə qəbiristanlığı var. Başdaşlarında Nəsimi sözü görünür. Hələbdə bu günə qədər Nəsimi baba adı (familiyası) ilə yaşayan onlarca ailə var. Qərib şairin adını daşıyan bu uzaq Nəsimi nəslinin biri - Hikmət Nəsimi bizə bələdçilik elədi. Bu Nəsimi təxminən 48-50 yaşlarında bir adamdır. Onun şəklinə baxan bu adamın mütləq şirvanlı olduğunu tərəddüdsüz deyər. O, çadır alveri ilə məşğuldur.

Həyətdən keçib yarıqaranlıq bir otağa girdik. Burda üstü parça ilə örtülü (Suriyada belə bir adət var. Məşhur adamların qəbrini bahalı ipək parça ilə örtürlər) bir tabut-qəbir var. Ortada kiçik bir çərhovuz: divarlarda çərçivəyə salınmış yazılar var. Bu yazılardan biri dörd misra şeirdir. Onun fotosunu çəkdik.

"Üzüldük dönmədik,

Mərdanəlikdən.

Xudaya böylədir hübbi-səmimi.

Kəsafətdən çıxıb olduq bəhəqqə

Gülüstani-ilahinin Nəsimi".

Bu dörd misra şeir hicri 1217-ci ildə ramazan ayında Məhəmməd Sübhi adlı bir adam tərəfindən yazılmışdır.

Nəsiminin qəbri olan otağın divarlarında azəricə başqa bir neçə yazı da vardı. Gətirdiyimiz iri, təzə güllər əklilini Nəsiminin qəbri üstünə qoyduq.

Əklillərin lentinə bu sözlər yazılmışdı: "Ölməz şair, böyük həmyerlimizə Azərbaycan mədəniyyət xadimləri nümayəndə heyətindən". Nəsiminin qəbri otağın içində taxta barmaqlıq arxasındadır. Bu otaqdan ikinci otağa üçpilləli keçid enir. İkinci otaqda da iki qəbir var. Bunlar Nəsiminin yaxın qohumlarının qəbridir. Onlar da Nəsimilərdir. Bütün bina kədərli bir təsir buraxır. Lakin edam edilmiş bir şair qəbrinin bu neçə yüz il ərzində saxlanması, onun xatirəsinin əziz tutulması, adına küçə qoyulması, bizi çox mütəəssir elədi. Hikmət Nəsimidən soruşduq ki, şairin əlyazmalarından, kitablarından bir şey qalıbmı? O, atasından belə bir rəvayət eşidib ki, 60-70 il bundan qabaq İmadəddinin bir çox əlyazması və kitabını kimlərsə Türkiyəyə aparıblar.

Əlbəttə, bir gün, bir neçə saatlıq vaxtda şairin irsi, onun həyatı, mübarizəsi haqqında az-çox səhih məlumat toplamaq mümkün deyil. Öyrənə bildiyimiz bu oldu ki, Hələbdə şairin qəbri, adına küçə var və onun məqbərəsi olan məhəllədə 40-50-yə qədər ailə Nəsimi baba adını daşıyır.

Buradan Hələb kitabxanasına getdik. Kitabxananın baş elmi işçisi Yunis Rəşiddən başqa sorğu-suallarla yanaşı, Nəsimini soruşduq. Bir kitab gətirdilər: "Hələb şəhərinin tarixinə aid materiallar. VII cild". Onun 144-cü səhifəsində ərəbcə bu sözlər yazılmışdı:

"820-ci il. Bu ildə Hələb şəhərində yaşamış... Nəsimi öldürülmüşdür. O, hürufilərin şeyxi idi. Hələbdə yaşamış bir şeyxin tərəfdarları çox idi. Onun təriqət tərəfdarlarının artdığını görən Sultan əmr edir ki, onun boynu vurulsun, dərisi soyulsun və dar ağacından asılsın".

Bu amansız, nadan, qanlı əmr o zamankı ruhanilərin fitvası ilə həmahəng idi. Bəlkə də, o gün, Hələbin qızmar günəşi köz kimi yandırır, onun işığından gözlər qamaşırdı. Lakin mövhumat və istibdadın məşum qara kölgəsi insanların üstünə düşmüş, onların qəlbindən ağrılı-acılı bir fəryad qoparmışdı. Belə insanlar olmasaydı şairin adı, şeiri, xatirəsi bu günə qədər qalardımı? Nəsimini qan apararkən "mən günəşəm. Günəş qürub edəndə saralar" deməyə haqlı idi. Lakin illər, əsrlər onun yüksək poeziyasını susdura bilmədi, saralda bilmədi.

Rəngi saralmış köhnə vərəqlərdən belə, Nəsimi şeiri haqq, həqiqət, ədalət, yüksək humanizm şəfəqləri ilə parlayır. Onun insan azadlığını, insan təfəkkürünün təntənəsini tərənnüm edən sətirləri bu gün də hər biçimli, hər geyimli müstəbidlərə qorxunc bir xəbərdarlıqdır. Nəsiminin əsrlərin dolaşıq yollarında didərgin düşmüş səsini bir ahəng düzümündə toplamaq, onun sözlərini, yazılarını axtarıb tapmaq, toplamaq, dünya poetik fikrinin bu cəsarətli, dönməz, kişi nəğmələrini bilməyənlərə eşitdirmək, tanımayanlara tanıtmaq müqəddəs vəzifəmizdir. Suriyaya - Hələbə, Türkiyəyə, İrana güman gələn hər yerə adamlar göndərib Nəsimi irsini təmkin və inadla axtarıb tapmaq, toplamaq gərəkdir. Vaxt gələcək, həqiqət yolunda, fikir azadlığı yolunda qurban getmiş böyük azəri şairi Nəsiminin tunc heykəli yüksələcəkdir. Bu heykəlin qarşısında qoyulacaq ən dəyərli hədiyyə onun ana dilində və onlarca başqa dildə nəşr edilmiş tam toplu əsərləri olacaqdır. Böyük bayrama bu günədək hazırlaşaq.

 

"Ədəbiyyat və incəsənət" qəzeti

28 dekabr 1968-ci il

 

Rəsul Rza

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 fevral.- S.4-5.