Bir mətnin müəllif önləməsi

 

"Xan" nəşriyyatı tərəfindən çapdan çıxmış X.Telmanoğlunun "Naməlum ailə" romanının müəllif tərəfindən yazılmış ön sözünü təqdim edirik.

 

Dörd yanı çağdaş insanlarla, tanışlarla qan bağlarıyla dolub-daşan kişinin ATAlığındakı tənhalıq, bəlkə , hər birimizin tənhalığıdır. Bizi bu tənhalıq girdabına salan, varlığımıza qəriblik barını dadızdıran, görəsən, bizə qədərki bizdən sonrakı dünyanın üzərində gəzib-dolaşan, savaşıb-barışan, deyib-gülən ikiayaqlı məxluqların hansı yanlışlığıdır? Yaxud da bir fərd kimi bizim bu tənhalığımız buralardamı qazanıldı, kənardanmı təlqin edildi ki, bütün bu dünya süsü, gözəlliyi qarşımızda axıb gedərkən, nədən, niyə qalxıb genetik ruhsal kimlik arayışımızı israrla davam etdiririk? Biz böyük şərdən əsərdəki ata kimi necə qorunmalıyıq? Sözsüz ki, gerçək müstəvidə canı canımızdan olanları görə bilmək imkanımıza sahib çıxmadıqca, həm qəriblik, həm dünya tənhalığının seylablarında axıb gedəcəyik. "Naməlum ailə"nin gizlinləri mistik bir mətn kimi oxucuya "məni oxumaq zorundasan", - deyir.

Unudulmaz oxucu, mətnin altındakı tarixə baxanda gözün kəllənə çıxacaq. Doğrudur haqlısan. Bu sarıdan olan, tarixləri altında daşıyan onlarca yazım var ki, hələ çap olunmayıb. Hər birimizin fərqli xarakter yazar insiyativi göz qabağındadır. Söhbət nəyinsə yaxşılığından, ya pisliyindən qətiyyən gedə bilməz. Mən sizə bir yazarın sahibləndiyi, ya varlığında daşıdığı kisvəsindən, özünün deyə biləcəyiniz həngaməsindən danışıram. Elə o mərhəmətsiz həngamələrdir ki, məni hər zaman bu duruma düşürür, yazdığım yazıların illər sonra çap olunmasına təkan verir.

Bir aralar, elə bu yazıları yazdığım ərəfələrdə oxucuyla bütün bağları kəsərək, yazdıqlarımı da içimdə bir şey qalmasın, sonradan ağrılara dönüşməsin deyə, yazıb bir tərəfə atmaq kimi lüzumsuz xəstəliyə tutulmuşdum. Elə o ərəfələrdə, o isti yay günlərinin birində zamansa uca dağların başından şəhrə enmiş bir savaşçı ruhuyla özümü Xəzərin qumsallığında tapıb tamamilə o savaş ruhumu xatırladığım sıralarda, yenicə dünyaya gəlib təzə-təzə ayaq açan uşaqlarımın ən adi cizgilərindən diksindim. O cizgilər, hərəkətlər, gülümsəmə ağlamsamalar məni öz ardınca çəkib yaxın, uzaq yerlərə, bəlkə, olduğum, olmadığım, bəlkə, yaşadığım, yaşamadığım məkanlara apardı. Sözsüz, getdiyim yerlərdə yenə hər kəsdən daha çox özümü gördüm. Bunun əsla bir eqodan yararlanan hal olmadığının yaxşıca fərqinə varmışım. Bunun ən yaxşıca eqosuzluq olduğunu dərk eləyirdim. Elə o gedişlər, astral səyahətlər sırasında milyonlarla insan içində yenə genetik ruhsal bağlamda kələpçələndiyim, çevrəsinə pərçimləndiyim xeyli doğma insanla üz-üzə gəldim. Onlarla üz-üzə gəlməyim, baxışmağım indiyə kimi bu dünyaya gəlib getmiş bütün insanların daxilindən keçən, başından ötən söz-söhbətlərlə həmhallığıma rəməl atdı. Artıq dayana bilmədiyimi hiss edirdim. Elə ordaca qumsallıq üzərində, kimsənin olmadığı o təklik kəhanətində qələmi çantamdan çıxarıb vərəqin üzərinə ilk cümlələri, çoxdan düşdüyünü hiss eləyəndə, baxdım ki, geriyə artıq yol yoxdur. Bu arada mənə bir ayılma gəldi. Yazı, yazarlıq, sənətləşən sözlərinin qapsayıb içərdiyi bir avamlığın yenicə düşdüyüm növbəti cəhalətindən yaxamı qurtarmağın yollarını aramaq üçün beynimin bir tərəfində ağılcığazımı işə saldım. Əhmədi yenidən tanıyacaqdım. Onun yeni tərəfləri, yönləri ilə yaxından tanış olmağın bir addımlığındaydım. Fürsəti qaçıra bilməzdim. Qələm əlimdə durmurdu. Çünki bu gələn yazı birnəfəslik olduğunu israrla varlığıma döşəyirdi. Ancaq yazını ovuda-ovuda, özümdən qaçırtmadan, bezikdirmədən, içimdə çoxdan hərlənən bir "strukturun" olduğunu hiss edirdim. Aha... tapdım... bu üslub nəyəsə yol aça biləcəkdimi. Dəxli yoxdur. Əsas olan odur ki, ilk gedişatda mən tətmin ola bilim. vaxtsa "Qarğa beyni yeyənlərə namə" adlı bir şeir yazmış o mətn qəribə sistemə malik bir silsilədə ədəbiyyat yazılarına mal ola biləcək malzəmə sunmuşdu oxucuya. O yazılarımdan geriyə qalan, ancaq xərclənmiş, ancaq prozaya yarıyacaq bir şeylərin, izlərin içimdə yük kimi, qırıntı kimi danqıldayıb səs saldığını, bundan da kəskinliklə qurtarmağın lazım gəldiyini çoxdan gözləyirdim. Ətlə dırnaq arasında tikan, ya da ən yüngül şəkildə diş arasında qalmış narahatlıq törədən tikənin ölçülərinin boyutlarında vurnuxurdum. İçimdəki bütün imkanlarını artıq oyanıb yır-yığış edərək tədbirini almış o qalıntı, "Qarğa beyni yeyənlərə namə"dəki gedişat burda məni çəkib aparan yazının hərf-hərf, söz-söz, cümlə-cümlə ürəklə qarşıladığının fərqinə varırdım.

Yazdım... birnəfəsə deyilən o uçuşla bu yazını yazıb bitirmişdim. Gerçəkdən ilk dəfə hiss eləyirdim ki, (bəlkə , bu yazı ən zəif, ən kiçik, ən maraqsız kimin üçünsə, mətnlərimdən biridir) əzalarımı sarıb sarmalamış, qanıma yerikləyib varlığımı öz istilasına vermiş qalın bir dumanın dalğasından qurtulmuşdum. O vaxt ilk dəfə bu hiss mənə qorxu gətirmişdi. yaxşı qadın olmamışam. yaxşı o minaboylu, uzunsaçlı, badamıgözlü, qaşları yay, kirpikləri əsrlərcə ox olan o müdhiş yer varlıqlarından birisə mən deyiləm. Bu yazı boyunca qadın olmamanın sevincini, şükrünü, kişi olmanın, ata olmanın üzüntüsünü, ancaq o fiziksəl üzüntünü deyil, qoca Şərqin mənəviyyatına daxil olmuş sonsuzluq səhrasına ötürülmüş, başıboş buraxılıb qədərin ixtiyarına verilmiş Leyli-Məcnun qovuşmamasını, yalqızlığını, bunun gətirdiyi ayrıcalığı, kosmik cavabdehliyi yaşayırdım. Həm sözsüz ki, bu yazı boyunca qoca Şərqin türk etnosunun atalıq kimliyindəki qüdsiyyət bütövlüyü hər iki aləmlər tutumunca paralellik daşıdığını cəmiyyət proseslər boyunca hansı görünməz oyunlar yaratdığını, sanki bir yazarlıq qayasına (həm qayəsinə) sığınaraq göstərərək xatırlatmaq idi. Bizlər zaman-zaman düşüncələrimizlə, fikirlərimizlə, ideyalarımızla, niyyətlərimizlə bu gözəlim dünyaya qayıdacağıq. Ən çox da, deyəsən, o düşüncələrimizlə birgə genetikamızla, övladlarımızla, bizi yük kimi daşımağından xəbəri olmayan yavrularımızla zaman-zaman bu dünyaya məmnuniyyətlə dönəcəyik. Bizim buna haqqımız çatır. Yoxsa uca Allah böyük haqsızlıq etmiş olardı eşqli bəndələrinə qarşı. Oysa Allah haqsızlıq etməyi sevməz ümumiyyətlə, Allahın bu vasfı yoxdur. Bizim dönüşümüz, qayıdışımız reankarnasiyon deyil əsla. Dərindən oturub fikirləşəndə, düşünəndə o reankarnasiya (səfsəfəsinin) həssasiyyətinin bəndələrə verəcəyi dəhşəti heç bir cəhənnəm verə bilməzdi. Allahın düşüncələrlə, fikirlərlə, mənəviyyatla təbii ki, canlı insan nəslimizlə, övladlarımızla bizi bu dünyaya qaytarmasındakı ağlı başdan alan ədaləti, həm bu dünyada bir zamanlar xərclədiyimiz vaxt imkanlarında qoyub getdiyimiz saysız-hesabsız "izlərimiz" deyə biləcəyimiz işlərimizdir. Bizlər aləmlərin can damarı olan məxluqat o işlərimizdən (ən azından hansısa yetimin üzünə vaxtsa təbəssüm etməyimiz belə) nigaranıq. Sanki yenidən o şəkildə dönüşümüzdəki hikkəmiz, istəyimiz, nəfsimiz kosmik gərginlyi, təbəddülatları azaltdığı kimi, dünyaya da bir rahatlıq verir. Özümüzə isə ilahi bir sayqı qazandırıb sakral tatminliyimizi karmalarımızda bütövləşdirir.

...Elədir, görkəmli oxucu, illər sonra (12 il) heç bir cümləsinə toxunmadan çap eləmək sevdasına düşdüyüm bu mətnimi sizlərin ixtiyarınıza sunuram. Kimi çəngəl-bıçağıyla, kimi əlilə, kimi bəlkə , çöplə yeməyə başlarkən, kimisi təbii olaraqdan ya toxluqdan, ya da onun yeməyi olmadığından geri itib, "bu nədi, əəəə" kimisindən, bir reaksiya verəcəyini bilirəm. Uzağa getməyək, elə özüm kimi...

 

17.12.2017

 

Xanəmir Telmanoğlu

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 fevral.- S.5.