Mauzer Məmməd
İmperiya
nağılı
Stalinin boyu gödək olsa da, kölgəsi uzun idi. Bu kölgə
hər respublikaya, hər şəhərə, hər kəndə
gəlib çatırdı. Və zülmətində
işıqlı adamları ya boğub öldürür, ya da
doğma yurd-yuvalarından didərgin salırdı. Qanlı hakimiyyəti altında olan
yığın-yığın insanların ev-eşiklərinin
işıqlarını keçirməklə kifayətlənmir,
özlərinin də içdən işıqlarını
keçirirdi. Təcrübədən
bilirdi ki, belə olan halda insanlar asanlıqla qula çevrilirlər.
Hamının beynində, ürəyində bir
vahimə yaşayırdı.
O şaxələnən
qorxunc kölgənin biri də uzanıb-uzanıb Azərbaycanın
Dözümlü kəndinə gəlmiş və burada kənd
sovetinin sədri Mauzer Məmmədin şəklinə
düşmüşdü.
Keçmiş ya tarixə dönür, ya da
nağıla.
Sonrakı nəsil bu tarixi oxuyur,
nağılı dinləyir. Hər tarix
kitabının bir müəllifi, hər nağılın da
bir söyləyicisi olur. Nəvələri,
nəticələri o dönəmlərin, o hadisələrin
şahidi olan Fərrux babalarından vaxtaşırı israrla
Mauzer Məmmədin nağılını söyləməyi
xahiş edirlər. Fərrux baba da nəsil-nəcabətinin
başı ayıq, içi işıqlı olsun deyə, bu
ibrətamiz nağılı dönə-dönə
danışır. Mən də bu
nağılı təkcə eşitmək yox, həm də qələmə
almaq fürsətini əldən vermədim.
Fərrux baba söyləyir ki, Mauzer Məmmədin kənd
hökmranlığı ona görə uzanırdı ki, o
öz sözünü imperatorun uzun kölgəsi adından
deyirdi. Bundan
sonra kimin həddi nə idi ki...
Fərrux
baba nəvələrinə, nəticələrinə söyləyir
ki, Dözümlü kəndinin sakini Mauzer Məmməd elə
gəncliyindən ötkəmliyi, özündən güclünün
yanında yer almağı, fürsəti fələyə vermədən,
zəhəri rəqibin aşına, daşı
fağırın başına salmağı öyrənmişdi.
Hökmünü, yuxarıdan aldığı
tapşırıqları dillə yox, güc vasitəsilə
həyata keçirirdi. Bu gücün də
sözçüsü gah belinə bağladığı,
gah da əlində oynatdığı Mauzer tapançası
idi. Qəzəblə dediyi "Əlim tətikdədir
ha!" hədəsindən sonra hər kəs işini bilirdi.
Heç kim də onun qarşısında
dinə bilmirdi. Sanki Tanrı bunlara dili
danışmaq üçün yox, yalnız dad bilmək
üçün vermişdi.
Mauzer Məmməd tərcümeyi-halını yazanda
"Azərbaycandan bolşevik inqilabına qoşulanlar
sırasında ilk yer alanlardan biri mənəm" cümləsini
həkk etməyi unutmurdu. O, fəxr edirdi ki, Mavzoleydə
proletariatın dahi rəhbəri Leninin meyitini görüb. O,
fəxr edirdi ki, kolxoz quruluşunda fərqləndiyinə,
Hitlerə qarşı vuruşlarda igidlik göstərdiyinə
görə yoldaş Stalin şəxsən onun əlini
sıxıb, üstündə şəxsi imzası olan Mauzer
tapançası bağışlayıb, gen sinəsini ordenlə
olmasa da, medallarla bəzəyib. Stalin imzalı tapançadan
sonra di gəl dur Mauzer Məmmədin qabağında!.. Hünərin var bir
sözünü iki elə. İcazəli tapança
sahibi barmağını vursun tətiyə, qal mələyə-mələyə!..
Fərrux baba söyləyir ki, müharibə qurtarandan
sonra vəzifələrin bölüşdürülməsinə,
kadrların irəli çəkilməsinə yenidən
baxılmağa başlandı. Dözümlü kənd
sovetinin sədrliyi də Mauzer Məmmədə
tapşırıldı. Burada sənəd-sübutdan
ötə siyasi sayıqlıq nəzərə
alınmışdı. Nə olsun ki, Məmmədin
savadı yox idi, əvəzində onun yoldaş Stalinin imza
atdığı tapançası vardı. Doğrudanmı, "Ellər atası" bu
tapançanı ona hünərinə görə
bağışlamışdı? Nə
bunu soruşan, nə də o həşəmətli imzaya cəsarət
eləyib baxan yox idi.
Fərrux baba söyləyir ki, hava küləkli-tufanlı
olmasa da, havalı Məmmədin Mauzeri göydə oynayanda
kolxoz sədrlərindən tutmuş, adi kolxozçuya qədər
- hamı qorxusundan tir-tir əsirdi. Adamlar qul kimi işləyirdilər.
Mauzerin hesabına plan da dolurdu, öhdəlik də. Hələ üstəlik, payızda məhsul
bayramı da keçirir, şənlənir,
zurnaçıların, nağara vuranların qabağında
atılıb-düşürdülər. Ayrı cür
necə ola bilərdi?! Plan
dolmuş, yuxarıya üzağlığı gətirən
raport verilmişdi.
Pambığa, üzümə, taxıla, kələmə,
xiyara, pomidora göstərilən qulluq insanlara şamil
edilmirdi. Belə sanırdılar ki, kələm batdı - aləm
batdı. Əli Mauzerli Məmməd
oturmuşdu kənd camaatının boynunda, onu oradan
düşürən tapılmırdı. Əkilənin başına fırlanılır, əkənin
halını soruşan yox idi. Çünki
kənd soveti sədri Məmmədin icazəli və imzalı
tapançası var idi. İkisi də zora
xidmət edirdi.
Kənddə qəribə yox, acınacaqlı hadisələr
baş verirdi.
Hər şeyin icrası payıza
qalmalıydı. "Qrafik" pozulanda cəzalar
ilan kimi baş qaldırırdı.
Bir dəfə yazda - səpin vaxtı Abbasın oğlu
Hətəm sevdiyi qızı qaçırmışdı. Hamı vahimədən
dodağını gəmirirdi. İşin
qızğın vaxtında sevgiyə yaşıl işıq
yandırmaq olardımı? Abbas kişinin
oğlunda bu cürət haradandı? Ona
baxıb başqaları da yolunu azmazdımı? Niyə məhəbbət kənd təsərrüfatı
bitkiləri kimi mövsümi hal sayılmasın? İndi buna Mauzer Məmməd nə deyəcəkdi?
Fövqəladə xəbəri eşidən kimi sovet sədri
Məmmədin barmağı Stalin imzalı Mauzerin tətiyinə
qondu: "Çəkirəm ha!.. Səhvinizi düzəltməyə bir saat vaxt verirəm.
Damlanma təhlükəsi ilə üzləşən
"cinayətkarlar" işlərini bildilər, "səhvlərini"
düzəltdilər. Hərə öz ata
ocağına qayıtdı.
Fərrux
baba söyləyir ki, gödək diktatorun uzun kölgəsi
iclaslar zamanı Mauzerini qırmızı örtüklü
stola çırpa-çırpa göstəriş verirdi:
"İşinizi elə sahmanlayın ki, nəzərdə
tutduqlarınız payızdan, qışdan o yana keçməsin.
Toyları bu fəsillərə salın. Hesabı itirməyin. Elə eləyin
ki, analar uşaqlarını bu fəsillərdə dünyaya
gətirsin. Sonra deməyin ki, sədrin
Mauzeri niyə açıldı? Yaxşı
bilirsiniz ki, mənim Mauzerimə sorğu-sual yoxdur. Kimin
başı bədəninə ağırlıq eləyirsə,
işləməyən kəlləsini gətirib dirəsin mənim
işləyən Mauzerimə! Yaxşı
bilirsiniz ki, Stalin imzalı Mauzerin öldürdüyünə
qanbahası düşmür".
Heç kim Mauzer Məmmədin sərhədsiz hərəkətlərinə
etiraz edə bilmirdi. Sədr ortaya daşdan keçən əsas
qoyurdu: "Var qüvvə ilə işləmək bizim
borcumuzdur. Biz bol məhsul yetişdirməliyik.
Stalin yoldaş buyurur ki, ancaq bu yolla kapitalizmi qəbrə
qoymaq olar".
Fərrux baba söyləyir ki, yoldaş Stalinin
adından danışan əli Mauzerli sədrin dediyi söz
açdığı atəş kimi gurultu ilə həyata
keçirilirdi.
Bir dəfə Sənəm qarı elə tarladaca
canını tapşırdı. İş
başında ölən, başqa vaxtı
dünyasını dəyişənlərdən üstün
sayılmalıydı. Ancaq bu
üstünlük Sənəm qarıya nəsib olmadı.
Onu gündüz dəfn etməyə sədr
icazə vermədi. Axı adamlar işdən
ayrılıb yas mərasiminə toplaşa bilərdilər.
Moskva məhsul gözləyirdi. Bir an da olsa ləngimək olmazdı. Vəziyyətdən
çıxış yolu tapıldı: Mauzer Məmməd
göstəriş verdi. Hətta fürsət
tapıb mərhumu qınadı da: "Sənəm qarı bəxtindən
küssün. Ölməyə vaxt tapdı?..
Camaatın əlini işdən soyutmaq olmaz.
Mərhumu gecə - çıraq
işığına dəfn edərsiniz".
Mauzer Məmməd gözlənilməz hadisələri
özünün gözlənilən tədbirlərilə
qarşılayırdı. Xəstələnən
olanda, qəfil qəza baş verəndə, kimsə vaxtı
nizamlaya bilməyib ana olanda onun ağlasığmaz
çıxış yolları adamları heyrətləndirirdi.
Fərrux
baba söyləyir ki, bir dəfə qəribə bir hadisə
baş verdi. Yayın
qızmarında kişili-arvadlı,
uşaqlı-böyüklü - hamı tarlada pambıq
yığırdı. Qəflətən
göy üzünü qara bulud aldı, şimşək
şaqqıldadı, şıdırğı
yağış tökdü. Adamlar
yağışdan qorunmaq üçün daldalanmaq istədilər.
Elə bu an sədrin qeyzli səsi eşidildi: "Heç kim yerindən tərpənməsin. Mən bu saat yuxarıdan gələn göstərişlə
hesablaşmayan azğın, qudurğan yağışı cəzalandıracağam".
Bunu deyən sədr "Yağış, təslim
ol!" hədələri altında əlindəki Mauzerlə
yağışı güllələməyə
başladı. Hamı heyrətindən
yerindəcə donub qalmışdı. Aşağını
qul eləyən, yuxarının qulu olan sədr
yağışa, buluda atəş açmaqla - Allaha atəş
açmış olurdu. Fikirləşirdilər: "Necə,
hansı yolla bu əzraildən canımızı qurtaraq?". Hələ ki
çıxış yolu tapılmırdı.
Nə qədər geciksə də, axır ki, vaxt gəlib
çatdı.
İki zalımın işi bitdi. Stalin Hitleri yola saldı, Əzrail də Stalini.
Qara bulud yavaş-yavaş içindən
ağarmağa başladı. Ancaq hələ
gödək kişinin yaratdığı xof çəkilib
getməmişdi. Hələ sədrin
barmağı Mauzerin tətiyindəydi. Yolçu
getsə də, yol yaşayırdı.
Fərrux baba söyləyir ki, artıq dil dad bilmək
funksiyası ilə yanaşı, danışmaq vəzifəsini
də üzərinə götürmək istəyirdi. Tədricən
dəyişmə baş verirdi. Bunu çoxları hiss
etsə də, Mauzer Məmməd hiss etmirdi. Vəzifəsi
sərhəd tanımayan sədrin özbaşınalığına
nə qədər dözmək olardı? Stalin
olmayandan sonra Stalin imzalı tapança nə qədər
adamları qorxu içində saxlayacaqdı?
Kövrək də olsa, ilk cəsarət addımı
atıldı.
Kimsə Moskvaya Mauzer Məmmədin zorakı
idarəçilik üsulundan yazdı. Ancaq
zalım oğlu (və ya qızı) qorxusundan
yazdığına dürüst imzasını atmadı.
İmza anonim olsa da, təsvir olunan doğru idi.
Fərrux
baba söyləyir ki, günlərin birində Moskva anonim məktuba
reaksiya verdi və bu işlə
bağlı yoldaş İvanovu Dözümlu kəndinə
ezam etdi.
Kənd klubunda yoldaş İvanovun iştirakı ilə
fəallar yığıncağı keçirildi. Sovet sədrindən
yazılmış şikayət məktubu gündəliyə
salınmışdı. Yoldaş İvanov şəxsən
özü bu barədə yığıncaq
iştirakçılarına məlumat verdi.
Sədr zərrə qədər də olsun inana
bilmirdi ki, kimsə cəsarət tapıb ondan mərkəzə
şikayət edər. İvanov məktubun
məzmunu barədə camaatı məlumatlandırdı.
Və iştirakçılardan xahiş etdi ki,
çəkinmədən sədrin fəaliyyəti barədə
fikirlərini bildirsinlər. Məmməd Stalin imzalı
Mauzerini qırmızı örtüklü stolun üstünə
çırpıb dedi: "Ay camaat, bildirin mənim barəmdə
fikrinizi!".
Ani sükutdan sonra söz almaq, danışmaq
üçün əllər yuxarı qalxdı. Heç kim
kor deyildi. Hamı sədrin qırmızı
örtüklü stolun üstündəki Stalin imzalı
Mauzerini görürdü. Yerindən qalxan
sədrin ədalətindən, işgüzarlığından,
Sovet hökumətinə sədaqətindən, ehtiyacı olan
insanlara qayğısından danışdı.
Yoldaş İvanov yazılanla deyilənin düz gəlmədiyinin
şahidi oldu.
Və hiss etdi ki, camaatın sözü var. Ancaq qorxudan onu dilə
gətirə bilmirlər. Təriflər
boğazdan yuxarı deyilirdi. Mərkəzdən gələn
nümayəndə üzünü yığıncaq
iştirakçılarına tutub onlara inam
aşılamağa çalışdı: "Yoldaşlar, sədr
haqqında odlu-alovlu təriflərinizi eşitdik. Bəlkə, başqa bir yoldaşın fərqli bir
təklifi var? Onu da eşitməyə
hazırıq".
Fərrux
baba söyləyir ki, gördüm heç kim
sözün doğrusunu demək, məktubda yazılanları
təsdiq etmək, qeyri-insani idarə üsulunu tətbiq edən
Mauzer Məmmədin aşının suyunu vermək istəmir.
Heç onları qınamaq da olmazdı.
Neyləsinlər, insanlar qırmızı örtüklü
stolun üstündə yer alan icazəli və
imzalı Mauzerə, zəhmli Mauzer də onlara sarı
baxırdı. Yenə ümid Fərruxa - mənə
qalmışdı. Ağlıma dolayı,
ancaq ağıllı bir fikir gəldi. Camaatın
canını zalımın zülmündən qurtarmaq
üçün söz alıb təklifimi səsləndirdim:
"Yoldaş İvanov, həqiqətən bizim kənd
sovetinin sədri bütün təriflərə layiq bir rəhbərdir.
Ona toxunmaq, güldən ağır söz demək,
idarəçiliyinə irad tutmaq günah olar. Belə kadr hər saat ələ düşmür.
Onu yerindən tərpətmək olmaz. Qoyun vəzifəsində qalsın. Bundan sonra da Dözümlü kəndində
nümunəvi fəaliyyətini davam etdirsin. Ancaq bizi elliklə başqa kəndə
köçürdün. Bax, mənim təklifim
bundan ibarətdir".
Qorxu həlqəsi qırıldı. Ustalıqla
deyilən təklif yerdən alqışlandı. Gənc Fərruxun dolayı dediyi fikir yoldaş
İvanova da çatdı. O, əvvəlcə
gülümsündü, sonra başını buladı, daha
sonra turşməzə bir ana söyüşü
söyüb fikrini səsləndirdi: "Bu kəndin əhalisi
qəribə adamlardır. Onların
ağılları var, ancaq cəsarətləri yoxdur".
O,
sözünün sonunu ürəyində dedi: "Elə
yaxşı ki, belədir".
Sonra həyat səmtini dəyişdi. Yaxşı ki, "ədalət arayıcısı" İvanovun ümidi gözündə qaldı.
***
Fərrux baba nəvələrinə, nəticələrinə söyləyir ki, yoldaş İvanov 1990-cı ilin 20 Yanvarında bu xalqın cəsarətinin də şahidi oldu. Müstəqillik uğrunda mübarizəyə qalxan azərbaycanlılar qanlı köynəklərini azadlıq bayrağına çevirməkdən qorxmadılar. Onlar işğalçı Sovet imperiyası tərəfindən öldürüldülər, ancaq amallarından bir addım da olsun geri çəkilmədilər. Nəticədə, Azərbaycan müstəqilliyinə qovuşdu.
Fərrux baba söylədiyi imperiya nağılının sonunu hər dəfə bu hikmətli sözlərlə bitirirdi: "Hər öldürən qalib sayılmadığı kimi, hər ölən də məğlub hesab edilmir...".
13-14 avqust 2018
Qərib Mehdi
Ədəbiyyat qəzeti.- 2019.- 16
fevral.- S.3.