Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə Nobel
mükafatçısı, Çin yazıçısı
MoYanın "Qırmızı kalış" romanı əsasında
çəkilmiş eyniadlı filmi təqdim edirik.
Romanın
süjeti: Hadisələr 1920-70-ci illərdə Çində
baş verən hadisələri əhatə edir. Əsərin əvvəlində isə Qaomi qəzasında
baş verən hadisələr təsvir olunur. Yapon ordusu
Çin ərazisinə (1937-1945-ci illər arası Çin və
Yaponiya arasında baş vermiş münaqişə - S.S.) soxulub, hər
tərəfdə döyüş gedir, yapon əsgərlərinin
amansızlığı əhalini dəhşətə gətirir.
Komandir Yu əsgələrini torpaqları işğal eləyən
yapon ordusuna qarşı hücuma hazırlayır. Onun arvadı
kalış tarlasından keçərək, əsgərlərə
yemək gətirəndə yapon əsgərləri tərəfindən
güllələnir.
Qadının ölümü romanda keçmiş və
indiki zamanı bağlayan bir bağ rolunu oynayır.
Əsərboyu hadisələri komandir Yunun nəvəsi
danışır. Onun adı əsərdə
xatırlanmır. Nəqlçi ailəsinin
şərabçılıqdan tutmuş yapon ordusuna
qarşı mübarizəsinə qədər dövrü,
eyni zamanda vaxtilə ailədə olan mübahisələri,
konflikti anladır.
Onun yaponlar tərəfindən qətlə yetirilən nənəsi,
gənc ikən atasının təkidiylə, kalışdan
şərab istehsal edən zəngin bir sahibkarın oğluna ərə
verilir. Qadına vurulan quldur, yəni nəqlçinin
babası sahibkarın oğlunu qətlə yetirir. Sonra o, dul qadınla evlənir və beləliklə,
onun keçmiş ərinin varidatına sahib
çıxır.
Müharibəyə qədər kənddə
qırmızı kalışdan hazırlanan şərabın
əhali üçün çox əhəmiyyətli
olduğu vurğulanır. Şərab yerli əhalinin
adət-ənənəsində, məişətində həm
qida, həm sosial təminat, həm ritual, həm ümid mənasını
daşıyırmış. Şərab,
eyni zamanda xəstəlikləri məhv edən, şər
qüvvələri qovan içki kimi dəyərləndirilirmiş.
Müharibə başlayandan sonra əhali yaponlara
qarşı mübarizədə birləşir. Komandir Yu
mübarizədə sərtləşsə də,
amansızlaşsa da öz insani keyfiyyətlərini itirmir.
Roman
onunla bitir ki, təhkiyəçi ailəsinin dəfn
olunduğu yerə qayıdır və onlara ehtiramını
bildirir...
1930-cu illərin antiyapon müharibəsi fonunda Şandun
ailəsinin hekayəsinin danışıldığı
romanda hadisələrin xronoloji ardıcllığı pozulur. Ədəbiyyat
mütəxəssislərinin fikrincə, qeyri-xətti
süjetə baxmayaraq, əsər rahat oxunur, hətta mətndə
amansız, zorakı səhnələr, ölüm aktları
lirik səciyyə ilə verilir. Kitabda mədəni
inqilab (1966-1976-cı illərdə Çində Mao Tszedunun
şəxsi təşəbbüsü ilə həyata
keçirilən genişmiqyaslı siyasi-ideoloji kampaniya.
Bu dövrdə siyasi müxalifətin zərərsizləşdirilməsi
və hakimiyyətin Mao Tszedunun əlində cəmləşdirilməsi
prosesi baş verdi. Məktəbli
və tələbələrdən təşkil edilmiş
xunveybin, gənc fəhlələrdən ibarət tszaofan dəstələri
ordunun dəstəyi ilə partiya komitələrində,
nazirliklərdə, müəssisələrdə, elm, təhsil
və mədəniyyət idarələrində kütləvi
"təmizləmələr" aparıblar. 1976- cı ilədək davam edən inqilabın əsas
məqsədi, guya köhnə ideyaların, köhnə mədəniyyətin,
köhnə qaydaların ləğv edilməsiydi), 1972-ci ildə
Yaponiya ilə Çin arasında diplomatik münasibətlərin
bərpası da xatırlanır.
Xalq nağılı, mif motivləri əsəri magik
realizm janrına kökləyir. Çin mədəniyyətinin
özünəməxsusluğu, yerli əhalinin tarixi,
mentaliteti özəlliklə diqqəti çəkir. 2012-ci ildə Nobel mükafatına layiq görülən
Mo Yanın bu romanı bir qayda olaraq, onun ən yaxşı əsəri
hesab olunur. "Qırmızı
kalış" 1986-cı ildə nəşr olunub.
Mo Yanın əsərlərində hallüsinasiya
qarışıq reallıq, xalq nağıllarının
motivi, tarix və müasirlik hibrid təşkil edir. Yaradıcılığının
ilk dövrlərində yazıçı ənənəvi
realizm manerasında işləyirdi. Amma
sonradan 1980-ci illərin ortalarından başlayaraq, o, əhəmiyyətli
dərəcədə təhkiyəsinin strukturunu,
formasını dəyişərək mürəkkəbləşdirir.
Müasir Çin ədəbiyyatında onun
yaradıcılığı daha çox magik realizmə aid
olunur və o, ən məhsuldar müəlliflərdən biri
sayılır.
Bu əsər Çin Xalq Respublikasının
"ilin ən yaxşı romanı" milli mükafatına
layiq görülüb və müəllifə dünya
şöhrəti gətirib.
Roman kimi, film də uğurlu alındı və 1988-ci
ildə nüfuzlu Berlin kinofestivalında baş mükafata -
"Qızıl ayı"ya layiq görüldü.
"Qırmızı kalış" rejissor Çjan
İmounun debütüdür. İmou müasir
Çin kinosunun simalarından və nüfuzlu
rejissorlarından biridir. Ümumilikdə əsərin
ana ideyası saxlanılıb, amma müəyyən dəyişikliklər
edilməklə.
Romanda olduğu kimi, filmdə də təhkiyəçi
var və tamaşaçı sonadək onu ekranda
görmür, yalnız kadrarxası səsini eşidir. Bədii mətndən
fərqli olaraq, film təhkiyəçinin nənəsinin, 19
yaşlı Tsyutszinin (Qun Li) ərə verilməsi ilə
başlayır. Ekran versiyasında hadisələr
1920-1930-cu illəri əhatə edir və xronoloji
ardıcıllıqla təsvir olunur.
Tsyutszi kasıb atası tərəfindən varlı
qocaya - qırmızı kalışdan şərab
hazırlayan sahibkara ərə verilir. Ər evinə
aparılanda gənc qadınla, yolda, onu daşıyan gənc
kişilərdən biri Yu (Tszyan Ven) arasında gözlənilmədən
sevgi hekayətinin başlanğıcı qoyulur.
Bu epizodla rejissor dünya kinematoqrafiyasında, ilk
tanışlıqda qadın və kişinin bir-birinə sadəcə,
bədən, instinktiv səviyyədə can atmasının həssas,
dolğun, dəqiq poetik təsvirlərindən birini
yaradır. Qadın-kişi təbiətinin mahiyyətini, obrazlı
desək, çılpaqlığıyla göstərir.
Kamera sabit ritmlə, tələsmədən
qarşılıqlı can atmanı, qarşılıqlı
susamanı - səssiz dialoqlarda, çox mənalı,
ehtiraslı sükutda, baxışlarda, üz ifadələrində,
hərəkətlərdə yumşaq, amma dəqiq gəzişmələr
etməklə üzə çıxarır.
Bu münasibət - yaşlı kişiyə ərə
verilməsindən məyus olan gənc qadının
qırmızı kəcavədən - onu daşıyanlardan
biri Yunun təravətli, güclü bədəninə həsrətli
baxışlarıyla başlayır. Gənc kişilər
yüksəkdən mahnı oxuyaraq, kəcavəni yellədərək,
qadının yaşlı adama ərə verilməsinə
etiraz etməsinə təhrik edirlər. Qadın
isə susur, psixoloji basqıya dayana bilmir və səs-küy
içində onun hıçqırtısını ancaq Yu
duyur. Və o, yoldaşlarına susmaq
komandasını verir. Məhz təsvir etdiyim kadrda bədən,
instinktiv duyğu - ali hisslərə,
anlamaya, şəfqətə keçir.
Yolda kəcavəyə hücum edən quldur, onu
daşıyanları soyandan sonra qadını zorlamaq istəyir. Qadın kəcavədən
düşür, sakit, soyuq baxışlarla kişilər
arasında ancaq Yuya xüsusi bir ədayla baxaraq, üz ifadəsiylə
"əgər cəsarətin varsa, məni qurtar"
çağırışını edir. Bu,
kiçik, amma dərin səhnə-nağıllarda, miflərdə
qadına görə başlanan müharibənin epizodik, lakin
ifadəli modelidir. Zorlanmadan onu Yu xilas edir.
Onların sevgi hekayəti belə
başlayır. Romanda olduğu kimi, burda da
Yu onun ərini öldürərək həm qadına, həm
də sərvətinə sahiblənir.
İmou əhvalatda qırmızı rəng həllinə
üstünlük verib. Bu da təsadüfi deyil. Mo Yanın
romanında rəng elementi xüsusi önəm
daşıyır: Qırmızı həyat eşqini,
ehtirası və eyni zamanda zorakılığı, müharibəni
ifadə edir. Və beləcə
qırmızı rəng özlüyündə məna
ziddiyyəti əmələ gətirir.
Kino sənəti təsvirlərə
hesablandığından, rənglərlə oynamaq, onu mənalandırmaq,
süjet xəttində vacib, işlək elementə, motivə
çevirmək imkanları genişdir. Dünya
kinosunda qırmızı rənglə işləməyin
ustası ispan rejissoru Pedro Almodovardır. Onun
yaradıcılığında qırmızı rəng
dominantdır: qırmızı əşyalar, geyimlər,
aksesuarlar, güllər, divar kağızları, mebellər,
maşınlar. Rejissor deyir: "Mən qırmızı rəngsiz
keçinə bilmirəm: o, parlaq və intensivdir.
İspaniyada qırmızı rəng əsas şeyləri
ifadə edir: od, qan, sevgi, ehtiras, ölüm". Almodovarın kinematoqrafiyasında qırmızı rəng
filmin estetik, dramaturji, mizan yükünü daşıyan vacib
elementlərdən biridir və rəng həllində önəmli
yer tutur.
İmou isə qırmızı rənglə Almodovar səviyyəsində
işləyə bilmir. Onun traktovkasında qırmızı rəng bir az daha formal qalır və simvolik anlam
daşıyır. Əhvalatın nə
kompozisiyasında, nə dramaturji materialda tərkib elementə
çevrilmir. Misalçün, bəzi kadrların tamamilə
qırmızı fonda işlənməsi,
yaradıcı yox, texnikidir. Kəcavənin və
ya şərabın qırmızılığı, insan
qanı ayrı-ayrı kadrlarda yalnız predmet kimi əhəmiyyət
daşıyır, məna miqyası genişlənmir. Yəni başqa cür desəm, o, assosiativ xarakter
daşımır.
Rejissor müasir dünyada aktual olan qadın haqları
mövzusuna xüsusi diqqət çəkmir. Amma
atasının qızını bir eşşəyə dəyişməsi,
bununla da qocalığında sosial həyatını təmin
etməsinin sevinci - qadının statusunun əhəmiyyətsizliyini
göstərən sərrast epizoddur.
Müəllif
mümkün olduqca dialoqlara az yer
ayıraraq dolğun təsvirlərə fokuslanıb. Zifaf gecəsi qadının kədəri,
ümidsizliyi - solğun Ayın fonunda səslənən
tükürpədici çığırtısı ilə
ifadə olunur.
Diqqətimi çəkən məqamlardan biri, rejissorun
faciəli hadisələri poetik həll etməsidir. Yapon əsgərlərinin
gülləsinə tuş gələn qadının
ölümünü, balaca oğlunun
qışqırtısını rapidlə (kadrdakı hərəkətin
təbii sürətinin süni olaraq yavaşladılması -
S.S.), musiqi ilə verir.
Bəzən isə rejissor poetik təsvirdən qəddar
realist səhnələrə keçid edir. Yapon əsgərlərinin
təkidi ilə çinli qəssab öz sahibinin dərisini
soymalıdır. O, dəhşətli əzabla sahibinə
yaxınlaşır. Sahibinin ondan "Elə et
ki, çox əzab çəkməyim" xahişindən
sonra, qəssab onu dərhal bıçaqla öldürür.
Və sonra özü dözməyərək
intihar edir.
Müharibənin
dəhşətləri filmdə az yer alsa
da, bu cür tutarlı epizodlar onu anlatmaq üçün yetərlidir.
"Qırmızı kalış" Çin kinosunda
xüsusi əhəmiyyətə malikdir və yeni mərhələ
sayılır.
İmou 1980-ci illərdə meydana gələn,
"Çin kinosunda beşinci nəsil" adlanan cərəyanın
nümayəndəsidir. Bu nəslə mədəni
inqilab dönəmindən sonra Pekin Akademiyasının ilk məzunları
olan rejissorlar aiddir. Məhz bu nəslin sayəsində
Çin kinosu dünyaya çıxdı, ən nüfuzli
festivallarda yüksək mükafatlar aldı.
"Qırmızı kalış" rejissorun vətənində
birmənalı qarşılanmadı. Hətta rejissor, onu vətənə
xəyanətdə ittiham edən məktublar aldı.
"Qızıl ayı"dan başqa, digər
çoxsaylı mükafatlara da layiq görülən
"Qırmızı kalış" Amerikada prokata daxil olan
ilk müasir Çin filmidir.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2019.- 23 fevral.- S.30.