Əlahəzrət janrın hökmü

 

"Ədəbiyyat qəzeti"nin keçən buraxılışlarından birində professor Rüstəm Kamalın "Krılov baba" adlı filoloji essesini böyük maraqla oxudum. Rüstəm müəllim yazıda düşündürücü sual qaldırır: üçün XIX əsrdə Azərbaycan yazıçıları rus ədəbiyyatında xüsusi yeri  olan Derjavin,  Lomonosov, Puşkin, Lermontov, Jukovski kimi yazıçıların əsərlərinə deyil, Krılovun təmsillərinə daha çox maraq göstəriblər?

Qeyd etmək yerinə düşər ki, XIX əsrdə Rusiya İmperiyası tərəfindən istila edilərək yeni siyasi coğrafiyaya daxil olan Azərbaycanın mədəni həyatının rus ədəbiyyatına reaksiya verməsi tamamilə təbii idi. Bu, həm İslam mədəniyyətinin yeni təmas xəttinə çıxması idi...

Azərbaycan ərazisində rus məktəblərinin açılması həmin məktəblərdə Azərbaycan dilinin tədris edilməsi burada ciddi rol oynayırdı. Dünyanın qabaqcıl təhsil sisteminə (ruslar alman sistemi tətbiq edirdilər) əsaslanan rus məktəbində Azərbaycan dilini tədris etmək o qədər asan olmadı ilk dövrlər rus məktəbində oxuyan azsaylı müsəlman uşaqlarına Abbasqulu ağa Bakıxanovun "Qanuni-Qüdsi" dərsliyi əsasında fars dili keçildi...

O da maraqlıdır ki, XIX əsrdə rus ədəbiyyatından Azərbaycan dilinə ilk tərcüməni Abbasqulu ağa etdi: bu, Krılovun "Eşşək bülbül" təmsili idi. Abbasqulu ağanın əli yüngül oldu. Rüstəm müəllimin qeyd etdiyi kimi, bundan sonra XIX əsr boyunca (eləcə XX əsrin əvvəllərində) Krılov təmsilləri Azərbaycan müəlliflərinin diqqət mərkəzinə düşdü.

Ədalət naminə mütləq nəzərə almaq lazımdır ki, XIX əsrdə rus dilindən tərcümələr yalnız Krılovun təmsilləri ilə məhdudlaşmırdı: "Müəllim Məhəmmədhəsən bəy Əfəndiyev Puşkinin "Dubrovski" hekayəsini, Firidun bəy Köçərli "Balıqçı qızıl balıq nağılı"nı, Əhməd bəy Cavanşir Lermontovun "Mıtsıri" poemasını, "Üç xurma ağacı", "Terekin sovqatı", Jukovskinin "Yay axşamı", "Yatan çar qızı", Əsgər ağa Adıgözəlov Gorani Lermontovun "Hava gəmisi" şeirlərini... Soltan Məcid Qənizadə L.N.Tolstoyun "Əvvəlinci şərabçı" əsərlərini Azərbaycan dilinə tərcümə etmişdi". (F.Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: "Maarif" nəşriyyatı, 1974, səh. 436).

Bəs təmsili "əsrin qəhrəmanına" çevirən, ön sıraya çıxaran idi? Məncə, bu sualın cavabında başqa amillərlə yanaşı, əlahəzrət janrın hökmünü nəzərə almaq lazım gəlir. Rus ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatının yeni təmas xəttində hər iki ədəbiyyat üçün ortaq janr təmsil idi heç şübhəsiz ki, Azərbaycan dilində rus ədəbiyyatının digər janrları (məsələn, himn, oda, elegiya kimi...) ilə müqayisədə təmsilin qarşılığını yaratmaq xüsusi çətinlik törətmirdi. Təmsil mətnini bir dildən başqa dilə çevirmək üçün  yeni bir estetik sistem yaratmağa, sözü yeni janr ölçülərinə sıxışdırmağa ehtiyac yox idi.  Burada janrın ortaqlığı mədəniyyətlər arasında birləşdirici rol oynayır. Digər tərəfdən bu janr,  onun didaktik təbiəti yeni məktəb maarif tələbatlarına uyğun idi.

Lakin məsələnin bir qədər dərininə gedəndə A.Bakıxanovun rus dilindən ilk tərcümə təcrübəsi ilə XX əsrin əvvəllərində eyni mətnin fərqli tərcümələrinin (məsələn, Rəşid bəy Əfəndiyevin, Eynəli Sultanovun ya Abdulla Şaiqin)  müqayisəsində daha maraqlı bir məqam ortaya çıxır. Azərbaycan ədəbiyyatında təmsilin "milli" janra çevrilməsi üçün az qala bir əsr zaman lazım olmuşdu.

Rus ədəbiyytında Krılov təmsillərin milli ruhuna görə yüksək qiymətləndirilib. Məsələn, Belinski yazırdı: "Uşaqların tərbiyəsi üçün Krılov təmsillərinin böyük əhəmiyyətindən danışmağa ehtiyac yoxdur: bu təmsillərdəki rus ruhu şüurdankənar  olaraq bilavasitə uşaqların ürəyinə işləyir, onlar rus dilini öyrənirlər onlar üçün, demək olar ki, yeganə anlaşıqlı poeziya olan bu təmsillərdən gözəl zəngin bir təəssürat alırlar". Krılov babanın əsas hünəri bunda - Ezopun, Lafontenin süjetlərini milliləşdirməsində idi.

Bizim ədəbiyyatda təmsilin milliləşməsi sahəsində ilk mühüm hadisə XIX əsrin sonunda Cənubi Azərbaycanda baş verdi: Məhəmmədbağır Xalxali "Kitabi-Sələbiyyə"ni yazdı. Bu, Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin cəhdlərinin ümumiləşdirilmiş yekunu idi.

Bakıxanov Krılovun təmsilini klassik divan ədəbiyyatının ağır kitab üslubuna çevirdiyi, tipik Şərq pritçasının çərçivələrinə saldığı halda, Ezopdan bəri Avropa ədəbiyyatında səyahət edən təmsil süjetləri XX əsrin əvvəllərində artıq Azərbaycan uşaq ədəbiyyatının orijinal mətnləri kimi qavranılırdı. Süjeti "Sələbiyyə"dən gələn "Tülkü həccə gedir" (A.Şaiq) isə ədəbiyyatımızda yeni bir hadisə idi. 1911-ci ildə nəşr edilmiş bu kiçik çox tezliklə "folklorlaşdı", milli yaddaşın dəyərinə çevrildi...

Burada baş verən mühüm poetik hadisə janrın həmin janra uyğun struktur komponentlərinin yerdəyişməsidir, daha dəqiq desək, rus dilindən alınıb Azərbaycan dilində yerləşdirilməsidir.

Beləliklə, təmsil janrının Azərbaycan ədəbiyyatındakı təkamülü isə təxminən bir əsr çəkdi.

Təmsilə rəğbət təkcə Azərbaycan coğrafiyası ilə məhdudlaşmırdı. XIX əsrin sonu, XX əsrin əvvəlində Osmanlı ədəbiyyatında da Lafonten yaradıcılığına böyük marağın şahidi oluruq. Lafonten təmsillərinin tərcüməçilərinin arasında Tofiq Fikrət, Orxan Vəli kimi nəhənglər var...

Rus ədəbiyyatının "qızıl əsri" Krılovdan başlamışdı.

XIX əsrin sonlarında Azərbaycan ədəbiyyatında ilk romanların müəllifləri Qori Müəllimlər Seminariyasının yetişdirmələri - ana dilində ilk təhsilini "Vətən dili"nin mətnlərindən alan şəxsiyyətlər oldu. 1894-cü ildə Cəlil Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları", 1899-cu isə ildə Nəriman Nərimanov "Bahadır Sona"nı yaratdı.

 

Məti Osmanoğlu

 

Ədəbiyyat qəzeti.- 2019.- 23 fevral.- S.29.