Bakıda qazax
yazıçısının
kitabı nəşr olundu
Qazaxstanda məşhur qazax yazıçısı Sabit Dosanovun 80 illik yubileyi ilə bağlı geniş tədbirlər həyata keçirilir. Bu məqsədlə prezident Nursultan Nazarbayevin sərəncamı ilə Baş nazir Bakıtcan Saqındaevin başçılıq etdiyi dövlət komissiyası yaradılmış və bir milyon ABŞ dolları həcmində vəsait ayrılmışdır. Yubiley tədbirləri Qazaxstandan başqa, Rusiyada, Fransada, Türkiyədə, Özbəkistanda, Azərbaycanda və Qırğızstanda da keçiriləcək. Azərbaycan tədbirlər Sabit Dosanovun "Qurdlar ulayan gecə” kitabının nəşri ilə başladı. Elçin Hüseynbəyli və Elxan Zal Qaraxanlının Azərbaycan dilinə tərcümə etdiyi və ön söz yazdıqları kitaba müəllifin eyni adlı romanı və iki povesti daxildir. Bu Sabit Dosanovun Azərbaycanda nəşr olunan ikinci kitabıdır.
Sabit Dosanov qardaş qazax ədəbiyyatının ünlü simalarından biri, qazax (türk) adət-ənənələrini öz əsərlərində yaşadan önəmli yazıçı-dramaturqdur. O, Qazaxıstanın xalq yazıçısı, əməkdar elm xadimi, akademikdir. O Qazaxstan Respublikasının Dövlət mükafatı, M.Şoloxov, S.Yesinin, Ç.Aytmatov, V.Pikul, A.Delviq adına Beynəlxalq mükafatlar sahibidir. Əsərləri bir çox ölkələrdə dəfələrlə nəşr edilib. Sabit Dosanov Mahmud Kaşqari adına Beynəlxalq Fondun mükafat komissiyasının sədridir.
Ədəbiyyat qəzeti.- 2019.- 23 fevral.- S.29.