Baxdım ki, toz
basmış təbəssümünü...
Xoşuma
gələn geyimlər
yaşıma
uyğun deyil.
Yaşıma
uyğun olanlar
xoşuma
gəlmir.
Ürəyimdən
keçən günlər
başıma
uyğun deyil.
Onunçün
istədiklərim
başıma
gəlmir.
Nə
ola, alınan mallar
geri verilə.
Mən də qaytaram bu canı,
xoşuma gəlmir.
Cansız
bir maneken olam,
heç dəyişməyən.
Baxam donuq bir vitrinin
boz şüşəsindən.
***
Hər dəfə yol keçəndə
səbirlə gözləyirəm.
İçimdəki səbirsiz mən
dayana bilməyib yolu keçir.
Maşın vurur onu,
yolun ortasında,
gözümün qabağında.
Yanından başını bulayıb
keçən adamlar
Hardan bilsinlər,
Niyə tələsirdi bu qadın.
Gedəcək nə qədər
yeri vardı,
görüləcək nə qədər işi...
Mən özümün
asfalta tökülmüş
qanıma baxıram,
bədənimdən ayrılmış
başıma,
qolumdan ayrılmış
çantama.
Başımdakı son fikri xatırlayıram,
bir də çantamdakı
qızımın üzünə
bağladığım qapının
yeganə açarını.
İçimdəki səbirsiz mən
hər dəfə belə eləyir.
Gah Anna
Karenina kimi
qatarın altına
atır özünü,
Gah Marqarita kimi
pəncərədən göyə.
Və hər dəfə səbirli mən
sağ olduğuma sevinirəm.
Evdə
tək qalan qızımın,
bağçada gözləyən
oğlumun,
xəstəxanada darıxan
anamın
gözü yolda qalmayacaq deyə.
Bir az da yaxın oturun,
Lap həyatın yanında.
Yeni bir payız başlayır,
Pəncərələr önündə.
Səhərlər təndir çörəyi
və yağışlı
havalar.
Səngiyirmi küçənizin
tinindəki davalar?!
Cavan-cahıl tərk edirmi
Yığışdığı dalanı,
Seyrəlirmi gəlişləri
Qatıqsatan xalanın?!
Yenə
alov qüllələri
Gecə
parıldayırmı,
Dərin
bir yuxu içində
Yağış şırıldayırmı?!
Yandırdızmı sobaları,
Çəkdizmi pərdələri,
Asdınızmı divarlardan
Ömrün "xəritələrin"?!
Bir az da yaxın oturun,
Lap həyatın yanında.
Yeni bir payız başlayır,
Pəncərələr önündə.
***
Dibçək güllərini suladım
öncə,
Saralıb büzüşmüş yarpağı
üzdüm.
Təmasdan sevinən biçarələri
Açıq pəncərənin önünə
düzdüm.
Beşyaşlı oğlumun yatmazdan
qabaq,
Çəkib şifonerə yapışdırdığı
Mənə bənzəməyən rəsmimə baxdım,
Qəfildən oğlumçün yaman darıxdım.
Kamodun tozlanmış güzgüsün
sildim,
Orda da əksimə baxdım və güldüm.
Haçandı görmürdüm, sanki
üzümü,
Baxdım ki, toz basmış
təbəssümümü.
Həzin
bir mahnıya başladım sonra,
Uşaqkən anamın xoşladığından.
Mahnı
da sevindi dodaqlarımda
Şad oldu hələ də yaşadığına.
Yemək
də bişirdim, çayı da süzdüm,
Yemiş də doğradım, qarpız da kəsdim.
Dəyişdim masanın boz örtüsünü,
Ən təzəsin
seçdim, ən güllüsünü.
Bir azdan uşaqlar gələcək evə,
Dağıdıb tökməyə nəsə
tapsınlar.
Sonralar mənsiz də yaddaşlarında
Şəklimi çəkməyə nəsə
tapsınlar.
Nə vaxtdı, evdən çıxmıram,
Odamda küllənirəm.
Bayıra
addım atmağa
Tənbəllik eləyirəm.
İndi
yadıma da düşmür
O çox darıxdığım
gün.
Nəsə çovğun olmalıydı,
Son evdən çıxdığım
gün.
Yenə
yıxılan oldumu
Qar üstündə
sürüşüb.
Hərdən gülümsəyirsənmi,
yadına nəsə
düşüb.
Yalanı
yoxmuş həyatın,
Sən demə,
gerçək imiş.
Uşaq
vaxtı uydurduğum
"Sən" belə
gerçək imiş.
Uzaqlaşdım qapılardan
Qondum pəncərələrə.
Haçandı heç nə yazmırdım
Tərləmiş şüşələrə.
Üzümü qoydum, isindi
Pəncərəmin şüşəsi.
Və bir də smaylik
çəkdim -
Gülücük işarəsi.
Sonra bir öpüş yolladım
Tanrıya-Yaradana.
Düşünmənin, var olmanın
Hissetmənin adına...
***
Qarşımda - Ana səhifədəki paylaşımları
Tək-tək "layk" elədim.
Birinə
gülümsədim, birinə
acıdım,
Dərin hüznlə kədərləndim.
Bayırda balıq satan kişinin
Qışqırtısı.
Otaqda divar saatının çıqqıltısı.
Saata baxmadım,
pəncərəyə boylanmadım.
Bilmək
istəmədim günün
Hansı vədəsi olduğunu.
Oyanıb,
çay içib, yenə yatmış,
Yenə oyanmışdım.
İçimdə nə bir həyəcan,
Nə
bir təlaş.
Kompüterin yanında
qırmızı bir
alma vardı,
Yeməyə tələsmirdim.
Bu natürmorta oxşayan
Mənzərəni pozmaq istəmirdim.
Mövsüm qış, otaq
isti, ayağım yalın,
Kreslom rahat,
Başım sakitdi.
Günə necə, hardan
başlayacağımı bilmirdim.
Sanki nəinki otaqda, bütün dünyada
təkdim.
Amma qarşımda - virtualda
Duyğularının üstünü
açıq qoymuş
adamların
Hamısını sevirdim.
Gündüzün günorta çağı,
Niyə belədi, Allah?
Yerlə
gedir qaşqabağın,
Nə səhv
elədim, Allah?
Nə rəngdi havan bürünüb,
Zaman da keçmir, sürünür.
Gözümə ruhlar görünür,
Nə məsələdi,
Allah?
Mən ən sonuncu qurbanam,
Dilimdə axırıncı dua.
Bəlkə, mənim qanım
yuya
Sənin
əlini, Allah!
***
Uçan
qar dənəsimisən,
ensən əriyəsimisən,
gəlib tutaqmı
səni,
bizə söz deyəsimisən?
Ürəkdənmi istədin,
var gücünləmi
öldün,
hamı dərddən ölür, sən
sevincindənmi öldün?
Yazdınmı divarlara
son sözünü qanınla,
yaşamaq istərdinmi
öldüyün o inamla?
Səni
neçəyə satdılar,
Bir anamı, bir günəmi,
Səni
necə unutdular,
Sənin kimi, eləmi?
Əzrayıl sənə nə
dedi,
Nə danışdın onunla,
Necə
razılığa gəldiz,
nə dəyişdin canınla?
İndi
nə ruhun ağrıyır,
Nə bədənin.
Sən ölümü öldürmüsən,
ölüm səni.
***
Oğrun-oğrun boylanırsan,
baxırsan içindən
çölə.
Görürsən ki, heç kim yoxdu,
çıxırsan içindən
çölə.
Taqətsiz bir quş aşağı
baxırmış kimi yuvadan.
Gün gözünü qamaşdırır,
Başın hərlənir havadan.
Qəfil
nəsə tanış
gəlir,
Bu duyğunu tanıyırsan.
Hər şeyi yaddan çıxarıb
uçmağı xatırlayırsan.
Anlayırsan, ən doğrusu
beləcə qanad açmaqmış.
Bir barama qurdu ikən,
kəpənək olub uçmaqmış.
Səhər Əhməd
Ədəbiyyat qəzeti.- 2019.- 23 fevral.-
S.28.