Qisas

 

hekayə

 

O, ailədə yeddi qızın biri idi. Məhlənin qızları arasında seçilirdi. Danışanda gur-gur gurlayardı, sənə  sarı yeriyəndə deyirdin bu saat səni tapdayıb keçəcək. Heç nazla-filanla arası yox idi. Qonşuların oğlanları futbol oynayanda, Lətifə ən azı qapıçı olardı. Voleybol oynayanda Lətifə müdafiəçi olardı. Aradakı kəndirin sol cinahında duran Lətifə əlindən bir topu o tərəfə keçirməmiş olmazdı...

Orta məktəbi qurtarıb sənədlərini Baki İdman İnstitutuna verəndə atasını qınayanlar çox oldu:

- Bu, qız sənəti deyil. Fərli-başlı bir instituta qoyaydınız. Qız hara, idman müəllimi hara?

Amma Lətifə məktəbdə qızlara kişi müəllimlərin idman dərsi deməsindən narazı idi:

- Qurtarıb qayıdacağam bura. Məktəbdə idmançı qızlar yetişdirəcəyəm. Elə idmançı qızlar yetişdirəcəyəm ki, dünya cempionu olsunlar.

İnstitutun axırıncı kursunda oxuyanda qonşularından Eldarla Bakıda ikən bir-birini sevdikləri ilə bağlı yayılan xəbərdən oğul anası Solmaz hirslənirdi:

- Bir bu qalıb ki, mənim gəlinim keçi Lətifə olsun. Uşaqlığında da bir düz-əməlli qız deyildi. Ondan ev arvadı olmaz. Uşağım əldən gedər. Mən ölməmişəm ki, gül kimi qızları qoyub evimdə çəngi saxlayam.

Amma olan olmuşdu. Eldar Lətifəni sevirdi. Təhsillərini başa vurub Xocalıya qayıtdılar. Eldar iqtisadçı idi, ona iş tez tapıldı. Lətifəni isə Xocalıya yaxın kənd məktəbinə göndərmək istəsələr də, təyinatını Xocalının özünə ala bildi. Deyirdilər ki, guya atası gedib Bakıda dəyişdirib. O zaman təyinatı dəyişmək çətin məsələ idi. Amma alınmışdı. Bundan da Eldarın anası lap dəli olmuşdu. Təyinatla bir başqa kəndə getsəydi, mütləq orada biri tapılacaqdı və Lətifə də orada ailə qurub orada yaşamalı olacaqdı. Təyinat yerində ən azı üç il işləməli idi. Bu vaxta kimi, yəqin ki, görkəmcə gözəgəlimli olan Lətifə ailəsiz qalmazdı. Amma hər şey tərsinə oldu, Lətifə kənddə deyil, Xocalının özündə rayon idman məktəbində işləməyə başladı. Lətifənin anası Eldarla görüşməyi ona qadağan eləmişdi:

- Eşidəm, biləm, o əyrimçə Solmazın oğlu ilə birlikdəsən, südümü sənə halal eləmərəm.

Eldarla gizlin görüşlərində Lətifə gülə-gülə bunları Eldara danışardı. O da anasının eynilə onun arxasınca dediklərini qıza deyərdi, ikisi də uğunub gedərdi...

Eldarın atası oğlunun fikrinin qəti olduğunu biləndən sonra Solmazı yola gətirməyə çalışırdı:

- Nə olub qıza, maşallah, nəyini bəyənmirsən onun?  Düzdür, bir az dəli-doludur. Xasiyyəti odur da. Bunda nə var? Oğlun ölüdür, qız diridir. Biri o birisini yola verəcək, girmə aralarına. Fikirləri qətidirsə, elçi gedəcəyəm.

Solmaz daş atıb baş tuturdu:

- Ölərəm, qoymaram. Mən qız kimi oğul tərbiyə eləmişəm.

- O qıza nolub?

- Ondan arvad olmaz. Atbalaxanımdır. Lap Dəvə Ziveydəyə oxşayır. Mən evimdə nərmə-nazik, xanım-xatın gəlin görmək istəyirəm. Onun səsi gurlayanda mən havalanıram.

- Atbalaxanım, Dəvə Ziveydə dediyin o qadından arvad olmayıb? Odur ey, doqquz oğul verib Göyüşə. Sən iki oğul doğmusan, ikisinin də burnunu tutsan canı çıxar.

Solmaz cırnayardı:

- Dəli eləmə məni, qarğıyaram. Qarğışım ortandan keçər. Nolub mənim oğlanlarıma? Hərəsi bir idarənin rəhbəri olacaq.

- Bəh-bəh. Qız da odur ey, o boyda idman məktəbinin rəhbəridir.

- Kimə lazımdır bu idman? Hə? Bütün günü qıçını qaldır, qolunu qaldır. Günüm onun atılıb-düşməyinə baxmaqla keçəcək?

- Sənin günün ona baxmaqla niyə keçir? Arvadsan, işinlə məşğul ol. Oğluna onun sənəti xoşdur, sənə nə?

- Oğlu mən böyütmüşəm, razı deyiləm, vəssalam.

Aydın belə vaxtlarda arvadının danışığından ləzzət alardı. Gəlin gətirməmiş Solmazın qayınanalıq etmək həvəsinə altdan-altdan gülərdi.

Lətifə, doğrudan da, zərif qız deyildi. Arabir qolu qısa paltar geyinəndə əzələsi açıqca görünərdi. İri alnı, gözləri, dik yerişi baxana kobud təsir bağışlayırdı, amma neyləsin, oğlu onu sevirdi. Aydın dəfələrlə onların işdən sonra evə bir döndüklərinin şahidi olmuşdu. Evə yaxınlaşanda yolları ayrılardı. Eldarın sakit, mülayim təbiəti vardı. Lətifə onun əksi idisə də, onları bir-birinə bağlayan ürəklər vardı... Və Aydın da bir vaxt Solmazın yolunda çox cəfalar çəkmişdi, baxmayaraq ki, Aydın təhsilli, sakit oğlan idi. Atası evin tək qızı Solmazı on uşaqlı evə verməkdən imtina etmişdi.

Solmazın ciddi-cəhdlərinə baxmayaraq, Eldarla Lətifəyə nişan qoyuldu. Baldızsız Lətifə qayınanasından da bir qayğı görmədi. Üzüyü də, gəlin üçün alınan əşyaları da Lətifə özü Eldarla seçib aldı. Toy oldu. Lətifə Solmazın evinə gəlin köçdü. Solmaz o gələndən bir həftə sonra hiss etdi ki, evdə ondan başqa da qadın var. Yır-yığışına, təmizkarlığına sözü olmasa da, onun zərif olmaması ürəyincə deyildi.

Solmazın gəlin-qayınana mübarizəsinə imkan olmadı. Qarabağda hadisələr gərginləşdikcə Xocalıda, ona bitişik ərazilərdə xüsusilə daha da kəskinləşdi. Ailələrdə ancaq söhbətin mövzusu erməni-müsəlman məsələsi oldu. İş o yerə çatdı ki, ermənilər tez-tez kəndlərə hücum edirdilər. Silahlı muzdlu erməni dəstələri peyda olmuşdu. Azərbaycanlılar yaşayan kəndlərin əhalisi qorxu içində idilər. Uşaqları məktəbə buraxmırdılar. Lətifənin  dünyaya gələn iki əkiz uşağına başı qarışan Solmaz artıq hər şeyi unutmuşdu. Balaları üçün keçirdiyi nigarançılıq gözlərinin altına kölgə salmışdı. Aydın qonşu kənddə ermənilərlə azərbaycanlılar arasına düşən davada iştirak etdiyindən tutulub Şuşa həbsxanasına göndəriləndən sonra Solmaz ayaqüstə ölmüşdü. Gecə-gündüz ağlayırdı. Eldarın balaca qardaşı Həsən Bakıda institutda oxuyurdu, təhsilini yarımçıq qoyub kəndə qayıtmışdı, gecələr kəndin keşiyini çəkirdilər. İctimai-siyasi vəziyyət gərginləşdiyindən, ermənilərlə azərbaycanlılar bir idarədə işləmək istəmədiyindən Eldar da işə gedib-gəlmirdi. İş artıq o yerə çatmışdı ki, hamı ailəsini qoruyurdu. Yeni yaranan Qarabağ rəhbərliyi Azərbaycan əsilli camaatdan silahları yığandan sonra hamı həyəcan, qorxu içində qalmışdı.

Eldar azərbaycanlılar arasında yaranan könüllülər dəstəsinə yazılmışdı. Atası tutulandan sonra tamamilə qaraqabaq olmuş Eldarın üzünü günlərlə görmürdülər, Həsənlə birlikdə Xocalı hadisələri başlayandan evdə tapılmırdılar, kəndi qoruyurdular. Qonşu erməni kəndlərinin tez-tez silahlı hücumuna məruz qalırdılar, əlində gizli silahı olanlar da onu üzə çıxara bilmirdi. Lətifənin ömrü nigarançılıq içində keçirdi. Hər gün vertolyotla göydən vərəqələr  tökən ermənilər onlardan Xocalını tərk etməyi tələb edirdi, əks halda onları öldürəcəkləri ilə hədələyirdilər...

İyirmi beş fevral günündə vəziyyət o qədər gərginləşdi ki, Xocalıdan beş-altı ailə ilə birlikdə Lətifəylə Solmaz da çıxmalı oldu. Eldar qonşusu ilə xəbər göndərmişdi ki, Goranboya-Solmazın xalasıgilə getsinlər. O gecə uşaqların birini öz kürəyinə, digərini Solmazın kürəyinə bağlayıb evdən çıxan Lətifə meşədə yaşadıqları dəhşətləri ömrü boyu unutmayacaqdı... İmkanı olan, az-çox yola bələd insanlar Xocalıdan qaçırdı... gözlərdəki qorxu, üzlərdəki sarsıntı görünməyəcək dəhşətlərdən xəbər verirdi... Lətifənin ürəyinə dammışdı ki, nəsə olacaq...

Çox böyük çətinliklə də olsa, Ağdama gəlib catan insanlar burda dağılışırdı. Solmaz Lətifəni də götürüb Goranboya gəldi. Burada xalasının köhnə evində yerləşən gəlin qayınana və iki uşaq özlərindən çox Həsənin, Eldarın, türmədən qaçaraq könüllülərə qoşulmuş Aydının dərdini çəkirdi.

Sabahı gün ildırım sürətiylə Xocalının işğalı xəbəri yayıldı. Lətifə Solmazı uşaqlarla Goranboyda qoyub Ağdama getmək, Eldardan, Həsəndən xəbər tutmaq istəsə də qoymadılar...

- Gəlin xeylağısan, hara gedirsən? Özləri gələcək.

Lətifə qovrula-qovrula qaldı. Gecəsi, gündüzü olmadı... Eldardan xəbər çıxmadı... On gün sonra Aydın xəbər göndərdi ki, Eldar yanındadır... Həsəndən xəbər yoxdur.

O gecə camaatı çıxararkən Həsən yoxa çıxdı. Aylarla Eldar onu axtardı, ölüsü-dirisi tapılmayan Həsənin dərdindən Solmaz yatağa düşdü...

Şuşa uğrunda gedən döyüşlərdə Aydın minaya düşdü, bir ayağını itirdi və Göranboya gəldi. Burada onu heç kim axtarmadı. Bir ayağı ilə ancaq oturub nəvələrinə baxan Aydının saçları tamam ağarmışdı. Lətifə gah ev işlərini görür, gah odun daşıyır, onu balta ilə doğrayıb yığır, gah çörək arxasınca gedirdi, ailənin bütün qayğıları onun çiynində idi və o, heç gileylənmirdi. Solmaz onun cəsarətinə, dəyanətinə heyran qalmışdı. Ürəyində ona qarşı olan soyuq münasibətini yada salır, özü-özündən utanırdı. Son vaxtlar Lətifə bir qadın kimi özünə baxa da bilmədiyindən, sanki elə bil qocalmışdı, Solmazın saçları olmasaydı ondan da cavan görünərdi. Bütün bunları kənddə onlarla qonşu olanlar da öz aralarında danışırdı. Lətifə çox vaxt eşitdiklərini qulaqardına vurardı. Fikri-zikri ermənilərlə üz-üzə olan Eldarın yanında idi: "Təki sağ-salamat dönsünlər. Həsən də tapılsın... Bacılarım, balaları tapılsın, hamını sağ-salamat görüm... Ondan sonra özümə baxacağam. Qoy bu müharibə qurtarsın. Mən də bir bəzənib-düzənməyə vaxt tapım, görsünlər ki, Lətifə də gözəliymiş".

Lətifə bütün günü xiffət içində idi... Bir səhər Solmazgilin kəndindən altı meyit gətirdilər. Onlardan biri Eldarın meyiti oldu. Xocalıya yaxın qonşu kənddə yaşayan, Solmazın süfrəsində özü ağırlıqda çörək yeyən, dost bildikləri erməni Samvel Eldarın başını verməmişdi. Aydın Eldarın ölümünə dözmədi, ürəyi partladı. Ata ilə oğulun qırxı bir-birinə qarışdı. Solmaz daşa döndü. Solmazın qoca anasını ermənilər Xocalıda qətlə yetirmişdilər. Lətifənin iki bacısı, uşaqları ilə birlikdə Xocalıda itkin düşmüşdü. Ağır günlər idi. Çaylar kimi çağlayan, gur-gur gurlayan Lətifə Eldarın meyiti üstündə bir damla göz yaşı tökmədi. Bu, Solmazın gözündən yayınmasa da, gəlininin dözümlüyünə, dəyanətinə də bələd idi. Aylarla bu çətinliklərin öhdəsindən gələn Lətifə bir dəfə də olsun "uf" demədi, ağlamadı, evi, ailəni dişi-dırnağı ilə zəhmət çəkib dolandırdı. Eldarın ölümünü də belə soyuq qarşılamasını, əzizlərinin, Aydının da qəfil ölümündən doğan sarsıntı kimi qəbul etdi.

Lətifə Eldarla Aydının qırxı çıxandan bir gün sonra yoxa çıxdı. Səhər Solmaz yerindən qalxıb onu tapmadı. Solmaz Eldarın iki körpəsini qoynuna alıb göz yaşı tökürdü. Lətifənin evdən bezib getdiyini düşünürdü. İki gündən sonra Lətifə qayıtdı; nənəsi də, anası da onunla gəlmişdi. Lətifə onları Ağdamda yerləşən bir kənd məktəbindən götürüb Solmazın yanına gətirmişdi. Solmazla,  iki qocanın göz yaşlarına dözməyən Lətifə hər gün vaxt tapan kimi bağın başındakı təpənin üstünə qalxırdı, fikirli-fikirli uzaqlara baxırdı...

Bir gün Lətifə yenə yoxa çıxdı. Günorta bir yük maşınında qayıtdı. Gətirdiyi un kisələrini çiyninə alıb evin zirzəmisinə daşıdı. Sonra yığdığı odunları daşıyıb seyvana tökdü. Axşama kimi əlləşdi. Axşam otağa girəndə Solmazın yatağının yanında oturub pıçıldadığı sözləri eşitdi:  "Allah, bir balamın ölüsündən-dirisindən xəbərim yox, bir balam məzara başsız qoyuldu. Mənə baxan gözlərini görəmmədim. O ucuz ölümünü mənə çox görmə. Mənim intiqamımı da o Samveldə qoyma".

Lətifə sakitcə gəlib yerində uzandı. Səhər o yenə yoxa çıxdı. Solmaz artıq onun belə yoxaçıxmalarına, geri dönmələrinə alışmışdı...

Səhərə yaxın Lətifə gizlincə Eldarın ayaqqabılarını, Aydının hərbi paltarını köhnə yeşikdən çıxarıb kisəyə atdı, qəbzəsi dəmirdən olan dəhrəni, Aydının əldəqayırma tapançasını parçaya büküb kisəyə qoydu. Təhnədən bir çörək və bir az da pendir götürüb kisəyə atdı... kənddən çıxdı. Kənddən çıxandan sonra bir kolluq yerə keçib kisədən Eldarın ayaqqabılarını çıxarıb geyindi. Aydının paltarını, silahını da götürdü. Aydının papağını gözünün üstünə basdı. Əynindən çıxardığı paltarı kolluqda gizlətdi. Dəhrəni kisəyə büküb qoltuğuna  aldı. Asfalt yola çıxdı, bir üstüacıq maşının banında Yevlağa kimi getdi. Ordan Ağdama kimi bir başqa maşına oturdu...

...Lətifə uzun yolları piyada çətinliklə də olsa qət edərək, məqsədinə çatdı - bir gün şər qarışana yaxın kəndlərinə yaxın meşəyə girdi. Dağılmış, viranə qalmış evləri uzaqdan görəndə kürəyinin ortası alışdı. Ermənilər kəndləri talan eləmişdi. Dam örtükəri yanıb qaralmış evlərə baxdıqca ürəyi odlanırdı...

Lətifə axşam düşənə qədər gözlədi, erməni Samvelin evini tanıyırdı, onları ailə quranda evində qonaq da eləmişdi, gecə düşən kimi ehtiyatla yola çıxdı, Samvelin evinə yaxınlaşdı. Pəncərədən düşən işıqda arvadını gördü. O tərəfə-bu tərəfə qaçan uşaqların səsi eşidilirdi.

Tövləyə sarı getdi. Sakitcə özüylə götürdüyü dəhrəni kisədən çıxardı, tövlənin yanındakı saman bafasının üstünə qoydu. Xeyli yorulduğunu hiss edirdi. Cibindən bir parça çörək çıxarıb ağzına qoydu. Ot bafalarının arasında özünə yer elədi...

Gecdən-gec duyduğu hənirtidən başını qaldırdı. Evin qapısı açıldı, Samvel qapıda göründü. Həyətə düşən Samvel nə düşündüsə tövləyə tərəf gəldi. Görünür, mal-qaranı yoxlayırdı. Lətifə bafanın arxasına keçdi. Dəhrəni götürdü. Samvel tövlənin qapısını açanda Lətifə bafanın arxasından çıxdı:

- Samvel, - dedi.

Samvel səsə çevrilən kimi Lətifə dəhrənin ucunu onun ürəyinə soxdu. Samvel özünə gəlməyə macal tapmamış sinəsinə çökdü. Yaralı Samvel yalvarmağa başladı:

- Ö ö ö ldürmə məni...

- Eldarın başı hardadır?

- Həəəyətinizdə, kkkkartof çuxurunda, yaaaazığın gəlsin mənə, - dəhrənin acdığı yaraya dözməyən Samvel bayıldı.

- Alçaq. Bu, Eldarın intiqamıdır. Sənin bədənini də mən başsız qoyacağam.

Lətifənin Eldarın ölümündən sonra içinə yığılıb qalmış nifrəti vulkan kimi kükrəyirdi...

Sakit addımlarla Samvelin həyətindən çıxıb, yaxındakı qonşu kəndə sarı yollandı. Arabir yaxınlıqdan itlərin hürüşməsi içinə vahimə salsa da, hər şeyi gözünün önünə alıb kəndlərinə girdi. Kənddə inc-cins yox idi. Hər yer zülmətə bürünmüşdüsə də, göydən Ayın işığı yerə şığıyırdı... Ayaq saxladı, bir dəfə dərdli-dərdli doğulduğu evə sarı boylandı, sonra Eldargilin həyətinə yan aldı. Çatıb özünü kartof quyusuna saldı. Cibindən çıxardığı kibriti yandırdı. Eldarın mələfəyə bükülmüş başını tapdı, əlləri titrəyə-titrəyə açdı, baxdı, tanıdı, bircə dəfə "uf" dedi, bircə dəfə, yalnız bircə dəfə, bütün gücünü toplayaraq Eldarın başını bağrına basıb, qaranlıqda quyudan çıxdı, sonra başı boynundan açdığı örpəyinə büküb sinəsinə basdı, öpdü, sonra çevrilib qaranlıqda Samvelin başını atdığı kisəyə tərəf ikrahla baxdı, dərindən nəfəs aldı, o kisəni də götürüb, özündə tapdığı əlahiddə gücün sayəsində arxaya belə baxmadan iti addımlarla həyətdən çıxdı...

...Lətifə o vaxt özünə gəldi ki, meşələri arxada qoymuşdu...

Səhərin alatoranında kəndin girəcəyində bir adam qonşu kəndə tərəf burulan üstü açıq maşından yerə endi... Lətifə idi.

...Birbaş həyətə girib, ot damının arxasına keçib, Samvelin başını çürük taxtaların arasına soxdu. Eldarın  örpəyinə bükdüyü başını götürüb sinəsinə sıxıb həyətdən çıxanda yol qapısının ağzındakı beli unutmadı. Sübhün gözü yenicə açıldığı bir vaxtda kəndin naxırçısı onu qəbiristanlığa girən gördü. Qəbirlərin arasıyla qaçan Lətifənin əlindəki bel və bükülü şey marağına səbəb oldu. Qadının arxasınca düşdü. Lətifə Eldarın məzarına yaxınlaşıb oturdu. Nəfəsini dərdi. Sonra qəbrin baş tərəfinin torpağını bellə götürüb kənara tökməyə başladı. Lətifə qazdıqca qazırdı. Naxırçı Mənsur heyrət içində yaxınlıqdakı başdaşının arxasında dayanıb onu izləyirdi: "Bu neynur?  Bunun başı xarab olub, nədir? Yəqin, başına hava gəlib".

Lətifə qəbrin baş tərəfini qazdı, örpəyi açdı, Eldarın başını  götürüb sinəsinə sıxanda naxırçı Mənsurun gözləri qaraldı, onun dedikləri sözlər zindan kimi başına dəyirdi:

- Rahat yat, Eldar. Sənin qanın Samveldə qalmadı. İndi mən də gecələr rahat yatacağam. Sənin intiqamını aldım.

Sonra Eldarın örpəyinə bükdüyü başını cəsədinin yanına qoydu, yerindən qalxıb qəbrin torpağını yığdı... Üstündəki qan ləkələrini izi itirmək üçün hələ meşədə ikən palçıqlamış Lətifə üst-başını çırpanda naxırçı Mənsurun iniltisinə başını qaldırdı. Mənsur ondan bir-iki addım aralı daşın dalında zarıyırdı.

Lətifə işini qurtarıb nənəsindən bildiyi duanı oxuyub, beli götürüb Mənsura yaxınlaşdı. Kişi hönkür-hönkür ağlaya-ağlaya:

- Bu millətin sənin kimi qızı varsa, daha ona zaval yoxdur, - deyə bildi.

Lətifə naxırçı Mənsurun qoluna girib onu qəbiristanlıqdan çıxartdı.

...O evə gələndə Solmaz həyətdə idi. Lətifəni hərbi paltarda görüb udqundu:

- Ay bala, bir həftədir, hardasan? Öldüm nigarançılıqdan.

Lətifə heç nə demədi, ocağı qaladı, üst-başını dəyişdi. Sonra Solmazın qolundan tutub tövləyə sarı apardı. Solmaz qeyri-ixiyari onun arxasınca getdi. Solmazı qapının yanında qoyulmuş yarma yeşiyinin üstündə oturtdu, özü içəri keçdi, kisə ilə geri döndü. Solmaz kisəyə baxıb təəccüb içində:

- Bu nədir?

- Düşməninin başı.

- Nəəəəəəə?..

 

***

 

...Hələ də oturduğu yerdə quruyub qalmış Solmazın qoluna girib oradan uzaqlaşdırdı, həyətdəki taxtanın üstündə oturtdu. Özü də ağır-ağır taxtın üstünə çökdü. Dərindən nəfəs aldı. Başını ananın sinəsinə qoyub qəfildən hönkürtü dolu səslə:

- Oğlunun başı, sənə baxan gözləri məzarındadır. Nə vaxt istəsən gedib ziyarət edərik, - dedi.

Solmaz heyrət içində idi; aylarla içinə yığdığı göz yaşlarını indi qarşısında sel kmi axıdan Lətifəni, sanki indi kəşf etmişdi...

- Can bala, can. Eldarımın can yoldaşı...

Lətifənin yenə boğuq səsi gəldi:

- Səndən bir xahişim var...

- De, oğul!

Solmazın ağzından çıxan "oğul" kəlməsi Lətifəni yaraladı...

- Ana, oğlun döyüşmək istəyir, ən azı yanmış, dağılmış yurdunun, girov getmiş həsənlərinin, atasız qalmış balalarının qisası üçün...

...İki gündən sonra Lətifə orduya getdi. Həftədə, bəzən ayda bir dəfə evə dönüb balalarına baş çəkən Lətifənin kobud dodaqlarına, soyuqdan çatlamış sifətinə, əynindəki hərbi paltara baxdıqca Solmaz  orada Eldarını, Həsənini, Aydınını görürdü...

 

Gülxani Pənah

 

Ədəbiyyat qəzeti.- 2019.- 23 fevral.- S.26-27.