Yağış isladıb yolu,
yoxsa sənin göz
yaşın
Faiq Balabəylinin
55 illiyinə
...Şair Faiq Balabəylinin bu əlli beş
ilinin tam otuz üç ili bizim dostluğumuzun, qardaşlığımızın payına düşür.
Bu illər ərzində
həyatının sözlə
dəniz arasında keçdiyinin şahidi olmuşam. Və ömrün heç
bir aşırımında
nə sözə, hə də dənizə vəfasız
çıxmayıb. Təpədən-dırnağa sözə və
dənizə bələndi.
Təsadüfmü olub, ya zərurətmi, bilmirəm.
Faiq Balabəylinin haqqında
ilk mətbu yazını
da, 40 və 50 illik yubileylərində təbrik yazısını
da, oxucusu olaraq, mən yazmışam. Bu da
55 illliyi...
İlk yazını deyirdim axı... Təxminən 25
il əvvəl Xəzər Gəmiçiliyinin
"Dəniz" qəzetində
çap olunan "Mən dənizi qısqanıram" adlı
o yazıda yazmışdım
ki, bir zamanlar
dənizi ədəbiyyata
gətirənlərdən, ədəbiyyatı dənizə
götürənlərdən birinin Faiq olacağını
unutmayın:
Dənizçinin yuxusuna
Torpaq ətri
girər hər gün.
Dənizçiyə dalğaların
arasından
əl eləyər su pərisi,
dənizçiyə ad qoyarlar
-
su dəlisi.
O, 55 yaşına övladları,
"Eh ayrılıq, nə
yamansan", "Sənə
yazılan şeirlər",
"Burda darıxmaq olmaz", "Yaşıl
yuxulu dəniz",
"Yağışdan sonra"
adlı şeir kitabları, 20 Yanvar hadisələri zamanı Bakı buxtasında dənizçilərin fədakarlığından
bəhs edən "Kəsilməyən həyəcan
fiti" adlı publisistik, "Yaxın uzaq Elazığ" adlı səfər qeydləri kitabları və sevimli nəvəsi DƏNİZlə
gəldi. Və bir də həyatın
ona bəxş etdiyi ürək ağrısı ilə...
Heç
birinə naşükürlük
eləməyə dəyməz.
Əslində, bu yaşda pis gəliş də deyil... Dövranın gərdişlərinə, zamanın çalın-çarpaz
pillələrində üzləşdiyi
çətinliklərə sinə gərib 55 yaşa yetirdi özünü.
Hə, şair dostumuzun "Bayıldan bayıra" adlı bir nəsr
kitabı da var. "Qanun" nəşriyyatında
işıq üzü
görən "Bayıldan
bayıra" kitabı
Faiq Balabəylinin ilk və bəlkə də, sonuncu nəsr kitabı olacaq, deyə bilmərəm. Amma bir şeyi demək istəyirəm.
Bu kitabda cərəyan
edənlərin çoxunun
Faiqin müşahidəçisi
olduğunu bilirəm
O nəsr kitabını Faiqə yazdıran zaman ondan əvvəl
"Burda darıxmaq olmaz"ı da yazdırmışdı. Axı,
söz adamı haqq sözün yolunda əzab çəkəndə, onun
yenə də sözə sarılmaqdan başqa çarəsi qalmır:
Sənsizlikdən darıxıb,
Dərindən ah çəkirəm.
Mən şeir yazmıram ki,
Sözlə günah çəkirəm.
Onun halal haqqı bir az da "Yeni xəbər"
qəzetindəki redaktorluq
fəaliyyətindən keçir.
Bir vaxtlar bəzilərinin adını "tanınmayan",
"aztirajlı" qoyduqları
bu qəzet ("Yeni xəbər") İspaniyanın "Yutlandes
Posten"i ilə döyüşürdü (İspaniyanın
"Yutlandes Posten"
qəzeti Məhəmməd
Peyğəmbərin karikaturasını
dərc etmişdi).
Vəhşi Qərbin Şərqə
hücumunun qabağına
sinəsini vermişdi.
İsveçrədə "İlin qəzeti" nominasiyasının qalibi olan (yol xərcini
tapa bilmədiyindən
gedib hələ mükafatını ala bilməyən),
səsi gedib "Vaşinqton post"a çatan (onda "Vaşinqton post" qəzeti
"Yeni xəbər"
qəzetində çap
olunan Natiq Muxtarlının "Vəhşi
Qərbin Şərqə
hücumu" adlı
yazısı ilə bağlı material vermişdi)
qəzetin harayı qəflət yuxusunda olanları oyada bilməmişdi onda. Çox sonralar biləcəkdi ki, böyük sevgilər həmişə
böyük ağrıların
yanındaca olur.
Adətən bir mövzudan çox danışanda da, yazanda da
təkrarçılığa yol verilir. Nə yaxşı
ki, Faiq Balabəyli sevgi ilə yoğurduğu poeziyasında buna yol verməyib. Bir ömürlük zaman kəsiyində qarşılaşdığın bütün çətinlikləri,
çəkdiyin ağrı-acını
taleyin, qismətin adına yazsan
belə, yeri gələndə çəkdiklərini
də sevməlisən.
Ömür deyilən
nədirsə, elə
budur:
Yağış isladıb yolu,
Yoxsa sənin
göz yaşın.
Məni
səntək ağlamaz,
Nə bacım,
nə qardaşım.
Bu, Faiq Balabəyliyə
görə, çəkdiyin
bütün ağrılara
rəğmən, torpağa
da sevgi ilə getməyin formulasıdır. Doğru düşüncədir. Bir halda ki, yaşayanda
da, yaradanda da sevgiyə tapınırsan, "yaşamaq
bir aləm, ölmək bir aləm" olduğunun fərqində olmalısan.
Çünki bir ömrün
sevincini yaşayıb
ağrılarını özgəsinə
çəkdirə bilməzsən.
Ömür bu ömrün
sahibinindir.
...Fərqindədir hər şeyin. Uşaq deyil ki, ta 55 yaşı tamam olur. Özü demiş:
Görübən gəlirəm mən
bu dünyanı,
Hər şeyi
yerinə öncə qoymuşam.
Əllərim üstündə yeriyirəm
ta,
Yorğun ayağımı dincə
qoymuşam.
Ürəyin sınası, ağlayası
yerini bilir. Bilir ki, onu tuşlanan
oxlardan qorumaq olar da, amma
bir biganə duyğulardan, üzücü
nəzərlərdən qorumaq
çətindir:
Bilinmir varlığın, bilinmir
yoxun,
Sənintək çəkilib gözümdən
yuxum.
Gördüm ki, sinəmə
tuşlanıb oxun,
Onçün ürəyimi küncə
qoymuşam.
Hər şey zamanında gözəl deyilmi... Yaşamaq da... Elə Faiq özü
dediyi kimi:
Bircəciyim, de sözünü, duruxma,
Ömür keçir, gözləyəmməz
yaş durub.
Məndən gizlin ağlamısan
deyəsən,
Qurumayıb, yanağında yaş durub.
55 yaşın mübarək,
şair! Bir o qədər də biz arzulayırıq, sonrası
da Allahın işi, elə əvvəli kimi...
Vasif SÜLEYMAN
Ədəbiyyat qəzeti.- 2019.-
23 fevral.- S.25.