Ədəbiyyat
özü də bir həyatdır...
"Kürsü"
layihəsinin qonağı mərhum, həmişəyaşar
şairimiz Əli Kərimin oğlu - filologiya elmləri doktoru
Paşa Əlioğludur
- Paşa müəllim, ondan
başlamaq istərdim ki, sizcə, bu gün Əli Kərim
yaradıcılığı, irsi insanlara lazımi qədər
çatdırılırmı?
- Əli Kərim yaradıcılığının Arif
Abdullazadə, akademik Tofiq Hacıyev, Cavanşir Yusifli, Vaqif
Yusifli kimi çox dəyərli tədqiqatçıları
olub. Amma siz deyən səviyyədə
çatdırılmasında, təbii ki, problemlər var.
Ümumiyyətlə, bu gün ədəbiyyat tariximizin
insanlara çatdırılması məni və yəqin ki,
bir çox ziyalılarımızı qane etmir. Sanki sovet dövründə birinci cərgədə
olan məsələlər indi arxa cərgəyə
keçib. Layiq olmayanlar isə ön
sıradadırlar. Ədəbiyyat bizim
milli varlığımız olduğuna görə, mən
buna çox ciddi yanaşıram. Onun ədəbi
irsi ilə ən çox məşğul olanlardan, Əli Kərimşünaslardan
biri elə mən özüməm. Mən
Əli Kərimin bütün ədəbi irsini oxuculara, tədqiqatçılara
çatdıraraq öz borcumdan
çıxdığımı düşünürəm.
Amma Əli Kərimin şeirlərini əzbər
bilən, ümumiyyətlə, ədəbiyyatla yaşayan əvvəlki
nəsil indi yoxdur. İndi, sanki ədəbiyyatın
əvəzinə başqa şeylər meydana
çıxdı. Məncə, bunlara yol
vermək olmaz. Bütün dünya
xalqlarının ədəbiyyatı var, onların heç
birinin əhəmiyyətini kiçiltmək olmaz. Amma Azərbaycan xalqının ictimai fəlsəfi
fikri, tarixi yaddaşı bir sözlə, nəyi varsa,
hamısı onun ədəbiyyatındadır. Ədəbiyyat bir xalqın milli
varlığıdır. Buna görə də
mən təkcə Əli Kərim irsinin yox, ümumən ədəbiyyatımızın
xalqa çatdırılmasından razı deyiləm.
- Bir müddət əvvəl 100 nəfər
ədəbiyyat mütəxəssisi arasında keçirilən
sorğuda Əli Kərim müxtəlif şeirləri ilə
ən çox bal yığan şair
olmuşdu. Bəs Əli Kərimin cəmiyyətdə insanlar
tərəfindən tanınması necə, qənaətbəxşdir?
- Cəmiyyətin
içərisindən açıq deyim ki, xəbərim
yoxdur. Çünki mən elm adamıyam,
iş otağımdan, hətta istirahət günləri, tətillərdə
belə, çıxmağa vaxtım olmur. Düzdür, bu,
bir az yaxşı səslənmir, amma mənim
xalqdan xəbərim yoxdur. Öz işimlə məşğulam.
Lakin xalqın içərisində Əli Kərimin
şeirlərini əzbər bilənlər də var.
Xüsusilə yeni dövrün gənc nəsil təmayüllərinin
də içərisində Əli Kərimi yaxşı
tanıyan və sevən adamlar görmüşəm. Amma bütövlükdə ümumi mənzərəni
deyə bilmərəm. Mənim
üçün bu çox çətin sualdır.
- Siz özünüz də filoloqsunuz.
Əli Kərim
yaradıcılığının spesifikliyini necə
xarakterizə edərdiniz? Sizcə, Əli
Kərim cazibəsi nədir?
- Əli Kərim yaradıcılığını dəyərləndirmək
üçün ona öz dövrünün kontekstindən
yanaşmaq lazımdır. Təbii ki, Əli Kərim
poeziyaya gələndə çox böyük şairlərimiz
vardı. Ancaq Əli Kərim o vaxtkı dövrün
pafoslu şeirinə bir predmetlik, ahəstəlik, yeni intonasiya gətirdi.
Və Əli Kərimin poeziyası mən demək
istərdim ki, klassik ədəbiyyatımızla da sıx surətdə
bağlıdır.
Şeirə,
poeziyaya gəlməsi haqqında "Sənət eşqi"
adlı şeirində "döydüm Füzulinin
qapısını mən" deməklə o, həm də
Füzulidən icazə alaraq şeirə gəlməsini ifadə
edib. Nəsimi haqqında da gözəl şeiri
var. Yəni o, klassik ədəbiyyatı gözəl bilirdi və
eyni zamanda ordan da çıxış edirdi. Eyni zamanda Əli Kərimin şeirləri mövzu
şeirləri, fikri poeziyası idi. O, hər bir
şeirini bədii kəşflər üzərində qururdu.
Buna misal kimi "Babəkin qolları"
şeirini göstərmək olar. Sən
demə, Babəkin qolları hələ də
döyüşür. Bundan başqa, onun
şeirlərində mövzu bitmir, şeirin sonu olmur.
Onun ata haqqında şeirində deyilir: Sevgisi də soyuq idi, təzə
əkini hər bəladan hifz edən qalın qar kimi. Şair bununla soyuq qarın əkini yaz fəsli
üçün hifz edən soyuqluğunda bir məhəbbət
kəşf etmişdi. Və yaxud da başqa bir
şeirində deyilir: Yerdən göyə yağır qar. Biz hamımız bilirik ki, çovğunlu havada qar
göydən yerə, sağa, sola yağır. Əli Kərimin bu cür poetik tapıntıları
əlli, altmışıncı illər üçün
göydəndüşmə idi. Bütün
bunlar Əli Kərimin ardınca gələn bir çox gəncləri
axtarışlara sövq etdi. Pafosdan, Lenin, Stalin tərifindən
yorulmuş poeziyanın yaxşı mənada müəyyən
istiqamətə yönəlməsində onun şeirlərinin
rolu oldu. O, ideologiyadan, partiyadan uzaq adam idi.
- Ümumiyyətlə, Əli Kərim
azad insan idi...
- Bəli,
azadlığı sevirdi. Moskvada təhsil
alması onun azadfikirli olmasına da çox kömək
etmişdi. Orada çox böyük
mühit görmüş, sənətkarlarla
rastlaşmışdı. Bütün
bunların hamısı onun dünyagörüşünə
təsir eləmişdi. Və bizi də məhz
bu cür ruhda böyütmüşdü. Onun daxili azadlığı şeirlərinin
hamısına sirayət etmişdi.
O,
çox zarafatcıl adam idi. Bəzən dostları ətrafına
yığıb elə zarafatlar edirdi ki, hamı
gülürdü, amma onun dodağı da
qaçmırdı. Bəzən də elə
incə yumorla fikrini ifadə edirdi ki, həmsöhbəti onu bəlkə
də, bir həftədən sonra anlayırdı. Çünki yumorunun da içərisində faciə,
dram, həyat hekayəsi olurdu. Və sizə
deyim ki, o, elə həyatında da belə idi.
- Əli Kərimin şeirlərindən,
onun haqqında yazılan yazılardan da hiss olunur ki, xaraktercə
çox həssas və dalğın adam
olub...
- Əsl şairə xas dalğınlığı
vardı. Maraqlı bir müşahidəmi deyim. O, dəqiqələrlə,
saatlarla səmaya, ağaca, dənizə baxıb
düşünə bilirdi. Və yəqin ki,
baxa-baxa yazaçağı mövzunu
düşünürdü. Hətta
adamlarla danışanda belə, bəzən fikri gedirdi.
Və çox az danışan adam idi. Elə
olurdu ki qarşısındakı adam
saatlarla danışırdı, o isə dinləyirdi. Atam rəhmətə gedəndən sonra Əli Kərimin
ən yaxın dostuyam deyən həddindən çox adamlar
meydana çıxdı. Mən onda təəccüb elədim
ki, bu cür az danışan adamın necə
olub ki, bu qədər çox dostu olub. İnsanları,
onların ağrılarını çox dərindən
duyurdu. Bir dəfə yadıma gəlir ki,
Şimali Qafqaza dincəlməyə getmişdik. Orda dağətəyi çəmənlikdə bir qəbiristanlıq
vardı. Hər qəbrin altında da
bir-iki kəlmə səmimi söz yazılmışdı.
O, həmin sözlərin bəzilərini dəftərə
köçürür, bəzilərini isə diqqətlə
oxuyurdu. Deyirdi görürsən bu qəbirdə
yazılan sözdə bir poemanın ağrısı var. Onun
üçün hər qəbir mənalı bir insan taleyi,
bir kitab idi.
- Əli Kərimin ən
yaxın dostları kimlər idi?
-
Dostları çox idi. Sabir Əhmədli, Altay
Məmmədovla mənən çox yaxın idilər. Amma elə ən yaxın dostu Altay Məmmədov
idi. Onun ailəsi ilə bizim ailəmiz bir
evli kimi olmuşuq. Elə indi də eləyik.
Atam rəhmətə gedəndən sonra Altay
müəllim bizim ailəmizə ən çox gəlib-gedən
və bizə kömək edən adamlardan biri olub. Bizi heç vaxt unutmayıb, biz də onları
unutmamışıq.
- Əli Kərim Camal Yusifzadənin
kitabına "İntellekt və poeziya" adlı ön
söz yazıb və intellektual şeir anlayışından
ilk dəfə Əli Kərim bəhs edib. Ümumiyyətlə, isə Əli Kərim
çox intellektual mütaliəsi olan şair olub.
Maraqlıdır, əsasən kimləri və nələri
mütaliə edirdi, kitabxanasında hansı müəlliflərin
kitabları olurdu?
-
Açığı, bəzən mənə elə gəlir
ki, o, yazmaq yox, oxumaq üçün dünyaya gəlmişdi.
Səhərdən axşama qədər kitab
oxuyurdu. Moskvada təhsilini başa vurub
qayıdanda böyük bir kitab yükü ilə gəlmişdi.
- Təxminən nə qədər
kitab olardı?
- Bir
kitabxanalıq kitab gətirmişdi. Bunların
içərisində lüğətlər də vardı.
Mütaliə zamanı özü də həmin
lüğətlərdən istifadə edirdi, bizə də
öyrədirdi. Rus klassiklərindən
Dostoyevskinin, Tolstoyun, onun özünün müasirləri olan
şairlərin kitablarını, çox sevdiyi Şekspirin
çoxcidliyini özü ilə gətirmişdi. Və onların hamısını gecə-gündüz
oxuyurdu.
Sizə bir maraqlı əhvalat deyim. Mən birinci
sinfə gedirdim. O vaxt birincilər onunculara, onuncularsa
birincilərə hədiyyə bağışlayırdı. Mənim sinif yoldaşlarımın hərəsinə
gözəl bir hədiyyə, gül dəstəsi, mənə
isə kitab vermişdilər. Çox
böyük peşmanlıqla həmin kitabı evə gətirdim.
Mənə elə gəldi ki, hədiyyə baxımından
uduzmuşam. Amma o mənə dedi ki, ən gözəl hədiyyə
sənin payına düşüb.
- Əli Kərimin yaradıcı
insan kimi ən gözəl xüsusiyyətlərindən biri
də cansız əşyaları canlı görə bilmək,
hiss etmək bacarığı, üstünlüyü olub...
-
Doğrudan da, onun əşyalara qarşı bir şair
münasibəti olub. Şeirlərini oxuyarkən
bir də baxırsan ki, anidən hər şey dəyişir.
Misal üçün, Van Qoqla bağlı şeirində təxminən
fikrini belə ifadə edir: "Günəş o qədər
Van Qoqun başına şaxıyır ki, onun
üz-gözündən də günəş
tökülür". Bunun özü Əli Kərimə
xas fikirdi.
- Məişətdə istifadə
olunan maşın, təyyarə, buruq kimi texniki sözləri
də o, asanlıqla poeziyaya gətirərək asanlıqla
oxuculara qəbul etdirə bilmişdi...
- Əli Kərim gündə gördüyümüz əhvalatları,
texniki terminləri asanlıqla poetikləşdirə bilirdi. Əsl
şairlik istedadı, XX əsr poeziyası elə məncə,
bu idi. Yəni poeziya, təbii ki, təbiətdə
də, məhəbbət də, həyatda da var. Amma XX əsrdə
məlum oldu ki, texnikanın özündə də bir poeziya
varmış.
- Paşa müəllim, Azərbaycan
poeziyasında Nəsimidən gələn bir xətt var. Nəsimi,
Müşfiq, Əli Kərim, müasir dövrdə isə
Vaqif Cəbrayılzadə əsl şair obrazı kimi qeyd
olunur. Bu şərti bölgünü necə
qiymətləndirirsiniz?
- Mənə
belə gəlir ki, şair həm də şəxsiyyət
olmalıdır. Onun təkrarolunmaz obrazı,
şəxsiyyət və yaradıcılığı
ayrılmaz olmalıdır. Şairin
poeziyası nə qədər sevilirsə, təkraraolunmaz
obrazı da o qədər sevilməlidir. Ancaq
şeirin ayrı, müəllifin də ayrı olduğunu
tez-tez görürük. Bunu da qəbul etmək
lazımdır. Misal üçün, Nəsimin
həyatı ilə yaradıcılığını birləşdirən
onun faciəli ölümü olub. Və
yaxud da Müşfiqin yaradıcılığını onun
taleyindən ayrı təsəvvür etmək mümkün
deyil. Nə qədər istəsən də
bunları bir-birindən ayıra bilmirsən. Görünür, ədəbiyyat özü də
bir həyatdır. Mənə elə gəlir,
əsl şair həm şeirdir, həm taledir.
- Puşkin, Yesenin, Müşfiq elə
Əli Kərimin özü də şairlik missiyasını
başa vurduqdan sonra tale xətləri yarıda
qırılıb. Və sanki burada
Tanrının da müəyyən əli olub. Siz özünüz Əi Kərimin şair kimi
missiyasını başa çatmış hesab edirsiniz?
-
Açığı, bu mənim üçün çox
çətin və fəlsəfi suldır. Biz
də, Əli Kərim özü də istəyərdi ki, daha
çox yaşayıb-yaratsın. Ancaq o, bəlkə
də, öz yeni havasını ədəbiyyata gətirməklə
əsas missiyasını artıq yerinə yetirmişdi. Ola bilərdi ki, ədəbiyyat sahəsində
başqa şeylər də edərdi. Amma
onun bir neçə şeiri var ki, onlar hər zaman
yaşayacaq. Əgər missiya onlardan ibarətdirsə,
onda yerinə yetmiş hesab etmək olar.
- Altay Məmmədovun
"Tanıdığım Əli Kərim" kitabında
Əli Kərimin şəxsən hörmət duyduğu insanlar
olub. Bunlardan biri də Rəsul Rza olub...
- Rəsul Rza ilə münasibətləri çox
yaxşı olub. Onun özündən yaşca
böyük bir neçə insana dərin hörməti olub.
Onlardan biri Rəsul Rza, digəri isə Əhməd
Cəmil idi. Onlara ağsaqqal kimi çox
hörmət edirdi. Atam dəfn olunanda Rəsul
Rza xeyli cəhd göstərib ki, o, Göyçayda dəfn
olunsun və həmin yer parka çevrilsin.
- Məzarı ilə bağlı son
vaxtlar narahatlıqlar vardı.
-
Göyçayın İcra başçısı
çalışırdı ki, onun məzarını parkdan
çıxarsın. Mən də onunla əlaqə
saxladım, bildirdim ki, şairə qarşı belə
hörmətsizlik olmaz. Sonradan bildim ki,
bizim ordakı qohumlarımıza qarşı da təzyiqlər
olub. Halbuki, elə Heydər Əliyevin
dövründə həmin park elə Əli Kərimin məzarına
görə yaradılmışdı. Ən
dəhşətlisi isə indi də parkın üzərinə
Əli Kərimin adı yazılmamasıdır. Bir kənarda xırda hərflərlə 1979-cu ildə
hökumətin qərarı ilə parka atamın
adının verilməsi vurğulanıb.
- Atanız ailədə şeirlərindəki
kimi dalğın idi?
- Xeyr. Bizə münasibətdə çox diqqətli və
həssas idi. Bizimlə oynayardı. Bizi kinoya, teatra, gəzməyə aparardı. Mənə gündəlik tutdurardı,
hamısını bir-bir oxuyardı. Kitabxanadan
götürdüyüm kitablarla maraqlanardı. Son illərində Canni Rodarinin "Telefonla
danışılan nağıllar" kitabını tərcümə
eləmişdi. Yadıma gəlir ki, bizi həyətdən
çağırıb o nağılların
hamısını bir-bir bizə oxuyar, münasibətimizi bilmək
istərdi. Biz də özümüzü böyük
hiss edərdik.
- Bir çoxları onun
ölümündə içkinin əsas amil olduğunu hesab
edir, amma Əli Kərim xəstə idi...
-
Atamın qanında tromblaşma olub. Əgər
vaxtında həkimə getsəydi, müalicə olunsaydı,
sağala bilərdi. Amma həkimə getməyib,
iynə-dərmanı heç sevməyib. O vaxtın
adamları indikindən fərqli olaraq, çox nadir hallarda xəstəxanaya
gedirdilər. Rəhmətə gedən
günü də həkimə getmək istəmirdi. Orxan adlı balaca qardaşım vardı. İndi rəhmətə gedib. Atam
onu çox istəyirdi. Deyirdi, mən həkimə
getsəm, o, gecə mənsiz yata bilməyəcək. Həmin günü
yaxşı xatırlayıram. Anidən özünü
pis hiss etdi, dedi qolum ağrıyır. Qonşumuz
Cabir Novruzun anası ona iynə vurdu, amma vəziyyəti
yaxşılaşmadı. Həkimə
aparmalı olduq. Orda da dedilər ki, xəstəxanada
yatmalıdır. Elə həmin gecə də
rəhmətə getdi.
- Əli Kərimin ailə
motivli şeirləri, oğlanlarının adını
çəkə-çəkə yazdığı şeirlər
olub. Və bir də "Vəsiyyət"
şeiri olub... Bu gün baba statusunda olan oğul
kimi həmin şeirləri oxuyanda hansı hissləri
keçirirsiniz?
-
Çox çətin sualdır. Müxtəlif
zamanlarda müxtəlif cür təsir edir. Hətta bəzi
məqamlarda o şeirləri oxumaq ehtiyacı hiss edirəm.
Hamımız insanıq və həyatın müxtəlif məqamlarında
özümüzü başqa cür hiss edirik. Əli
Kərimin hər şeirinin öz yeri, öz fəsli, yada
düşmə vaxtı var. Məndə ən çox
nostalgiya hissləri yaradır. Onun "Buruq"
adlı şeiri var. Mənim həyat tərzimə həmin
şeirin çox böyük təsiri olub. O, buruğu
canlı insan kimi təsəvvür edib. Heç
kimin nəzərində olmayan həmin buruq daim öz işindədir.
İnsanlara lazım olan xeyri verir və heç
kimin minnətdarlığı ona lazım olmur. Əslində, insan da belə olmalıdır. Həmin "Buruq" şeirindəki prinsip mənə
çox sirayət edib.
- Əli Kərim bir ata
kimi, ən çox hansı xüsusiyyəti ilə
yadınızda qalıb?
-
İnsanlara qarşı humanist münasibəti, onlara fərq qoymaması mənə
çox təsir edib. Bu prinsip mənim də
qanıma yeriyib. Yəqin ki, bu, ədəbiyyatdan,
mədəniyyətdən gələn məsələdir.
Amma həm də elə insanlıq budur. Bəzən onun zamanında arzuladığı
şeylərin sonradan baş tutması, yerinə yetməsi mənə
qəribə gəlir. Düşünürəm
ki, bax bunun belə olmasını çox
arzulamışdı, amma yerinə yetməsini görə bilmədi.
O, həmişə gələcəyi düşünən adam idi. Arzularının həyata
keçməsini özü görməsə də, ruhunun
hiss etdiyini düşünürəm.
Söhbətləşdi: Samirə
Əşrəf
Ədəbiyyat qəzeti.- 2019.- 23 fevral.- S.24-25.