İmadəddin Nəsimi
Qərbin inkişafında insanmərkəz
(humanist) düşüncənin təsiri
İkinci yazı
Hüviyyət nədir?
Nominalizmin əldə etdiyi nəticələrdən biri
də fərdlərin təhqir olunması, onlarda stress, iztirab
və pərişanlıq hisslərinin yaranması idi. Nominalizm
insanlarda elə təəssürat yaratdı ki, guya ilahi
qanunlar heç də mütləq, qəti və konkret
qanunlar deyildir. Həmçinin yaşadığımız
bu dünya
heç bir ilahi qayda-qanunlarla idarə edilmir. Ona görə də insanların bel
bağlayacağı, ona söykənəcəyi heç bir
məbdə və məqsəd yoxdur. Biz
nominalizm nəzəriyyəsinə inansaq, o zaman olduqca
ümidsiz insanlara çevrilərik. Hansı
ki, yaşadığı dünyanın nə hadisələrindən
xəbəri, nə də həmin hadisələrin kontrol
olunmasında rolu vardır. Nominalizmin bizlərə
təsvir elədiyi dünya olduqca qorxulu və
sürüşkən dünyadır. Bu qorxulu
dünyanın "Allahı" heç bir fəlsəfə
və qanuna bağlı deyildir deyə, rəhman və rəhim
də ola bilməz. Bu qorxulu
"Allah" heç bir əxlaq qaydasına tabe deyildir deyə,
bizim dünyadaki yer və səviyyəmiz heç də ilahi əxlaq
çərçivəsində qorunmur. Nominalizmin
"Allah"ı, insanların məhbubu deyil, onların
qorxduğu və çəkindiyi nöqtə və mərkəzdir.
Bu məsələ isə istər fəlsəfi,
istərsə də ictimai nöqteyi-nəzərdən
xoşagəlməz nəticələrə gətirib
çıxartdı. Dini inanclarla köklənən
ictimaiyyət də təbii olaraq ölüm və
"Allah" qorxusundan əziyyət çəkdiyi
üçün həmin nəticələrlə bir növ
razılaşdı. İnsanlar bir tərəfdən
ölüm, digər tərəfdən isə "Allah"
vasitəsilə qorxudulur. Ancaq bu qorxunu təbliğ
edənlər başa düşmürlər ki, insanlarda
yaratdıqları qorxuların həcmi və dərinliyi
artdıqca əks təsir edə bilər. Həmin
dövr Avropada da eyni hadisələr baş verdi.
Avropa cəmiyyəti camiədə yaranan qorxunun
əleyhinə üsyana qalxdılar. İqtidarın
camiədə əsasını qoyduğu siyasi qorxu, din təbliğatçılarının
yaratdığı "ilahi" qorxu ilə bərabər cəmiyyəti
tamamilə hərəkətsiz su kimi iyləndirmişdi.
Həmin dövrün yazılarına əsasən deyə bilərəm ki,
o dövrün insanları qorxmuş, pessimist, qeyri-aktiv insanlar
idilar. Hansı ki, evlərinin küncünə
sığınmaqdan, camiədən uzaqlaşmaqdan başqa
çarələri yox idi. Onlar elə bir
camiədə yaşayırdılar ki, nə ruhi və sosial əmniyyətdən
əsər-əlamət, nə də təhlükələr
müqabilində sığına biləcəyi
"Allah"ları var idi. Nominalizmin
yaratdığı insan pənahsız insan idi və
onların qorxularına mərhəm ola biləcək
heç bir fəlsəfi təfəkkür və nəzəriyyə
də mövcud deyildi. Möminlərin təhlükə
zamanı pənah apara biləcəyi mərkəz Allahın
ağuşudur. Ancaq cəmiyyətdə
Allahın heç bir qayda-qanuna uyğun olmadığı təbliğ
olunanda insanlarda Allaha pənah aparmağın heç bir mənası
qalmır.
İnsanlara verilə biləcək ən böyük əzab
məhz pənahsızlıq və kimsəsizlikdir. İnsanlar bu
kimsəsizliyi aradan qaldırmaqdan ötrü həm o vaxt
iqtidarların, həm də dini inancların əleyhinə
üsyanlar etdilər. İctimaiyyətdə əldə edə bilmədikləri
əmniyyət və təhlükəsizliyi öz daxillərində
yaratmağa çalışdılar. Humanizm,
ya insanmərkəz düşüncələrin müasir
formada yaranması da elə o zamana təsadüf edir. "Hüviyyət" hissi, ya "self-assertion"
ictimai qorxu və təhlükələrin əleyhinə edilən
üsyanın sonda əldə etdiyi nəticələr idi.
Fərdlər həm "Allah", həm də
ictimai qorxulardan özünümüdafiə sistemini
"hüviyyət" hissi, ya "self-assertion" əsasında
qurdular. Özünü müxtəlif vasitələrlə
büruzə vermək, öz istedadlarını kəşf
etmək, öz yer və səviyyəsini təyin etmək
kimi çabalar insanlarda şiddətləndi və elmi-texniki
inkişaflar baş verdi. Onlar
həm öz hüviyyət ya kimliklərini tanıya, həm
də tanıtmaq istəyirdilər. Başqa
fərdlərlə dialoqa girdikdə
onların əmr və istəklərinə təslim
olmurdular. Əksinə özlərini onlara
sübut etməyə, öz fikirlərini bəyan etməyə
çalışırdılar. Qarşı
tərəfin fikir və sözü ilə razılaşmamaq
fərdin öz fikir və hüviyyətinə verdiyi dəyərin
göstəricisidir. Bu, həmin dövr
insanının özünə "öz"
yaratdığı, şəxsiyyət
bağışladığı dönəm idi.
Dünyada baş verən bir çox
qarşıdurmaların növü "ibrazi hüviyyət",
ya "mən də bir şəxsiyyət kimi varam"
düşüncələrinin növündəndir. İstər
ailədə, istər camiədə, istər də iki ölkə
arasında baş verən insidentlərin böyük əksəriyyəti
"ibrazi hüviyyət" insidentləridirlər.
Hitler, Musulini, İşid, Taliban və b. kimi fərd və
qruplaşmaların hamısı həmin "hüviyyət"
axtarışında olanlardılar. Mahiyyət
etibarilə başa düşürük ki, bütün bu
insidentlər bir fərd ya qrupun digər fərd ya qrupu
görməzdən gəlməsi, əhəmiyyət verməməsi
və hətta məhvinə
çalışdığına görə baş verir.
Hansı ki, özünü təhqir edilmiş
hesab edən tərəfi məcbur edir ki, özünü
müdafiəyə qalxa, digər tərəfi tənbeh etməyə
çaba sərf etsin. Ona görə də
bəzən fərdlərin digərlərinə etdiyi
"ibrazi hüviyyət"ləri yanlış istiqamətdə
irəliləyə bilir. Ola bilər ki,
hansısa bir fərd oğurluq, cinayət, hətta qətllər
törətməklə özünü göstərməyə
çalışsın. Unutmayaq ki, psixoloji olaraq
uğurluq və bütün cinayətlərin kökündə
bir növ "ibrazi hüviyyət" vardır. Digərlərinin
diqqətini özünə tərəf cəlb etmək,
özünü müzakirə mövzusuna çevirmək cəhdləri
"ibrazi hüviyyət"ə görədir. Məsələ burasındadır ki, sağlam tərbiyə
və təlimə sahib olmayan cəmiyyətlərdə
"ibrazi hüviyyət" çabaları əksər
hallarda cinayət xarakterli olur. Yəni
insanlar "öz"lərini qeyri-sağlam yollarla cəmiyyətə
təqdim və ictimai harmoniyanı pozurlar.
Unutmayaq ki, fəlsəfi nöqteyi-nəzərdən hər
dinin iki cəhəti vardır. Biri hüviyyət, digəri
isə mərifətdir. Biri insanlara onların kim olduqlarını, digəri isə onlara
düşüncə və təfəkkür
bağışlayır. Birinin çəkisinin
çoxalması, digərinin zəifləməsinə səbəb
olur ki, bu da camiədə aritmiya yaradan ən mühüm amillərdəndir.
Mərifətin hüviyyətə qalib gəlməsi
təsəvvüfə və hüviyyətin mərifətə
qalib gəlməsi isə İŞİD, PKK, erməni
daşnakları kimi terror təşkilatlarının
yaranmasına qədər gedib çıxa bilər.
Niyə modernizm Şərqdə
Qərb kimi inkişaf etmədi?
Avropa intibahından sonra Qərbdə hüviyyət
axtarışı və kimlik uğrunda tədqiq, təhqiq və
mübarizələr başladı. Əsrlər boyu siyasi
diktaturaların çəkmələri altında,
teokratiyanın yaratdığı zalim "Allah"ın
qılıncının qəhərində əzilən
xalqlar oyanmağa başladılar. Təbiətin taun, vəba
və s. kimi kütləvi xəstəliklərindən əziyyət
çəkən xalqlar "self-assertion", ya
"özünü büruzə vermək",
"özünü tədqiq etmək" vasitəsilə
nicat tapmağa çalışdılar. "Self-assertion"
də öz arxasınca humanizmin əsasını qoydu. Humanizm isə texnologiyanın yaranmasına səbəb
oldu. "Self-assertion" sübut etdi ki,
"öz"ünə güvənən,
"öz"ünə söykənən insan daha bərəkətli
və xoşbəxtdir. Əslində, belə
demək olar ki, insan onu zəif sayan, təhqir etmiş göydəki
qorxulu "Allah"ın yerinə özünün istedad və
bacarıqlarını qoydu ki, bu da olduqca vacib məsələdir.
İnsan "Allahlıq" iddiası edərək
xaliq olmağa, xəllaqiyyət göstərməyə
çalışdı. Humanizm Şərqdə,
xüsusilə də Azərbaycan Qələndərlik Məktəbində
özünü "ənəlhaqq" kimi göstərsə
də, həmin düşüncə praktik və əməli
bir sistem şəklində camiədə tətbiq oluna bilmədi.
"Ənəlhəqq"in ictimai mexanizmi tədvin
oluna bilmədi deyə, ictimailəşə bilmədi. Bizim "ənəlhəqq"imiz bizə nə
elm, nə texnologiya, nə self-assertion, nə də ictimai
harmoniya gətirmədi.
"Qərb
xoşbəxt deyil", "Qərbdə ailə
anlayışı dağılıb", "Şərq Qərbdən
daha yaxşıdır" sözlərinə tez-tez rast gəlsək
də, həqiqət budur ki, həm Qərb və həm də
Şərq öz keçdikləri tarixi yol və hadisələrin
məhsuludur. Biz qət elədiyimiz həyat tariximizdə nə fəlsəfi, nə
elmi, nə də ictimai baxımdan böyük
inkişafların şahidi olmuruq. Digər tərəfdən
isə təriqət və məzhəb əsasında
qurulmuş müharibələrin sayı da
günü-gündən çoxalmaqdadır. Şərqdə
"Allahmərkəz" düşüncə yerini humanizmə
verməkdənsə, ifrat "ibrazi hüviyyətə" verdi ki, dini inancları nasionalist (milli)
düşüncələrə birləşdirərək
xüsusilə də orta şərqi böyük bir
müharibə meydanına çevirdi. Şərqin
"Allahmərkəzlik" müqabilində edə bildiyi ən
böyük üsyan təriqətçiliyin yaranması idi.
Doğrudur ki, xalqların millət kimi formalaşmasında
milli düşüncələrin əhəmiyyətli rolu
vardır. Ancaq məsələ
burasındadır ki, qeyri-sağlam cəmiyyətin
qeyri-sağlam düşüncə əsasında milliləşməsi
olduqca təhlükəlidir. Yəni
ümumbəşəri dəyərlərə sahib olmayan,
insani dəyərlər əsasında qurulmayan cəmiyyətlərin
milliləşməsi digər cəmiyyətlər
üçün təhlükəlidir. Bu təhlükəli
mənzərəyə Şərqin müxtəlif guşələrində
şahid ola bilərik.
Qeyd etdik ki, istər Şərq, istər də Qərb cəmiyyətləri
öz tarixlərinin məhsuludur. Tarix səhifələrini
vərəqlədikcə, görürük ki, keçmişdə
Şərq və Qərb dünyasının fəlsəfi və
dini nöqteyi-nəzərdən bir çox
oxşarlıqları var idi. Avropa
intibahından öncəyə qədər Şərq və
Qərb təxminən eyni nöqtədə idilər. Ancaq birdən-birə nə oldusa, bu iki qütbün
yolları bir-birindən xeyli ayrıldı. Şərq və
Qərb elə ziddiyyətli yollara daxil oldular ki, iki əks
qütb kimi az qala
qarşı-qarşıya dayandılar. Bu iki
qütbün ümumi mənzərəsinə baxdıqda
onların nə dərəcədə bir-birindən fərqləndiyini
müşahidə edə bilirik. Qərbin
insanmərkəz və Şərqin Allahmərkəz olmasına
səbəb oldu ki, onların dünyaya olan
baxışları ciddi şəkildə fərqləndi.
Qərbin ictimai, dini, şəri, siyasi və hətta
insanı dəyərlərə olan münasibəti Şərq
insanının qəbul edə bilməyəcəyi yerdədir.
Eyni zamanda bəzən Şərq insanlarında
belə təsəvvür yarana bilir ki, Qərb, Şərqin
dəyər hesab etdiyi mərkəzlərdən
uzaqlaşıbdır deyə, heç də xoşbəxt
deyildir. Şərqi, mahiyyət və Qərbi məcaz kimi məna edənlərin
sayı da az deyildir. Qərb Şərqi geriyə
qalmışlıqla, Şərq isə Qərbi
Allahsızlıqla suçladı. Ancaq sual oluna bilər
ki: Şərqin "Allahlı" olması və Qərbin
"Allahsız" olması onlara nə verdi?
Və ya Şərq ilə Qərbin bir-birindən
bu qədər uzaqlaşmasının səbəbi nə idi?
Həqiqət budur ki, həm Şərq, həm də Qərb
dinlərin yaratdığı qorxulu dönəmi təcrübə
ediblər. Qərbdə nominalizm və Şərqdə
"Əşəriyyət" düşüncəsi hər
iki cəmiyyəti eyni qorxulu "Allahın"
qarşısına çıxardılar. İmam Məhəmməd
Qəzzali Şərqin tanınmış filosoflarından idi
ki, həmin qaranlıq dönəmi öz düşüncələrində
tamamilə əks etdirmişdir. Qəzzali
o dönəmin tənha və pənahsız bir insan, ya
mütəfəkkirinin nümunəsidir. Hansı
ki, "Allahı" heç bir əxlaq qayda-qanununa
bağlı olmayan varlıq kimi təsəvvür edirdi.
O inanırdı ki, "Allah" istədiyi məqamda istədiyi
cəzanı hər bir fərdə verə bilər və bu əməlin
qarşısında da heç bir məsuliyyət
daşımır. Ona görə də
bütün həyatı boyu həmin qorxulu
"Allahın" təslimi və bəndəsi kimi
yaşadı. Qəzzali
"Allahının" qarşısında tam iflic vəziyyətdə
idi. Təbiidir ki, belə bir
"Allah"ın mövcud olduğu bir yerdə xoşbəxt
və azad yaşamaq mümkün deyildir. İxtiyar
və iradəsini öz Allahına təslim etmiş
hansısa bir fərd bu növ həyat tərzi ilə
barışa bilsə də, heç bir cəmiyyət və
tarix o növ həyat ilə razılaşa bilməz. Qorxular, xüsusilə də ictimai qorxular mədəniyyətlərin
inkişafı yolunda böyük əngəllər törədirlər.
Ona görə də cəmiyyət ya Avropada
baş verdiyi kimi "Allah"ı bir kənara qoyub yerinə
"öz"ünü qoymalıdır, ya da şərq
kimi "öz"ünü "Allah"ı
qarşısında tamamilə unutmalıdır, ya da
üçüncü bir çıxış yolu
axtarmalıdır.
Sayman Aruz
Ədəbiyyat qəzeti.- 2019.- 23 fevral.- S.22.