Ruhumdakı boşluqlar
adam udur
Bəzən elə hiss edirəm,
artıq mənim qəlbim Misir Tarix Muzeyində saxlanılan tanrıçaların
qırıq-tökük heykəllərinə
bənzəyir. O heykəllər
kimi paslı dəmirlərlə zorla daxildən birləşdirilib
ki, öz funksiyasını icra etsin. Və hər nəfəs alanda hiss edirəm ki, sol tərəfimdə ağırlıq daşıyıram.
Ürəyimi, deyəsən, çox
yükləmişəm. Hiss edirəm ki, ürəyim bumbuzdu. Bombozdu.
Bu, ruhumu üşüdür.
Uzun müddətdi
ki, ürəyimlə
hesablaşmıram... bu
məni ürküdür. Artıq bir
çox mənalar mənasızlaşıb. Təxminlər isə reallaşıb...
Bir çox
qavramlar siluetdən vücuda bürünüb. Artıq kölgələrin
ekzotikası məni valeh etmir. Nağıllar artıq mənə
qorxulu gəlir. Bütün hekayələr ayrılıqla
bitir beynimdə.
Mən daha heç bir hekayəyə xoşbəxt son yaza bilmirəm. İnana bilmirəm kimsəyə.
Özümü artıq aldada
bilmirəm.
Mən,
Mən, deyəsən,
böyüyürəm... Axı mən
heç vaxt böyümək istəməmişdim.
17 yaşımdakı ağlım üçün
niyə darıxmağa
başlamışam. Niyə cəmiyyət
mənə kitablardan daha maraqsız gəlir?
Nə üçün
ruhumu tikanlarımla qorumağa çalışıram. Niyə maskalayıram
ürəyimi, niyə
etiraf edə bilmirəm darıxmaqlarımı?
Niyə çəkinirəm ürəyimdən.
Niyə?
Artıq bütün suallar yarımçıqdı, bütün
cavablar bezikmiş.
Bütün bəhanələr çılpaqdı
artıq, bütün
xoşbəxtliklər tükənib...
Ətrafımız adamla dolu, ruhumuz adamsız...
Ruhumuzdakı boşluqlar adam
udur.
Adamsızlaşırıq...
Məncə, sən ən düzünü edib getmisən. Bu gediş bizim bütün hisslərimizi yarımçıq
sonlanmağa məcbur
etdi... Qalsaydın belə dəyərsizliklə
qəlbimdə daha uzun yaşamayacaqdın, dəyərsizim. Artıq
bilirəm ki, mən səni daha uzun müddət
sevəcəyəm...
Ruhumdakı boşluqlar artıq
adam udur...
NARGİS
Ədəbiyyat qəzeti.- 2019.- 23
fevral.- S.23.