Poetik axtarışların fəlsəfi
çaları
Moskvada təhsil aldığımız illərdə mərhum Xəlil Rza Ulutürklə sözləşib böyük türk şairi Nazim Hikmətin görüşünə getdik. Yataqxanamız Peredelkino deyilən yerdə, Moskvadan bir az aralıdaydı. Rus yazıçılarının yaradıcılıq, istirahət evləri olan yerdə. Bütün ərazi küknar meşəsiydi.
Rəhmətlik Xəlil Rza ilə aramızda mübahisə olmuşdu: şeiri necə yazmaq lazımdı? - Mayakovski kimi, pafosla, yoxsa Yesenin kimi sakit. Bəzən də pıçıltı ilə?
Nazim Hikmətin yaşadığı bağ evi bizim yataqxanamızın demək olar ki, qonşuluğunda idi.
Bir neçə dəfə onun evində olduğumuz üçün, bizi köhnə tanışları kimi qarşıladı. Ona baxan həkimi və həmışə o evdə gördüyümüz Qalina Qriqoryevna da xoş üz göstərdi.
Biz oraya - böyük qardaşımızın, ustadımızın yanına getmişdik.
Divanın üstə söykənmişdi. Günorta üstü olardı.
Sualımızı
verdik.
Nazim Hikmət
bir an susdu. Sonra qalxıb qarşıdakı pəncərənin
qarşısında dayandı. Səməd Vurğunun
"Şair, nə tez qocaldın sən" şeirinin bir bəndini
dedi. Qayıdıb divanda, söykəndiyi yerdə əyləşdi.
-
Şeiri, ananla hansı dildə danışırsansa, o dildə
yazmalısan, - dedi: - sakit, astadan.
Xəlil
Rza birinci söz aldı. Fikrini sübut üçün,
böyük şairin öz şeirindən misal çəkdi.
- Siz bu
şeirinızi pafosla, Mayakovskivari yazmısınız -
dedi:
... Şərqdən
gəliyorum,
Şərqin
dərilərini bağıra-bağıra gəliyorum.
Sən
yanmasan,
mən
yanmasam,
biz
yanmasaq,
necə
çıxar qaranlıqlar
aydınlığa?!
Nazim Hikmət
gülümsədi:
-
Canım (o bizə "canım", "şəkərim",
biz də ona "Nazim can", "ustad" deyə müraciət
edirdik), mən ona görə elə yazmışam ki, o
cür pafoslu şeir lazım olanda onun yox, mənim şeirimi
oxusunlar, - dedi.
Ustadın
sözlərini mən olduğu kimi misal gətirdim. İndi,
burada dediklərimi isə mərhum dostum şair
X.R.Ulutürkün sağlığında da yazmışam.
Biz o vaxt belə düşünürdük. Ədəbi
axtarışlar üçün yaradıcılıq
mübahisələri edirdik.
Vaqif Bəhmənli
anasıyla danışdığı dildə yazan şairlərimizdəndi:
sadə, aydın, koloritli. Bəzən də
pıçıltı ilə. Belə
pıçıltılar (qışqırıqlar yox,
pıçıltılar!) bəzən daha tez eşidilir.
Mən,
ümumiyyətlə, çoxdan bu möhtərəm şair
dostum haqqında yazmaq istəyirdim. Gənclik, tələbəlik
illərimdə o, mənim rəhbərlik etdiyim ədəbiyyat
dərnəyinin fəal üzvlərindən olub.
Şadam
ki, indi onların bir neçəsi görkəmli qələm
sahibi kimi tanınır. Çağdaş şeirimizi, nəsrimizi
ləyaqətlə təmsil edirlər.
Bu
yaxınlarda, görüşlərimizin birində şair
dostum, Yazıçılar Birliyinin katibi və "525-ci qəzet"in
Baş redaktoru Rəşad Məcid dedi ki, Vaqifin türk dilində
yeni şeirlər kitabı çıxıb. Türkiyəyə
yola düşəcəyik.
Vaqif
söhbətinin üstə gəlib çıxdı.
Bakıda nəşr olunan yeni "Qansız savaş"
kitabını mənə bağışladı. Təbrik etdim.
Şairin
dörd yüz səhifəlik kitabında bir-birilə daxili zəncirvarı
bağlılığı olan şeirlərini bioqrafik mənzum
roman kimi oxudum.
Əsər
Vaqifin özü haqqındadı - ana bətnindən,
barelyefini gördüyü son ana qədər olan
acılı-şirinli ömür sürən,
düşünən, düşündürən mütəfəkkir
bir şairin həyat yolu haqqında.
Bu
kitabın orijinal struktur quruluşu da var. Əsər
bütünlüklə beş "Qat"dan ibarətdir. Hər
"Qat" bir bənd şeirlə açılır və
hər fəslin üstə, sanki bir Ay aydınlığı
salır. Bundan əlavə, burada ayrıca Qarabağ
haqqında proloqu, epiloqu olan poema da (əsər içində
əsər!) var ki, orqanik şəkildə
"Qat"ların açılmasında, sanki bir açar
rolunu oynayır.
Şair
yazır:
Söz
baba yurdudu, mən də sultanı,
yurdu Vaqif
təki qoruyan hanı?
Calanır
atamın qırmızı qanı,
anamın
ağ südü axır şerimə.
- kimi
misraları ilə oxucunun qəlbinə sehrli yol axtarır.
Şeirin, sözün süddən, sümükdən gələn
bir halallıq, Tanrı payı olduğunu vurğulayır.
"Peyğəmbər
kimi", "qeybə çəkilməyi"n, bu
yaradıcılıq prosesinin özünü şairin ilahi
missiyası kimi qiymətləndirir.
Sağ
olun, dostlarım, sağlıqla qalın,
mən
çıxıb gedirəm.... Məmləkətimə.
Boğçamda
azuqə,
əynim
də qalın -
bir təhər
baxmayın hərəkətimə.
...hər
bir ayrılığın səbəbi olur,
sizdən
ayrılığın səbəbi yoxdur.
... Qəfil
gedişimdən qorxmayın, dostlar,
mən
çıxıb gedirəm, yazı yazmağa.
"Şeir
yazmağa", "əsər yazmağa", "kitab
yazmağa" deyə bilərdi. Sadəcə olaraq,
"yazı yazmağa" deyir. Bu da Vaqif Bəhmənlidi!
Dostu Rəşad
Məcidin dünyaya yeni göz açan oğlu balaca Vaqifin
portretini elə cizgilərlə çəkir ki, biz onu
görməsək də, təsəvvür edə bilirik.
İkinci
Vaqifdi bu, ürəyi nazik, şüşə,
Cingiltili
gülüşü, çağlar şəlalə kimi.
Qulağı
qoz ləpəsi, cüt baxışı bənövşə,
Bərk
qolları poladdır, kürəyi qaya kimi.
Bunu da demək
lazımdır ki, adətən rəssamlara aid edilən belə
detalları, ştrixləri görmək və göstərmək
Vaqifin də şeir yaradıcılığı
üçün xarakterik haldır.
Nazim Hikmət
bədii obrazın tərifini verəndə deyirdi ki, o
detalı gözünlə gör, əlinlə də tut. Bax,
budur obraz!
Şair
körpəyə olan istəyini, arzusunu bildirərkən
yazır:
Vaqiflər
Vaqif olmaz, Vaqif eşqi olmasa,
Sevdiyini
görüşə Yer pisdi, Göyə çağır.
Gəlin
pasport adını dəyişməyə qoymasa,
Xəlvətlikdə
sən onu "Rəhilə" deyə çağır.
Rəhilə
- Vaqif Bəhmənlinin şeirlərində işlətdiyi,
sevdiyi addır. Çağırdığı İlham pərisidir.
Balacaya da bunu arzulayır, indidən onunla ərklə
danışmağa başlayır.
Silsilə
şeirlər arasında "Qarabağ" adlı qəzəl
şairin həm könül ağrısı, həm də
könül istəyidir. (Təkcə Vaqifinmi?!) Onun ulu
şair babası, XVIII əsrin sonlarında yaşamış
böyük məhəbbət və təriqət
yolçusu Seyid Həmzə Nübari də qarabağlı
kimi bu torpağa "Qarabağ" adlı qəzəl yadigar
qoyub getmişdir.
Qəzəllərin
ikisini də yanaşı qoyub oxuyuram. Vaqifi böyük
eşqin, həsrətin, böyük təmkin və
iztirabın, bu yüksək insani keyfiyyətlərin varisi
görürəm.
"...Aləmi
cənnət imiş dari-diyari Qarabağ!".
Seyid Həmzə Nigari
"...Cənnətin
ortasına taydı qırağı, Qarabağ!".
Vaqif Bəhmənli
"...Yeridir
kim, çəkərəm mən ahu-zarı, Qarabağ!".
Seyid Həmzə Nigari
"...Nəhs
gəlib tale zəri, ah kimiyəm bir gəzəri".
Vaqif Bəhmənli
"...Nə
gözəl nemət imiş söhbəti-yari Qarabağ".
Seyid Həmzə Nigari
"...Gövhərin
məskənisən, dürdü dodağın, Qarabağ".
Vaqif Bəhmənli
Bu
misraların çaldığı havalar könül
qohumluğu olduğu üçün bir pərdədə
köklənmiş səslər də bir sinədən gəlir.
Bəlkə də, Seyid Həmzə Nigari
çağırışının əks-sədasıdır?!
Bizim günlərdə "Qarabağı unutmayın!" -
çağırışı
kimi səslənir.
Əvvəldə
demişdim ki, "Qansız savaş" əsərinin
baş qəhrəmanı, oradakı məişət və həyatın
rəngi, boyası - hamisi şairin özüdür. Bir Vaqifdə
cəmləşən - Vaqiflərdi. Təkcə şair yox,
müxtəlif iş-güc sahibi, həyat tərzi olan Vaqiflər.
Əsərin axırında o, ədəbi axtarışları
zamanı nəhayət, gəlib divara vurulmuş öz
barelyefini görür. Və bunu belə mənalandırır:
Hörülsün
divara şöhrət kölgəsi,
Barelyef
neyniyir dərdin yaşıdı?
Mənim
barelyefim Şuşa qalası,
Şəhid
oğulların sinə daşıdı!
Bu misralar
qürur hissilə səslənir.
Vaqif mənə
deyirdi ki, bu kitabı dörd ilə yazıb.
Sənə
uğurlar, daha bir yeni dörd il, Vaqif!
Bakı
04.02.2019
Nəriman
HƏSƏNZADƏ
Ədəbiyyat
qazeti.- 2019.- 23 fevral.- S.20.