Azərbaycan ədəbiyyatında
paralel dünyalar
Kamal Abdulla fenomeni
III məqalə
Türkiyə Cümhuriyyəti
Ərdahan Universiteti, Türk dili və ədəbiyyatı
fakültəsi, Çağdaş türk dilləri və ədəbiyyatları
kafedrasının doktorantı Aynur Beşkonak Kamal Abdulla yaradıcılığını
tədqiq edir. Onun "Azərbaycan ədəbiyyatında
paralel dünyalar - Kamal Abdulla fenomeni" yazısını təqdim
edirik.
Gözlə görünən kainatdan savayı, başqa
kainatların var olma düşüncəsi kainatın bir
parçası olan insanın həmişə
marağını çəkmişdir. Bəzi elm
adamlarına görə, kainatın sonsuz boşluğunda bizim
görə bilmədiyimiz paralel kainatlar mövcuddur. Bizim kainat, bəlkə də, saysız-hesabsız
paralel kainatlardan sadəcə biridir. Çoxlu
kainat demək çox sayda dünya deməkdir. Paralel dünya anlayışına görə,
yaşadığımız dünya yeganə dünya,
yaşadığımız həqiqətlər də yeganə
həqiqətlər deyildir. Bu da, eyni
zamanda çoxlu ehtimal deməkdir.
Paralel kainat insanın verəcəyi qərarların və
atacağı addımların yaratdığı sonsuz sayda
ehtimallar dünyasıdır. Bu fikrə görə,
həyatda bizdən başqa bizlər mövcuddur və bizlərin
başqa dünyada başqa bir həyatı yaşama
ehtimalımız var. Bu düşüncə "hər kəsin
sonsuz sayda həyatı var, hər kəs sonsuz sayda
eynizamanlı həyat yaşayır" fikrini ağıla gətirir.
Bu nəzəriyyə üzərində baş sındırmaq
həyatı və ölümü mühakimə etməyə
aparıb çıxararaq "Yaradan Tanrıdır"
düşüncəsini sual altında qoyur: "Qəribədir
ki, paralel kainat nəzəriyyəsi aspektindən baxanda
ölüm deyə bir şey yoxdur. Çünki
bir nəfər bir kainatda ölsə belə, digər
kainatlarda hələ də həyatdadır. O halda sonsuz
sayda kainat varsa, həyat da sonsuzdur". Buna
nümunə kimi "Unutmağa kimsə yox" romanında Bəhram
öldükdən sonra F.Q.-nin Bəhramın olduğu digər
dünyada olmaq istəməsini misal göstərmək
mümkündür. Yaxşı, bəs,
çox sayda dünya həyatı varsa, hansı dünya daha
gerçəkdir? Paralellik mövcuddursa, o
zaman gerçəklik də bərabər səviyyədə
olmalıdır.
Təkcənəlik vaxtı, paralel dünyalar, möhtəşəm
ahəng, Hadisələrin üfüqü kimi fəlsəfi
anlayışların Kamal Abdullanın əsərlərində
işlənməsi təəccüblü deyil. Çünki
bu kimi təbirlər Kamal Abdulla fenomenidir, fəlsəfəsidir,
onun geniş təxəyyülünün məhsuludur,
yaradıcılıq fantaziyasının nəticəsidir.
Yazıçı bir essesində paralel kainat
anlayışını bu şəkildə
açıqlayır;
"Deyirlər ki, bizim yaşadığımız və
tanıdığımız dünya öz mövcudluğunda
tək deyil. Onunla bərabər ona qismən bənzər digər
dünyalar da sonsuz fəzada mövcuddur. Hətta
bizim hər birimiz o biri paralel dünyalarda tamam
başqa-başqa tərzlərdə öz həyatımızı
davam etdiririk. Mən nə zamansa (deyəsən,
tələbəlik illəri idi) filologiyanı atıb
musiqiçi olmaq istəyirdim. İndi o
dünyaların birində mən öz gənclik arzumun
ardınca gedib, bəlkə də, ala-babat bir musiqiçi
olmuşam. Başqa bir Kamal Abdulla isə
başqa bir dünyada, bəlkə də, artıq həyatda
yoxdur (O müdhiş gündən sonra yaşamağa dəyərdimi?).
Beləcə sonsuz dünyalarda, sonsuz reallaşmalarda, sonsuz
paralellərdə...
Məncə, mənim üçün paralel olan
dünyalarda yaşayanların özləri üçün də
başqa paralel dünyalar var.
Mənim paralel dünyalarımla oralardakı hər
hansı "mən" üçün də mövcud olan
paralel dünyalar eyni deyildir. Bu, həqiqətən də bitmək
bilməyən, əsl sonsuz çoxluqdur: Hər paralel
dünyanın öz paralel dünyaları var.
Deməli, paralel dünyalar bir müstəvidə deyil,
bütün kəsişən xətlərdədir. Evklid həndəsəsindən
Lobaçevski həndəsəsinə keçid də bu
mahiyyətin dərkindən başlayır".
Bu və digər fəlsəfi düşüncələr
yazıçının əsərlərində ya
açıq, ya da qapalı şəkildə əksini
tapır. Yazıçının əsərləri,
xüsusilə son romanı "Unutmağa kimsə yox"u dərin
fəlsəfi məzmun daşıyır. Kamal
Abdulla bu romanında illərdir elm dünyasını məşğul
edən paralel kainatlar nəzəriyyəsinə toxunmuş, dərin
məzmuna malik bu nəzəriyyəni romanına naxış
kimi işləmişdir. Elm
dünyasını uzun illərdir məşğul edən belə
mürəkkəb və dərin məzmunlu məsələnin
Kamal Abdulla romanında işlənməsi
yazıçının fərqli və qeyri-adi
düşünmə qabiliyyətinin nəticəsidir.
"Unutmağa kimsə yox" romanında paralel
dünyalar məfhumuna tez-tez toxunan yazıçı əsərdəki
bir çox hadisəyə bu baxımdan aydınlıq gətirmiş,
bir çox nəticəni bu məfhumla əlaqələndirmişdir. Əsərdə
paralel dünyalardan ilk dəfə söz açan Arxeologiya
İnstitutunun rəhbəri Patriarx ləqəbli akademik Mirəhmədovdur.
O, F.Q.-dən paralel dünyalara inanıb
inanmadığını soruşur. F.Q.-nin bu suala
reaksiyası onun paralel dünyaların varlığına
inamını ortaya qoyur: "F.Q. elə bil ömrü boyu həsrətlə
bu sualı gözləmişdi: İnanıram! Bir saniyə
belə düşünmədən qətiyyətlə cavab verdi. "Var, var, bu dünyalar.
Uff. Ürəyimdən, elə bil, tikan
çıxartdı" ("Unutmağa kimsə yox":
277). Bundan sonra Patriarx F.Q. bunu daha da aydınlaşdırmaq
üçün müəllimi Molla Güləlinin
danışdığı Parislə ilahələrin alma rəvayətini izah edir və bu hadisənin
başqa bir paralel dünyada baş vermə ehtimalını
vuğulayır. Bu rəvayətə görə,
Paris üzərinə "Gözəllər gözəli
üçün" sözləri yazılmış
almanı Heraya verir. "Bəli,
almanın sahibəsi Hera olmuşdu, Paris almanı, əlbəttə
ki, Heraya vermişdi. Ancaq və ancaq
Heraya!" (UKY: 302). Homerə görə,
Paris almanı Afroditaya verir. Bununla Patriarx
hadisələrin müxtəlif zaman və məkanlarda baş
verə biləcəyi paralel dünyalar məfhumuna diqqət
çəkir.
Yazıçı
"Unutmağa kimsə yox" romanında paralel dünyalar məfhumuna
baş qəhrəman F.Q.-nin izahı ilə aydınlıq gətirir:
"Paralel. Yeni, sonsuz, çoxlu, ağlagəlməyən dərəcədə
bitib-tükənməz ulduzlar var ha, o qədər sonsuz... Paralel, yeni bizim dünyamıza oxşar. Həm
oxşar, həm də oxşar olmayan" (UKY: 328).
Hər
qapının arxasında sonsuzluğa açılan sonsuz
yollar var. Bir dünyada görülməmiş bir iş
başqa bir paralel dünyada, bəlkə də,
görülmüşdür. Bəhram əmi məhz bu məqamda
söhbəti F.Q.-nin heç cür izah edə bilmədiyi
"Çiçəkli yazı"ya gətirir: "Onda belə
çıxır ki, sən bir başqa dünyada bu
çiçəkli yazını artıq oxumusan" (UKY:
325). Bu söhbət F.Q.-nin başqa dünyada
çiçəkli yazını "dilini açan"
başqa bir F.Q.-nin açar sözü söyləməsini
(hayqırmasını) istəməsi qədər
inandırıcıdır.
F.Q. Bəhram əmi ilə eyni gündə fərqli
saatlarda eyni yuxunu görür. İki ayrı adamın eyni yuxunu görməsini
zəif bir ehtimal hesab edən F.Q. uzaq, sonsuz gələcəkdəki
paralel bir dünyada Bəhram əmi ilə
qarşılaşdığını düşünür.
Eyni yuxuların ayrı-ayrı şəxslər tərəfindən
eyni gündə
görülməsində bir paralellik var. F.Q. də
belə düşünür: "paralel dünyalar deyirdik, bu
da paralel dünya..." (UKY: 351).
"Paralel dünyalar, paralel dünyalar... Bu,
deyilmi?!" (UKY: 371).
Çiçəkli yazının oxunmasında belə
bir "paralellik" var. Saxta şifrə çiçəklərdəki
ləçəklərə uyğun gəlir və bu saxta
şifrənin köməyi ilə yazı oxunur, ancaq bu
oxunuş gerçək oxunuş, həqiqi mətn deyildir. Bəlkə də,
başqa bir tədqiqatçı başqa bir açar
sözün köməyi ilə mətni fərqli şəkildə
oxuya bilər. Bu da sonsuz sayda çoxluq və
ehtimal deməkdir.
Romanın
içindəki bir bənzərlik və ya paralellik də
dörd yüz il əvvələ aid bir
hekayədir. Bu hekayə F.Q.-nin Çiçəkli
yazını oxumağa çalışmasından bəhs edən
hekayə ilə paralellik göstərir. Dörd yüz il əvvələ aid bir hadisə də paralel
dünyalar anlayışına nümunədir.
1657-ci ilin bir qış günü Əli Qumral
Yüzbaşı və gənc yol yoldaşı bir
yazını oxutmaq üçün Mirzə Pirqulunun
yanına gedirlər. F.Q. də mağaradakı yazını
oxumaq üçün Vəng kəndinə gəlir. Hər iki hekayədə məqsəd yazının
oxunmasıdır. Dörd yüz il əvvələ
aid hadisədəki Mirzə Pirqulu ilə Bəhram əmi
obrazı arasında oxşarlıq özünü göstərir.
Hər iki hekayədə işlənən
mağara və yazı mövzusu bənzər xüsusiyyətlərə
malikdir. Hətta Mirzə Pirqulunun oxuduğu
"yadıma salmağa bir kimsə qalmadı dəxi"
cümləsi (UKY: 207) ilə F.Q.-nin oxuduğu
"Xatırlamağa kimsə yox. Unutmağa da kimsə yox"
(UKY: 472) sözləri arasında məna etibarilə fərq
yoxdur. Mağaranın qabağında olan,
içindən işıq saçan daş da hər iki hekayədə
var. Hər iki hekayənin böyük-kiçik oxşar
xüsusiyyətlər daşıması paralel dünyalar
anlayışı ilə izah oluna bilər.
Bəhram əmi öləndən sonra F.Q. onun başqa
bir dünyada ölmədiyini, ondan adəti üzrə
"Çay qoyummu, balası, təzə dəm çay
içəkmi?" (UKY: 447) - deyə soruşduğunu
düşünür. F.Q. Bəhram əminin olduğu "o
başqa dünyada olmaq istəyir" (UKY: 448) F.Q. paralel
dünyalara bu qədər ürəkdən inanır.
Ayazla Afaqın şəhərdən kəndə F.Q.-nin
yanına gəlməsini belə, yazıçı iki fərqli
şəkildə işləyir. Öncə Ayaz, Afaq, Mübarizin evə
keçməsi təsvir edilir: "Əvvəlcə bu gələnlər
F.Q.-nin arxasınca gedib evə girdilər" (UKY: 459). Daha
sonra onların gəlişi fərqli təsvir edilir:
"Heç evə girmədilər. Əllərindəki
(qırmızı paketləri və balaca çamadanı)
artırmaya qoyub "buralar nə gözəlmiş, ay Allah..." ??? Afaq Qarağacın altına tələsdi"
(UKY: 460).
İkinci
təsvirdə Bəhram əmi sağdır, qonaqları o
qarşılayıb samovar yandırır;
"Üz-gözündən aşkar bir məmnunluq yağan
ev sahibi hərdən əlini atıb ağ saqqalını
tumarlaya-tumarlaya (başında ala-bəzək araxçın
var idi) samovarla əlləşməyində idi" (UKY: 461). Ən son təsvirdə ilk təsvirdə olduğu
kimi, qonaqların birbaşa evə keçdikləri bildirilir.
Bu, bir çox ehtimaldan yalnız ikisidir. Afaqgilin kəndə gəlişi bir çox
ehtimallar arasından yalnız ikisi ilə verilib. Bir dünyada Afaqgili birbaşa evin içinə
keçdikləri halda, başqa bir paralel dünyada gələr-gəlməz,
evə keçmədən Qarağacın altında otururlar.
Afaqın
çiçəkli yazının sehrinə qapılıb
özünü mağarada hiss etməsi də paralel
dünyalar məfhumuna bir nümunədir. Baxmayaraq ki, Afaq
çiçəkli yazının tapıldığı
mağaranı görməmişdi, ancaq o, mağaranı ən
incə cizgilərinə qədər "görür", hətta
oradakı çiçəklərin ləçəklərindəki
qoxunu da hiss edir.
Hər yazıçı əsərlərində
özünü, öz dünyasını gizli, yaxud aşkar əks
etdirən bir qəhrəman yaradır, duyğu,
düşüncə və fikirlərini bu qəhrəman
vasitəsilə ortaya qoyur. Kamal Abdulla bu əsərdə yaratdığı F.Q.
obrazı vasitəsilə paralel dünyaların
varlığına inamını ortaya qoymuşdur. Kamal Abdulla
yaradıcılığındakı ən böyük
paralellik isə "Yarımçıq əlyazma",
"Sehrbazlar dərəsi", "Unutmağa kimsə
yox" romanları arasındakı paralellikdir.
Aynur Beşkonak
Ədəbiyyat qəzeti.- 2019.- 23 fevral.- S.21.