Teleqraf
Yolların soyuqluğuna dik
gözünü
Gör,
görünməzliyə doğruyam...
Uzaqlıq bir zivədir yollara uzanan
Zivənin üstündə yellənen
köynəklərdir adamlar.
Pəncərənin o tayına birinci dəfə
"qürbət" - dedi atam.
Sürgün düşdülər...
Yabancı oldu adamlar...
Pəncərənin o tayına birinci dəfə
"gözyaşı" - dedi anam
Yağış oldular
Yaşardı adamlar
Pəncərənin əlindən tutub
Pəncərəyə "sevgi" - dedim
Buraxdılar...
Atdılar adımı
Getdilər adamlar.
Elə həmin yollarda
Uzun-uzadı bu teleqraf simləri
Bir sevgi məktubu simlərdə didərgin
Simlərə qonan quş nə bilər
simin
darıxmasını!
Gör,
görünməzliyə doğruyam...
Mən
o teleqraf simlərində
yorulmuş
üçcə kəlmə
söz
Mən həmin o yollarda
Bir işıq dirəyiyəm,
ey yolçu...
Uzun uzadı bu gözləm
Geri qaytar ayaqlarımı!!
aldığın ayaqlarımla
rəsm çəkirəm
yolların uzunluğunu
Uzun-uzadı bu özləm
Bu ciyər deyil içimdə havanı soran
Ciyərimdə bir ev
var kimsəsiz
Ciyərimdə ağrı var,
ey havam!
Ey suyum,
Susuzam səsinə...
İki kəlməlik dol boğazıma!
Uzun-uzadı bu zivə
Zivənin üstündə yellənen
köynəklərdir adamlar.
Adamların hər biri mən!
adamları atır
külək
Adamları aparır yel
Yaxın uzağım
Adını bilmədiyim bir
kəs
qonşuluğumda nəfəs
çəkməkdədir...
Ayaq səsini
duyaram gözlərimi
yumarkən.
...Hər gün bir az yox olmaqdadı,
hər gün uzaqlaşmaqda.
Özünə bir çiçək
alar evə qayıdanda,
bir də qəzet...
Dediyim o
bir kəs
qonşuluğumda televizora
baxmaz,
hind kinolarını da bəyənməz,
Hannanı düşünüb kitablarda
nəsə axtarar.
Hərdən Qrenoyun xətrinə
ətir vurar üstünə
Yanyanayıq...
Divarımız bir,
dünyamız ayrı...
Elə uzağıq ki,
heç vaxt girə bilmərəm onun otağına -
evinin qapısı yox,
pəncərəsizdi otağı.
Elə yaxınıq ki,
nəbzinin səsini
duyaram
gözlərimi yumarkən...
Adını bilmədiyim bir
kəs
dincəlmək istədiyim
vaxt
beynimin kamerasında
xatirə şəkili
asmaq üçun
mismar vurar divarlara...
Şən nəğmələr oxuyar
gözümün yaşı
axanda,
ürəkdən qəhqəhə
çəkib gülən
zamanımda.
Hönkürüb ağlayar qonşuluğumda
adını bilmədiyim
bir kəs.
...Qonşuluğumda bir səs yaşayır -
adını bilmədiyim
bir səs!
Ümid Nəccari
Ədəbiyyat qəzeti.- 2019.-
23 fevral.- S.19.