Nizaməddin Şəmsizadə:

Həyatımda təlatümlər başlandı...

 

- Nizaməddin müəllim, bu ilin sonunda 65 yaşınız tamam olacaq. Bunun 62 ilini parlaq ömür sürmüsünüz: ləyaqətli ailəniz, millətə xidmət edən yaradıcılığınız, başlıcası isə ədəbi-ictimai mühitdə böyük nüfuzunuz. Lakin son iki ili ağır xəstəliklər, acılar və ağrılar yaşadınız: şəkər, qan təzyiqi və böyrək çatışmazlığı... bu olaylardan sonra insan ömrünə, bəzi həyat anlayışlarına münasibətiniz dəyişmədi ki?!

- Mən bir vətəndaş - alim, milli ziyalı, nikbin insan kimi xoşbəxt ömür sürmüşəm. Allahdan və qəlbimdən başqa, heç kimə tabe olmamışam, boyun əyməmişəm. 2004-cü ildə Milli Dram Teatrında keçirilən 50 illik təntənəli yubileyimdə demişdim... "Bundan sonra da yeyib-içəcəyəm, sevəcəyəm, elmlə məşğul olacağam". Həyatın mənası mənim üçün bu üç amildən ibarətdir. Yaşıdlarımın hamısından çox görmüşəm. Ədəbiyyatşünaslıq elmində öz rolum, öz möhürüm var: 30-dan artıq kitab və monoqrafiya, 300-ə yaxın məqalə, 35 illik pedaqoji fəaliyyətim bunun əyani təsdiqidir. Lakin 2017-2018-ci illərdə həyatımda təlatümlər başlandı, ölkənin əksər xəstəxanalarında tibb bacılarının təbirilə desək, ağır və mədəni xəstə oldum. Xəstəliyimdən danışmağı, zarımağı kişiyə yaraşdırmıram. Ağrıya dözümüm və səbrim ən əziz sirdaşım oldu. Qısası, onu deyim ki, həkimlər ötən ilin iyun ayının sonunda ömrümə iki saat vaxt qoymuşdular. Ailəmi çağırıb vəsiyyət etdim, əməliyyatdan çıxacağıma on faiz şans var idi. Göydə Allah, yerdə bacarıqlı cərrah Aydın Əliyevin riski bir də əzablara mərdliklə dözən sağlam və vəfalı ürəyim məni həyata qaytardı. Necə deyərlər, o dünyaya gedib-qayıtdım, hətta məni aparmağa gələn varlığı da gördüm. Allaha min şükür.

- Nizaməddin müəllim, tez-tez, özü də məhəbbətlə Allahın adını çəkirsiz. Məncə, əvvəllər belə deyildi, bu nədir: qocalıq, ölüm qorxusu. Allaha və dinə ifrat inam yoxsa?..

- Mən dünyaya Türk oğlu kimi gəlmişəm. Biz türklərin ulu əcdadları Tenqiriyə - Tanrıya inanıblar. Tanrını günəş sifətində görüblər. Tanrıdan qüdrət və həyat enerjisi alıblar. Türklərə görə, Tanrı təbiətin, varlığın simvolu olub. Tanrı özünün kimliyini bildirmək üçün təbiəti, insan öz kimliyini əks etdirmək üçün sənəti yaradıb. Sənət Tanrının və təbiətin insan obrazında, insan ruhunda təcəssümü deməkdir. İslam dininin qəbulundan sonra tədricən o, Allahla əvəz olundu. Dəfələrlə dediyim fikri burada da deyirəm: Ərəblər islamı yaratdı, türklər islamı yaşatdı. Tarixən bütün cahanşümul türk yürüşləri islam bayrağı altında keçib... Allaha inanıram, bütün dinlərə və dörd müqəddəs kitaba hörmət, fəqət fanatizmə nifrət edirəm. Dinin ideologiyaya çevrilməsinə, siyasətə yönəlməsinə qəti etiraz edirəm. Dünyada ən demokratik din olan İslam dinində məzhəb ayrılığı salınmasını təhlükə hesab edirəm... O ki qaldı qocalığa və qorxuya... Sağlam və müdrik qocalığı xoşbəxtlik sayıram. Qocalıq hər adama qismət olmur, əməlində və imanında buna layiq olmaq lazımdır. Mən dünyaya xeyirxahlıqla, sevgi gözü ilə baxıram. məhəbbətlə baxsan daş da çiçək açar. "Müdriklər bunlara deyib" kitabımda da yazmışam: "Allah sevən ürəklərdə gecələyir"... Qorxu hissi mənə yaddır. Bilirəm ki, bütün qorxuların sonu ölümdür, mən ölümdən qorxmuram. Qorxu insanda bütün mənfi sifətləri - yaltaqlığı, yalanı, qəddarlığı, sərvət ehtirasını, nəfsi yaradan başlıca səbəbdir.

- Siz hal-hazırda Azərbaycanda ən nüfuzlu ədəbiyyatşünas, tənqidçi və nəzəriyyəçi alimsiz. Üçcildlik elmi əsərləriniz, fundamental monoqrafiyalarınız və bir çox orijinal məqalələriniz artıq milli yaddaşa çevrilib. Professional tənqidçi kimi özünüz daxil, müasir ədəbiyyatşünaslığımız haqqında fikrinizi bilmək istərdik.

- Bu çox geniş və təhlilə ehtiyacı olan mövzudur. Bizim ədəbi-nəzəri fikrin bir neçə mərhələsi olub: folklordan, şərhçilik nəzəriyyəsinin banisi Xətib Təbrizidən (XI əsr), M.F.Axundzadədən sonra XX əsrin önlərində birinci mərhələ formalaşdı. F.F.Köçərli, A.Sur, Seyid Hüseyn, Ə.Hüseynzadə və s. ikinci mərhələ: sovet dövrü, 20-30-cu illər, Əli Nazim B.Çobanzadə, Ə.Abid, M.Quliyev, H.Zeynallı, M.Ələkbərli və b. Üçüncü mərhələ - 40-50-ci illər: M.Rəfili, M.Arif, M.Cəfər, F.Qasımzadə, Orucəli, M.Hüseyn, M.İbrahimov. Dördüncü mərhələ - 60-80-ci illər: Q.Xəlilov, B.Nəbiyev, K.Talıbzadə, Ə.Mirəhmədov, Y.Qarayev, A.Hüseynov, Elçin, T.Əfəndiyev, Ş.Salmanov və b. Nəhayət, 1980-2000-ci illərdə müstəqillik dövründə formalaşmış bugünkü tənqid. Nadir Cabbarov, Kamil Vəliyev, Kamal Abdulla, Rəhim Əliyev, Vilayət Quliyev, Vaqif Yusifli, Şirindil Alışanov və bir də fəqir bəndəniz...

Bizdən sonra da bir neçə istedadlı cavan gəlib. Fəqət, bunlar hələ yeni tənqid mərhələsi formalaşdıra bilməyiblər.

Bizim nəsil ədəbi tənqiddə fəlsəfi intellektual təmayülü davam etdirib, yeni üslub tərzi və fəlsəfi ideyalarla zənginləşdirdilər; Müstəqilliyini verdiyi imkanlardan istifadə edərək ədəbiyyatı milli yaddaşa yönəltdi, bütövlükdə qloballaşmanın təhlükə altına aldığı millilik amilini qorudu və möhkəmləndirdi; Ədəbi tənqidi digər dünya elmlərinin nəzəri metodları ilə zənginləşdirdilər; Ədəbi tənqidi nəzəri imkanlarını gücləndirdilər, tənqidin üslubu çevikləşdi, publisistik don geyərək, obrazlı ifadə tərzi formalaşdırdılar və s. ancaq bu tənqidin qüsurları da yox deyil. Mən bunları 2015-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap etdirdiyim "Tənqiddə meyarsızlıq sindromu" adlı məqalələrdə (10 məqalə) göstərmişəm: Cəsarətsizlik, ifrat şişirdilmiş tərif, tənqidsizlik - kəsərin olmaması, ədəbi tarixi ənənə meyarını gözləməmək bütün bunların da nəticəsində estetik meyarın bədii mahiyyətə uyğun gəlməməsi və obyektivlikdən uzaq düşməli müasir ədəbi tənqidin əsas qüsurlarıdır.

- "Azərbaycan" jurnalının builki birinci sayında Nərgiz Cabbarlıya verdiyiniz kifayət qədər sərt və cəsarətli, eyni zamanda yüksək intellektual müsahibənizdə belə bir obrazlı fikir söyləmisiniz: "Mənə Puşkini verin, mən Belinski olum". Belə çıxır ki, tənqidçi zəifliyinə səbəb ədəbiyyatın zəifliyidir. Yəni tənqidin vəziyyəti bu dərəcədə ədəbiyyatın durumundan asılıdır?

- Yox! Tənqid ədəbiyyatı, bədii sözü sevməli, "Söz gözəlinin" (Füzuli) niqabını açıb özünü göstərməsi üçün şərait yaratmalıdır. Lakin ədəbiyyat yaranmadan da tənqid mövcud ola bilər, ən azı belə bir suala cavab vermək üçün ki, ədəbiyyat niyə yoxdur? Əlbəttə, biz qələm ifrazatı olan zir-zibildən danışmırıq. Böyük istedaddan doğulmuş, sənətkarlıqla yaradılmış həqiqi ədəbiyyatdan bəhs edirik. Mən adını çəkdiyiniz müsahibəmdə "Tənqidin ədəbi prosesdə rolu" kitabımda da bunu bir qədər başqa şəkildə demişəm: "Puşkini verin, mən Belinski olum"... Bu fikir müəyyən mənada mənim ziddiyyətimdir.

- Nizaməddin müəllim, kiçik fasilə ilə təxminən 24 il Azərbaycan Dövlət Mədəniyyət Universitetində elmi pedaqoji fəaliyyətlə məşğul olmusunuz. 16 il gənc elmlər doktoru, professor kimi "Ədəbiyyat və dillər" kafedrasına rəhbərlik etmisiniz, bu mədəniyyət ocağı bir tənqidçi və ədəbiyyatşünas kimi sizə nə verdi?

- İncəsənət Universiteti unikal təhsil ocağıdır. Burada sabiq rektor Timuçin Əfəndiyev məni səmimi qəbul edib, az bir müddətdə ən böyük kafedraya müdir təyin etdi, onda 36 yaşım var idi. Mən bütün səylərimlə bu etibarı doğrultdum. Yeni fənlər, tədris proqramları, metodiki vəsaitlər hazırladım... Bu universitetdə mən ədəbiyyat tənqidçisi çərçivəsindən çıxıb mədəniyyət və incəsənət tənqidçisi oldum, canlı teatr, kino, rəssamlıq, musiqi mühitinə düşdüm, tədbirlərdə, sərgilərdə, tamaşaların müzakirəsində, ümumən, mədəni-mühitdə fəal iştirak etdim. Təkcə yazı qabiliyyətim yox, nitq qabiliyyətim sürətlə inkişaf etdi. Və mən universal tənqidçi ola bildim. İndi də o, illəri ən gözəl xatirələrlə xatırlayıram. İncəsənət Universitetində böyük sənətkarlar, çox gözəl bir yaradıcı kollektiv var idi. Teatra, kinoya, rəssamlığa və musiqiyə bələdliyim bir tənqidçi kimi estetik meyarlarımı dəqiqləşdirdi.

- İncəsənət Universitetindən söz düşmüşkən, siz aktyor sənəti, gülüş mədəniyyəti haqqında "Hıçqıran gülüşlər"i dostunuz Fuad Poladov haqqında məqalələr, sənət və siyasət barədə silsilə yazılar dərc etdirmisiniz. Xatırladım ki, Azərbaycanın elm və mədəniyyət xadimləri seriyasından çap olunmuş 387 səhifəlik biblioqrafiya göstəricisində bu istiqamətdə çoxlu yazılarınızın siyahısı qeyd olunub. Sənət və siyasət probleminə münasibətiniz?

- Biz 70 il totalitar sovet ideologiyasının hakim olduğu dövrdə yaşayıb görmüşük ki, siyasət həqiqi sənəti necə məhv edib. Sosialist realizmi, ədəbiyyat və sənətin partiyalılığı azad yaradıcılığın əl-qolunu bağlayıb, onu ideoloji çamuruna sürükləyib. Mən bununla sovet dövrü sənətinin üstündən xətt çəkmirəm, qətiyyən. Sovet dövründə də milli ruhlu istedadlı şairlərimiz dəyərli ədəbiyyat və sənət nümunələri yaradıblar. Sovet dövrü bizim tariximizdi, onu tariximizdən və taleyimizdən kəsib ata bilmərik, tarixə tarixilik prinsipi ilə obyektiv yanaşmalıyıq. Sənət siyasətdən güclüdür. Sənət əbədi, siyasət ötəridir. Tarixdə heç zaman siyasət sənətə qalib gələ bilməyib, sənətin mahiyyətinə olan obrazlılıq, simvolika, bədii fiqurlar, məcazlar ümumən Şərqdə deyildiyi kimi, "Təvoidi-ədəbiyyə" buna imkan verməyib. Sənətin məğzində Allah əmanəti olan İnsan ruhu mövcuddur, ona qalib gəlmək olmaz. Həqiqi sənət idrak və qəlbin vəhdətindən yaranır, şüurla yox, fəhmlə dərk olunur. Burada siyasətə və ideologiyaya yer yoxdur. Mənim çox sevdiyim böyük tənqidçi Belinski deyir ki, "şair sözü müqəddəs bir sözdür".

Yəqin ki, dahi Nizami də elə buna görə "peyğəmbərlərdən sonra şairlər gəlir" demişdir...

- Böyük şair S.Vurğun yazıb ki, "Bizdə şeir də var, sənət də vardır - Şairə sənətə hörmət də vardır". Allaha şükür ki, ədəbiyyatımızda şair sözünü müqəddəslik zirvəsində saxlayan mütəfəkkir sənətkarlarımız çoxdur: Nizami, Xaqani, Nəsimi, Füzuli, Vaqif və müasir şairlər... Biz dünyada bədii-fəlsəfi cəhətdən çox böyük ədəbiyyatın varisləriyik. Bu dahilərdən biri də İmadəddin Nəsimidir.

Hörmətli Prezidentimiz 2019-cu ili "Nəsimi ili" elan edib. Nəsimi, onun timsalında bədii irsə, bir ədəbiyyatşünas klassik poeziyaya münasibətiniz?

- Klassik irs xalqın ən qiymətli milli sərvəti, özünüifadə tərzidir. Nəsimi Abbasilərin fütuhatı sayəsində beş yüş il (975-1258) davam etmiş ümummüsəlman mədəniyyəti sistemi dağılandan sonrakı dövrdə ana dili poeziyaya, sənətdə türk meylinə keçid dövrünün nəticəsi olaraq ədəbiyyat və tarix səhnəsinə çıxmış cəngavər ruhlu filosof şairdir. Onu Şərqdə və Azərbaycanda ən mükəmməl ədəbi-fəlsəfi cərəyan olan sufizmin təkamülü yaradıb. Sufizmin bətnindən doğulsa da hürufizm nəzəriyyədə Fəzlullah Nəiminin, poeziyada Nəsiminin sayəsində ümumşərq əhəmiyyəti kəsb edib. Fəzlullahın "Cavidnamə", "Ərşnamə", "Növmnamə" və s. kitabları ilə bərabər Nəsiminin qəzəlləri hürufizmin əsaslarını formalaşdırıb. Sufizmlə hürufizmin fərqi bundadır ki, sufizm yalnız əqlə güvənir, ona istinad edir, əqli məşuqəni yarı yolda qoyub qaçan qorxaqa, fərariyə bənzədirdilər. Məsələn, Füzuli deyirdi: "Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim? - İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim". Hürufilərə görə, insan həqdən qopmuş nur parçasıdır. Və nəhayət, əsaslı fərq bundadır ki, sufilər insanı təriqət, şəriət, mərifət, həqiqət kimi təkamül mərhələlərindən keçirərək, Allaha yaxınlaşdırırdılar. Hürufilər, xüsusən, Nəsimi insanı Allahın ən qiymətli zərrəsi hesab etdi, allahlaşdırdı: Ənəlhəq dedi. "Həq mənəm, həq məndədir, həq söylərəm" Və yaxud:

 

Səni bu hüsni-camal ilə lütf ilə görüb

Qorxdular həq deməyə, döndülər insan dedilər.

 

Nəsimidən sonra dahi Füzuli bu ideyanı təkrarlayır, dəqiqləşdirir.

 

Ey mələksima ki, səndən özgə heyrandır sana,

Həq bilir, insan deməz hər kim ki, insandır sana.

 

Nəsimiyə sistemli münasibət 1973-cü ildə klassik irsimizin böyük təəssübkeşi Heydər Əliyevin sayəsində də formalaşdı. Şairin 600 illik yubileyi o zamankı SSRİ və dünya miqyasında keçirildi. Bakıda Nəsimiyə heykəl qoyuldu, xalq şairi Qabilin "Nəsimi" poeması, xalq yazıçısı İsa Hüseynovun möhtəşəm "Məhşər" romanı, bir qədər sonra xalq şairi, akademik Bəxtiyar Vahabzadənin "Fəryad" pyesi yazıldı. Yeri gəlmişkən, bir az xırdaçılıq olsa da, bir məsələyə münasibət bildirməliyəm: Bu yaxınlarda "Ölkə.Az" saytının əməkdaşı mənə zəng vurub Nəsiminin məşhur "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" misralı şeirinə bayağı bir mahnı yazıldığını söylədi. Mahnını dinlədim. Yüngül diringə idi, bəstəçisi və ifaçısı da ortabab bir şou müğənnisi idi. Mən dedim ki, klassik poeziya xalqımızın milli sərvətidir, hər kəs ondan istifadə edə bilər. Nəsimi poeziyasına Ü.Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Cahangir Cahangirov kimi korifeylər mahnı bəstələyə bilər. Bu şou müğənnisini bir qədər sonra "Hər şey daxil" verilişində dinlədim, o, Nəsiminin şeirini təhrif edirdi, "Məndə sığar ikən cahan, mən bu cahana sıxmaram" şəklində oxuyurdu. Bu problem 70-ci illərin sonunda da qalxmışdı. Gəncədə yaşayan ədəbiyyatşünas Abbasəli Sarovlu deyirdi ki, "iki cahan yox, ikən cahandır"...

Həmin ortabab şou müğənnisi də, onu pəh-pəhlə tərifləyən özü kimilər də Nəsimi poeziyasının hürufi mahiyyətinin, "iki cahan"ın nə olduğunu dərk edə bilmədikləri üçün dahi şairi təhrif edirlər. Buna yol vermək olmaz, belə hallar həmişə olub. Komsomolçu şairlər Füzulini bəyənməyəndə, tənqid edəndə parlaq istedad M.Müşfiq onlara belə cavab vermişdi:

 

Yazalım,

Özümüzü öyməyəlim.

Füzuliyə dəyməyəlim

Usanmazmı Füzulini söyən

Özü bir heç kimi.

 

İnanıram ki, o iddialı ortabab şou müğənnisi və onu tərifləyib Nəsiminin şeirinə düzəliş edənlər məni başa düşdülər. Arifə bir işarə də bəsdir... Nəsimi xüsusi ədəbi mərhələdir, məktəbdir, o, özündən sonra türk poeziyasına təkan vermiş, iki böyük türk şeir dühasının - Nəvainin və Füzulinin yaranmasına səbəb olmuşdur... O ki qaldı "iki cahan" poetik düsturunun açımına bu belədir: bir var eyn aləmi - bu, gözlə görünən, şüurla dərk edilən "maddi aləmdir, bir də var qeyb aləmi - bu, gözlə görünməyən, idrakla dərk olunması mümkün olmayan, yalnız peyğəmbərlərin vəhylə, dahi sənətkarların fəhmlə dərk etdiyi gizli aləmdir.

- Nizaməddin müəllim, siz, demək olar ki, əksər əsərlərinizdə tarixilik probleminə toxunursuz. Ədəbiyyatda, ümumən, sənətdə tarixilik: tarixilik bir nəzəriyyəçi alim kimi, sizin üçün meyardır, yoxsa mövzu?

- Mən dünya filosofları içərisində alman mütəfəkkiri İ.B.Hegeli çox sevirəm, təkcə dördcildlik "Estetika"sında toplanmış əsərlərə görə yox, fikirdə ardıcıllığına və tarixiliyə görə. Bəlkə də ona görə ki, Hegelin fəlsəfi-estetik konsepsiyaları böyük Azərbaycan filosofu, Nəsiminin müasiri Əbdürrəhman ibn Xəldunun təsiri altında formalaşıb. Tarixilik bir var mövzu, bir də var nəzəri prinsip kimi. Elm və sənət sahəsində tarixilik kontekstindən kənarda verilən qiymət eklektik xarakter daşıyacaq. Cavan yaşımda Hegeli ehtirasla oxuduğuma görə bu cızmaqaralarımda ardıcıl olaraq tarixiliyə istinad etmişəm. Tədqiqatçı üçün tarixin çox əhəmiyyətli faktını tapıb qeyd etmək şərt deyil, işin yapısıdır. Əsas olan budur ki, faktın dalında duran tarixi şəraiti duyasan, tarixə tarixən yanaşasan, tarixi təkamülün dialektikasını unutmayasan... Qoy tarixçi dostlarım inciməsin, bizim tarix elmimizdə məhz bu çatışmır... XX əsrin 60-cı illərindən sonra yeni mərhələ olan ədəbiyyatda və mədəniyyətdə tarixə münasibət sosioloji çamurluqdan çıxaraq milli xarakterə, kökə, mənşəyə, yaddaşa tərəf istiqamət aldı.

İsa Hüseynovun "Məhşər", F.Kərimzadənin "Qarlı aşırım", Ə.Cəfərzadənin "Bakı - 1501", Elçinin "Mahmud və Məryəm", İ.Şıxlının "Dəli Kür", Y.Səmədoğlunun polifonik "Qətl günü" romanları tariximizə bədii-fəlsəfi münasibəti formalaşdırdı.

Kino sənəti də bu romanlara və digər əsərlərə istinadən tarixi mövzuya və tarixiliyə tərəf yön aldı. Nəticədə "Nəsimi", "Dədə Qorqud", "Axırıncı aşırım", "Dəli Kür", "Yeddi oğul istərəm" kimi dəyərli tarixi ekran əsərləri yarandı... Ədəbi tənqiddə də, sənətşünaslıqda da məhz tarixi mövzu və tarixilik tədricən ön plana keçdi. Sizin verdiyiniz sualların hər biri bir neçə doktorluq əsərinin mövzusudur.

 

Söhbətləşdi:

Yasəmən Hacıyeva

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Ədəbiyyat qəzeti.- 2019.- 23 fevral.- S.18-19.