Cəlil Məmmədquluzadənin
triadası: Vətən, millət, dil
1918-ci ildə müstəqil Azərbaycan
Respublikasının bayrağı ucalacaqdı. Amma ona qədər
mürəkkəb və xaotik, ziddiyyətli və kataklik,
siyasi aşamalar və burulğanlarla zəngin dövr
yaşanır, gərgin proseslər gedir. Xalqın
milli məfkurə istiqaməti müəyyənləşdirilir.
Bu dalğaya Əli bəy Hüseynzadə
"türkləşmək, islamlaşmaq,
avropalaşmaq", Cəlil Məmmədquluzadə "vətən,
millət, dil" triadası ilə qoşulur. Davamlı olaraq, milli dil, birlik, istiqlal, azadlıq,
milli ideya və amal məsələlərini qoyur, unun
üçün savaşır, mücadilə edirlər.
Vətən,
millət, dil! Cəlil Məmmədquluzadə
bütün ömrünü bu üç məqama hədəfləyərək
yaşadı. Yaradıcılığının
bütün aspektlərində azərbaycançılıq
amilinə istinad edərək vətənin, millətin və
dilin varlığının qorunması yönündə
aparıcı fəaliyyəti ilə seçildi. Bu yaxınlarda böyük ədibin
külliyyatını bir daha nəzərdən keçirdim.
Heyrət ediləsi ömürdür, Cəlil
ömrü. Bu qədər
dövr çətinliyinin, mühit gərginliyinin, şəxsi
acılarının içində müvazinətini necə
qoruyub saxlayıb, necə
zamanın sınaqlarından çıxara bilib,
tutduğu yoldan bir an belə sapmadan vətən, millət və
dilin saflığı, sabahı uğrunda yaşayıb və
ölməz sənət abidələri yaradıb.
***
Cəlil Məmmədquluzadə
yaradıcılığı bizdə estetik özünüdərkin
faktıdır. Milli ədəbiyyatımızın təkamül
tarixini adətən, üç mərhələdə
xarakterizə edirlər: islama qədər olan, islamla
başlayan və Avropa ilə başlayan üç ədəbi
dövr. Cəlil Məmmədquluzadə
yaradıcılığı bu üç qütbü birləşdirən
yaradıcılıq faktı kimi doğuldu. Və ehtiva etdiyi tarixi təcrübəsinə
görə yeni dövrün milli mədəniyyəti
sırasına daxil oldu. Onun vətən və
xalq naminə gördükləri işləri qabarıq edən
daha çox dil məsələsinə həssaslığıdır.
Bəzən elmi ədəbiyyatda XX əsrin əvvəllərində
yaşayıb-yaradan sənətkarların ədəbiyyata
münasibətdə qeyri-milli ölçülərdən
yanaşması kimi fikirlərlə
qarşılaşırıq. Səbəb həmin ədəbiyyatda
Qərb ölçülərinin artması ilə
bağlı ola bilər, əlbəttə.
Amma aydın məsələdir ki, XX
yüzilliyin əvvəllərində milli mədəniyyətin
dünyaya "qapı açması" ona məhz yeni mərhələyə
keçid üçün lazım idi. Qərbə,
Avropaya nüfuz etmək və o dərinlikdən Şərqə
baxmaq. Vətənin, xalqın cəhalətdən
qurtuluşunun, şüur oyanıqlığının Qərb
modelini tapmaq, onun mütərəqqi təcrübələrindən
faydalanmaq. Bu təmasa mədəniyyətin
özünün qeyri-milli ölçülərdən
yanaşmaq cəhdləri yox idi. Əksinə, o dövrdə
ədəbiyyatın özünün pafosu ifrat, aludəçi,
milli düşüncəyə xələl gətirə bilən
hər hansı neqativ meyillərə qarşı yönəlmişdir. Məsələn,
Mirzə Cəlilin "Anamın kitabı" pyesi və bu
xüsusda yazdığı publisistik məqalələri,
felyetonları, M.Ə.Sabirin eyni məramı aşılayan
şeirləri, yaxud dünya ədəbiyyatını
böyük əzm və inadla təbliğ edən Əli bəy
Hüseynzadənin bu mövzuda manifest xarakterli fikri ki: "…
türklük və islam dairəsində tərəqqi etmək
istəriz. Biz arzu edəriz ki, bizim tərəqqimizə baxıldıqda, … türk və müsəlmanlar
nə gözəl tərəqqi ediyorlar denilsin. Yoxsa
"türklər, müsəlmanlar irtidad ediyor, firəngləşiyorlar"
denilməsin!", - eyni amal və məfkurə
dalğasının gətirdiyi fikirlər, əməllər
idi.
Professor Təyyar
Salamoğlu bu yaxınlarda çap olunan ""Azərbaycan
tənqidi realizminin estetikası" məqaləsində
yazır: "C.Məmmədquluzadənin öz
yaradıcılığında büsbütün qaranlıq
bir dünyanı, cəhalət, dini fanatizm içində
boğulan bir aləmi, başqa sözlə, başdan-ayağa
"zülmət səltənəti"ni təsvir etdiyini
yazarkən ədəbiyyatşünaslar bədii mətn həqiqətlərindən
çox, onun "Xatiratım" memuarında içində
yaşadığı zamana və mühitə verdiyi
xarakteristikaya istinad etmişlər". Bədii mətnlər,
publisistik yazıları, "Xatiratım"... Hamısı eyni estetik, həmçinin ideoloji-siyasi
dalğanın içindədir Mirzə Cəlil
yaradıcılığında. Ədibin
bütün yaradıcılığı, sanki ümumi bir xətt
üzrə gəlişir. Məsələn,
götürək dilə münasibətini, dili millətin
varlığının zəmini kimi alaraq onu prioritet istiqamətə
çevirmək əzmini. Eyni mövzu nəsrindən
dramaturgiyasına, felyetonlarından hekayələrinə
adlayır. Yazıçının "İranda
hürriyyət" hekayəsi ilə eyni ildə
yazdığı "Axund ilə keşişin vəzi"
adlı məqaləsi var. Həmin məqalədə müəllif
dil məsələsini qabardıb maraqlı nümunə
çəkir, keşişin dili ilə erməni millətçiliyinin
nədə ehtiva olunmasını ustalıqla ifadə edir:
"Erməni millətinin dünyada üç sevgili bəlası
var: "vətən", "millət" və
"dil".
Cəlil
Məmmədquluzadənin bütün
yaradıcılığının əsasında, birbaşa
deyim və alt qatında bu motiv dayanırdı.
Xalqı cəhalətdə saxlayan mövhumatçılar,
onu maarifləndirmək, birləşdirmək, bir amala səsləmək
əvəzinə, başqa yol tutan ziyalılar...
"Anamın kitabı" bu tip ziyalılara yönəlmiş
ironiya idi. Eləcə də "Nigarançılıq"
adlı hekayəsindən belə bir epizod: Azərbaycanın
müxtəlif bölgələrindən ziyalıların bir
yerə yığıldığını görən çar məmuru onların söhbətlərinin
siyası çalarda, hökumət üçün təhlükəli
olmalarından şübhələnib onları izləməyə
başlayır, ancaq bu "millətpərəstlər"in
danışığından bir şey başa
düşmür, nigaranlığı birə-beş
artır. Burdan başqa bir tezis meydana
çıxır. Cəlil Məmmədquluzadə
hədəflədiyi bu neqativlərin tənqidi ilə həm
də doğru olanın, xalqa xeyirli olanın düsturunu
verirdi. Ziyalı xalqın yanında olarsa,
xalq birləşər, birləşərsə, onun istibdaddan
qurtuluşu asanlaşar, maariflənər, əqidə, məslək
çalışmaları ilə daha çox şeyə nail
olar.
Cəlil
Məmmədquluzadənin "Qeyrət" məqaləsində
də "ana dili" məsələsi
ilə bağlı belə bir məqam var: "Məlumdur ki, keçən ay
Tiflisdə şəhər duması vəkilləri bir səs
ilə qərar qoyublar ki, hökumətin orta məktəblərində
ana dilinin qeyri dərslər dərəcəsində
oxunmasını tələb etsinlər, həmin məclisdə
bu qərarda da ermənilər də və gürcülər
də qol qoydular". Bəs bizim ziyalılar necə?
Məlum olur ki, məhz milli birliyin olmaması,
eləcə də öz ana dilini lazımi səviyyədə
bilməmələri səbəbindən belə bir ittifaqdan kənar
dayanır. Bu, elə "Anamın kitabı"nda,
"Dəli yığıncağı"nda ifadə olunan
nigaranlıq, həyəcan və ağrı idi ki, görkəmli
ədib vəziyyətin dramaturji gərginliyini yetərincə
usta şəkildə inikas etmiş, qabartmış və
ironiya predmetinə çevirmişdi.
1917-ci ildə yazılan "Rus məxrəci" məqaləsində
müəllif satiranın dili ilə Azərbaycanı müstəmləkəyə
çevirənlərə etirazını bildirirdi. Burada da qoyulan məsələ
xalqı idarə edənlərin öz doğma dilində
danışmaması məsələsi idi: "Bunu hamı
görür ki, bu saat Qafqaz müsəlmanlarını idarə
edən şəxslərin heç biri müsəlmanca
[türk dilində] yazıb-oxumağı bacarmır; nəinki
bacarmır, bəlkə, belə fəxr eləyir ki,
bacarmır".
Cəlil Məmmədquluzadə
xalqın xarakterik xüsusiyyətlərinin dərkində
o qədər dərinliyə varan və gerçəkləri
dərinliyi ilə qələmə alan biri idi ki, dil məsələsinə
də münasibətdə dərinlik anlayışından
çıxış etməyi təəccüblü deyil. Mirzə Cəlil üçün dil - Dinmək
felində ehtiva olunan hərəkətverici qüvvənin
simvolik ifadəsi idi. Millət dindiyi yerdə
var yəni. Dilə çevrildiyi məqamda var! Onun 1906-cı
ildə qələmə aldığı "Nəsihət
camaat vəkillərinə" adlı felyetonunda məzhəb
və təriqətlərə bölünən müsəlmanlara
kinayə ilə yazılmış belə bir fikir var:
"Aman günüdür, biz müsəlman millətini
yetmiş iki millətin vəkillərinin içində
biabır etməyiniz. Elə rəftar eləməyiniz ki,
desinlər: Bu müsəlman biədəb, bihəya və
sırtıq millətdir. Amanın
günüdür, mənim bu nəsihətimi nəzərdə
saxlayınız. Bunun da çarəsi
heç dinməməkdir".
Sabir də necə deyirdi? "Görmə!
- Baş üstə, yumaram gözlərim.
Dinmə!
- Mütiəm, kəsərəm sözlərim".
Bu, XX əsr aydınlarının dilə münasibətdə
irəli sürdükləri ideoloji konsepsiya və uğrunda
apardıqları mücadilə idi.
***
Cəlil
Məmmədquluzadənin ermənilərə münasibətdə
ironiya ilə söylədiyi "sevgili bəla" məsələsi
onun özünün bütün yaradıcılıq yolunu
qapsayır, həmin triadanı ömrünün və
yaradıcı fəaliyyətinin uca vurğusu elan edir: Vətən,
millət, dil!
Vətənin azadlığı məsələsi Cəlil
Məmədquluzadə üçün xalqın birliyindən
keçirdi. Bir araya gəlməyin yolu idi vətən sevgisi.
Böyük ədib bədii mətn və
publisist məqalələrində birlik məqamına həssaslıqla
yanışır, xüsusilə publisist yazılarında
fikirlərini daha açıq müstəvidə ifadə
edirdi. Məşhur "Azərbaycan"
məqaləsində Cəlil Məmmədquluzadə artıq
üsyankardır,
çağırışçıdır,
öyüd-nəsihət verməklə deyil, xalqı oyanışa səsləməklə
istiqlalçı obrazındadır: "Gəlin, gəlin, ey
unudulmuş vətənin cırıq-mırıq
qardaşları! Gəlin görək beşikdə
yad millətlərin südünü əmmiş, vətənimizdən
yadırğamış və millətimizin ruhundan xəbərsiz
bir para millət başçılarımız sizə nə
gün ağlayacaqlar?! Niyə sakitsiniz, ey mənim
lüt-üryan vətən qardaşlarım?!".
"Molla
Nəsrəddin"çi alim Əziz Şərif yazır:
"Öz bədii nəsri, dramaturgiyası, inqilabi fəaliyyəti
ilə Cəlil Məmmədquluzadə yalnız doğma
xalqına deyil, Yaxın Şərqin, islam aləminin istismar və
zülm altında əzilən, cəhalət və
nadanlıq zülmətində boğulan, azadlıq və səadət
uğrunda bütün varlığı ilə vuruşan millətlərinə
də tarixi xidmət etmişdir". Doğru
fikirdir. Cəlil Məmmədquluzadə
üçün vətən anlayışı bütün
Şərq kontekstində götürülən
anlayış idi və ən lokal səciyyədə bu,
otaylı-butaylı Azərbaycanın azadlığı, milli
birliyi səviyyəsində dərk olunurdu. Məsələn,
"Azərbaycan" məqaləsində yazıçı
şimallı-cənublu bütöv Azərbaycanın birlik məsələsini
meydana gətirəcək qədər ideoloq idi: "Ay torpaq
çörəyi yeyən təbrizli qardaşlarım, ay
keçipapaq xoylu, meşginli, sərablı,
görüşlü və moruslu qardaşlarım, ay bitli
marağalı, mərəndli, gülüstanlı quli-biyaban
vətəndaşlarım, ey ərdəbilli, qalxanlı bəradərlərim!
Gəlin, gəlin, gəlin mənə bir yol göstərin!
Vallah ağlım çaşıb!".
Cəlil Məmmədquluzadənin bütün
yaradıcılığından keçən bir ziyalı
obrazı var. Bu obraz hər zaman işləkdir, Mirzə Cəlil
ideallarının çarçısıdır. Yazıçı
bu obraza çox güvənir. Ona görə millətin
və vətənin nicatı bu obrazın sayəsində
mümkün ola bilərdi. Xalqın
düzgün istiqamətlənməsi, maariflənməsi,
öz istiqlalı yolunda çarpışmasının yolu
ziyalının milli məfkurəyə hansı səviyyədə
tapınmasından keçirdi. 1917-ci ildə
yazdığı "Cümhuriyyət" məqaləsində
ziyalıları xalqı vətənpərvərlik,
azaqlıq mövzusunda maarifləndirməyə
ruhlandırırdı. Bəli, məhz belə məqamlarda
Qərbi Şərqə nümunə göstərirdi:
"Belə olan surətdə biz tək Avropa aləmindən
və mətbuatından az-çox xəbərdar olanların
borcudur ki, qardaşlarını yoxlamaq babətdən hərdənbir
onları bir yerə cəm edib, belə-belə məsələlərdən
söhbət açsın, ta ki, bilməyənlər bilib,
eşitməyənlər eşidib, dünyanın
övzasından və əhvalından bəqədri-imkan xəbərdar
olsunlar".
"Cümhuriyyət"
məqaləsini ədəbiyyatşünas alimlər müstəqilliyə
aparan yolun ilk carçılarından hesab edirlər. Akademik İsa Həbibbəyli "Cəlil Məmmədquluzadə
- milli istiqlal ədəbiyyatının sərkərdəsi"
adlı məqaləsində "Cümhuriyyət"dəki
ideoloji məramın milli-azadlıq hərəkatını
yetirən dalğa qismində şərhini verir: "...Cəlil
Məmmədquluzadənin 1917-ci ildə meydana
çıxmış "Cümhuriyyət" məqaləsi
milli-demokratik dövlət quruculuğunun nizamnaməsidir".
Tədqiqatçı Əli Məmmədov da
yazır ki, "C.Məmmədquluzadə 1917-ci ildə
yazdığı "Cümhuriyyət" əsərində
xalq hakimiyyətinin - demokratik respublikanın tələblərini
irəli sürmüş, "Anamın kitabı" (1919)
pyesində isə öz həmvətənlərində milli
qürur hissini tərbiyə etməyə
çalışmışdır".
Cəlil Məmmədquluzadə əmin idi ki, bu yuxuya
verilmiş, susdurulmuş xalq "tüstü içində
boğula-boğula nicata müntəzir"dir. Buna görə
ümidsizliyə qapılmadan işıq gələn
bütün yollara doğru irəlilədi. Və 1918-ci ildə
qazanılan müstəqillik - milli-demokratik Azərbaycan
faktı böyük yazıçının mücadiləsinin
məntiqi yekunu olaraq öz sözünü dedi.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2019.- 23 fevral.- S.14-15.