Xaosun nizamı...

 

Yeniliyə, fərqliliyə son illərdə həmişə açıq olan doğma "Ədəbiyyat qəzeti"nin 9 fevral 2019-cu il sayından Mübariz Örənin "Minotavrın ölümü" hekayəsini acgözlüklə oxudum. Əsl anti-hekayə nümunəsidir. Oxucuları qıcıqlandırmağa hesablanıb. Müəllif, sanki bizimlə "məzələnir". Düz də eləyir! Məgər özümüz özümüzlə məzələnmədən qurama, saxta dramatizmdən qurtula bilərikmi?! Hələ bu azmış kimi, müəllif bizə əlavə qıcıq da verir: "Personajın ayaqları altından daş çəkmək yazıçı qələmində tire çəkmək kimi suiçimlik bir işdi". Bizə "rəhmi" gəlib bunu etməsə də, daha "cəncəl" üsullara əl atır və anti-hekayəçiliyini davam etdirir. Gəlib, deməliyəm, təhkiyəçi, nəzərlərimizi öyrəşdiyimiz hamar mətnlərin üzərindən çəkərək bizi havadan - boşluqdan asılı saxlayır. Hekayəni ilk dəfə oxuyanda ayağımın altından daşın nə zaman çəkildiyindən xəbərim olmadı. Bu işin "baiskarı"nın kimliyini ikinci oxudan sonra bildim. Ədəbiyyatın möhtəşəm oyun olduğunu bizdən əvvəlkilər də, çağdaşlarımız da deyib və biz də deyirik. Kim yaxşı oyun qura bilirsə, oyunçu odur. "Ağlamalı-gülməli" oyun demirəm, bədii-estetik oyun deyirəm.

Gözümüzü, qulağımızı yağır edən dramatizmdən Mübariz bizi xilas etmək istəyir. Həm də öz "dramatizmi" ilə bizi heyrətləndirir. Mübariz oynamağı bacarır! Və özünün dediyi kimi, "özündən təzə Amerika açır". Başqa yol yoxdur. Amerika hər dəfə "açılmalıdır".  Yoxsa hekayə bir neçə cümlədən sonra bitməlidir. Bunlar hekayənin girişindən sonrakı təəssüratlardır. Təhkiyəçinin məramı aydındır: "Buyur, bu da sənə hazır hekayə girişi; indi onsuz da hansı ədəbiyyat jurnalını açsan belə basmaqəlib cümlələrlə doludu". Hə, deyəsən, torbadakı pişiyin quyruğu görünür. Amma bu "diri" quyruq olmaya da bilər; lap olsun dekorativ quyruq, əsas odur ki, "görünür".

Qızı - əsl adı Mətanət olan, hekayədəki adı isə Kəklik olan qızı doğmaca əmioğlularının əli ilə Vaqif üçün qaçırırlar. Qaçırılan qız maşının arxa şüşəsindən doğmalarına əl eləyəndə işin nə yerdə olduğunu anlayırlar. Qızın öz razılığı ilə baş verən bu ayinin "ləyaqətsiz" tərəfini özünə sığışdırmayan əmioğlulardan biri özünü "asır". Anası namaz üstə imiş - ayağının altındakı daşı kənara itələyə bilmədiyi üçün sağ qalır, amma sözünü də deyir: "Yaxşı eləmişəm! Qızı zorla verəndə, bilmirdiz axırı belə olacaq?!".

İyirmi il sonra tələbə yoldaşı Əminənin yuxusuna girir Kəklik. Amma Əminəni Kəkliklə bir yerdə yuxuda saxlamağa qıymayan ananın səsini eşidirik: "Əminə! Əminə! Qardaşını da çağır, yığılın evə, gecdi daha. Gəlin xörəyinizi yeyin, bir kitab üzünə açın, baxın...". İllərin o tayından uçub gələn səsin arxasınca hələ dipdiri anası da, atası da durub gələ bilər. Amma hər "təzə personajın hekayəyə yük" olduğunu hiss edən təhkiyəçinin hələ ki oxucuya guya "rəhmi gəlir". İndilikdə isə Əminə, o səsin qeyb olacağından qorxub gözlərini açmır...

Mübarizin dillə elədiyi manevrlər heyrətamizdir, əsl labirint effekti yaradır. Kiçik bir cümlənin içərisinə müxtəlif zaman və taleləri "rahat" yerləşdirə bilir. Kəkliklə bağlı Əminənin gördüyü yuxusunu verən yazıçı öz cümləsinə ayrı bir personajın həyat hekayəsini çox ustalıqla daxil edir. Diqqət edin: "Amma bir şey maraqlıdı, bəlkə, iyirmi neçə ildi görmürdü Kəkliyi, - axırıncı dəfə əri öləndə yığılıb Kəklikgilə yasa getmişdilər, - və bu iyirmi neçə ildə başına elə olmazın oyunlar gəlmişdi ki, nəinki Kəkliyin adı, surəti, öz adı belə yadından çıxmışdı. Bəs eləysə, gecəyarı Əminəni qan-tər içində oyadıb yerinin içində süst qoyan nə səbəb idi?". Əslində, bir neçə cümləlik fikirləri yazıçı ikicə cümləyə doldurur, həm də bu cümlələr, sanki kəşfiyyat xarakteri daşıyır. Oxucu inanır ki, onlar gedib bizə məlum olmayan ərazilərdən başqa "dil-cümlə" gətirərlər. "Dil..." artdıqca mətn qəlizləşir. Bu, həm də ənənəvi hekayəçilik və keçmiş romançılığa qarşı yazıçının aksiyasıdır.

Biz hekayədə "başqa" bir Mübariz görürük. Ona görə də onu azca "itələmək" istəyirik: "Bu, sən deyilsən!". Amma Mübarizdir! Mübariz bu hekayə ilə özünə də ironiya edir. Həm hücum, həm də müdafiə taktikası qurur. Sonra da özü-özünü dəf edir. Mübariz öz labirintini qurur. Bir anlıq düşünək, labirintləri kim qurub? Məgər labirintlər heç nədən yaranıb? Labirintin özü də oyun assosiasiyası doğurur; maraqlı maskaraddır, şahmat kombinasiyaları kimi bir şeydir. Hansı məqsədlə qurulmağından asılı olmayaraq, labirintlər bəşəriyyətin təkamülünə doğru bir addım hesab olunmalıdır. Bunlar həm də insan beyninin mürəkkəb konstruksiyalar qurmaq bacarığını təcəssüm etdirir.

Mübariz bu labirint-hekayə ilə özünü aşmaq istəyir. O, həm yazıçı, həm də oxucu - labirintdə gəzən birisi kimi görünür. O da bizim kimi mətn-labirintdə aza bilmək şansını qoruyur. Və ya artıq "azıb". Baxın, Mübariz özünə necə ironiya edir: "Çilçırağın uzunsov kölgəsi tavanda yallı gedirdi... Çilçırağın kölgəsi tavanda yallı gedirdi, yox bir, xiyar tağı çiçək tökürdü". Təkcə özünəmi?! Bütün milli, anti-milli təşbehlərə, metaforlara ironiya edir Mübariz. Və haqlıdır! Hətta kölgənin tavandakı yallısına da bir səbəb olmalıdır. Mübariz həm də oxucunu sayıq olmağa çağırır. Onları təşbeh xətrinə deyilən təşbehlərə, metafor xətrinə yazılan metaforlara inanmamağa çağırır.

Biz bunları Kamal Abdullanın "Səhvlərimizin qrammatikası" və "Çəngəl çiçəyi"ndə çox parlaq bir halətdə - dilin bəşəri faciələrə necə yol açması fonunda görmüşdük. Mübarizin Kamal Abdulla yaradıcılığına ruhən bağlılığı danılmaz ədəbi faktdır. Kamal Abdulla yaradıcılığı da  hissi-idraki qavramları, semiotik stixiyası, bədii-estetik tamlığı və başlıcası, genetik kodları ilə XX yüzilliyin ən böyük filosofu, "söz və fikir zadəganı" Hüseyn Cavid dünyası ilə qırılmaz tellərlə bağlıdır. Hüseyn Cavid də bizi başqa aləmlərə aparıb çıxarır. Qısası, ədəbiyyat həm də şəcərələr səltənətidir.

Mübariz fərqli bir yolla gedir; nişançı da, hədəf də özüdür. Nişangahı quran da özüdür. Maraqlı orasındadır ki, Mübariz öz anti-hekayəsində də hekayəçiliyini davam etdirir. Durmur! Əks mövqedən çıxış edib yenə "səngər"ə dönüşür. Özü üçün "yad qütb" yaratmır. "Köhnə"ni büsbütün atmır. Və ya sevərək "atır". Bu, onu bənzərsiz edir. Sanki hekayə keçmiş ənənəçiliyə qarşı əsaslandırılmış elmi-nəzəri ironiya baxımından "Don Kixot"un kiçildilmiş, çox kiçildilmiş milli modelidir. Amma "açıq" sarkazm yoxdu burda. Sevgi və ağrı vardır! Bir qədər də dəqiq ifadə etsək, şiddəti azaldılmış, sevgiləşdirilmiş ironiya! Dərindən baxanda, bütün böyük sənətkarlarda belədir.

Kəklik qəziyyəsinin kodları Əminənin "qarışıq" yuxusunda açılır. Təəccüblüdür, nə əcəb müəllif "labirintvarı" yuxu demir? Əminənin yuxuları da hekayənin strukturuna uyğundur - qəliz və qarışıqdır. Kəklik haqqında bütün informasiyaları Əminənin yuxusundan alırıq: "Üst-başı kir-pas içində Kəklik dilənibmiş". Atasının ayaqlarına döşənib etiraf edir. "Qağası" onu zorla başqasına verdiyindən o da qaçmağa məcbur olub: "Qarğışa düşmüşəm o vaxtdan, yolsuzluğa düşmüşəm". Sehrbazın qarğışından dərənin həndəvərində fır-fır fırlanıb evinin yolunu tanıya bilməyən o bədbəxt tacir düşür yada.  Əri Vaqif də ölüb. "Ölə bilmirəm, ataaa!..". Maraqlıdır, yuxuda gördüyü Kəkliyin simasında, sanki özünü görür Əminə. Elə bil olacaqlar onun həyatının kadrlarıdır.

Təhkiyəçi ustalıqla bir yuxunun içərisinə başqa bir real yuxunu doldurur. Yuxu və reallıq iç-içə qalır. Maraqlı tapıntıdır! Kadrlar "tanış" kadrlardır. Amma obrazlar ayrı-ayrıdır. Əminə, Kəkliyin yalvardığı sal qayaya bənzər kişinin onun atası olmasını istəyir. Amma o ola bilməzdi. Ata necə yad kimi durub baxar?! Əminənin atası da "heç nə"dən ölüb. "Gecə növbəsindən çıxıb" arvadının ona tapşırdığı balığı alarkən istiyə düşüb, elə bazarda keçinib.

Yuxuya bir-bir daxil olub öz ömrünü "yaşayan" və "sönən" insanlar... Hekayənin əvvəlində Əminənin yuxusunda "görünən" Əmirxanın kimliyi müəmmalı qalır. Bir oxucu kimi özüm-özümə sual verirdim ki, kimdir bu Əmirxan? Görəsən, təhkiyəçi onun haqqında əlavə nəsə deyər? Nəhayət, mətnin ortasında nigarançılığıma son qoyulur: "Bəs eləysə, Əmirxan özü kimdi və nəyə görə Əminənin halal yuxusuna girib dünyanı dağıdırdı?!". Əmirxan Mətanətin qardaşı imiş. Məhz onun təhriki, kəndin ağbirçəyi Minoş qarının sözü ilə Əmirxan bacısının qaçırılmasına razı olur. Səbəbkar Əmirxanın özü imiş. Minoş da öz ömrünü başa vurmaqda olan adi qarı deyildir. Yazıçı, onu söz sahibi kimi təqdim edir. Onun sözü kənd üçün qanundur. Nə desə, odu. Minoşu da bir vaxtlar qaçırıb gətiriblər bu kəndə. Nəsə səbəb olmalıdır? Səbəb Minoşun nə vaxtsa aldığı travmadır. Travmanı travma ilə sağaldarlar. Bu yerdə "Sehrbazlar dərəsi"ndəki cəllad obrazı yada düşür. Kamal Abdulla Cəllad obrazı ilə cəlladlığın, yırtıcılığın kodunu açır: Cəllad "ölümlə belə oynamaqla" öz dərdini dərdsizləşdirir". Minoş qarı da travmasını bu yolla sağaltmaq istəyir. Onun başqa yolu yoxdur.

Mübariz Örən hər bir obrazın daxilindəki qeyri-normallığı - patologiyanı açır. Minoşa münasibətdə, hətta yazıçı da özünü "saxlaya" bilmir, atüstü onun tibbi arayışını verir: "İnsan xislətindəki kin-küdurət isə... görünür, itmir; nə qədər ört-basdır etməyə çalışsan da, bir gün pırtlayıb çıxır üzə". Bax, bir oxucu kimi mən bu "arayış"la heç cür razı deyiləm. Labirinti açmaq yox, daha da qəlizləşdirmək lazımdır. Başa düşürəm, Mübariz də oxucu tərəfindən başa düşülməməsindən ehtiyatlanır. Çox nahaq! Oxucunu bu gün gözləməyə dəyməz! Gec-tez gəlib çıxacaq!

Səmimi deyirəm, birinci oxudan sonra mən də nə baş verdiyini anlamadım. Az qala tez qərar çıxaracaqdım: Mübariz, deyəsən, ağlını itirib, o qədər gözəl mətnlərdən sonra niyə "bu?!". Dişimi dişimə sıxıb mətni yenidən "oxudum" və... Və yanıldığımı hiss etdim. Əsrarəngiz labirintlər dünyası... Məgər özümüz özümüz üçün labirint deyilmiyik?! Öz labirintimizə başqasını "salanda" öz canavar xislətimizi yemləmirikmi? Həzz almırıqmı?! Özü də manyakcasına. Minoş qarı kimi. Əslində, Əminə də "özü" üçün yox, Kəklik üçün yuxu görür. Əmirxan da özünün yox, Minoşun labirintindədir. O da məcburdu bacısı Kəkliyi özününkünə salsın. Kəklikdən sonra o da nişanını qaytarır. Görürsünüzmü, aləm dəyib bir-birinə! Amma bir-birinə dəymiş aləmlərin içərisindən yazıçının mövqeyi çox aydın görünür. . "Kəkliyə qoşulub o da ağlayırdı yuxuda". Qəfildən "taksist" Əmirxan peyda olur. Onun Kəkliyə atdığı daş o qədər böyüyür ki, düz-dünyanı tutur.

Labirintdə xeyli "irəliləyən" müəllif yazır: "Bütün bu təfərrüatları hələlik qoyaq bir kənara, görək bizim həyatdan yaxşı tanıdığımız Mətanəti müəllif necə və nə səbəbdən Kəkliyə çevirir?". Yazıçı hadisələr arasındakı əlaqəni ("Mistik", yox! "Bu mif, mistika xəstəliyi yıxacaq indiki yazarların evini, baxarsız") ustalıqla verir. Mətanətin Kəkliyə dönüşü, sanki heca şeiri üzərindən baş verir. Nə əruz, nə də şeir burada rol oynamır. Hətta hadisələr arasındakı bağlar da heca harmoniyasını xatırladır: "Tanrım, məni quş elə, Qənədi gümüş eylə, Eldə rüsvay eləmə, daşlara yoldaş elə". Mətanət Kəklik olmalı idi. Və günlərin bir günü mifin, rəvayətin heca qatına Vaqifi də qatırlar. Qrupda iyirmi iki qızın içərisində tək oğlan olan "adamayovuşmaz" Vaqifi qızlar öz aralarında "Vağ" çağırırlar. Kəklik və Vağ... İkincisi yoxsul qafiyədir. Heca harmoniyasının sonunu yaxınlaşdırır: "Bir dəfə necə oldusa söhbətin bu yerində Kəkliyi səbəbsiz ağlamaq tutdu. Nə illah elədilər, qızı kiridə bilmədilər. Əllərini üzünə tutub hönkürdükcə hönkürürdü... Sonra heç vaxt o rəvayəti eşidən olmadı".

Mübariz "qızqaçırma" mifinə biryolluq "son" qoyur. Əminə yuxu labirintində  "azıb qalanda" köməyə Mətanətin bacısı Xatirə gəlir. Hekayənin mabədini o danışır. Onun danışığı da labirint kimidir. Dil labirinti açmır, əksinə, qəlizləşdirir. İstəmədiyi adama verilən Mətanətin qız toyuna bütün tələbə dostları ilə birgə Vaqif də gəlir. Toydan sonra "havalanan" Mətanət hər necə olursa, başqasına ərə gedib bu izdivaca son qoymaq istəyir. Əslində, Vaqifi də o tovlayıb yoldan çıxarır. Vaqif də onu aparıb qoyur əmisigildə. Üstündən bir neçə il keçməmiş Vaqiflə atası qəzada dünyasını dəyişirlər. Oxucu Əminənin real "yuxu" halını Mətanətin toyunda görür: "Əminə həyatında ilk dəfəydi əsl kənd görürdü!".

Hekayədə iki Mübarizlə rastlaşırıq - yazıçı ampluasında "görünən" Mübarizlə  birinciyə "senzorluq" edən ikinci Mübarizlə. İkincisi çox qəzəblidir. Onun qəzəbi başadüşüləndir. Amma və lakin... o, nahaq özündən çıxır. Mətnin sonunda işlətdiyi bir neçə cümlə onu "ələ verir": "Əşşi, rədd olsun süjet də, təhkiyə də, o biri də, bu biri də!.. Yazan da, yazılan da, hələ desən oxuyan da!.. Bizim nəyi necə yazmağımız nəyi dəyişir guya! Niyə insan öz halalca ömrünü - cavanlığını, gözəlliyini, arzularını bada verib, arxasınca itbaxandan baxmalıdı?! Allahın verdiyi ömür payını niyə istədiyi kimi yaşaya bilməməlidi?! Kəklik də tək deyil axı". Bundan sonra gələn cümlələr publisistik notdadır. Bu da mətnlə uyuşmur. Lakin həm də mətnə "primitiv" bir təbiilik gətirir. Heç müəllifin özü də bunu hiss eləmir. Yazıçı özü öz mətnini "itələyir", bu azmış kimi, mətndən kənara atılıb oxucunun da yaxasından tutub ona "rədd ol!" - deyir. Onun halı çarəsizlikdən özü-özünü yumruqlayan insan halına oxşayır. Bu da başadüşüləndir. Yazıçılıq dözülməz dərəcədə ağır peşədir. Mübariz bu mətnlə özünə iynə ilə gor qazıb...

Mətn iki üslubu simvolizə edir: 1. Bilərəkdən labirintləşdirilmiş bir üslubu. 2. Ənənəvi hekayəçilik üslubunu. Sanki iki üslub bir-birilə toqquşur. Düzdür, mətn daxilində onlar öz yerini "rahat" tuturlar. Amma oxucuda fərqli qənaətlər hasil olur. "Hazır məhsul"a öyrəşən oxucu birmənalı olaraq mətnin sonunu cizgiləyir. Çünki sonluq rahat "oxunur". Hiss olunur ki, Mübariz də hekayə-labirintdən qurtulmaq istəyir. Görünür, ədəbi cameədəki ürəkbulandıran proseslər, ədəbiyyat adına çap olunan makulatura nümunələri, basmaqəlib süjetlər, çeynənmiş təriflər, "ənənəvilikdən" qurtula bilməyənlərlə məcburi bezdirici görüşlər onu zinhara gətirib. Sanki "gülzari-cəmiyyət"in, başlıcası, yazarların acığına" o da ənənəvi süjetə müraciət edir və... Və başı öküz başı, bədəni insan bədəni olan Minotavrına qalıb gəlir...

 

Mehman Qaraxanoğlu

 

Ədəbiyyat qəzeti.- 2019.- 23 fevral.- S.12-13.