Dəşti-qıpçaq duyğuları
Daniyar Dosanovun xatirəsinə
Səni
sevirəm, çöl!
Sənin
nəhayətsizliyinə qarışıram.
Sən okean kimi sərhədsiz,
sən kainat kimi sonsuzsan. Sən Adəm övladının
hərəkət meydanısan.
Səni yalnız hərəkətdə
duymaq olar, çölü anlamaq üçün onun içinə doğru getməlisən. Dənizə səyahət etməsən,
dənizi anlamazsan, onun duzlu tamını
içinə çəkməsən
onun şirinliyini duya bilməzsən. Çöl də öylədir, qurunun okeanı... Sən Çöl düşüncələrinə
dalanda başının
üstündə berkurt
uçmasa, hər nəfəs çəkəndə
çiçəkləmiş yovşanın əsrarlı
qoxusu ciyərlərinə
dolub oradan bütün bədəninə
yayılmasa, istep küləyi məhrəm
nəfəsilə bədəninə
toxunmasa, sən bu çöldən nə anlayarsan? Bəlkə də, sən heç onu anlamaq istəmirsən, sadəcə, dərindən
nəfəs alıb üfüqə doğru, nəhayətsizliyə doğru
zilləyirsən gözlərini.
Üfüqün ardına çatmaq
istəyirsən, at ilxılarını
görmək istəyirsən,
qoyun sürülərini
görmək istəyirsən.
Köçəri uruqların azimutu
boyu hərəkət
edən köç sevdasını, hərəkət
sevdasını duymaq istəyirsən.
Köç məqamı çatanda,
səfər tumu çırtladı.
Yolçuluq həvəsində
yurtalar yumurtladı.
Massaget təbəssümü
pırıl atlara noxta.
Köç ruhu tərpədəndə
tale gedir qabaqda.
Yel yeyürük yoldaşı,
yollar uzun dünya dar.
Rahatlıq məlakəsi
araya xançal qoyar.
Çöllərin sərhədləri
yol gedənə divarmı?
Dünya
boyda günbəzin
şəhər hücrəsi
varmı?
Gedək,
nə son var, nə uc,
bir el cana yığışmaz.
Küləkdən don geyənlər,
kəndə, köyə
sığışmaz.
Duyğulanırsan, ürəyindən bir nəğmə keçir,
fəqət sözlər
bu nəğməni ifadə eləyə bilmir, sözlər nəhayətsizliyin içərisində
əriyir. İçindəsə dambra çalır,
qopuz çalır, saz çalır. Minlərlə ozanın eyni
ahənglə çaldığı
simfoniya.
Başının üstündə qasırğa əsir, yaz yağışının
nəmini hiss edirsən
yanaqlarında, gözlərin
önündən at ilqarları
keçir. Qabaqda uzun
yallı, iri gövdəli, möhkəm
əzələli ayğır
qaçır, böyük
yürüyüşün öndəri, onun ardınca isə bu yürüyüşün
ləzzətindən ekstaza
gəlib şənlənən
atlar. Atlar oynaşa-oynaşa qaçırlar, onların
dodaqlarında bir təbəssüm var və yüzlərlə
at gülüşü küləyin
saçlarına ilişib
istepin üstündə
dövrə vurur.
Atların yöndəmsiz gülüşlərinə
bürünür, bütün
dünya.
Dünya at gülüşünün dövrəsində fırlanır.
Bura nə cıdır meydanıdır, nə qumarxana. Burda at qaçışına para qoyan da
yoxdur. Atların öz doğma
dünyasıdır bu
çöllər. Onlar burada
külək kimi azaddırlar, bulud kimi yüyrəkdirlər.
Bir qaçış məsafəsindədir
üfüqlər, yürüyür,
yürüyür, üfüqün
ardını görmək
üçün yürüyür
ilxılar.
Atlar kişnəyəndə şahin
şütüyür,
Bozqır uzandıqca səma bükülür.
Günəşə boylanan göy yamacların,
Üstünə işvəli işıq tökülür.
Dünya
qayğısızdı, savaşlar
bitib,
Yatağan zəhmi var çayın gözündə.
Şərqilər oxuyur torağay
xoru,
Dan suyunda dans eləyir şən atlar.
Atlar, azad atlar, yelqanad
atlar,
Günəşi çimizdirən suların
alovuna atılar.
Atəşli suların sərinliyində,
Yanar, yanar, kişnərtilər yanar.
Küləyin əlində kəmənd
fırlanır,
Nənnidə yellənir qıpçaq
gülüşü,
Uçmaq həvəsindədir ötüşən atlar,
Atlar uzaqları
yumaqtək yığar.
Bir at qaçışına yığılıb
dünya,
İstep, at qaçışı boydadır.
Üfüq pərdəsinin o tərəfində,
Hər qarış
torpağa nal möhürlənib.
İlxı yellənəndə sərhəd
tanımaz,
Örüş ölçüsünə sığışmaz
ilxı.
Yüyrək dalğalarla ötüşür
atlar,
Suda öz əksiylə öpüşür
atlar.
Atlar yellənəndə sərhəd
tanımaz,
Sərhədi ardınca sürüyər
atlar.
Sular səpsərindi, uzaqlar isti,
Torağay xorunun şərqiləri
marş.
Ehey, dan suyunda dans
eləyən atlar,
Bizi gözləyən bir yurd var, gedək...
Bəlkə də, bu azad
dünyadan ayrılmaq
istəməyən milyonlarla
ruh gəzib-dolaşır
bu yerlərdə. Ola bilsin ki, atlar
da əcdadlarının
qaçışan ruhlarını
görüb belə şənlənirlər. Çöl sakininin
çənnəti elə
çöldür. Çöl sakinləri
öləndə çöl
yiyələrinə çevrilirlər.
Köçərilər onların şəninə
heykəllər qoyurlar,
daş balballar. Daşların olmadığı yerlərdə minlərlə
daş balballar var. Və Daniyarın ölməz ruhu dolaşır bu yerlərdə.
Daniyar əfsanəsi
Günəş qızıl şüasıyla
Dan gözünü dağlayanda,
Çiçəklərin dodaqları sübh şehini saxlayanda,
Dan Tanrı gəldi,
Dan Tanrı gəldi -
Tan Ra.
Dan Tanrı özü gəldi...
Dan üzünün açılmasını
salamlayan
mələklər dəstəsindən
Bir mələk ayrılıb
insan olmaq istədi,
Sadəcə, insan ömrü
yaşamaq istədi mələk,
Dana yar mələk,
insan olmaq istədi.
Və hökm gəldi Dan yiyəsi Tanrıdan:
"İyirmi bir il insan olacaqsan
Dan üzünün pərdəsini
sonsuzluğa açacaqsan
İyirmi
bir il,
Ölərilər arasında olacaqsan,
Sonra geri dönəcəksən".
Tanrı
qərarıyla razılaşdı
səmasından enən
mələk
Və yazıçı
Sabitin evinə gəldi.
Dan yaruğu bu mələyi,
Bir Almatı mənzilində
Yer qadını
Koralay doğdu.
Mələk insan oldu-körpəcə
yavru,
Ulduz təbəssümlü
körpəcə yavru.
Xırdaca əlləri vardı
mələyin,
Xırdaca ayaqları,
Dan üzü kimi aydın gözləri vardı,
Nilufər təbəssümü vardı
mələyin.
Dan üzündə gəlmişdi
o,
Səhər-səhər üfüq gözü açılanda.
Dan Tanrının zərrəsiydi
yer üzündə.
Dan sənə yar olsun dedilər
Atasıyla anası.
Yer insanları
Daniyar dedilər adına
mələyin,
Göy Tanrı qoy olsun köməyin
Dedilər,
Həmişə xoş olsun diləyin - dedilər.
İnsan
kimi yaşadı mələk
İnsan ailəsində.
Ana sevgisilə, ata sevgisilə
Bəşər olmanın şirinliyini
duydu,
Fani həyatdan
zövq aldı mələk.
Amma gəldiyi
yeri də unutmadı.
Hər gün doğan günəşi qarşıladı
mələk
Səhərin açılmasından doymadı.
Danı
sevirdi Dannan gələn Daniyar,
Axı o özü
Danın bir hissəsiydi.
Beləcənə ata-ana sevgisilə
böyüdü mələk,
İnsanların arasında yigit oldu.
Qol-budaqlı çinar kimi
Yamyaşıl dəliqanlı.
İnsanların arasında mələk
kimi yaşadı,
Mələk kimi işlər gördü insanlar arasında.
Mələkmisal bir qız tapdı insanlar arasında,
Mələküzlü Anjelika.
Yer üzündə görüşdülər
mələkmisal iki gənc,
Bu dünyaya işıq səpdi mələklərin
sevgisi,
Qızılgüllər rəqs elədi onlar hər sevinəndə.
Mələklərin sevgisinə nəğmə dedi quş xoru,
Yerə altun töküldü ulduz təbəssümündən.
Quşlar
onu sevirdi, dan üzünü açan quşlar,
Dan gözündə uçan
quşlar,
Quşların sevimlisiydi Danın özü Daniyar.
Göy üzündən gələn
mələk
Dan üzündən doğan
mələk
Yer üzünün
mələyinə vuruldu.
Onlar elə sevincliydi, onlar elə xoşbəxt idi,
Hər səhər gün doğanda
Rahatlıq səpilirdi şəfəqdən
Yer üzünə.
Onlar xoşbəxt idi, çox xoşbəxt idi,
Göy mələyi Daniyar, yer mələyi Anjelik...
Amma hökm vardı-21 il!
Öz hökmünü
insandan üst bilir hamıdan adil.
Mələyinə adi insan xoşbəxtliyi qıymadı
Tan Ra,
Göy mələyini yer mələyinə
qovuşmağa qoymadı
Tan Ra.
Toy günü, onların toy günü
Elə toyun astanasında
Göy mələyinin Yer mələyinə
qovuşuğunun astanasında
Daniyarı yanına apardı Tan Ra.
Göyə apardı Dan üzünün
mələyini,
Dan üzünün işığını
apardı...
Dan Tanrı gəldi, Dan Tanrı özü gəldi...
Həmin
gün,
Tanrı
hökmündə müntəzir
duran
Dan üzünü salamlayan mələk xoru
İnsan
olmaq istəyən mələk için ağladı,
Hissdən məhrum olunmuşlar için-için ağladı.
Jalə
yağdı yer üzünə - mələklərin
göz yaşı,
Almatının almaları Daniyar üçün ağladı.
Ata tökdü göz yaşını, ana ağı söylədi,
- "Bumu sənin ədalətin, rəhmin bumu ey Rəhim,
Nədən mənim taleyimə qara qaytan bağladın"?
Yalnız
qaldı yer mələyi, mələk
üzlü Anjelik,
Dan üzündə gəzdi daim o öz Daniyarını,
Vüsalına yetmədiyi mələkmisal
yarını...
Dan Tanrı gəldi,
Dan Tanrı var gəldi,
Almatıya toran çökdü...
Göyə bir ulduz uçdu
Göyə Daniyar gəldi.
Noyabr,
2018
Elxan Zal Qaraxanlı
Ədəbiyyat qəzeti.- 2019.-
23 fevral.- S.11.