Təbrizin qarğınmış şairi

-Biriya

 

Biriyanın "Vurma əl türbətimə, türbəti-Adəm mənəm.   o dünya, bu dünya, iki aləm mənəm" misralarındakı "mən", Nəsiminin "Mən mülki-cahan, cəhan mənəm, mən  Mən həqqə məkan, məkan mənəm, mən" misralı qəzəlindəki "mən"lə assosiasiya yaratsa da, bu "mən"lərdən biri transendent, insan ağlını aşan, cahana sığmayan, laməkan, digəri isə faninin girdabında ekzistensial böhrana yuvarlanıb puç olmuş, heçə çevrilmiş, sona çatmış absurd "mən"dir. Nəsimiyə rəğmən, Məhəmməd Biriyada "sındır qəfəsi, tazə gülüstan tələb eylə" - çağırışı yoxdur. Çünki Biriyada, nəinki qəfəsdən çıxış yolu, ümumiyyətlə, heç çıxış yolunun özü yoxdur. Biriyanın hər iki dünyası qəfəsdir. O, Nəsiminin dediyi mənada "kün-fəkanəm" demir, "Gərçi mühiti-əzəməm" demir. Məhəmməd Hadi kimi, "Mən ölmədən əvvəl vətənim oldu məzarım...  Heykəl diləməm, heykəli-qəbrimdir o əflak..." demir. Biriya: "Arama qəbrimi, axtarma mənim başdaşımı" - deyir.

Tezis antitezis üzərində qurulmuş belə şeirlər Azərbaycan ədəbiyyatında tarixən nadir hallarda yazılıb. Yəqin həm tarixən elə bir şairimiz olmayıb ki, Biriya kimi Təbrizdə nazir, Karaqandada məhbus, Şamaxıda molla, Bakıda mürdəşir olsun həyatının son günləri elə yazdığı bu şeirdəki əhvala müvafiq -Təbrizin küçələrində səfil günündə keçsin, ömrü kimsəsizlər evində sona çatsın. Yəni həm o dünyada olsun, həm bu dünyada olsun. Həm mövcud olsun, həm mövcud olmasın.

Biriyanın yetmiş illik ömründə insanca yaşadığı illərin sayı çox azdır. Həyatının böyük bir qismi aldanışlar, zillət, məşəqqət məyusluq içindədir. Biriya bütün ömrü boyu qürub edib...

Heç Parisin lənətlənmiş şairləri Təbrizin qarğınmış şairi Biriyanın yaşadığı taleyi yaşamayıb. Biriyanın bu şeirində XX yüzil Təbriz neosufizmi XIX yüzil Paris dekadansı ilə iç-içə girib. Belə müstəsna şeirlər predmetləşdirilmədikcə ədəbiyyatşünaslıqda milli cərəyanlar barədə aydın təsəvvür əldə etmək mümkün olmayacaq.  Əfsus ki, Biriyanın bu şeiri heç zaman Azərbaycan ədəbiyyatşünaslığının diqqətini ciddi şəkildə cəlb etmədi indi etmir.

...1990-cı ildə yazdığım "Biriyavari tənhalıq" essemi Məhəmməd Biriyanın "Vəsiyyət"inə həsr etmiş, Azərbaycanın 1990-cı ildəki halını Biriyanın bu şeirindəki ovqatla qiyaslandırmışdım...

Biriyanın 1944-cü ildə Bakıda çıxan ilk kitabına yazdığı Ön sözdə Məmməd Səid Ordubadi "nəinki Cənubi Azərbaycanda, hətta bütün İranda istər Azərbaycan istərsə fars dilində yazan şairlər içərisində onun kimi güclü qələmi" olan şair tapmaq çətindir deyirdi. O zaman Biriya Təbrizdəydi. Milli Azərbaycanın Həmkarlar Təşkilatının sədriydi, o aralar, Pişəvəri hökumətində Azərbaycanın maarif naziri olacaqdı...

Beş il sonra - 1950-ci ildə isə yenə Bakıda Qulam Məmmədlinin tərtib etdiyi "Cənubi Azərbaycan şairləri" adlı başqa bir kitab çıxır. Kitabda 5 il əvvəl əmsalsız güclü qələmini vəsf etdikləri Biriya yoxdur. Çünki artıq Molotovun göstərişi ilə 1947-ci ilin martında Təbrizdən oğurlanaraq Bakıya gətirilmiş Biriya, dekabrın 28-də burada həbs olunmuş Karaqanda həbs düşərgəsinə göndərilmişdi. Günahı nəydi? 33 yaşlı Məhəmməd Biriya siyasətdən bezmişdi. Dünyadan doymuşdu. Evinə, xanımına, tək oğluna qovuşmaq istəyirdi. İmkan vermədilər. "Mən dedim gedirəm vətənimə. Onlar dedi qoymarıq. Mən dedim İran konsulu məni aparar. Onlar dedi konsul da səni aparmaq istəsə, biz konsula yol vermərik. Səni tutub deyərik bu casusdur. Dedikləri kimi etdilər…" (M. Biriyanın Malenkova yazdığı məktubdan).

Doğrudan da, neçin məhzun olmasın, neçin ürəkdən nalə etməsin? Bir halda ki, taleyi - alın yazısı ona "Hər addımda müəyyəndir, qazılmış bir məzarım var", yaxud:

 

Cismimdəki atəş qoy ümidim kimi sönsün...

Dön sən , vücudum, qara daş parçasına dön -

Qoy məsləkim, amalım, əqidəm külə dönsün!

 

- deyə yazdırırdı... 

Məhəmməd Biriyanın bir kitablıq şeirləri arasında, elə onun öz dövrünün poeziya müstəvisində , məncə, "Vəsiyyət"dən üstün şeir yoxdur. Amma Biriyanın hələlik son kitabında onun bu ən gözəl poetik örnəyi şikəst edilib. Orda "türbəti-adəm" "türbəti-aləm"dir. Orda "Arama qəbrimi, axtarma mənim başdaşımı" misrası "arama qəbrimi sən, axtarma başdaşımı" şəklinə salınıb. Amma yaxşı ki, Biriyanın bu şeirini Təbrizdə Vadiyi Rəhmət məzarlığında epitafiya olaraq ümidsiz, laübalı, məhzun, kimsəsiz şairin sinə daşına yazıblar. Biriyanın ən gözəl şeirini, onun "kitabeyi-səngi məzar"ına həkk ediblər.

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2019.- 23 fevral.- S.10.