Xəyanət
Həyətdəki bütün ağacları kəsdilər. Bütün dirəkləri aşırdılar. Bütün divarları hamarladılar. Bütün nərdivanları baltaladılar. Evlərdəki bütün çilçıraqları endirdilər. Bütün eyvanları uçurdular. Bütün ikinci mərtəbələrin pilləkənlərini dağıtdılar. Mismarları basdırıb, kəndirləri yandırdılar. Sonra da qocalı-cavanlı, qadınlı-kişili isti otaqda oturub, çay içə-içə qeybətləşdilər. Kimsə arada "Xeyli vaxtdır gözə dəymir, bu, hara getdi belə?" soruşanda da: "Narahat olma, heç yana gedən deyil, darvaza bağlıdır, həyətdə də heç nə edə bilməz", - dedilər...
Yağışın səsinə çıxdılar bayıra. Gördükləri mənzərədən utandılar. O gəlin qırxılmış başına örtdüyü yaylığı ilə özünü buluddan asmışdı. Bulud ağlayırdı...
Bakı - 6 dekabr, 2018
Kəpənəklər
O bağı allahlar yaratdı. Əslində, tam da allahlar yox. Allahın yerdə həqiqi zərrəsi olan təmiz, saf insanlar. Bağ onları özünün allahları bilirdi. Yaratdılar ki, ətraf gülüstan olsun. Güllərin gözəlliyinə kəpənəklər gəlsinlər. Kəpənəklər dallarınca arıları gətirsinlər. Arılar ləçəklərin şirəsindən hamı üçün bal çəksinlər...
Kəpənəklər gəlib uçuşdular bağ boyunca. Onların ardınca arılar gəlib bal çəkdilər. Bağ gülüstana çevrildi. Hər yer gül ətri qoxudu, bal daddı. Amma bu gözəlliyin ömrü uzun çəkmədi. Tezliklə şirəyə milçəklər gəldilər. Gəldilər və baldan yeyib şişdilər, göyərib murdarladılar hər yeri. Çox keçmədi ki, bal dağılıb getdi. Allahlar quru çörəyin ümidinə qaldılar. Amma onu da rahat yemək olmadı. Milçəklər hər yerdən çıxırdı - təknənin içindən, çörəyin içindən, ağızın içindən də. Hara qonurdularsa, oranı murdarlayırdılar, yaxın düşmək olmurdu üfunətdən.
Xəstəlikdən, səfalətdən, milçək sancmalarından ölüb getdilər allahlar. Bağın üzərində milçəkdən qara bulud əmələ gəlib günəşin qarşısını tutdu. Qurudu bağ. Ta gül-çiçək bitmədi. Batdı gülüstan. Boyunca uçan arıların, kəpənəklərin yerinə irili-xırdalı qudurğan milçəklər uçuşdu ilboyu bağın xarabalığında. Kəpənəklər gülsüzlükdən getdilər, onsuz da beş-beş, on-on qürbətə üz tutan zəhmətkeş arıları da arxalarınca salıb apardılar...
Uzun illər belə qaldı bağ. İlin bütün fəsilləri boyunca milçəklər uçuşdu o baş-bu başa. Onları qışın soyuğu da tələf etmirdi. Çox piylənmişdilər, illərlə yaşayırdılar, ölmək fikirləri də yox idi. Hər il payızda sürfə qoyur, yazda saylarını daha da artırırdılar. Onların nə tamamilə qırılıb yox olacaqlarını, nə də öz xoşları ilə buralardan gedəcəklərini heç bağ da gözləmirdi. Getməyə yerləri də yox idi milçəklərin. Başqa bağlar qapılarını çoxdan qapatmışdılar bu iyrənclərin üzünə.
Çoxalırdılar milçəklər. Çoxalırdılar ki, yetərincə güclənib başqa bağları da məhv eləsinlər. Düşünürdülər ki, ətrafdakı bütün gülüstanlar məhv olsa, bağlar üfunət qoxusa, onlar öz bağlarında təhlükəsiz, arxayın yaşayarlar. Xeyli güclənmişdilər milçəklər. Xeyli də çox idilər artıq. Payızda hərəkətə keçəcəkdilər...
Yayın ortasında gözlənilmədən çox güclü bir qış gəldi bağa. Küləkli-çovğunlu, şaxtalı-boranlı dəhşətli bir qış. Köhnə bağda milçəklərdən başqa, canlı heç nə yox idi. Qış, sanki məhv etməyə başqa heç nə tapmadığından bütün qəzəbini milçəklərin üstünə tökdü. Qaçıb qurtarmağa yer olmadı. Qış milçəklərin özlərini də, cəsədlərini də, bağın üzərindəki çirkablarını da, torpağın dərin qatlarına qədər qoymuş olduqları sürfələrini də dondurub məhv elədi...
Həmin il qış uzun çəkdi. Həm də çox şaxtalı. Sanki zərərvericiləri tam məhv etdiyindən arxayın olmaq istəyirdi bu ləngiməyi ilə. Qaldı, arxayın oldu, sonra çəkilib getdi. Yaz gəldi. Yağışlar yağdı. Bağın üzərində qara milçək buludu yox idi deyə, torpağı yuyub, təmizləyib allahların məzarlarını üzə çıxardı yağışlar. Məzarlar bağa keçmişini xatırlatdı. Gün çıxdı. Bağın üzərində qara milçək buludu yox idi deyə, şüalarını torpağın dərinliklərinə qədər soxub bitkilərin köklərini tapdı, isitdi. Tezliklə yaşıllığın, gül-çiçəyin boyu görünməyə başladı torpaqdan. Yaşıllıq bağın havasını təmizlədi. Gül-çiçəyin ətri ətrafa yayıldı. Hər yan gülüstan oldu yenə. Sonra kəpənəklər gəldi. Sonra zəhmətkeş arılar qürbətdən beş-beş, on-on geri qayıtmağa başladılar. Bal çəkib şirələdilər gülüstanı...
Daha bir də o tərəflərə nə milçəklər, nə də hər şeyi dondurub məhv edən güclü qış gəldi. Kəpənəklər daha heç yana getmədilər...
Bayraq
- Bu, nədir belə, böyrümü deşir? - əsgər həyəcanla dilləndi.
Zabit astadan:
- Örtməyiblər üstümüzü, - deyib susdu...
Onları güllələməyə gətirəndə hava təzəcə işıqlaşırdı. Onlara qəbirlərini qazdıranda artıq səhər idi. Onları günorta - həmişə nahar süfrəsinə oturduqları vaxt güllələdilər. Onlar elə bilirdilər ki, sonra üstlərini örtəcəklər...
- Bizi canavarlara qoyub gediblər, - zabit ağzı qanlı canavarları hürkütməmək üçün yenə astadan dedi.
- Mən axmaq da ölməkdən qorxurdum, - əsgər gileyləndi.
Hələ torpağın ətri tam çəkilməmiş
çalada heyvan xırıltısı, ət gəvşəyən
çənə marçıltısı getdikcə
çoxalırdı. Əsgər səsi boğula-boğula
soruşdu ki, görən bayrağa bir şey olmaz? Zabit
gülüş qarışıq xırıltı ilə:
"Narahat olma, - dedi, - yeyən özümüzünkülərdir".
Ermənilər bütün gecəni "düşmən türk" deyə-deyə nə qədər işgəncə versələr də, nə zabit, nə də əsgər bayrağa tüpürmüşdü. Ona görə də səhəri gün, güllələməzdən əvvəl bayrağı ortadan bölüb yarısını zabitə, yarısını da əsgərə yedirtmişdilər...
Koma
Əvvəl atam gəldi. Məndən beş yaş balaca. Sonra qardaşım gəldi. Hələlik məndən üç yaş böyük. Görüşdük. "Sən burda neynirsən?" - dedilər. Cavab vermədim. Çünki mən hələ harada olduğumu aydınlaşdıra bilməmişdim. Amma maraqlı idi...
- Anan necədir? - atam soruşdu.
- Yığışır yavaş-yavaş, - cavab verdim.
- Neyləyir? - qardaşım ehtiyatlanırmış kimi dilləndi.
- Fikir eləyir,
- dedim.
Atam
qardaşımı göstərib:
- Diriləndən
gününü çayın qırağında
keçirir, - dedi.
- Nə
dirilmək? - təəccüblə ona
baxdım, - siz ki ölmüsünüz.
- Əslində, adamlar ölmürlər, - dedi, - dirilirlər. Özü də çox
uzun müddətə...
Qardaşımla sakitcə oturub çaya baxırdıq.
Su yox idi. Amma
şırhaşırı var idi. Heç
nə başa düşmürdüm. Amma maraqlı
idi...
...Arxdan səs
eşitdim.
- Su var, sən
görmürsən, - qardaşım idi.
- Niyə?
- çevrilmədən soruşdum.
- Bilmirəm,
- dedi, - amma səbəbsiz də deyil.
Onu görmürdüm. Amma, nədənsə, əmin idim
ki, gözünü çaydan çəkmədən
danışır:
- Sən
qayıt, get. Hələ tezdir buralarda
olmağın. Anamdan muğayat ol. O,
suyu görəcək.
-
Oradakılara səndən salam deyim? - axmaq sual oldu, - düşündüm.
- Yox.
Buradan ora salam göndərilməz, - cavab
ağıllı idi.
- Bəs
nə deyim?
- Denən,
vaxt itirməsinlər. Elə sən də.
- Axı
sən itirdin.
- Bilməmişəm...
Tamam
uzaqlaşanda:
- Suyu mən
də görmürəm, - dedi...
Ayaqüstü Tanrının kandarına baş çəkdim. Bu nə ev
idi, nə çöl. Sadəcə, nəyə görəsə
bilirdim ki, bu, Onun kandarıdır:
- Suyu
görmədin, - içəridən səs gəldi.
- Hə,
görə bilmədim. Amma səsini eşitdim.
Bura maraqlıdır. Yaşıllıq,
sakitlik, günəş də başqadır.
- Amma əsasını
görmədin.
- Nəyi?
- Suyu.
- Suyu
görmək üçün neyləmək lazımdır?
-
Dürüst yaşamaq lazımdır.
- Mən əyrilik
eləməmişəm.
- İbadət də eləməmisən.
- Bəs
düzlüyə heç nə düşmür?
- Ona
görə yaşıllığı, günəşi və
sakitliyi görə bilirsən.
- Yoxsa nə
görərdim?
-
Quraqlıq, qaranlıq, ah-nalə.
-
Çay da olmazdı, yəqin.
-
Çayda od olardı...
Kəskin
dərman iyi burnuma qırx üç illik
ölümünün davamını gətirdi...
Nankor
Arxayın idi. "Burada yorulandan, buranı zibilləyib batırandan
sonra qapını açıb bayıra çıxaram",
- deyib vaxt öldürürdü...
Axırda yoruldu. Həm də çox yoruldu. İçəridə zir-zibil xirtdəyə
çatırdı. Yaratdığı
üfunətdən nəfəs almaq olmurdu. Gözünü, ruhunu təzələmək,
özünü yeniləmək üçün qapıya
yaxınlaşdı. Əlini atdı,
açılmadı. Onu arxayın salan
qapı, əslində, qapı deyildi. Divara
çəklmiş qapı rəsmi idi. Amma
tutacağı gerçək idi. Yapışdı,
çəkdi özünə tərəf, tutacaq əlində
qaldı. Bir anlıq duruxdu, vəziyyətini
anlamağa çalışdı. Ən
yaxın pəncərəyə cumdu. Sonra
o birinə, sonra digərlərinə. Heç biri
gerçək pəncərə deyildi...
Havanın üfunəti nəfəsini daraltmaqla
yanaşı, gözlərini də yandırmağa
başlamışdı. Bir azdan işıqlar sönəcəkdi...
Boş kapsul
Rüstəm müəllim elmlər doktoru, professor idi. Uzun illər
idi ki, Tibb Universitetində dərs deyirdi. Minlərlə
həkim yetişdirmişdi bu illər ərzində. Hamı təcrübəli alim, gözəl mütəxəssis
və təmiz bir insan kimi tanıyırdı onu. Elə tələbələri də uzun illərdir ikiotaqlı
sadə bir mənzildə yaşayan, əyin-başı həmişə
səliqəli olsa da, təzə olmayan bu adamı daha
çox gözütoxluğuna, haram tikə yemədiyinə
görə sevirdilər. Heç kim
onun təmənna ilə nəsə bir iş
gördüyünü xatırlamırdı. Güzəştə
gedib qiymət yazdığı zəif tələbələr
belə ona nəinki rüşvət təklif edə,
heç rayondan sovqat da gətirə bilməzdilər. Belə şeyləri özünə təhqir
sayardı Rüstəm müəllim. Hamı
bilirdi ki, vaxtı ilə belə təkliflərə,
tapşırıqlara görə kimlərisə imtahandan
qovub. Belə yaşamışdı
ömrünü Rüstəm müəllim. Artıq xeyli yaşlaşmışdı. Səhhəti sözünə baxmırdı. Universitetə də çətinliklə gedib-gəlirdi.
Amma yenə də dərslərini deyirdi. Savadına, təcrübəsinə və şəxsiyyətinə
olan hörmətə görə onu təqaüdə göndərmirdilər.
Həm də bilirdilər ki, ömrü boyu
maaşla dolanan bu adama işləmədən yaşamaq
çətin olacaq. Özü də dava-dərmana
ehtiyacı olduğu bu vaxtlarda...
Ürəyindən müalicə olunurdu Rüstəm
müəllim.
Dərsdən sonra bütün günü evdə oturar,
vaxtlı-vaxtında dərmanlarını içər, bir az kitab oxuyar, bir az da nəvəsi ilə
başını qatardı...
Bir gün səhər universitetə getmək
üçün əynini geyinəndə nəvəsi gəlib
dayandı qarşısında. Əlində də bir azdan Rüstəm
müəllimin içməli olduğu kapsul:
- Baba,
bunun içi boşdur.
Rüstəm müəllim nimdaş pencəyinin o biri
qolunu da geyindi, nəvəsinin ovcundan iki hissəyə
ayrılmış kapsulu götürüb baxdı. Əvvəl
uşağa acıqlandı. Sonra hirslə
xanımına səsləndi:
- Sənə
neçə dəfə demişəm, bu uşağı
qoyma mənim dərmanlarıma toxunsun. Bax
gör neyləyib. Açıb
boşaldıb kapsulun içini.
Xanımı sakitcə gəlib kişiyə heç nə
demədən nəvəsinin qolundan tutaraq otaqdan
çıxardı. Rüstəm müəllim narazı halda
keçib süfrəyə oturdu. Qutudan
başqa bir kapsul çıxarıb su ilə içdi. Qutunu cibinə qoyub evdən çıxdı. Yollarda tıxac yarandığından avtobus
dayanacağında xeyli gözləməli oldu. Bekarçılıqdan dərman qutusunu cibindən
çıxarıb üzərindəki qeydləri oxuyurdu.
Nəvəsinin xətrinə dəydiyini
xatırlayıb pis oldu. Amma dərmanın qiymətini
düşünüb hərəkətinə haqq
qazandırırmış kimi özünə təsəlli verdi:
- Axı
mən neyləyim?! Bahadır dərman. Hər gələn birini zay eləsə, gərək
gedib yenisini alam. Ona da maaş imkan
vermir...
Qəfil ağlına nə gəldisə, qutunu
açıb içindən bir kapsul götürür. İçərisindəki
qarışığı külək dağıtmasın deyə
ehmallıca kapsulun bir-birinə geydirilmiş hissələrini
ayırıb baxdı. Onları pencəyinin
cibinə qoyub, təəccüblə başqa kapsul
götürdü qutudan. Sonra
üçüncüsünü...
Kapsulların içi boş idi.
"Yazıq uşaqda günah yox imiş", -
düşündü Rüstəm müəllim. Çaşmış
halda indicə qarşısında dayanan avtobusa baxdı, əvvəl
minmək istədi, sonra geri çəkildi. Sürücü ona tənə ilə
başını yırğalayıb sürdü avtobusu.
Fikirli-fikirli bir müddət dayanacaqda oturub
qaldı professor. Axırda qalxıb
üç tin o yanda olan aptekə getdi. Dərmanı
aldığı aptekə.
Dərman
satan qız onu gülər üzlə qarşıladı.
Amma əhvalatı biləndə rəngi dəyişdi.
"Gözləyin, zəhmət olmasa", - deyib, tələsik
kiməsə zəng elədi, arxa otağa keçib astadan nəsə
danışdı. Qayıdıb Rüstəm müəllimə
dedi ki, gözləyin, indi müdirimiz gəlir...
Çox keçmədi, aptekin qarşısında qara
bir "CİP" dayandı. Maşından cavan,
boynuyoğun bir oğlan düşüb içəri girdi.
Qız başı ilə ona Rüstəm müəllimi
göstərdi. Oğlan yaxınlaşıb tələsik
salam verdi, Rüstəm müəllimin
qoluna girib bayıra çıxardı, "Ağsaqqal,
heç mən də bilmirəm, bu necə olub. Siz də
çox səsə salmayın, həyatdır, hər şey
olur", - deyib, heç kimin görməyəcəyi ehtiyatla
onun cibinə üzərində aptekin adı
yazılmış dərman torbasında nəsə basdı:
-
Yaxşı yol, ağsaqqal. Gedin,
özünüzdən də muğayat olun. Nə
qulluğunuz olsa, mən hazır...
Oğlan bunu deyib Rüstəm müəllimə
danışmağa imkan vermədən, heç nə
olmayıbmış kimi qayıdıb aptekə girdi. Professor nə
baş verdiyini anlamağa çalışdı, amma anlaya
bilməyib oradan uzaqlaşdı. Bir qədər
getdikdən sonra yolunun üstündəki parkda,
oturacaqların birində əyləşdi. Oğlanın onunla rəftarını, tay-tuşu
kimi əlini kürəyinə vurub yola salmasını
xatırladı, özünə bu cür münasibətin səbəbini
anlamağa çalışdı. Fikirli-fikirli
əlini cibinə salıb torbanı çıxardı.
Elə bilirdi, içindəki dərmandır.
Amma baxanda gördü ki, torbada pul var.
Çıxarıb saydı. Beş yüz
manat idi. Elə oturacaqdaca çevrilib
arxaya, aptek olan səmtə baxdı. Sonra gözlərini
pula zilləyib fikrə getdi...
Saatına baxdı. Dərsin başlamasına hələ bir az
var idi. "Tez getsəm, çata bilərəm", -
düşündü. Bir qədər də
fikirləşdikdən sonra pulları aptek torbasına qoyub,
ayağa qaxdı. Küçəni
keçib, vitrininə manekenlər düzülmüş
mağazaya girdi. Üç yüz manata
özünə qəşəng bir kostyum aldı. Qalan
iki yüz manata da yaxınlıqdakı supermarketdən
bazarlıq edib, evinə yollandı...
29.05.2015
İlqar RƏSUL
Ədəbiyyat qəzeti.- 2019.- 23 fevral.- S.8-9.