Dünyanın düz vaxtının adamı...

 

Vaxtsız ölümünə heyfisləndiyimiz o qədər tanınmış insanlar var ki, aradan aylar-illər ötsə də, həmişə cəmiyyətimizdə yerləri görünür, tez-tez xatırlanıb yad olunurlar. Onlardan biri də yazıçı-tərcüməçi, filologiya elmləri doktoru, professor Zeydulla Ağayevdir. Azərbaycanda onu kim tanımırdı ki?!Və təkcə Azərbaycandamı?Çalışdığı ədəbi əlaqələr sahəsində onunistedadı, zəhmətsevərliyi, eləcə də humanistliyi, əxlaqı keyfiyyətləri xarici ölkələrdəki həmkarlarına da bəlli idi...

1989-cu ildə Zeydulla müəllim ABŞ-da uzunmüddətli ezamiyyətlərdə olarkən dünya şöhrətli Ayzek Əzimov, Artur Heyli, Stiven Kinq kimi məşhur yazıçılarla şəxsən tanış olmuşdu.Sonralar onlarla məktublaşar, ədəbi əlaqələrini bu və digər şəkildə davam etirərdi. Hətta Ayzek Əzimovun sağlığında Nyu-York şəhərindəki evində şəxsən qonağı olmuş, ondan maraqlı müsahibə götürmüşdü. Səmimi söhbət zamanı görkəmli fantast yazıçı - Ayzek Əzimov Zeydulla müəllimə etiraf etmişdir ki, o, əslən Azərbaycanın Quba rayonundandır.

Amerika səfərindən sonra Zeydulla müəllim öz həmkarları ilə söhbətlərində, eləcə də mətbu yazılarında soykökü Quba yəhudilərindən olan Ayzek Əzimov kimi nəhəng şəxsiyyətlərdən Azərbaycan həqiqətlərini dünyaya yaymaqda istifadə etməyin necə əhəmiyyətli olduğunu vurğulayırdı.

Zeydulla Ağayev Azərbaycan-ABŞ əlaqələrinin yorulmaz, fəal tədqiqatçı idi. Bu sahədə xidmətlərinə görə ABŞ-ın Luiziana ştatının Fəxri vətəndaşı adına layiq görülmüşdü. Dəfələrlə ABŞ-da elmi ezamiyyətlərdə olan alim iki il ərzində Vaşinqton və Kaliforniya Universitetlərində çalışaraq elmi araşdırmalar aparmışdı. Eyni zamanda Los-Anceles Universitetində mühazirələr oxumuşdu .

Zeydulla müəllim öz istedadı ilə yanaşı çox səmimi dost, alicənab insan idi. Ehtıyacı olanlardan əlindən gələn köməyi əsirgəməzdi.Sanki Allah-təala ona yaşından xeyli gənc görünməyi ürəyinin saflığına, düzlüyünə görə mükafat olaraq vermişdi.Bu yaxınlarda Azərbaycanın xalq şairi Nəriman Həsanzadə ilə Zeydulla müəllim haqqında söhbət edərkən dedi ki, onun gənc və şux qalmasının səbəbi xeyirxahlığından irəli gəlirdi. Zeydulla Ağayev çox cəfakeş alim idi.

Azərbaycanın adını onun hüdüdlarından uzaqlarda zirvəyə qaldıran vətənpərvər ziyalı, filologiya elmləri doktoru, professor Zeydulla Abdulla oğlu Ağayev 1945-ci ildə Masallının axarlı-baxarlı Qəriblər kəndində dünyaya göz açmışdı. Uşaq vaxtı o da öz yaşıdlarıyla Şır-şır bulağın dişgöynədən suyundan içmiş, Təkkeçidin dar, taxta körpüsündən keçib Dəmbəlovun zirvəsinə çıxmışdı. Buradan İstisu ətrafı zümrüd rəngli palıd meşələrini, qıvrıla-qıvrıla dağların qoynundan dənizə can atan Viləş çayının gözoxşayan mənzərələrini seyr etmişdi.

Zeydulla Ağayev rayon mərkəzindəorta təhsilini başa vurandan sonra Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş, ali təhsilini1968 - ci ildə uğurla bitirmişdir. Həmin təhsil ocağında 1969-cu ildən 1983-cü ilədək çoxtirajlı “Bilik” qəzetinin redaktoru, 1983-cü ildən 1994-cü ilədək Azərbaycan Dillər Universitetində tərcümə kafedrasının müəllimi, baş müəllimi, dosenti, sonra professoru, 2000-ci ildən 2005-ci ilədək Azərbaycan Dillər Universitetində elmi işlər üzrə prorektoru, 2007-2009 – cu illərdə Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.

Zeydulla müəllimin yazıçı kimi imzası ötən əsrin 80-ci illərindən Azərbaycan oxucusuna “Məhəbbət nəğməsi”, “Beş günün intizarı”, “Yenilməzlik”, “Dünyanın düz vaxtı” və s. nəsr kitablarından çox yaxşı tanış idi. Bu əsərlərdə yazıçının toxunduğu problemlər demək olar ki, indi də öz aktuallığını itirməyib.

Öz orijinal nəsr əsərləri ilə yanaşı, o, həm də gözəl mütərcim idi. Tərcümə ədəbiyyatında sahəsində də böyük uğurlara imzasını ataraq, Cek London, Artur Konan Doyl, Teodor Drayzer, Ernest Heminquey, Ayra Levin, Somerset Moyem, Ayzek Əzimov, EltonSinkler, Con Sommerfild, Artur Heyli kimi dünyaşöhrətli böyük yazıçıların roman, povest və hekayələrini dilimizə çevirib, çap etdirmışdır.

1988-ci ildə “Yazıçı” nəşriyyatında çapdan çıxmış tanınmış ABŞ yazıçısı Artur Heylinin “Aeroport” romanı milli ədəbiyyatımızın tarixində birbaşa ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş ilk əsərdir. On il sonra Züydulla müəllim oxuculara Ayra Levinin “Ölümqabağı öpüş” romanını (Bakı, Hərbi nəşriyyat, 1998) təqdim etdi. Zeydulla müəllim mənimlə söhbətlərində deyərdi ki, tərcüməçi əsər müəllifinin TALE söykəncidir.

Bədii ədəbiyyat tərcüməsində kamil sənətkar zirvəsinə yüksələn Zeydulla müəllim Azərbaycan yazıçılarının hekayə və pyeslərini ingilis dilinə çevirib “Modern Azerbaijan Prose” (Bakı, Azərnəşr, 2003) kitabını çap etdirmişdi. Bu kitabaİsmayıl Şıxlı, Anar, Elçin, Sabir Əhmədli, Yusif Səmədoğlu və başqalarının əsərlərindənndən ingilis dilinə tərcümə etdiyi nümunələri daxil etmişdir.

Onun rəhbərliyi və təşəbbüsü ilə Səmyel Uimzin “Ermənistan - terrorçu “xristian” ölkəsinin gizlinləri”. (Bakı, Azərnəşr, 2004) ingiliscədən tərcümə olunaraq rus dilində böyük tirajla çap edilmiş, MDB məkanında olan ölkələrdə yayılmışdır. Yeri gəlmişkən qeyd edək ki, bu kitabda erməni millətçiliyinin iç üzü tutarlı faktlarla ifşa olunur...

2005-ci ildə Zeydulla Ağayevin ingilis yazıçısı Somerset Moemin “Qisas” povesti əsasında yazdığı “Haray” faciəsinin AzərbaycanDövlət Gənclər Teatrında tamaşası göstərildi. Bakıda və Masallıda 60 illiyi ərəfəsində nümayiş etdirilən bu yeni səhnə əsəri tamaşaçılar və teatr mütəxəssisləri tərəfindən çox rəğbətlə qarşılandı.Bu faciə əsəri Faşist Almaniyası üzərində QƏLƏBƏNİN 60 illiyinə həsr olunsa da, bu çağımızla səsləşir, “Qara bağrımız nə vaxt NİCAT tapacaq?” deyə haray çəkənqadın qəhrəmanı sanki Azərbaycanın erməni faşiszminin işğalı altında Qarabağı azad etməyə çağırır... Zeydulla müəllim özü də etiraf edirdi ki, bu səhnə əsərində baş verən hadisələri Qarabağla bağlamaq məqsədi güdüb...

...Zeydulla müəllimin 45 yaşı olanda ondan rəhmətlik Məmməd Kazımın təsis etdiyi “Qala” qəzeti üçün aldığım müsahibəyə belə bir sualla başlamışdım: “Dünyanın düz vaxtı” kitabının müəllifi dünyanın əndişəli çağında nə fikirləşir?” Cavab: “Dünya yaranandan düz vaxtı olmayıb! Hətta tarixçilərin dediyinə görə müharibəsiz, qansız-qadasız dünya cəmi-cümlətanı 280 gün “ömür sürüb”. Dünyanı əndişəli eləyən insandır. İnsan –yer üzünün məhsuludur. Yer üzü nahamvardı, girintili-çıxıntılıdır. İnsan da öz təbiəti etibarı ilə yer kürəsinə bənzəyir. Baxın, kosmosu insan kəşf edir, yerin tərkini insan öyrənir, gəl ki, heç vaxt özünü öyrənib qurtara bilmir və görünür bilməyəcək də... Bir mahnıda deyildiyi kimi: Dünya köhnə dünyadı... Təzələnənsə insanlardı, yaşayış tərzimiz, sosial qayğılar, ədəbi mühütimiz, maddi və mənəvi durumumuzdu...”

Bu müsahibədən iki il sonra - 1992-ci ilin payızında mənim təşəbbüsümlə Masallıda keçirilən həkim, alim, bəstəkar Mirkazım Aslanlı -Sarəngin 80 illik yubileyində görüşdük.Sarəngi yaxından tanıyan və onun tərcümələrini vaxtilə redaktor olduğu “Bilik” qəzetində dərc edən Zeyduılla müəllim çox maraqlı çıxış elədi. Həmin çıxışın lent yazısı indi internetdə yer alıb.

Zeydulla müəllim 2005-ci ildə Sarəngin həyat və yaradıcılığı haqqında qələmə aldığım “Yarımçıq qalmış şikəstə” kitabıma rəy verib, “Doğma yurda övlad məhəbbəti ilə...” başlığlı ön söz yazdı. Və təkcə rəy verib ön söz yazmadı, həm yazdığı əlyazmanın üstünə 100 dollar qoyub: “əlim yüngüldür dedi, bu kitab tez nəşr ediləcək”, - dedi, - “Sənin xoşbəxtliyin ondadır ki, öz məhdud maddi imkanlarına və gözəl qələmin, qəlbin olmasına baxmayaraq, daimi iş yeri axtara-axtara ünvanlar dəyişdiyin bir vaxta bu müqəddəs işin qulpundan yapışmış və bu kitabı bizim mühakiməmizə ərmağan etmisən!”

Doğrudan da əli yüngül oldu. Tarix elmləri doktorları Musa Quluzadə, Anar İsgəndərli, şair İlham Növruzoğlunun dəstəyi həmin kitab işıq üzü gördü.          

Zeydulla müəllim deyərdi: “Məncə şöhrət naminə vətəndən, onun dərd-sərindən üz döndərmək, yazmamaq elə vicadanın səsini eşitməmək kimi bir şeydir...”

Sağlığında Bakıda və Masallıda 60 illiyi təntənəli şkildə qeyd olunan professor Zeydulla Ağayevin əfsuslar olsun ki, ölümündən sonra 70 illiyinin üstündən sükütla keçirildi. Yazıçı dostum, vaxtilə Zeydulla müəllimin tələbəsi olmuşKamranNəzirli demişkən, beləbir şəxsiyyətin Azərbaycan ədəbiyyatı, tərcüməsənəti,elmi qarşısında böyük xidmətlərini heç kəs dana bilməz...

Bəli, dörd il əvvəl amansız ölüm 68 yaşlı görkəmli alimin, gözəl insanın, cəfskeş müəllimin, mehriban atanın, sevimli babanın ömrünə son qoydu. Ölüm xəbəri onu yaxından tanıyanları çox sarsıtmışdı.

Azərbaycan görkəmli ədəbiyyatşünası, folklorşünas - professor Qəzənfər Paşayev “Ədəbiyyat qəzeti”ndə dərc etdirdiyi “Tələbəm haqqında vida sözü” məqaləsində yazırdı:“Mən namizədlik dissertasiyası müdafiə edəndə çox cavan olsa da, yaradıcılığımı ilk işıqlandıran unudulmaz tələbəm Zeydulla oldu. Məqaləyə qeyri-adi ad qoymuşdu: “Yolun pambıq olsun”. Fani dünya keşməkeşlidir. Nə edəsən ki, “həyat daimidir, insan amanat”... Ədəbi əlaqələr sahəsində danılmaz xidmətləri olan tanınmış alim, yazıçı və tərcüməçi, qürur duyduğum sevimli tələbəm aramızdan tez getdi. Təsəllini onda tapırıq ki, o, fundamental elmi əsərləri, tərcümələri və bədii əsərləri ilə bizimlədir”

Allah rəhmət eləsin! Adına, şəxsiyyətinə və əzizruhuna böyük etiramla,

 

Nurəddin ƏDİLOĞLU,

yazıçı- publisist

 

Ədəbiyyat qəzeti.- 2019.- 23 fevral.- S.9.