Şairlərimiz Mərakeşdə Krallığında

 

Kasablanka şəhərində 25-ci Beynəlxalq Kitab və Nəşriyyat Sərgisi çərçivəsində “Azərbaycan ədəbiyyatı və onun dünya ədəbiyyatına təsiri” mövzusunda simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Mərakeş Krallığının Mədəniyyət və Kommunikasiya Nazirliyi və Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Simpoziumun əsas məqsədi Azərbaycanın məşhur şairləri və ədəbiyyatçılarının dünya ədəbiyyatına verdiyi töhfələri diqqətə çatdırmaq, İslam sivilizasiyası və ərəb dilinin təsiri altında formalaşmış müştərək ədəbiyyat nümunələrini təqdim etmək olub.

Tədbirdən öncə Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanov bu ölkənin “Al Aoula” dövlət radiosuna müsahibə verib. Səfir müsahibədə belə tədbirlərin Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi zəngin ədəbi irsinin Mərakeş ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini, ortaq dini və mənəvi köklərə malik iki xalqın bir-birinə daha da yaxınlaşmasına mühüm töhfə verəcəyinə əminliyini vurğulayıb.

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi Məhəmməd Faqirinin moderatorluq etdiyi simpoziumda səfir Oktay Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin (AYB) idarə heyətinin üzvü Əjdər Cəbiyev, habelə tanınmış oftalmoloq-alim, şair Paşa Qəlbinur, beynəlxalq münasibətlər tədqiqatçısı Əhməd Nurəddin məruzələrlə çıxış etdilər.

Əsası ümummilli lider Heydər Əliyev və Kral II Həsən tərəfindən qoyulan Azərbaycan-Mərakeş əlaqələrinə toxunan səfir Oktay Qurbanov Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Mərakeşin ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Azərbaycan səfiri ölkəmizin İslam dünyası ilə tarixi əlaqələri barədə danışaraq, orta əsrlər müsəlman Şərqində fəlsəfi fikrin inkişafında İbn Sinanın tələbəsi Əbülhəsən Bəhmənyar, Nizami Gəncəvi, Məhəmməd Füzuli və Nəsrəddin Tusi kimi müstəsna xidmətləri olan böyük mütəfəkkirlərin, dahi şairlərin və ədəbiyyatçıların dünya ədəbiyyatına verdiyi töhfələri diqqətə çatdırıb.

Azərbaycanın dahi şairi və filosofu İmadəddin Nəsimin həyat və yaradıcılığı barədə danışan səfir Oktay Qurbanov Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan edilməsinin mütəfəkkir şairin yaradıcılığının öyrənilməsinə, ölkəmizin zəngin tarixi-mədəni irsinin qorunmasına və təbliğinə böyük töhfə olduğunu vurğulayıb.

Şair Əjdər Ol Azərbaycanın çoxəsrlik İslam mədəniyyətinin zənginləşməsinə dəyərli töhfələri, Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi Dədə Qorqud” və “Koroğlu” dastanları barədə danışıb. O, AYB ilə Mərakeşin Milli Kitabxanası və Yazıçılar Birliyi arasında əlaqələrin qurulmasını, iki ölkənin yazıçı və şairlərinin kitablarının qarşılıqlı olaraq Azərbaycan və ərəb dillərinə tərcümə edilməsi təklifini irəli sürüb.

AYB-nin üzvü, şair Paşa Qəlbinur böyük və zəngin Azərbaycan ədəbiyyatının bəşəriyyətin yaratdığı mənəvi sərvətlər xəzinəsinə verdiyi töhfədən söz açıb. Azərbaycan ilə Mərakeş arasında tarixi, dini, mənəvi bağlılıq olduğunu bildirən Paşa Qəlbinur belə simpoziumların keçirilməsinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini vurğulayıb.

Tədqiqatçı Əhməd Nurəddin Azərbaycan ədəbiyyatının qaynağında janr və məzmun zənginliyinə malik folklorun durduğunu qeyd edib. Azərbaycanın nağıl və dastanlarının tarixboyu qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərdiyini qeyd edən Əhməd Nurəddin Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələləri barədə danışıb.

Daha sonra simpozium iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Kasablankada nəşr olunan “Al Ahd Al Jadid Lil Maghreb” jurnalının baş redaktoru simpoziumun işini yüksək qiymətləndirərək, tədbir zamanı Azərbaycanın zəngin mədəniyyəti barədə faydalı məlumatların əldə etdiyini bildirib.

Mərakeşli ədəbiyyatşünas, professor Əl-Xəlfi Hammu iki ölkənin Yazıçılar birlikləri arasında əlaqələrin yaradılması barədə təklifi dəstəkləyib, Azərbaycan xalqının öz dahi şairinin 650 illik yubileyinin qeyd edilməsini yüksək dəyərləndirib. O, təhsil sahəsində əlaqələrin inkişafının vacibliyini vurğulayaraq iki ölkə arasında tələbə mübadiləsinin həyata keçirilməsini təklif edib.

Simpoziumun iştirakçıları sırasında Mərakeşin mədəniyyət və kommunikasiya naziri, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Laarac da olub.

Səfirin müsahibəsi həmin gün “Al Aoula” dövlət radiosunun “Xəbərlər” buraxılışında yayımlanıb. Elmi Simpoziumun işi Mərakeşin aparıcı yerli KİV-lərdə işıqlandırıldı.

 

Ədəbiyyat qəzeti.- 2019.- 23 fevral.- S.2.