Yanar ürək...
(Ustadın
xatirəsi)
Şirməmməd
Hüseynov haqqında
Əziz Ülkər Xanıma
Bir gün yerə qoymadı:
nə gözündən - eynəyi,
nə əlindən - qələmi.
Görənlər, belə
gördü
Şirməmməd müəllimi.
Qalxdı –
şax baxa-baxa,
tay-tuşunun üzünə,
-
Müəllim kürsüsündən.
Şirməmməd kürsüsünə.
Qızlarının atası,
xanımının əriydi.
"Cümhuriyyət"
-
sonuncu
şahanə əsəriydi.
Sinədəftər deyirdi
Varaq-varaq tarixi.
Ya Qədim tarix olsun,
ya Qarabağ tarixi.
İstiqlal deyirdisə,
o söz -
şüar deyildi.
Millətin özüydü o.
Ona oxşar deyildi.
Türkün qardaşlığından,
Nuru Paşadan dedi.
"Azərbaycan,
sən oldun,
məni yaşadan"
- dedi.
Azərbaycan deyəndə,
Bir az
ucadan dedi.
Bir çağırış
səsiydi,
himnin bir nəqəratı.
Bir hünər dünyasıdı,
bir müəllim
həyatı.
Oyaq qaldın, indi yat
sevdiyin torpaq altda.
Vətən döyüşlərdədi,
Üçrəngli bayraq altda.
Nəriman Həsənzadə
Ədəbiyyat
qəzeti.- 2019.- 6 iyul.- S.2.