“Anar-80... Şəxsiyyətin tarixi”
kitabının təqdimatı olub
İyulun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Anar-80... Şəxsiyyətin tarixi” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Xalq yazıçısı Anarın ədəbiyyatımızın inkişafına töhfələrindən danışıb. O bildirib ki, Anar Azərbaycan ədəbiyyatının müasir dövrünü yaradan əsas simalarından biridir. XX əsrdə Azərbaycanda “altmışıncılar” ədəbi nəslinin fəaliyyətində, 70-80-ci illərdə ədəbi-ictimai mühitdə ümummilli ideallar uğurunda aparılan mübarizədə və nəhayət müstəqillik dövründə yeni ədəbiyyatın yaradılmasında, bədii fikrin ölkə maraqlarına istiqamətləndirilməsində Xalq yazıçısı Anarın mühüm xidmətləri var.
“Son altmış ilə yaxın bir dövrdə Azərbaycan ədəbiyyatının keçdiyi keşməkeşli və şərəfli yolun məsuliyyətini də, uğurlarını da Anarın yaradıcılığı olmadan təsəvvür etmək çətindir”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.
Kitabın tərtibçisi və ön sözünün müəllifi Gülxani Pənah (Şükürova) bildirib ki, nəşrdə ömrünün 60 ilindən çoxunu xalqına, dövlətinə, onun ədəbiyyatının, mədəniyyətinin inkişafına həsr edən yazıçı Anarın ünvanına gələn yüzlərlə təbrik teleqramlarının, məktublarının, haqqında yazılan məqalələrin bir qismi toplanıb.
Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ədəbiyyatımızda Anarın çoxşaxəli yaradıcılığının özünəməxsus yeri olduğunu vurğulayıb.
Kitabın elmi redaktoru, Milli Məclisin deputatı, filologiya üzrə elmlər doktoru, professor Jalə Əliyeva Xalq yazıçısı Anarın əsərlərinin gənc nəslin tərbiyəsində oynadığı roldan danışıb. O bildirib ki, yazıçı yaratdığı əsərlərlə Azərbaycan ədəbiyyatının zirvəsini fəth edib.
Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Kərimli,
“525-ci qəzet”in baş redaktoru
Rəşad Məcid və digər çıxış edənlər
yazıçının yaradıcılığından, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən
danışıblar.
Ədəbiyyat qəzeti.-
2019.- 6 iyul.- S.2.